Bağlanan 4 bankda əmanətlərin qaytarılması problemi böyüyür

Baxış sayı: 
117
1  
0  

 
Konstitusiya Məhkəməsinə müraciət ediləcək; iqtisadçı ekspertlər çıxış yolunu göstərdilər...
Bağlanan 4 bankda qalan əmanətlərin qaytarılması ilə bağlı yaşanan problemlər getdikcə daha da böyüməkdə və səs-küyə səbəb olmaqdadır. Əmanətçilərin əksəriyyətinə vəsaitlərin qaytarılmasından bir bəhanə ilə imtina edən və ya süründürməçiliyə salan Əmanətlərin Sığortalanması Fondu bir daha bank sisteminə olan inama zərbə vurmuş oldu.
 
Əmanətçilərlə yanaşı, sahibkarların da vəsaitləri ödənilmir. Fonddan verilən açıqlamaya görə, bağlanan banklar Mərkəzi Bankın onlara əmanət qəbulunu qadağan etməsindən sonra da prosesi davam etdirib ki, indi həmin vəsaitlər sığortalanmış əmanət sayılmır. Vətəndaşlar isə Mərkəzi Bankla banklar arasında yaşananlardan xəbərsiz şəkildə əmanət qoyuluşunu davam etdiriblər.
 
Problemin nə qədər davam edəcəyi və həlli yolları ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki, müflis olan 4 bankda əmanətlərin qaytarılması ilə bağlı çətinliklər blok olunmuş əmanətlərlə bağlıdır: “Mərkəzi Bank tərəfindən müflis olunmuş bəzi banklarda əmanətlərin qəbulu qadağan olunsa da, həmin banklar müflis olan tarixədək əmanətlərin qəbulunu həyata keçiriblər. Həmin əmanətlər Əmanətlərin Sığortalanması Fondunda  qeydiyyata alınıb. Bank müflis olduqdan sonra həmin əmanətlərin qaytarılması ilə bağlı çətinlik var. Çünki Mərkəzi Bankın əmanətlərin qəbulunu qadağan etməsi ilə bağlı qərarından sonra həmin banklar praktik olaraq qaydaları gözləməyib. Qanunsuz olaraq, əmanət  qəbulunu davam etdiriblər. Vətəndaş da öz əmanətini həmin banklarda yerləşdirib. Birmənalı şəkildə bu prosesdə vətəndaşın heç bir günahı yoxdur. Çünki qanunu pozan əsas tərəf həmin əmanətləri qəbul edən banklardır. Nəticədə həmin vəsaitlərin qaytarılması ilə bağlı çətinliklər var”.
 
Vüqar Bayramov: Pandemiya iqtisadiyyata təsir edir, amma ...
 
Vüqar Bayramov
 
Deputat təklif edir ki, Əmanətlərin Sığortalanması Fondu Konstitusiya Məhkəməsinə müraciət etsin: “Tövsiyə olunur ki, daha qısa zamanda həmin əmanətlərin qaytarılmasına nail olmağa çalışsınlar. Həmin əmanətlərin qaytarılması həm də banklara olan inam baxımından çox vacibdir. Qorunan əmanətlərin tam olaraq qaytarılmasına ehtiyac var. Çünki onlar dövlət tərəfindən sığorta olunub, Əmanətlərin Sığortalanması Fondunun da mövcud maliyyə imkanları həmin əmanətlərin qaytarılmasına imkan yaradır. Həmin əmanətlərin qaytarılmasında yubanmalar olursa, proses daha çox çəkərsə, bu, banklara olan inamın azalmasına gətirib çıxaracaq. O baxımdan daha məqsədəuyğundur ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən daha qısa zamanda prosedurlar həyata keçirilsin, qorunan əmanətlər qaytarılsın. Blok olunmuş əmanətlərin də qaytarılması məqsədəuyğundur. Bununla bağlı ƏSF tərəfindən müvafiq addımlar atımalıdır ki, blokun götürülməsi, pulun vətəndaşlara qaytarılması mümkün olsun”.
 
İlin sonuna kimi manat 10% ucuzlaşacaq- Samir Əliyev
 
Samir Əliyev
 
İqtisadçı ekspert Samir Əliyev isə vurğuladı ki, Fond əmanətlərin qaytarılmasını gecikdirmək üçün əsassız bəhanələr gətirir: “Azərbaycanda pandemiyadan əvvəl də banklar bağlanmışdı. Ölkədə olan 45 bankdan cəmi 30 bank qaldı. Onlardan ikisi birləşdi, 13 bank isə bağlandı. Bu dəfə isə banklar bağlananda problemlər daha çox oldu. Problem ondan başladı ki, əmanətlər 2 aydan sonra verilməyə başladı. Bunun da 30 minə qədəri bir verildi, ondan daha yüksək məbləğlər növbəti mərhələdə verildi. Bunun nəyə görə tətbiq olunduğu da bəlli deyil. Kiminsə krediti varsa, onun vəsaiti bloklandı və bildirildi ki, öncə krediti ödəyin, daha sonra pul qaytarılacaq. Nəinki kredit götürən şəxsin, hətta zaminin də əmanəti bloklandı”.
 
Ekspertin sözlərinə görə, digər bir məsələ odur ki, bu banklar əmanət götürmək hüququ olmadığı halda əmanət götürüblər və sığortalanmayıb: “Bu da çox böyük problemdir ki, bir çox insanın vəsaiti itirildi. Əmanətlərlə bağlı şərtlərdən biri də odur ki, vətəndaş onu hansı valyutada yerləşdiribsə, həmin valyutada da götürməlidir. Manatla əmanətdirsə, manatla qaytarılmalıdır, dollar əmanətidirsə dollarla. Qarışıq əmanətlər isə milli valyuta ilə qaytarılır, xarici valyuta günün məzənnəsi ilə hesablanır. İndi isə Əmanətlərin Sığortalanması Fondunda nə baş verir. Kiminsə nə zamansa manatla əmanəti olub, onu götürüb və 50 -60 qəpik vəsait qalıb. Eyni zamanda, həmin bankda böyük məbləğdə dollar əmanəti var. Fond bunu qarışıq əmanət kimi təqdim edir və vətəndaşa deyir ki, 20-30 min dolları manatla qaytaracaq. Bildiyiniz kimi, bankların kursu da  adətən aşağı olur. Aydın məsələdir ki, burada bir ədalətsizlik var. Bir çox belə neqativ hallar var ki, Fondun nüfuzunu aşağı salır. Bu, həm də sığorta sisteminin mükəmməl olmadığını  göstərir. Sığorta sistemi mükəmməl olmadığı kimi, həm də işlək deyil”.
 
S.Əliyev onu da vurğuladı ki, qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun vəsaiti yoxdursa, Mərkəzi Bankdan kreditlə pul götürür, vətəndaşların vəsaitləri qaytarılır: “Daha sonra bağlanan banklardakı kreditləri toplayır, əgər bu çatmırsa, bankların əmlaklarını satır və Mərkəzi Banka borcunu qaytarır. Ən sonda isə sahibkarların pulları qaytarılır. 4 bankda 680 milyon manat vəsaitdən söhbət gedirdi. Onlardan blok olunmuş əmanətlər də var. İndi söhbət gedir ki, Fond Konstitusiya Məhkəməsinə müraciət etsin, məhkəmə qərar versin və həmin vəsaitlər də sığortalanmış əmanətlər kimi qaytarılsın. Vətəndaş burada haqlıdır və pul qaytarılmalıdır. Ancaq o pul yenə də sahibkarların vəsaitlərindən gedəcək. Çünki qanunsuz götürülmüş vəsaitlər qaytarılanda, sahibkarların vəsaitini ödəmək üçün pul qalmır. Ona görə də, əmanətlərin sığortalanması ilə bağlı mexanizmi dəyişmək və təkmilləşdirmək lazımdır”.
 
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...