Azərbaycan Türkiyəyə daha 1,8 MİLYARD DOLLAR YATIRIR - “Rövnəq Abdullayev və ona yaxın insanlar milyardlara sahib olublar”

Baxış sayı: 
131
1  
0  

 
Nazim Bəydəmirli: “Türkiyə qardaş ölkə də olsa, atalardan qalma bir misal var, “əvvəl evin içi, sonra çölü” olmalıdır”
 
Natiq Cəfərli : “Türkiyə kimi böyük bir bazarda investisiya yatırmaq pis deyil, amma...”
 
Azərbayn Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin İzmir şəhərində Star neft emalı zavoduna 6.3 milyard dollar sərmayə qoyduqdan sonra, indi də “Merkuri” adlanacaq neft-kimya kompleksinə 1,8 milyard dollar yatırmağa hazırlaşır. 2020-ci ildə tikinti işlərinə start veriləcəyi bildirilib. 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur.
 
“Petkim”in Baş direktoru Anar Məmmədovun sözlərinə görə, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir.
 
Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək”.
 
Maraqlıdır ki, Azərbaycanın özünün investisiyaya ehtiyacı və ölkədə kifayət qədər işsiz adam olduğu halda, yenidən Türkiyənin İzmir şəhərində böyük bir zavodun tikilməsinə nə  ehtiyac var?! O vəsaitlərin ölkəyə yatrılması daha yaxşı olmazdımı?
 
“Sanki SOCAR şirkəti Azərbaycanın milli şirkəti deyil”
 
Картинки по запросу Nazim Bəydəmirli
 
Azərbayn Dövlət Neft Şirkətinin Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə xatırlatdı ki, SOCAR şirkəti indiyə qədər onlarla, bəlkə də sayı yüzdən yuxarı xaricdə birgə müssisələr yaradıb, sərmayələr yatırıb: “SOCAR xaricdə neft satışından tutmuş, yanacaq doldurma məntəqələri, terminallar, boru xəttləri inşa edib, Türkiəydə neft emalı zavodu tikib, indi də bu zavodu tikir. Təbii bu, bizim üçün belə təəssürat oyadır ki, sanki SOCAR şirkəti Azərbaycanın milli şirkəti deyil və Azərbaycan istehlakçılarını düşünmür”.
 
“Monopolist şirkət olan SOCAR haqqında cəmiyyətdə çox mənfi informasiyalar var”
 
Bəydəmirli nəzərə çatdırdı ki, Azərbaycanda uzun illər ərzində xam nefti emalı ilə məşğul olan iki müəsssisə var: “Hansı ki, Sovet vaxtı 20 milyon ton xam neft emal edən bu müəssisələrin çox təəssüf ki, bu illər ərzində istehsal həcmi çox aşağı düşmüşdü və 5 milyon tona yaxın xam neft emal edirdi, bəlkə də indi daha aşağıdır. Neçə il bundan qabaq bu rəqəm idi. Monopolist olaraq SOCAR neft emalı sənayesinə yatırım qoyacaq xarici şirkətlərin Azərbaycana gəlib, burada xam malın olduğu yerdə, böyük  infrastruktur xərci çəkmədən yerində istehsal etmək niyyətlərinə belə təpki göstərib, monopoliya ucbatından onları da Azərbaycana girməyə qoymurlar. Bu monopolist şirkət olan SOCAR, onun xərcləmələri haqqında cəmiyyətdə çox mənfi informasiyalar var. Çox təəssüf edirəm ki, SOCAR indiyə qədər sosial obyektlərdən tutmuş müalicə müəssisələri, diaqnostik mərkəzlər, hətta dializ, uşaq bağçaları ilə məşğul olurdu. Yəni bütün sahələrlə məşğul olurdu, ancaq birbaşa funksiyası olan neftin çıxarılması, onun emalı və şəffaf satışı ilə məşğul olmayıb. Belə başa düşürəm ki, onun menecerləri  ancaq Azərbaycanın maliyyəsi ilə xaricə yatırım qoymaq haqqında düşünüblər. Hesab edirəm ki, bu növbəti xəbər də həmin əvvəlki fikirlərin təsdiqidir”.
 
“Bu, SOCAR rəhbərliyinin Azərbaycan iqtisadiyyatını düşünməməkdən irəli gəlir”
 
“Çox təəssüf edirəm ki, biz istehlakçılar olaraq neftdən hazırlanan məhsulların əksəriyyətini, hətta “Ai-95” premium benzini, “Ai-98 super” benzini və “avro-dizel” yanacaqlarını, yəni aşağı səviyyədə olan yanacaqları belə, biz ölkədə istehsal edə bilmirik. Hələ “avro-4”, “avro-5” haqqında danışmıram. Bu, SOCAR rəhbərliyinin professional olmamağından və Azərbaycan iqtisadiyyatını düşünməməkdən irəli gəlir”,-deyə keçmiş deputat qeyd etdi.
 
“Türkiyə qardaş ölkə olsa da, atalardan qalma bir misal var, “əvvəl evin içi, sonra çölü” olmalıdır”
 
Bəydəmirlinin sözlərinə görə, məqsədləri ancaq nefi satıb, asan yolla, müxtəlif maliyyə mexanizmləri ilə mənimsəməkdir: “Çünki jurnalist araşdırmaları dəfələrlə bunu sübut edib ki, SOCAR rəhbərliyinə yaxın olan insanlar, onun qohumları və digər şəxslər bu və digər formada milyardlara sahib olublar. Çox təəssüf edirəm ki, Azərbaycanda olan ictimai-siyasi stiuasiyaya mənfi mənada pis təsir göstərirlər. Hesab edirəm ki, bu, idarəetmədə olan nəzarətsizliyin,  qohumbazlığın, regionçuluğun bir təzahüridir. Türkiyə qardaş ölkə də olsa, atalardan qalma bir misal var, “əvvəl evin içi, sonra çölü” olmalıdır”.
 
“Türkiyəyə astronomik vəsaitlər yatızdırılıb”
 
“Məqsəd Azərbaycan büdcəsinə gəlir gətirmək deyil”, - deyən Bəydəmirli onu da diqqətə çatdırdı ki, son illərdə Dövlət Neft Şirkətinin dövlət büdcəsindən aldığı subsidiyalar daha çoxdur, nəinki dövlət büdcəsinə vergi şəkilində ödədikəri: “O baxımdan, hesab edirəm ki, bu, Azərbaycan xalqına növbəti dəfə göz dağı verməkdir. Çünki faktiki olaraq Azərbaycanda  mövcud emal müəssisələri rekonstruksiya, modernizasiya olunmadı. İndi son illərdə guya, müxtəlif istehsal sahələrini yaratmağa, modernləşdirməyə başlayıblar. Amma artıq gecdir. Ona görə ki, Türkiyəyə astronomik vəsaitlər yatızdırılıb.  Əslində, hər dövlət öz maraqlarını  güdməlidir. Çox təəssüf edirəm ki, bizim milli şirkət olan SOCAR Azərbaycanın milli maraqlarını üstün tutmur və bu, bizim faciəmizdir”.
 
“Bu investisiyaların həyata keçirilməsi prosesində korrupsiya sxemlərinin yaranması ehtimalı çox yüksəkdir”
 
Картинки по запросу Natiq Cəfərli
 
REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, Türkiyə kimi böyük bir bazarda investisiya yatırmaq pis deyil: “Amma burada iki önəmli problem ortalığa çıxır. Birinci problem elə SOCAR-ın özündən qaynaqlanır ki, bu, kifayət qədər qeyri-şəffaf təşkilatdır, hesabatlılığı və şəffaflığı çox aşağı səviyyədədir. Bu investisiyaların həyata keçirilməsi prosesində korrupsiya sxemlərinin yaranması ehtimalı çox yüksəkdir”.
 
“O vəsaitlər Azərbaycana daxil olsaydı, heç kim bu investisiyalar “nədən Türkiyəyə yatırılıb” sualını verməzdi”
 
 “Əslində, 82 milyonluq Türkiyə bazarı loqistik baxımdan çox rahat yerdə yerləşən bir bazardır. Neft məhsullarının Türkiyə kimi böyük bazarda satılması, həm də Avropaya, Asiyaya, hətta Afrika ölkələrinə ixrac olunması loqistik olaraq çox əlverişlidir. Problem odur ki, Azərbaycanın dövlət şirkətinin qoyduğu investisyaların səmərəliliyi nöqteyi-nəzərindən hesabatlılığı, yəni gəlirliliyi çox aşağıdır, çox zaman ziyanla işlədiyini açıqlayır və belə bir şəraitdə qoyulan vəsaitin ölkəyə xeyri çox aşağı səviyyədə olur. Bəli, müxtəlif sxemlər vasitəsilə bəzi məmurlara, qərar verənlərə xeyri olur, amma ölkəyə xeyri çox aşağı səviyyədədir. Yəni SOCAR əgər hər il ölkəyə əlavə olaraq bu investisiyalardan 100 milyonlarla dollar xalis gəlir gətirdiyi ilə bağlı hesabat versəydi, doğurdan da o vəsaitlər Azərbaycana daxil olsaydı, heç kim bu investisiyalar “nədən Türkiyəyə yatırılıb” sualını verməzdi. İndi isə bu sual ortaya çıxır. Çünki bu xalis gəlirlə işləyəcək müəssisələrdi”,- deyə iqtisadçı əlavə etdi.
 
“Bu zavodların Azərbaycanda tikilməsi daha məntiqlidir”
 
Cəfərli vurğuladı ki,  neft kimya sahəsində Azərbaycanın özünün kifayət qədər kadr potensialı var: “Çünki SSRİ dönəmindən bəri neft-kimya Azərbaycanda prioritet sahələrdən biri olub. Artıq loqistik imkanlarımız da genişlənir. Çünki həm coğrafi mövqeyimizə görə, həm də regional layiələrin Azərbaycan üzərindən keçdiyinə görə loqistik imkanlar genişlənir. Bu zavodların bir qisminin, ən azından daha kiçik forması da olsa, Azərbaycanda tikilməsi daha məntiqlidir. Bu əlavə iş yerləri demək olardı”.
 
“Nəyə görə Azərbaycan hökuməti, o cümlədən SOCAR ölkədə müasir istehsal sahələri yarada bilməyib?”
 
“Daha önəmlisi isə, xam neftin ixracatı neft məhsullarının ixracatından qat-qat aşağı gəlirlidir. Azərbaycan hökumətinin və SOCAR-ın gələcəyə baxışı normal şəkildə həyata keçirilsəydi, analayardılar ki, Azərbaycanda neftin hasilatı artıq üzü aşağı gedir və yaxın 5-6 ildə Azərbaycanda istehsal olunan neftin həcmi indikindən 20-25% azalacaq. Xam neft şəkilində  ixrac etməkdənsə, ondan neft məhsulları istehsal edib, həm yeni texnologiyaları ölkəyə gətirmək olar, həm yeni iş yerləri yaratmaq olar, həm də neft məhsullarını xam neftdən 4-5 dəfə baha satmaq mümkündür. Xam neftdən alınan məhsulların bəziləri daha çox bahalıdır, amma ortalama 5 dəfə çox xam neftdən gəlir gətirə biləcək istiqamətdir. Burada suallar meydana çıxır ki, müstəqillikdən üzü bəri artıq az qala 30 ilə yaxın vaxt keçir, nəyə görə bu illər ərzində Azərbaycan hökuməti, o cümlədən SOCAR ölkədə müasir istehsal sahələri yarada bilməyib? Hətta vəziyyət o yerə çatıb ki, neft ölkəsi olan Azərbaycan bu gün avro standartlara uyğun olan benzini xaricdən almağa məcburdur. Yəni bizdə “Ai-95” premium markalı benzin xaricdən gətirilir. Burada artıq SOCAR-ın xaricdə qoyduğu  investisiyaların sorğulanması prosesi baş verir”,-deyə iqtisadçı qeyd etdi.
 
“Böyük zavodları indiki hökumət həmişə ciddi bir sosial gərginlik mənbəyi kimi görüb”
 
N. Cəfərlinin sözlərinə görə, SOCAR-ın rəsmiləri xaricə qoyduqları investisiya ilə bağlı danışmağı  çox sevmirlər: “Müxtəlif  vaxtlarda verdiyi açıqlamalarda bayaq dediyim arqumentləri səsləndiriblər ki, Türkiyə bazarı daha böyükdür və ixracat potensialı daha genişdir. Qeyri-rəsmi səbəblər də var. Bu səbəblərdən bəziləri haqqında öz ehtimllarımı deyə bilərəm. Birincisi, minlərlə fəhlənin çalışdığı böyük zavodları indiki hökumət həmişə ciddi bir sosial gərginlik mənbəyi kimi görüb. Yəni orada həmkarlar komitəsi yarana bilər, fəhlələr öz haqları uğrunda mübarizə apara və müəyyən hərəkətlilik yarana bilər. Hökumətin məntiqi ilə minlərlə işçisi olan zavod potensial olaraq bir sosial gərginlik mənbəyidir. Bu  səsləndirilməsə də, qeyri-rəsmi şəkildə bəzi şəxsi söhbətlərdə ortaya çıxan bir “arqumentdir”. Əslində, bu “arqument”in əsası yoxdur”.
 
“İvestorlar Azərbaycan məhkəmələrinin ədalətli qərar verəcəyinə güvənmirlər”
 
Cəfərlinin fikrincə, neft-kimya müəssisələrinin yaranması həm də yeni texnologiyalarla bağlıdır: “Yeni  texnologiyalar isə Azərbaycanda yoxdur. Biz özmümüz bu avadanlıqları istehsal edə bilmirik. Təbii ki,  bunu xaricdən gətirmək  lazımdır. Xaricdən gətirilib quraşdırıla biləcək avadanlıqarı işlətməsi üçün xarici şirkətlər Azərbaycandan müəyyən qarantlar istəyirlər. Yəni neft sektorunda bağlanan müqavilələr Konstitusiyaya bərabər hüquqa malikdir. Bilirsiniz ki, hamısı parlament tərəfindən təsdiqlənir. Yəni  burada artıq Azərbaycan hökuməti istəsə belə oyun qaydalarını poza bilmir, böyük neft şikətləri çox rahat  şəkildə Azərbaycanda fəaliyyət göstərirlər. Amma neft emalı sənayesi sahəsində fərqli bir məsələdir. Bu, Konstitusiya səviyyəsində üstün hüququ olmayan  müqavilələrdir. O müqavilələri bağlayan xarici şikətlər, hansı ki, birgə müəssislər yaratmaq istəyirlər, həmin investorlar tərəfindən müəyyən tələblər var.
 
Yeri gəlmişkən, Qazaxstanda, Rusiyada, hətta Özbəkistanda belə birgə müəssisələr fəaliyyət göstərir. Hətta o ölkələrdə belə investisiya şəraitinin daha yaxşı olduğu üzə çıxır. O investorların tələblərinə gəlincə, onların tələbləri Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzvlüyü məsələsidir ki, uzun illərdir Azərbaycan bundan imtina edir, hüquq islahatlarıdır, ədalətli və müstəqil məhkəmə sisteminin yaradılmasıdır, amma Azərbaycan bundan da uzun zamandır ki, imtina edir. Yəni burada söhbət insan haqlarından belə getmir. Xarici biznes şəbəkəsi üçün əsas hədəf pul qazanmaqdır. İnsan hüquqları heç onların marağında da deyil, amma ədalətli məhkəmə marağındadır. Çünki sabah Azərbaycanda bir problem yaşasalar, Azərbaycan məhkəmələrinin ədalətli qərar verəcəyinə güvənmirlər. Bu da  investisyaların, böyük pulların gəlməsinə və birgə müəssisələrin yaradlmasına mane olur”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...