Azərbaycanlı nazir Şaumyan və qadın köməkçisini gizlətmişdi - Firdovsiyyə Əhmədova

Baxış sayı: 
39
1  
0  

 
Behbud xan Cavanşirin erməni terrorçuları tərəfindən qətlə yetirilməsində ermənilərin bəhanəsi ondan ibarət idi ki, 1918-ci ildə Bakı azad olunarkən erməni əhalisi dövlət siyasəti nəticəsində qətlə yetirilib. Halbuki bu, gerçəkliyi əks etdirməyib. Çünki 1918-ci ilin yazında azərbaycanlılar Daşnaksütyun partiyası tərəfindən kütləvi şəkildə qətliama məruz qalmışdı. Təbii ki, Bakı azad edilərkən yerli əhali o qətliamı yaşamışdı. Bu qisas hissi yerli əhalidə vardı. Amma bunun Azərbaycan Cümhuriyyəti, dövlət tərəfindən həyata keçirilməsi barədə iddia yanlışdır.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib.
 
Onun sözlərinə görə, Behbud xan Cavanşirin 1918-ci ilin iyunundan dekabrınadək Cümhuriyyətin Nazirlər Kabinetində daxili işlər naziri postu tutması ermənilərin belə iddiasına səbəb olub ki, o, məhz nazir kimi Bakının azad olunması prosesində məqsədli şəkildə ermənilərin məhv olunmasını təşviq edib.
 
Tarixçi qeyd edib ki, bu səbəbdən istər Behbud xan Cavanşir, istər hökumət başçısı olan Fətəli xan Xoyski məhz ermənilərin terror hədəflərindən biri kimi siyahıda yer almışdı.
 
Firdovsiyyə Əhmədova bildirib ki, əslində Behbud xan Cavanşir şəxsiyyət etibarilə tamamilə radikal millətçi mövqedən uzaq olub: “Almaniya, İngiltərədə təhsil alıb, neft sənayesi üzrə peşəkar mühəndis, müsəlman xeyriyyə cəmiyyətinin üzvü idi və ictimai fəaliyyətində heç bir milli ayrı-seçkilik etməyib. 1918-ci ildə Bakıda mart qırğınları zamanı barışıq komitəsində belə iştirak etmişdi. Behbud xan Cavanşir Şaumyan və onun köməkçisi Şatunovskayanın təqiblərdən qorunmasında yoldaşlıq köməyi göstərmişdi. Şatunovskaya öz xatirəsində qeyd eləmişdi ki, Behbud xan Cavanşir erməni millətindən olan insanların qarışıqlıq zamanı kütlə tərəfindən məhv olunmasının qarşısını almışdı, onları himayə etmiş, gizlətmişdi. Bütün bunlara rəğmən yersiz olaraq millətçilikdə, irqi siyasət yetirməkdə, ermənilərə qarşı düşmənçilikdə ittiham olunaraq onu məhv etmək erməni terror təşkilatı tərəfindən qərara alınıb. Onun qətli Cümhuriyyət dönəmində baş vermədi. Ermənilər Fətəli Xan Xoyskini, Həsən bəy Ağayevi Cümhuriyyətin süqutundan az sonra qətlə yetirdi. Behbud xan Cavanşirin 1921-ci ilə qədər erməni terrorçularının gülləsinə tuş gəlməməsi şans məsələsi idi, amma ilk fürsətdə xaricdə olarkən qətlə yetirdilər”.
 
Tarixçi xatırladıb ki, peşəkar mühəndis olduğuna, bir çox Avropa dillərini mükəmməl bildiyinə görə Azərbaycan Şura Hökuməti Behbud xan Cavanşirə etibar etmiş, onu Azərbaycan neft sənayesi üçün avadanlıq almaq məqsədilə xaricə ezam etmişdi: “O, Azərbaycanın hüdudlarından kənarında İstanbulda “Pere Palas” otelinin yaxınlığında erməni terrorçu Mişaq Torlakyanın açdığı odlu silahla yaralanıb və xəstəxanada vəfat etdi. Ölüm ayağında söylədiyi “mənim şəxsi düşmənim yoxdur, məni ancaq ermənilər vura bilər” fikirləri qisasçılıq hisslərindən qaynaqlanır. Behbud xan Cavanşir şəxsiyyəti üçün ancaq humanistlik, insanpərvərlik dəyərləri önəmli idi. Ona görə də ermənilərə qarşı məxsusi hansısa qərəzli siyasət, əməl törədilməsi ittihamı heç bir tarixi sənədə söykənmir”.
 
Müəllif: Nərgiz

Загрузка...
Загрузка...