Azərbaycanın Baş nazirinə qarşı xain SUİ-QƏSDİ...

Baxış sayı: 
42
1  
0  

Bu işi də ermənilər həyata keçirdilər...

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən və qurucularından biri, tanınmış dövlət xadimi Fətəli Xan Xoyskinin doğum tarixidir.

Turaninfo.org xəbər verir ki,Modern.az-ın məlumatına görə, Fətəli Xan Xoyski  1875-ci il dekabrın 7-də Nuxada- indiki Şəki şəhərində anadan olub. O, əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana - Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindəndir. 

Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirib  və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.

 

Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçilib.

 
O, hüquqşünas kimi fəaliyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanmışdı. Bu etimadın nəticəsi də olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdi.

O, Dövlət Dumasının iclaslarında «Müsəlman fraksiyası» adından dəfələrlə çıxış edərək, çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə üçün çalışırdı. Xoyski çar hökümətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxırdı. Bu mənada o, Rusiyada milli və dini ayrı-seçkiliklərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayanlar arasında olmuşdu. 

2-ci Dövlət Duması buraxıldıqdan sonra (1907) Xoyski bir müddət Gəncədə andlı iclasçı kimi işləyib, 1913-cü ildən etibarən isə eyni vəzifəni Bakıda həyata keçirib.

Çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noybarında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaşafqaziya seymi yarandı. Həmin seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvülərindən biri də Fətəli xan idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daim Qafqaz birliyinin tərəfdarı olmuşdu. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski demişdi: «Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır».

Zaqafqaziya seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı ki, onların sıralarında Fətəli xan da var idi. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqidiyiyi bəyan olundu və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirildi. Beləliklə, Fətəli xan baş nazir olmaqla yanaşı, daxili işlər naziri vəzifəsini də icra etməyə başladı.


Xoyski Azərbaycan Cümhuriyyətinin baş naziri olduğu illərdə onu ləyaqət və şərəflə təmsil edib. Doğrudur, onun dövründə Azərbaycan üçün xoşagəlməz bir neçə hadisə də baş verib. Həmin hadisələrdən biri də İrəvanın ermənilərə güzəştə gedilməsidir. Belə ki, 1918-ci il mayın 29-da  Tiflisdə keçirilən Azərbaycan Milli Şurasının növbəti iclasında Xoyski şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqlar barədə məlumat vermişdi.  Tarixi mənbələrə görə,  Xoyski erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu,  Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyini bildirib.
Həmin iclasda Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul edib. Elə həmin gün (1918, 29 may) baş nazir Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubundakı İrəvanın Ermənistana güzəştə gedilməsi qismində yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalara güzəştə getdik».

İrəvanın ermənilərə güzəştə gedilməsi indiki şəraitdə ciddi siyasi səhv sayılsa da, həmin dövrdə Azərbaycan Cümhuriyyətinin liderlərinin, o cümlədən Xoyskinin bunu etməmək üçün böyük imkanları yox idi. Onlar bu addımı atdıqları dövrdə Azərbaycan Cümhuriyyəti 1 əsgərə də malik deyildi. Üstəlik, Azərbaycanın Bakı kimi mühüm sənaye və siyasi mərkəzi də başda olmaqla şərq hissəsi rus-erməni birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan Milli Şurasının erməni milli şurasının bu təklifi qarşısında dirənməsi vəziyyəti daha da gərginləşdirə bilərdi. Bunu, arxalarında bir sıra beynləxlaq qüvvələrlə yanaşı, Sovet Rusiyasının dayandığı erməni milli şurası da yaxşı anlayır, məhz Azərbaycan üçün son dərəcə əlverişsiz bir şəraitdə İrəvanı ondan istəyirdi. Bunu, Fətəli xan parlamentdəki ilk çıxışında da dolayısıyla etiraf etmişdi: «Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi».

Heç bir əsgəri qüvvəyə malik olmayan Azərbaycan Milli Şurası bir tərəfdən Azərbaycaın şərq hissəsində faktiki hakimiyyətə malik olan S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın qərb hissəsində İrəvan, Naxçıvan və ona yaxın ərazilərdə işğalçılıqla məşğul olan Andranikin quldur qüvvələrinə qarşı mübarizə aparmalıydı.

Bu mənada Milli Şuranın o cümlədən, Fətəli xanın rəhbərlik etdiyi ilk hökumətin böyük uğurları ilə yanaşı, onların iradəsinə zidd olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə gedilməsi» kimi bəzi uğursuzluqları da olmuşdu. Ancaq bu məsələ də o da nəzərə alınmalıdır ki, Milli Şura müəyyən şərtlərlə - ermənilərin Naxçıvan və digər ərazilərmizə iddialardan əl çəkməsi və müharibəni dayandırması halında belə bir güzəştə getmişdi.  Ermənilərin buna əməl etməyəcəyi təqdirdə isə Milli Şuranın həmin qərarı qüvvədən düşmüş hesab olunacaqdı.

Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə var idisə, onu da etdilər. Bununla da onlar müəyyən uğursuzluqlara baxmayaraq adlarını tarixin qızıl səhifəsinə yazdılar. Şübhəsiz, bunların arasında ən alisi Azərbaycan Cümhuriyyyətinin istiqlalı idi. 

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli Xan Xoyski bununla bağlı çıxışında deyirdi: «Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi». Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası olan müstəqil bir dövlətdir: «Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».

O, Azərbaycan Xalq Cumhuriyyətinin ilk dəfə olaraq hökümətini formalaşdırıb. Ilk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət məhz o Azərbaycanda baş nazir idarə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb.  

1918-ci il iyunun 17-də M.Ə. Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası oldu, yeni hökuməti təşkil etmək Fətəli xan Xoyskiyə tapşırıldı. O, Azərbaycan Respublikasının ikinci Nazirlərr Kabinetini təşkil etdi. F.Xoyski ikinci kabinədə Nazirlər Şurasının sədri və ədliyyə naziri vəzifələrini yerinə yetirdi.

Fətəli xan Xoyski sonralar Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışdı.. 

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinəsini formalaşdırmaq etimadını qazanmışdı. 1919-cu ilin dekabrında isə Nəsib Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı...

 

Fətəli Xan Xoyski 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdi: «Bu yalnız bizim üçün deyil, ümum türk miləlti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlaycağına əminəm».

1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Fətəli xan Gürcüstana-Tiflisə getməyə məcbur qaldı.

O dövrdə Məhəmməd Əmin Rəsulzadə Lahıcda gizli həyat yaşamağa məcbur olarkən, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etməli oldular. Çünki başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək. 

O zaman Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. 

Amma Tiflisdə bolşeviklər onu təqib etməyə başladılar. Bu iş xain ermənilərə həvalə olunmuşdu.

Nəhayət erməni quldurları 1920-ci il iyun ayının 19-da Fətəli xanı qətlə yetirdilər. Qatillər "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq öldürdülər. Onu şəhid etdilər. 
Fətəli xan indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.

 

Fətəli xan Xoyskinin ailəsi də 1920-ci ildən sonra təqib olunub. Fətəli xan sonralar islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli idi.

Fətəli xan Xoyskinin üç övladı olub: qızı Tamara (1902-1990) , iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).

Maraqlıdır ki, qızı Tamara xanım məşhur bolşevik, sonralar Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışmış Mirzə Davud Hüseynova ərə getmişdi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər. 

Böyük oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər isə diabet xəstəliyi iılə əlaqədar Moskvada əməliyyat olunduqdan sonra narkozdan oyanmadı... 

Загрузка...
Загрузка...