Azərbaycanda çox tanınmış jurnalist Afrindən xəbər verir – Müsahibə/Özəl

Baxış sayı: 
118
0  
0  

 
Teleqraf.com-un suallarını Türkiyə Silahlı Qüvvələrinin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatını Aziz bölgəsində izləyən məşhur hərbi jurnalist, bir zamanlar Azərbaycanda rəhbəri olduğu “Avrasiya” qəzeti ilə tanınan İrfan Sapmaz cavablandırır:
 
- İrfan bəy, biz xəbərləri Türkiyə mediasından izləyirik, istərdik “Zeytun budağı” əməliyyatının canlı şahidi kimi hazırki vəziyyət barədə danışasınız...
 
- Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ötən ayın 20-də başlayıb. Türkiyə Afrindən, hazırda dayandığım Aziz bölgəsindən gələn təhlükənin qarşısını almaq məqsədilə belə bir əməliyyata start verib. Hazırda əməliyyat davam edir, rəsmi rəqəmlərə görə, bölgədə 6400 komando var, bəlkə də say çoxalıb, 10 minə qədər artmış da ola bilər, çünki yeni komando birlikləri gətirilir. Azad Suriya Ordusundan 3 tümən, hər birində 17 qrup savaşır ki, onlar Suriyada Əsəd rejiminə qarşı müstəqillik uğrunda mübarizə aparırlar. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Hulusi Akar dünən 1400 terrorçunun məhv edildiyini açıqlayıb. Türkiyə Silahlı Qüvvələrindən 31 şəhid, eləcə də yaralılar, Azad Suriya Ordusundan da şəhidlər var. Əməliyyat öz sürəti ilə davam edir. Suriya sərhədi boyunca Reyhanlı, Hassa, Qırıqxan, Kilisə tez-tez hücumlar təşkil edilir və türk vətəndaşlar həyatını itirirdi. Bu hücumların qarşısını almaq üçün əməliyyatlara başlanılıb. Afrində PKK/İŞİD/PYD/YPG kimi bir çox terrorçu ünsürlər var. Afrinə doğru çevrə daraldılır, Türkiyənin Afrinə ən uzaq nöqtəsi 31 kilometrdir. Hazırda olduğum Aziz bölgəsi Afrindən 14 km uzaqlıqdadır. Burseya dağında ciddi qarşıdurmalar oldu, çoxlu sayda terrorçu öldürüldü, əməliyyatlar davam edir. Bunu sadəcə Türkiyənin buradakı terrorçu qruplarla savaşı kimi xarakterizə etmək doğru deyil. Türkiyə terrorçulara silah verən ABŞ başda olmaqla, Avropanın 9 ölkəsi ilə savaşır. Afrinin mərkəzində hazırda 20 minə yaxın terrorçu var. Onlar girov götürdükləri mülki şəxslərin hərəkətinə imkan vermirlər. Mülki şəxslərə ziyan dəyməsin deyə, hazırda Türkiyə asta templə hərəkət edir. Afrində çox ciddi mübarizə, küçə döyüşləri gözlənilir.
 
- Əməliyyatlar başladığı ilk günlərdə Türkiyənın qısa müddət ərzində Afrini terrorçulardan təmizləyəcəyi düşünülürdü. Amma hələ ordu Afrinin mərkəzinə yaxınlaşmayıb. Əməliyyatın çətin keçməsinin səbəbi nədir? Dediyiniz kimi, mülki şəxslərin təhlükəsizliyinə görə temp aşağıdır, yoxsa başqa səbəb var?
 
- Bu, tamamilə mülki şəxslərin təhlükəsizliyi ilə bağlıdır. Afrinin mərkəzində 80-90 min mülki əhali yaşayır, bu bölgənin ətrafında irili-xırdalı 360-a yaxın kənd və qəsəbə var. Terrorçular bu ərazilərdən və mülki şəxslərdən qalxan kimi istifadə edir. Əməliyyatlarda mülki şəxslərə zərər dəyməməsi üçün bütün bunlara xüsusi diqqət yetirilir. Onlar dünyaya “TSQ və ASO sivil qətliam törədir” deyə provakasiya hazırlayırlar, Türkiyə, əlbəttə, buna imkan vermir. Ona görə də əməliyyatların sağlam şəkildə həyata keçməsi üçün asta temp seçilib.
 
- Afrində Türkiyəyə qarşı döyüşən qüvvələrin imkanlarından bəhs edə bilərsinizmi, onlar pərakəndə şəkildə mübarizə aparırlar? Kənardan dəstək varmı?
 
- ABŞ başda olmaqla bir çox Qərb dövlətləri terrorçuları silahla təchiz edir. Hazırda Afrinə terrorçulara dəstək məqsədilə yeni qüvvələr göndərilir, onların əlində hər cür silahlar var, zirehli texnikadan istifadə edirlər. Bu silahların mənbə və mənşələri müəyyənləşib və açıqlanıb.
 
- ABŞ Türkiyədən Afrin əməliyyatlarının məhdudlaşdırmağı və əməliyyatlarda birgə iştirakı təklif edib. Türkiyə ABŞ-ın təkliflərini niyə qəbul etmir?
 
- ABŞ 30 kilometrədək hərəkət edib dayanmağı, mərkəzə irəliləməməyi təklif edirdi. “30 km məsafədə sərhəd təhlükəsizliyini təmin edin”, - deyə bəyanat verirlər. Türkiyə bunu qəbul etmədi. Türkiyə-ABŞ münasibətləri qırılma nöqtəsinə gəldi, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bir açıqlaması var: ya bu əlaqələr davam edəcək, ya da bitəcək. Bu, çox ciddi və vacib açıqlama idi. Bu günədək Türkiyədə rəsmi səviyyədə ilk dəfə bu cür sərt bəyanat səslənirdi. Trampın müşaviri daxil olmaqla amerikalı generallar gəldilər, amma açığı, onlar terrorçulara yönəlik əməliyyatların dayandırılmasının yollarını axtarırlar.
 
- Türkiyə vətəndaşı kimi TSQ-nin “Zeytun budağı” əməliyyatını dəstəkləyirsinizmi?
 
- Vətəndaş olaraq qəti şəkildə bu əməliyyatı dəstəkləyirəm. Jurnalistəm, amma Türkiyə vətəndaşıyam, türkəm və ölkəmin maraqlarının qorunması üçün öz vəzifəmi icra edirəm. Ölkəm ayaq üstdə durmazsa, mən də var olmaram. Vətənimin və dövlətimin milli maraqlarının yanındayam və dəstəkçisiyəm. Hər gün sosial şəbəkələrdən TSQ və ASO-nun birgə əməliyyatına tam dəstək verdiyimi deyir və son vəziyyət barədə paylaşımlar edirəm. “Zeytun budağı” əməliyyatının uğurlu olacağına inanıram. Bu günədək 1400-ə yaxın terrorçunun məhv edilməsi də bu əməliyyatın uğurlu olacağına işarə edir.
 
- Sizcə, bu əməliyyatlar nə qədər davam edəcək?
 
- Əməliyyatın qısa zamanda sona çatacağını düşünmürəm. Prezident Rəcəb Tayyib Ərdoğan Afrin, ardınca Menbiçə giriləcəyini, ordunun sonra İdlib və Hələbə yaxın bölgələrə irəliləyəcəyini bəyan edib. Astana razılaşmasına görə, İdlibdəki gərginliyi azaltma bölgəsində 7 atəşkəs müşahidə nöqtəsində mülki şəxslərin təhlükəsizliyi üçün Türkiyə əsgərləri yerləşdirilib. Bir nömrəli hədəf Afrini alıb oranı terrorçulardan təmizləməkdir. Daha sonra Menbiçə yönəlib Fəratın şərqindəki terrorçular məhv ediləcək. İdlib müxalifətin əlində olsa da, orada da təhlükə davam edir. Sadalanan bölgələrdəki əməliyatları da nəzərə alsaq, hesab edirəm ki, əməliyyatlar 5-6 ay davam edəcək.
 
- Hazırda olduğunuz Aziz bölgəsində beynəlxalq medianı təmsil edən jurnalistlər varmı?
 
- Bölgəyə giriş qapadılıb, mən əməliyyatın başlanğıcında daxil olduğum üçün buradayam. Əcnəbi jurnalistlər yoxdur, hazırda bölgəyə heç kəsin girişinə icazə verilmir. Türkiyənin özəl media qurumunun təmsilçisi kimi mən və məndən başqa dövlət televiziyası və agentliklərindən 4-5 nəfər var.
 
- Əməliyyat başa çatanadək orada qalmağı düşünürsünüz?
 
- Hələlik buradayam. Türkiyədən heç bir jurnalist hazırda buraya buraxılmır. Mən hərbi jurnalistəm, 35 illik jurnalist fəaliyyətimin 30 ili müharibələrdə keçib. 12 il Dağlıq Qarabağ müharibəsini yaxından izləmişəm. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında da olmuşam. İndi də Aziz bölgəsində qalmağı düşünürəm. İnşallah əməliyyatları izlədikdən sonra qayıdacağam. Özəl media qurumlarından burada təkcə mənəm deyə, Allah nəsib eləsə, sonadək izləməyi planlaşdırıram.
 
- Yanvarın axırlarında bölgəyə gələn Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin rəhbəri Məhmət Akarca və beynəlxlq media qurumlarının nümayəndələrinə atəş açılmışdı. Təhlükəsizliyiniz hansı səviyyədə qorunur?
 
- Burseya dağı terrorçulardan təmizlənəndən sonra Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin rəhbəri bölgəni nümayiş etdirmək üçün beynəlxalq media qurumlarının nümayəndələrini bir neçə saatlıq buraya dəvət etmişdi. O zaman raket hücumu oldu, amma şükürlər olsun heç kəsə ziyan dəymədi. Özüm isə hazırda Azad Suriya Ordusu ilə birgə hərəkət edirəm. ASO-nun qərargahlarında qalıram. Əslində, bura son dərəcə təhlükəlidir. Azad Suriya Ordusunun qrupları daxilində də təhlükəli şəxslər ola bilər. Bu səbəbdən ağır texnikalı, bir neçə silahı olan qrupla birgə qalıram. Onlar mənim təhlükəsizliyimi təmin edir. Aziz bölgəsinin özü olduqca təhlükəlidir.
 
- Aziz bölgəsində yaşayan mülki şəxslərin “Zeytun budağı” barədə fikirləri nədən ibarətdir?
 
- Əslində, Azad Suriya Ordusunda təmsil olunan hərbçilərin hamısı mülki şəxslərdir. Onlar mübarizələrini aparırlar, kim gecə növbətçidirsə, növbə çəkir, qalanları gedib evində ailəsi ilə birgə qalır. Mən bu insanlarla birlikdəyəm, Türkiyənin bu əməliyyatı başlamasından çox məmnundurlar. Aziz bölgəsi böyük ərazini əhatə edir, bir müddət əvvələ qədər bura İŞİD-in və ayrı-ayrı terror qruplarının əlində idi, o mənada Türkiyəyə qarşı olduqca böyük sevgi var.
 
- Suriyanın gələcəyini necə görürsünüz? Bu ölkədə sabitliyi qurmaq, ərazi bütövlüyünü bərpa etmək və normal dövlət qurmaq mümkün olacaqmı?
 
- Müşahidələrimə əsasən deyə bilərəm ki, Əsəd rejimi hakimiyyətdən getmədən burada normal dövlət qurulması mümkünsüzdür. Əsəd rejimi Rusiyanın nəzarətindədir. Rakka bölgəsində ABŞ öz maraqlarını təmin edir. Böyük güclər Türkiyəyə qarşı bir sıra əməliyyatlar hazırlayır, terrorçulardan istifadə edib ciddi zərbələr endirməyə çalışırlar. Ona görə də qısa zamanda Əsəd getmədən sivil hökumətin qurulması və ölkənin sabitliyinin təmin olunması mümkün görünmür.
 
Müəllif: Nərgiz Ehlamqızı

Загрузка...
Загрузка...