​Azərbaycanı enerji müharibələrindən qalib çıxaran strategiya...

Baxış sayı: 
26
1  
0  

“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür və 25 il öncə Heydər Əliyev bu müqavilə ilə Azərbaycanı təkcə düşdüyü ağır vəziyyətdən çıxarmadı, həm də ilk milli strategiyası ilə kövrək müstəqilliyin möhkəmlənməsinin, gənc dövlətin dünyanın enerji xəritəsində əvəzolunmaz rol oynamasının konturlarını cızdı. “Əsrin müqaviləsi” Azərbaycana çoxlarının xəyal belə edə bilməyəcəyi siyasi və iqtisadi dividendlər gətirdi. Heydər Əliyevin milli strategiyasının davamçısı olan Prezident İlham Əliyev 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nə imza atdı və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında Azərbaycanın mənfəətini 75 faizə yüksəltdi. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi ilə “XXI əsrin müqaviləsi”nə həyata keçirərək, Azərbaycanı dünyanın iki qütbü arasında əhəmiyyətli siyasi oyunçuya çevirdi.
 
“Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin qarantı, firəvan gələcəyinin başlanğıcı, milli iqtisadiyyatının bazası idi;
 
“Yeni əsrin müqaviləsi” Azərbaycanın mənfəət gəlirlərinin artırılması və qarşıdakı 30 ildəki inkişafın əsası oldu;
 
“XXI əsrin müqaviləsi” Azərbaycanı dünyanın enerji xəritəsinin döyünən ürəyinə çevirdi və qarşıdakı 100 illik gələcəyi təmin etdi;
 
25 il öncəki Azərbaycanla bugünkü Azərbaycan arasındakı fərq açıq görünür. Tarix iki milli lider – Heydər Əliyev və İlham Əliyevin bu kiçik ölkəni nəhəng siyasi və iqtisadi gücə çevirməsinin şahidi oldu. Buna yalnız siyasi zəkanın düşünülmüş strategiyası və milli maraqlar uğrunda cəsarətli mübarizə ilə nail olmaq olardı.
 
“Əsrin müqaviləsi”nin imzalanması prosesində Heydər Əliyevlə çiyin-çiyinə çalışan İlham Əliyevin tarixi sözləri yada düşür: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.
 
Hər iki liderin bütün siyasi fəaliyyətində xalqın mənafeyi hər şeydən üstün oldu. Hərçənd, onlar bunun üçün kulislərdə Azərbaycana qarşı çıxan qüvvələrlə çətin mübarizəyə girmişdilər.
 
“Əsrin müqaviləsi”nin hazırlandığı vaxtda Bakıda Qərb və Rusiyanın açıq mübarizəsi gedirdi. Xüsusilə SSRİ-nin dağılmasını hələ də həzm edə bilməyən Moskva kiçik postsovet ölkəsi olaraq gördüyü Azərbaycanın bu nəhəng layihəni həyata keçirməsini istəmir və bunun üçün müxtəlif yollarla təzyiqlər edirdi. Müharibədən yenicə çıxmış, əraziləri işğal edilmiş Azərbaycan üçün vəziyyət heç də ürəkaçan deyildi. Lakin dahi Heydər Əliyev Azərbaycanı bu oyunlardan itkisiz çıxara bildi və Rusiyanın da layihədə iştirakı təmin olunmaqla Azərbaycan torpaqlarında dünyanın iki qütbünün toqquşmasının qarşısı alındı. Lakin sonrakı dövrdə yeni neft kəmərlərinin inşası zamanı kulislərdə mübarizə yenidən qızışdı, xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin həyata keçməsində Rusiya maraqlı deyildi. Moskva istəyirdi ki, Azərbaycan nefti onun torpaqlarında Avropaya daşınsın, bu, milli maraqlarımıza uyğun deyildi və Heydər Əliyev bu böhranı da Azərbaycan maraqları çərçivəsində həll etdi.
 
ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış, bir sıra prezidentlərlə işləmiş, məşhur amerikalı politoloq Zbiqnev Bjezinski “İkinci şans” kitabında BTC-nin həyata keçirilməsi vaxtı Bakıda baş verənlər haqda belə yazır: “Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. Əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsünü dəstəklədiyini ilə bağlı xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.
 
Bjezinski Bakıda baş verənlərin detallarını açıqlamır, lakin onun bu sözləri kulislərdə ciddi müzakirələrin getdiyini və Heydər Əliyevin milli maraqlarımıza uyğun siyasətindən geri çəkilmədiyini təsdiqləyir. Bu gün Azərbaycan məhz bu milli siyasətin bünövrəsi üzərində ucalmaqdadır.
 
2017-ci ildə Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi”ni imzalayanda da Azərbaycana hücumlar edildi. Müqavilənin imzalanmasına günlər qalmış erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkəsi “Azərbaycan landromatı” adlı qondarma tədqiqat ortaya atıldı. Bu dəfə hücum edənlər təkcə ölkəni yox, həm də ölkənin rəhbərinin şəxsini hədəf almışdılar. Lakin Azərbaycan lideri milli siyasi xətdən geri çəkilmədi və xalqın gələcək mənafeyinə hesablanmış milli maraqlarımıza söykənən müqavilə imzalandı.
 
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi – “XXI əsrin müqaviləsi”ni həyata keçirməklə ölkəni “qaz müharibələri”nə daxil etmək cəhdlərinin qarşısını aldı və Azərbaycanı daxil olmadığı müharibədən əsas qalib kimi çıxardı. Bu, olduqca mürəkkəb proses idi.
 
Qərb Avropanın enerji şaxələndirilməsi planında “Nabucco” layihəsini irəli sürmüşdü və bu layihə Azərbaycan qazını “Köhnə Qitə”yə daşıyacaqdı. Lakin Bakı üçün iki məqam çətinlik yaradırdı: birincisi, bu, yetərincə bahalı layihə idi, ikincisi, bu layihədə yer almaq regionda Rusiya ilə üz-üzə gəlmək olardı.
 
Bu iki məqamla yanaşı, “Nabucco” adı özlüyündə təhlükəli məqamları gizlədirdi. Qərb incə gediş edərək, bu ad altında uzaq perspektivə hesablanan çox təhlükəli oyun başlatmışdı. Belə ki, İtaliya operası olan “Nabucco” adını qədim Babil hökmdarı “Nabukadnezar”ın adından götürmüşdü. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul olunurdu. Lakin bu layihəyə “Nabukadnezar”ın adından qaynaqlanan yarlığın yerləşdirilməsi vaxtilə Babil torpaqlarının indiki Şimali İraq ərazisini əhatə etməsi ilə sıx bağlı idi. Məqsəd həmin coğrafiyada kürd dövləti yaratmaq və bu dövlətin iqtisadi müstəqilliyinə zəmin hazırlamaq idi. Bakının belə bir layihədə iştirakı qardaş Türkiyəyə qarşı çıxmaq olardı.
 
Bu mürəkkəb və təhlükəli oyunu pozmaq, eyni zamanda, ölkənin milli maraqlarının zərbə altında qalmasının qarşısını almaq üçün olduqca üstün zəkaya sahib olmaq lazımdır. Prezident İlham Əliyev bu oyunu pozdu və Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan birbaşa Azərbaycanın gələcəyinə hesablanmış addım atdı: Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi. Çoxları üçün xəyal olan bu layihə artıq başa çatmaq üzrədir və Azərbaycan lideri bununla təkcə rəhbəri olduğu ölkənin yox, həm də regionun gələcək təhlükəsizliyinə hesablanmış strateji gediş etdi.

Загрузка...
Загрузка...