Azərbaycanlı cinayətkar Moskvada 20 ildir, başqa adla gizlənirmiş - Ələ keçirildi, əsl adı açıqlandı

 
 
Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.
 
Turaninfo.org APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.
 
O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.
 
Onun 20 ildir axtarışda olduğu bildirilir.
 
O, xüsusi təyinatlı polis qüvvələrinin dəstəyi ilə saxlanılıb.
 
"Həmin şəxs 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, saxta SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşı və ümümvətəndaşlıq pasportları alıb. Lakin hüquq-mühafizə orqanları sonradan müəyyən edib ki, Azərbaycanda eyni ad-soyadda başqa şəxs yaşayır”, -  deyə İrina Volk bildirib.
DİN rəsmisi əlavə edib ki, Rusiya tərəfindən verilən vətəndaşlıq artıq ləğv edilib.
 
Azərbaycanlının kirayə yaşadığı evdə axtarış zamanı "İJ-70 və "Brauninq” markalı tapançalar, 23 güllə və Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.
 
İ. Volk bildirib ki, saxlanılan şəxs barəsində qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb: "Onun Azərbaycana ekstradisiyası nəzərdə tutulur. Həmin şəxsin Rusiya ərazisində digər cinayətlərdə iştirakı məsələsi də yoxlanılır".
 
Rusiya hüquq-mühafizə orqanlarından bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.
 
Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.
 
Məlum olub ki, A. Rüstəmov uzun müddət  Moskvada başqa adla gizlənib.

Загрузка...
Загрузка...