Azərbaycanda icbari tibbi sığorta niyə TƏTBİQ OLUNMUR?

Baxış sayı: 
54
1  
0  

Əli Əliyev: "Bu gün icbari tibbi sığortanın tətbiqi üçün heç bir texniki və maliyyə əngəli yoxdur"

"Azərbaycanın icbari tibbi sığortanı tətbiq etməsi üçün bütün maddi resurslarının olmasına baxmayaraq, iqtidar hələ də xalqa münasibətini dəyişmir"

Natiq Cəfərli: "Əgər iqtisadi və idarəetmə ilə bağlı problemlər həll olunmasa, o zaman icbari tibbi sığortanın ölkə ərazisində tətbiqi qeyri-mümkündür"

19 il öncə, daha dəqiq desək, 1999-cu ilin oktyabr ayında "İcbari tibbi sığorta haqqında" Qanun qəbul olunub. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər edilib. Ölkə başçısının 2007-ci il 27 dekabr tarixli sərəncamına əsasən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Beləliklə, prezidentinin 2016-cı il 15 fevral tarixli fərmanı ilə fəaliyyətə başlayan qurumun əsasında, həmin ilin noyabr ayının 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılıb. Qeyd edək ki, adıçəkilən agentliyin fəaliyyətinin məqsədi əhalini icbari tibbi sığortaya cəlb etmək, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, eyni zamanda sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Gördüyünüz kimi, "İcbari tibbi sığorta haqqında" Qanun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mövcud olsa da, hələ də bütövlükdə ölkə üzrə icbari tibbi sığorta tətbiq edilmir. Sözügedən məsələ dəfələrlə parlamentdə müzakirə olunub və deputatlar hər dəfə "Gələn ildən etibarən icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq", deyə açıqlama veriblər. Lakin indiyədək bununla bağlı konkret qərar qəbul edilməyib. Halbuki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin və ümumilikdə səhiyyə sisteminin inkişafına ciddi təkan verə bilər. Düzdür, hazırda 4 rayonda - Mingəçevir, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta pilot layihə kimi həyata keçirilsə də, mütəxəssis hesab edirlər ki, mövcud şərtlər daxilində icbari tibbi sığortanın yaxın vaxtlarda bütün Azərbaycan ərazisində tətbiq olunacağı inandırıcı görünmür.

Картинки по запросу Əli Əliyev
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi Əli Əliyev hesab edir ki, hələ də ölkədə icbari tibbi sığortanın tətbiq edilməməsinin başlıca səbəbi hakimiyyətin düşüncəsi ilə bağlıdır. O, iddia edir ki, mövcud hakimiyyət xalqdan formalaşmadığı üçün xalqı düşünmür: "İcbari tibbi sığorta Azərbaycanın Dağlıq Qarabağ kimi vacib problemlərindən biridir. Çünki ölkədə tətbiq olunan səhiyyə sahəsindəki idarəçilik ona gətirib çıxarıb ki, insanlar bir çox xəstəliklərini müalicə edə bilmirlər. O cümlədən, reaktiv tutumlu, avadanlıq tələb edən əməliyyatlara azərbaycanlıların gücü çatmır. İcbari tibbi sığortanın indiyədək tətbiq olunmaması Azərbaycanda insanların xəstəliklərdən dünyasını dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, bu, bir sıra hallarda insanların baha faizlərlə kredit götürməsi, ölkədən kənara getməsi, pulları xaricdə səhiyyəyə yatırtması ilə nəticələnib".

"İcbari tibbi sığorta haqqında" Qanunun qəbulundan 19 il keçməsinə baxmayaraq, Azərbaycan iqtidarının öz düşüncəsini, ölkə vətəndaşlarına münasibətini dəyişmədiyini vurğulayan Əli Əliyevin sözlərinə görə, bu gün icbari tibbi sığortanın tətbiqi üçün heç bir texniki və maliyyə əngəli yoxdur: "Yəni bu illər ərzində iqtidarın özü dəyişmədiyi kimi, onun düşüncəsi də dəyişməyib. Qeyd edim ki, 2017-ci ildə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinə başlanılıb. Ümid edirdik ki, 2018-ci ildə icbari tibbi sığortanın icrasına başlanılar. Ancaq təəssüflər olsun ki, külli miqdarda neft pullarının gəlməsinə, Azərbaycanın icbari tibbi sığortanı tətbiq etməsi üçün bütün maddi resurslarının olmasına baxmayaraq, iqtidar hələ də xalqa münasibətini dəyişmir. Nəzərinizə çatdırım ki, bu gün icbari tibbi sığortanın tətbiqi üçün heç bir texniki və maliyyə əngəli yoxdur. Sadəcə olaraq, münasibət münasibət problemi var. Belə ki, Azərbaycan iqtidarı Azərbaycan xalqı haqda düşünmür. Məhz bu səbəbdən də maaşlar aşağıdır, insan aşağı təqaüd alırlar, maddi nemətlərin bölgüsündə ədalətsizliyə yol verilir. Bütün bu çatışmazlıqların bir təzahürü səhiyyədə icbari tibbi sığortanın tətbiq olunmaması məsələsidir".

Картинки по запросу Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, icbari tibbi sığortanın tətbiq olunmaması ilə əlaqədar problemləri iki hissəyə bölmək olar: iqtisadi və idarəetmə ilə bağlı: "İlk öncə qeyd edim ki, icbari tibbi sığorta iki pilot bölgədə - Mingəçevir və Yevlaxda tətbiq olunmağa başladı. Və bundan sonra daha çox problemlərin üzə çıxdığı məlum oldu. Əslində problemləri iki hissəyə bölmək lazımdır. Bununla bağlı bir iqtisadi, bir də idarəetmə problemləri var. Təəssüf ki, bu problemlərin həlli ilə əlaqədar müəyyən addımlar atılmadığı üçün icbari tibbi sığortanın ölkə üzrə tətbiq olunması mümkünsüz hala gəlib. Beləliklə, birinci səbəb ondan ibarətdir ki, icbari tibbi sığortanın tətbiq olunması üçün rəsmi müqavilələrlə iş yerlərinin olması və əhalinin böyük əksəriyyətinin rəsmi maaş alaraq, rəsmi iş yerlərində müqavilə ilə işləməsi çox vacib faktordur. Azərbaycanda 5 milyon 700 min nəfərə yaxın əmək qabiliyyətli insan var. Bunun cəmi 1,6 milyonu rəsmi müqavilələrlə çalışır ki, onun da 918 minə yaxını dövlət sektorunda, yerdə qalan 600 minə yaxını isə özəl sektorda çalışır. Yerdə qalan əmək qabiliyyətli insanlar hətta işləyirlərsə belə, onların rəsmi müqavilələri yoxdur. Rəsmi maaş almayan insanların isə icbari tibbi sığorta ödəməsi mümkün deyil. Yəni bunun bir sistem halına salınması mümkün deyil".

Bir çox hallarda rəsmi maaşlarla real maaşlar arasında ciddi fərqin olduğunu deyən ekspertin fikrincə, əgər iqtisadi və idarəetmə ilə bağlı problemlər həll olunmasa, o zaman icbari tibbi sığortanın ölkə ərazisində tətbiqi qeyri-mümkündür: "Əsasən də kommersiya sahəsində çalışanların rəsmi maaşları daha az yazılır ki, daha az vergi, sosial sığorta ödənilsin. Amma qeyri-rəsmi ödənişlər rəsmi maaşlardan daha yüksəkdir. Yəni qeyri-leqal, paralel maaş sistemi də var. Bu isə özlüyündə əlavə problemlər yaradır. Düşünürəm ki, bu, icbari tibbi sığortaya keçidlə bağlı əngəllərdən biridir. Digər məsələ isə idarəetmə ilə bağlıdır. Belə ki, Azərbaycanda müvafiq qanunvericilik aktlarına görə səhiyyə sisteminin idarə olunması ikitirəlidir. Bir tərəfdə Səhiyyə Nazirliyi var, digər tərəfdə isə rayon icra hakimiyyətlərində səhiyyə şöbələri var ki, onlar idarəetməyə müdaxilələrdə nazirlik qədər səlahiyyətə malikdirlər. Səlahiyyətlərin bir əldə cəmlənməsi, hətta regional səhiyyə şöbələrinin yaranması vacibdir ki, idarəetmədə təməlküzləşmə baş versin və ikili idarəetmə formasından imtina edilsin. Düşünürəm ki, icbari tibbi sığortaya keçilməməsinin əsas səbəblərindən biri də budur ki, icra hakimiyyəti strukturları əllərində olan tibb sahəsinə müdaxilə səlahiyyətini əllərindən vermək istəmirlər. Çünki icbari tibbi sığortaya keçid onların müdaxilə imkanlarını sıfırlayacaq, ən azından xeyli məhdudlaşdıracaq. Odur ki, bu iki əsas məsələ, yəni iqtisadi və idarəetmə ilə bağlı problemlər icbari tibbi sığortaya keçidin ləngiməsinə səbəb olur. Əgər bu problemlər həll olunmasa, o zaman icbari tibbi sığortanın ölkə ərazisində tətbiq olunması qeyri-mümkündür".

 Hurriyyet.org

Загрузка...
Загрузка...