Azərbaycanın Malenkovu - keçmiş “müqtədir ikinci”

Baxış sayı: 
111
1  
0  

 
1998-ci il idi, rus dilində çıxan “Yejednevnıe novosti” qəzetinin baş redaktoru Emil Abbasov (indi İsraildə yaşayır) dövlət rəhbərliyinə dair siyasi məqalə yazmağı təklif etdi, yazdım. Senzuranın ləğv olunmasından sonrakı vaxtlar idi, hamını tənqid etmək mümkün olurdu.
 
Məqalənin məzmunu təxminən belə idi ki, əslində Ramiz müəllimin tutduğu post hakimiyyət iyerarxiyasına görə 4-cü olsa da, o, faktiki olaraq, nüfuzuna, icraçılıq funksiyalarına görə dövlətin ikinci şəxsidir və ölkədəki kadr təyinatlarının heç biri onun xəbəri olmadan baş tutmur.
 
Yadımdadır, o zaman gənc baş redaktora xəbərdarlıq da etdim ki, bu tənqid ovqatlı yazıya görə ona təzyiq ola bilər. Sonradan məlum oldu ki, yazıyıa görə ona heç bir təzyiq-filan olmayıb.
 
Görünür, həmin vaxt dövlət rəhbərliyinə dair tənqidi yazılar intensivləşdiyindən o yazıya əhəmiyyət verilməmişdi. Amma daha sonralar R.Mehdiyev haqqında həmin yazıdakının bir cümləsini belə yazmaq mümkün olmadı. Çünki artıq hamı qəbul etmişdi ki, dövlətin faktiki ikinci adamı Ramiz Mehdiyevdir, bir sözü iki deyil, istənilən qəzetin və ya qəzetçinin taleyini həll edə bilər. Hər kəs “müqtədir ikinci” faktoru ilə hesablaşmağa məcbur idi.
 
Bu, ötən ilin payızına qədər bu cür davam etdi - akademik mətbu tənqidlərin fövqündə oldu. Hətta hakim partiyanın onun haqqında yüngülvari irad bildirən tanınmış üzvləri təzyiqlərə məruz qalır, tutduqları postdan uzaqlaşdırılır, növbəti dəfə onlara etimad göstərilmir, deputatlığa namizəd belə ola bilmirdilər.
 
Qara payızdan sonra vəziyyət bir qədər dəyişdi. Amma yenə də yaraq-əsləhəsini qurşayaraq R.Mehdiyevin üzərinə gedən olmadı. Hərdən ordan-burdan xəfif atəş səsi gəlirdi, amma bilinmirdi ki, bu, dəcəl uşaqların kibrit kükürdünü qayka-bolta doldurub partlatmasıdır, yoxsa həqiqətən də AMEA prezidentinə “güllə atırlar”.
 
İlin ikinci yarısında isə bu xüsusda vəziyyət dəyişib. Artıq Mehdiyevin adını, soyadını mənfi səciyyəli fikirlərdə hallandıranlar çoxalıb, üstünə açıq hücuma keçənlər var. İndi keçən il bu vaxtlar olduğu kimi, akademikin yazdığı (və ya yazdırdığı - belə bir iddia vardı) iri həcmli fəlsəfi-siyasi-publisistik yazıları tirajlayanlar, o məqaləyə dair öygü dolu resenziyalar yazanlar yoxdur.
 
Hələ bu, jurnalıdır, ömrünün 9-cu onilliyini xırdalayan akademik çox iddia və ittihamlara məruz qalacaq, bir zamanlar yaxşılıq və yamanlıq etdiyi adamların hər üzünü görəcək.
 
Saray qapısının qaydası budur. Min illərdir belədir. Böyük vəzifən, nüfuzun varsa, itaət edənlərin, tərif deyənlərin çox olur, gücünü itirirsənsə, hökmün azalırsa, üstünə ayaq alanlar, bəyənməyənlər, burunlayanlar artır.
 
İndiki halında Ramiz Mehdiyevi bir zamanlar (1953-55) SSRİ-nin baş naziri olmuş Georgi Malenkova bənzətmək olar.
 
Stalinin dönəmində partiyada, dövlətdə yüksək vəzifələr tutan, böyük nüfuza malik olan, bir ara hətta özünü SSRİ dövlətinin rəhbəri hesab edərək, Xruşova “sən partiya rəhbərisən, mən dövlətə rəhbərlik edirəm” deyən Malenkovun karyerasında dönüş 1955-ci ildə başlanıb. Onu əvvəlcə SSRİ Nazirlər Sovetinin sədri postundan götürüb, elektrostansiya naziri təyin ediblər, sonra Siyasi Bürodan çıxarıblar, daha sonra MK üzvlüyündən (1961-ci ildə isə partiya sıralarından) xaric ediblər. 1957-ci ildə Qazaxıstanın Ust-Kamenoqorsk rayonunda SES direktoru vəzifəsinə təyin edilən Malenkov sonradan Ekibastuz şəhərində eyni işə keçirilib və bir də Moskvaya 1968-ci ildə qayıdıb, amma daha ona vəzifə verməyiblər, 30 il boyunca şəhərətrafı qəsəbədəki bağ evində təqaüdçü kimi yaşamalı olub.
 
Təsəvvür edin, SSRİ boyda bir ölkənin baş naziri olmuş adamı 54 yaşındaykən endirib SES direktoru təyin ediblər.
 
Ona baxanda R.Mehdiyev hələ şükürlüdür, onun karyera enişi 80 yaşında oldu, həm də çox da aşağı vəzifəyə keçirilmiş sayılmaz. AMEA prezidenti postu kifayət qədər böyük və prestijli postdur.
 
Sadəcə, AMEA prezidenti postuna keçirilmə akademikin sonunun başlanğıcıdır. İndi o dövr yetişib ki, bunu da ona çox görənlər var. Yaş da o yaş deyil ki, revanş haqqında düşünsün.
 
Mehdiyevin bu hakimiyyətin formalaşmasında, möhkəmlənməsində, qorunub-saxlanmasında böyük xidmətlərinə gəlincə, qoy bu barədə onun tərəfdarları yazsınlar. Onlar daha təfərrüatlı, daha tutarlı yaza bilərlər.

Загрузка...
Загрузка...