​Azərbaycanlı rejissor koronavirusa yoluxdu: "Bütün ailəmiz... " - MÜSAHİBƏ/FOTO

Baxış sayı: 
109
2  
0  

Xəstəxanaya yerləşdirilən İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Əməkdar artist Sərvər Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.
 
- Sərvər müəllim, koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmisiniz. Testin nəticəsi necədir?
 
- Test edildi və nəticəsi pozitiv çıxdı. Koronavirusa yoluxmuşam. Heç özüm də bilmirəm, virusa necə yoluxmuşam. Mən və ailəmiz özümüzü qoruyurduq. Karantin qaydaları yumşaldılıb, çölə çıxdıqdan sonra virusa yoluxdum. Çox dəhşətli dərəcədə özümüzü qoruyurduq. Martın 7-dən Dərbənd Teatrından gəlmişəm. Evə qapanmışdıq, özümüzü izolyasiya etmişdik.
 
- Ailə üzvləriniz də koronavirusa görə test edildi?
 
- Bəli, hamısı test edildilər, amma onlarda testin nəticəsi neqativ çıxdı. Mən ürək və şəkər xəstəliyindən də əziyyət çəkirəm. Ona görə bir az vəziyyətim çətindir. Dünəm reanimasiyada idim, bu gün palatadayam, özümü yaxşı hiss etməyə başladım. Ötən günə qədər çox qorxu-həyəcan keçirirdim. Bu gün artıq rahatam.
 
- Sizdə virusun siptomları özünü necə büruzə verir?
 
- Temperaturum 37.5, 37.7-dən aşağı düşmür. Beş gün yüksək temperaturdan əziyyət çəkdim. Sonra məcbur olub, təcili yardıma zəng etdim. Əməkdar artist Şəfəq Əliyeva da koronavirusa yoluxmuşdu. Ona zəng elədim, dedi ki, yubatma, müalicə edəcəklər, hər şey yaxşı olacaq. Tez zəng elədim və müalicəyə başladılar. M.Ə. Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasındayam.
 
Həkimlərə təşəkkür edirəm, çox yaxşı baxırlar. Onların fədakarlığına qibtə edirəm. Neçə aydır ailə üzvlərini görmürlər. Həm də həkimlərimizə yazığım gəlir, insanların məsuliyyətsizliyi ucbatından belə çətinlik yaşayırlar. Hələ gündən-günə yoluxma sayı da çoxalır.
 
- Virusa yoluxmamaq üçün qaydalara riayət edirdiniz?
 
- Bəli, küçəyə çıxarkən maskadan da istifadə edirdim. Mənə elə gəlir ki, avtobusda virusa yoluxdum.
Banka getmişdim, Rusiyadan maaşımı göndərmişdilər.
 
Azca öskürək də var. Məndə nəfəs darlığı yoxdur. Amma xəstəxanada elə xəstələr var var ki, boğulurlar, aparatla nəfəs alırlar. Bu, böyük bir bəla imiş. Düzünü deyim ki, virusa inanmırdım. Amma korovirus varmış. Allah xalqımızı bu bəladan qorusun.
 
Mayın 25-dən xəstəxanadayam. Virusa yoluxmağımdan şübhələnmirdim. İnsanlar virusun siptomlarını hiss edən kimi dərhal həkimə müraciət etsinlər.

Загрузка...
Загрузка...