​AZƏRBAYCAN TARİXİNƏ MƏZHƏBÇİ BAXIŞ

Siyasətin tarixi, tarixin siyasəti

Dövlətçilik tarixi mahiyyət etibarilə konkret dövrdə həyata keçirilən siyasətin tarixidir. Buna görə də həmin tarixdə həyata keçirilən həm taktiki, həm də strateji siyasət iz qoyur. Taktiki siyasətlə strateji siyasət eyni əhəmiyyətliliyə malik olmadığından, tarixə yalnız strateji siyasətdən baxmaq tələb olunur.
Tarixin siyasəti – öz dövrünün siyasi konyukturasından keçmiş tarixdə həyata keçirilmiş siyasətin dəyərləndirilməsindən ibarətdir. Bu zaman siyasətin tarixi ilə tarixin siyasəti taktiki məsələlərdə üst-üstə düşməyə bilər. Amma eyni bir millətin dövlətçilik tarixində strateji siyasət üst-üstə düşməyə bilməz. Çünki millət eyni bir “tarix oxu” üzərində öz siyasi kimliyini ifadə edir. Bu “ox” üzərində baş vermiş bütün siyasi hadisələr bir-birinə bağlı olub, vahid bir etnosun tarixi mövcudluğundan xəbər verir. Bəzi tarix tədqiqatçılarının dövrün siyasi konyukturasından çıxış edib, siyasət tarixini bir tam kimi inkar etməsi öz dövrünün və ya özünün siyasi maraqlarına xidmət etsə də, birmənalı şəkildə milli maraqlara və tarixin fəlsəfəsinə zidd olur. Azərbaycan türklərinin yaratdığı imperiyalar tarixini müasir dövrdə onun dövlətçilik tarixindən qoparmaq, dövləti tarixsizləşdirmək onu siyasi vasitələrdən məhrum etməyə xidmət edir. Çünki tarix istənilən dövrdə ən ciddi siyasi vasitələrdən biri olmuşdur və olmaqda qalır. 

***
 
Bu yaxınlarda ölkə.az saytına verdiyim müsahibədə jurnalistin “Tarixi şans verilsəydi, hansı hadisələrdə və kimlərin yanında olmaq istərdiniz” sualına “Şah İsmayılın, Şah Nadirin və Şah Qacarın yanında olar, onların savaşlarında iştirak edərdim” - deyə cavab verməyim ümumdünya tarixinin üç böyük sərkərdə və dövlət xadiminə verdiyim dəyərlə bağlı olmuşdur. Müasir dövrdə bir siyasətçi kimi mənim dövlətçilik və millətçilik ideyalarımın qaynağı da məhz öz doğma milli tariximizin bu üç şəxsiyyətinin ideyaları, əməlləri və mübarizəsidir. Çünki mən bu üç Böyük Azərbaycan türkü ilə qürur duyur və fəxr edirəm. Bu üç şəxs dünya tarixinə heç vaxt silinməyəcək qızıl hərflərlə imza atmış mənim xalqımın tarixini yaradan nəhəng tarixi şəxsiyyətlərdir .
Buna görə də, mən Fazil Mustafanın məni də “yalançı patriotlar”, “bu nadanlar”, “fars şovinistlərindən fərqi olmayan təhsilsiz türk milliyətçisi” adlandırdığı insanlara aid edəcəyindən qürur duyaraq, Şah İsmayılla bağlı açdığı diskussiyaya məhz milli ideallarımıza, milli-siyasi tariximizə şübhə toxumu əkdiyinə, tarixi kimliyimizə qəsd etdiyinə, tarixi ruhumuzu təhqir etdiyinə görə, qoşulmağı qərara aldım.
Etiraf edim ki, bəzi layihələr üzərində işlədiyim üçün, mətbuatı ardıcıl izləyə bilmədiyimdən Fazil bəyin mövqeyi ilə tanış olmamışdan qabaq təsadüfən ona verilən bir çox cavablarla tanış olmuşdum və bütün bu yazıları cəmiyyətimiz üçün adət halı almış mövcud qaralama kampaniyaçılığının bir təzahürü kimi dəyərləndirmiş və Fazil bəyə qarşı bir haqsızlıq edildiyini düşünmüşdüm.Amma sonradan bu diskussiyaların davam etdiyini gördükdə, maraq mənə üstün gəldi. Köməkçimin dəfələrlə “Siz Fazil bəyin yazıları ilə bağlı mövqe bildirəcəksiniz?” sualından sonra, Fazil bəyin fikirləri ilə tanış olmaq qərarına gəldim. Onun teleqraf.az saytına verdiyi müsahibəsi və “facebook” səhifəsindəki statuslarını oxudum və bundan sonra anladım ki, doğrudan da Fazil bəy Azərbaycan tarixinə baxışında kifayət qədər xalqımız və müasir dövlətçiliyimiz üçün olduqca təhlükəli mövqelərə gedib çıxmışdır. Mən inanmıram ki, Azərbaycan dövlətçilik tarixinə qərəzli və düşmən möqe sərgiləyən erməni, fars və rus tədqiqatçıları da daxil olmaqla, Fazil bəy qədər öz mühakimələrində amansız və düşmən mövqeyi nümayiş etdirən ikinci bir tədqiqatçı olsun. Etiraf edim ki, bu da məni çox təəccübləndirdi və narahat etdi.
Bu yazımda fürsətdən istifadə edib Fazil bəyin nümunəsində Azərbaycan tarixinə xor baxan hər kəsə elmi ümumiləşdirilmiş cavab verməyə cəhd edəcəyəm. Çünki Allah-təala Qurani-Kərimin “Ənam” surəsinin 143-cü ayəsində buyurur: “...Əgər doğrusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin”. Biliyə və elmə əsaslanmadan deyilən bütün fikirlər güman, ehtimal, nəzərdir, hansı ki, “Nəcm” surəsinin 28-ci ayəsində buyrulduğu kimi: “halbuki onların bu barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz”.
Şərhə başlamamışdan öncə belə bir suala cavab vermək lazımdır: nə üçün zaman-zaman Azərbaycan dövlətçilik tarixinin böyük şəxsiyyətlərinin genezisi və onların iştirak etdiyi tarixi hadisələrlə bağlı ayrı-ayrı tədqiqatçılar şübhə ilə yanaşır və xalqda da öz keçmişinə şübhə yaratmağa cəhd edir? Qurani-Kərimin “Fussilət” surəsinin 36-cı ayəsində bəyan edilir: “Küfr edənlər dedilər: “Bu Qurana qulaq asmayın və ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gələ bildiniz”. Bu ayədən görünür ki, rəqiblərimizin bu gün bizə qalib gəlmək istəyi onların bizim tariximizə bihudə və puç sözlər - yanlış mühakimələr və saxta faktlar atmasını tələb edir. Buradan aydın olur ki, Azərbaycan tarixinə şübhə yaradanlar, tarixə puç və bihudə mühakimlərlə yanaşanlar, əslində, xalqımızı öz tarixi ruhundan məhrum etməklə diz çökdürmək, müasir xaqlar arasında məğlub etmək, onu başqa xalqların və ya “fətöçular” kimi transnasional cinayətkar qruplarınyeminə çevirmək niyyətinə və məqsədinə xidmət edirlər. Bu, istər İran tarixçiliyinin, istər erməni, istər rus, istərsə də Azərbaycanda türk düşmənçliyi aparan insanların Azərbaycan tarixinə baxışlarındakı ortaqlıqdan ibarətdir. Jirinovskinin Azərbaycan tarixinə baxışı ilə Fazil bəyin baxışı arasında heç bir fərqin olmaması da bunu sübut edir. İranda farslar, dünyada isə ermənilər, ruslar və onların havadarı olan ənənvəvi türk düşmənçiliyini sürdürən bəzi Avropa tədqiqatçıları, Azərbaycanda isə Sovet dönəmində akademik İqrar Əliyev və onun həmfikirləri, elə də müasir iqrarçı (oxu: inkarçı) “azərbaycançılar” Azərbaycan türklərinin tarixi səlnaməsinə eyni cür yanaşır, Azərbaycan dövlətçilik tarixini ən uzağı 1918-ci illərə çəkməyə cəhd edirlər və tarixin dərinliklərindəki dövlətçilik ənənələrimizin izlərini itirməyə, həmin tarixi xalqımıza yadlaşdırmağa çalışırlar. Bu zaman isə Azərbaycan türk imperiya tarixinə hücüma keçib, onu türksüzləşdirməyə, müasir Azərbaycan dövlətçiliyindən ayırmağa cəhd edirlər.

Tarix və tarix elmi

Fazil bəyin yazdıqlarına cavab verməmişdən öncə, qısa da olsa tarix və tarixə baxış - tarix elmi haqqında qısa şərh vermək lazım gəlir.
Tarixə qiymət vermək, tarixi hadisələri düzgün dəyərləndrmək və tarixdən dərs götürmək –indinin vəzifələrini həll etmək və gələcəyə düzgün istiqamət götürmək üçün vacibdir. Tarix xalq ruhunun yaratdığı yaşam təcrübəsindən ibarətdir. Buna görə də, hər bir xalq tarixi dövrdən asılı olmayaraq, yalnız öz təcrübəsindən dərs götürməklə yeni dövrdəki tarixi çağırışlara cavab verə bilər. Buna görə, siyasətçilər tarixçi alimlərə paralel tarixə tez-tez ekskurs edir və öz çağdaş siyasətlərində tarixdən nümunə və ibrət götürürlər. O xalqların ki tarixi yoxdur və ya o xalqların ki tarixi təhrif olunub, o xalqların bu günü də yoxdur, gələcəyi də ola bilməz. Deməli, Azərbaycan xalqını öz tarixindən qoparmaq ona qarşı mənəvi-siyasi genosid siyasəti aparmaq deməkdir.Azərbaycan xalqı bu gün mövcuddursa və öz müasir tarixini yaşayır və gələcəyə çətinliklə də olsa gedirsə, bu, onun tarixi ruhunun hələ də yaşadığını və dövrün qarşısında qoyduğu problemlərin həllində ona yardımçı oduğunu sübut edir. Bu günkü Azərbaycan dövlətinin mövcudluğu bundan əvvəlki eyni çografiyada xalqımızın əsasını təşkil etdiyi dövlətlərin də Azərbaycan dövləti olduğunu sübut edir. Buna görə də Azərbaycan tarixini təhrif etmək və ya ona kölgə salmaq Azərbaycanın bu günü ilə barışmamaq, sabahına əngəl törətmək cəhdindən başqa bir şey deyildir.
Tarix və tarixə baxış bir-birindən fərqli prinsiplərə tabe olur.
Tarixə baxış tarix elminin xüsusiyyəti ilə də sıx bağlıdır. Əgər, təbiət elmlərinə nəzər salsaq görərik ki, təbiət elmləri təcrübədən insan iradəsindən kənardakı nəticələrdən bilik əldə edir və bu zaman əldə edilən bilik tədqiq olunan, “burda və indi” prinsipinə tabe olan obyektin və tədqiqatçı subyektin öz ideyalarının vəhdətindən ibarət olur. Buna görə də, əqli elmlərlə bağlı biliklər sintetik obyektiv və subyektiv ideaların sintezindən meydana çıxır. Bu zaman birincilik tədqiqat obyektinə aid olur. Çünki obyekt - təklik, konkretlik,təkrarlanma ,amma subyekt -çoxunluq, dəyişkənlik və mücərrədlik xarakteristikalarına malikdir. Təbiət elmlərində həqiqətin düzlüyünü subyekt yox, obyekt müəyyən edir. Buradan da obyektiv ideyaların dəqiqləşdirilməsi və unifikasiyası mümkün olur və təbiət elmləri dəqiq və yəqinlik xarakteristikasına malik olur. Təbiət sərt determinasiyaya tabe olduğundan, təbiətdə inkişaf alternativsizdir. Buna görə, elmi qanunauyğunluqlar da dəyişməzdir və hami üçün eynidir.
Tarix bundan fərqlənir. Əvvala, tarix insanlığın -subyektivliyin, mücərrəd, kecmiş - “burda və indi” prinsipnə tabe olmayan təcrübəsidir. Yəni, tarixi yaradan da, öyrənən də subyektdir və bu iki subyekt - tarixi yaradan şəxsiyyət və konkret tədqiqatçı subyekt zaman və məkan əlaqəsində olmayan bir təcrübə təşkil edir. Buradan aydın olur ki, tarixi bilik ikiqat subyektivlikdən - tarixi yaradan şəxslə onu öyrənən şəxsin ideyalarının (ruhunun) sintezindən ibarətdir. Əgər bu iki ruh uyğun gəlirsə, tarix pozitiv, uyğun gəlmirsə neqativ qiymət alır. Tarixi təcrübə - tarixi yaradan subyekt tərəfindən, bir də tarixi hadisələri öyrənən subyekt tərəfindən subyektivizasiyaya məruz qalır. Biz bunu “ikiqat subyektivizasiya” adlandırırıq. 
İkiqat subyektivizasiyaya görə, tarix yaradan öz dövrünün tarixi şərtlərindən asılı olaraq qərarlar qəbul edir, tədqiqatşı subyekt öz dövrünün və özünün şərtlərindən ona qiymət verir. Yəni tarixi yaradan subyekt tarixi şəraitdən asılı, tədqiqatçı isə öz tarixi şərtlərindən asılı olur. Buna görə, tədiqiatçı istənilən alternativ mümkün imkanları dəyərləndirə bilir, amma tarixi yaradan bu alternativlərdən yalnız birini - reallaşması mümkün olanı həyata keçirir. Məhz bu cür ikiqat subyektivizasiyadan tarixi ruh -müxtəlif dörlərdə yaşayan eyni bir çoğrafiyanın insanlarını bir- biri ilə birləşdirən və “millət və ya xalq ”adlandırdığımız etnoqrafik vahidi - “mücərrəd fərdi” əmələ gətirən ruh meydana çıxır.

***
 
Tarxin müasirlik üçün əhəmiyyəti həmin ruhun müasir hadisələrdə iştirakından ibarətdir. Məsələn, bu gün Qarabağ işğal olunub və ərazilərimizi işğaldan azad edə bilmirik. Bu gün hansı ruh bizə Qarabağı işğaldan azad etməyə kömək edə bilər: sünni-şiə qarşıdurması ruhu, yoxsa fatehlik ruhu? Yəni ümumdünya tarixində nəhəng imperiya yaratmış Şah İsmayıl, Şah Nadir, Şah Qacar ruhu yoxsa, tarixi fürsəti tam reallaşdıra bilməyən, Şimali Azərbaycan ərazilərinin erməni, gürcü və ruslar arasında pay-puş edilməsinə müqavimət göstərə bilməyən, Azərbaycan dövlətçiliyini fakta çevirə bilməyən Rəsulzadə-Ağaoğlu ruhu? Qələbə üçün qalib ruhu lazımdır! Məğlubların ruhu xalqaları qələbəyə aparmaq imkanına malik deyil. Məhz buna görə, yunanlar İsgəndərdən, monqollar Cingizxandan, ruslar Aleksandr Nevskidən, ermənilər Sasunlu Daviddən, gürcülər çariça Tamaradan, türklər Osmandan, özbəklər Əmir Teymurdan, farslar Daradan bərk-bərk yapışıblar. Çünki onlar tarixdə qaliblər cərgəsində dayanıblar. 
Bəs müasir azərbaycanlı adlandırılan Azərbaycan türkü hansı ruhdan yapışmalıdır? 14 ildə 14 dövləti fəth edib, nəhəng imperiya yaradatmağa müvəffəq olan Şah İsmayılın, ya Cingiz və İsgəndərlə müqayisədə daha böyük sərkərdə və hökmdar hesab edilən və türk birliyi üçün həyatını quraban verən Şah Nadirin və ya Azərbaycan ərazisində seperatizmə, Azərbaycanı talan edən gürcülərə, Azərbaycanı parçalayıb ilhaq etrmək istəyən ruslara və ermənilərə qarşı amansız mübarizə aparıb, buna görə terrora məruz qalan Şah Qacarın ruhu?
Əlbəttə, Azərbaycan tarixində nəhəng imperiyalar yaradan həmişə qalib olan, həyatlarını Azərbaycan türkünün istiqbalına fəda edən və Azərbaycan türklərinin iştirakı ilə onlar üçün dövlət yaradan bu şəxslərin ruhu bu gün bizə yardımçı ola bilər. Əslində, uzun illər müstəmləkəçilikdə yaşadığımızdan və köləliyin damarlarımızdakı qana hopdurulmasında düşmənlərimizin istifadə etdiyi yeganə metod bundan ibarət olmuşdur - Azərbaycan türklərini öz tarixinin qələbələr tarixindən qoparmaq, ona məglubiyyətlər tarixini aşılamaq. Fazil Mustafa da öz tarixi yanaşmalarında bundan başqa bir iş görmür. 
Tarix haqqında ən müxtəlif təyinatlar mövcuddur. K.Yaspers “Tarixin mənası və təyinatı” adlı əsərində yazır: “Tarix bir tam kimi dünyanın müxtəlif şəkillərinin - ya pisləşmə, ya təkrarlanma, ya da yüksəliş kimi ardıcıl əvəzlənmə kimi düşünülür”. O.Şpenqler “Avropanın qürubu” əsərində tarixlə bağlı yazır: “Tarixi məsələ onda deyil ki, tarixin müxtəlif faktları öz-özlüyündə hansısa vaxtın təzahürü kimi özündə nəyi təqdim edir. Məsələ ondadır ki, onlar nəyi göstərir və öz təzahürləri ilə nəyi ifadə edir”. A.Ç.Toyinbi “Tarixi dərk etmək” əsərində yazır: “Cəmiyyət öz həyatında seriya vəzifələrlə üzləşir. Hansı ki, o özünə uyğun gələn formada həll edir. Hər bir belə problem tarixin çağırışıdır. Bilavasitə bu sınaqlarla cəmiyyət üzvləri get-gedə differensasiyaya uğrayır”. Xalqların differensasiyası onların istiqbal yolunun başlanğıcını təşkil edir. Başqa xalqlardan seçilməyən və ya onların arasında əriyib yox olan xalqar heç vaxt öz istiqlalına çata bilməz. Buna görə də bütün imperiyalarda assimilyasiya siyasəti aparılmaqla - xalqlar arasında mədəni sədlərin silinməsinə cəhd edirlər. Bu təyinatlardan aydın olur ki, tarix bir xalqın qarşısında duran vəzifələri həll etmək üçün öz vaxtının verdiyi imkanlardan istifadə etməsi ilə öz yaşam şəklini dəyişdirməkdən ibarətdir. Bu dəyişiklik pisləşmə, yaxşılaşma və ya təkrarlanma istiqamətində ola bilər. Və müasir tarixin yüksəliş istiqamətindəki irsindən miraslanır.
Şah İsmayılın hakimiyyətə gəlməsinə qədər Azərbaycan türklərinin imperiya dövləti olmamışdır və bu dövləti yaratmaq tarixi çağırış kimi meydana çıxmış və Şah İsmayıl öz dövrünün verdiyi imkanlardan düzgün bəhrələnməklə, Azərbaycan türklərinin imperiya dövlətini yaratmağa, bununla da Azərbaycan türk etnosunun siyasi şəklinin dəyişilməsinə nail olmuşdur. Əslində, Teymurilər, Osmanlılar və Moğollarla eyni qandan, dildən, mədəniyyət və törədən olan Azərbaycan türklərinin öz imperiyalarını yaratmamaları türk siyasi məfkurəsinə və tarixi çağırışlara uyğun olmazdı. Buna görə, Şah İsmayılın imperiya yaratması Azərbaycan türklərinin də bu ümumi türk siyasi yüksəlişə qoşulduğunu, siyasi şüur baxımından türk intibahında iştiraka hazır olduğunu sübut etmişdir. Bu, özündən əvvəlki vəziyyətə görə yüksəliş istiqmətindəki dəyişiklik olduğuna görə, xalqımızın tarixinin şanlı səhifələrini təşkil edir. Şah İsmayılın hansı vasitələrdən və kimlərdən və necə istifadə etməsindən asılı olmayaraq nəticəyə qiymət verdikdə, bu coğrafiyada mübahisəsiz bir yeni türk imperiyası yaratdığını kimsə dana bilməz. 
Fazil Mustafanın öz yazılarında Şah İsmayıla yüksək qiymət verən Azərbaycan tarixçilərini hədəfə götürdüyünü və onları yalançı millətçilikdə ittihan etdiyini nəzərə alaraq, mən burada Şah İsmayıla dünyaca məşhur bir əcnəbi tarixçinin - XX əsr ingilis mütəfəkkiri və tarix nəzəriyyəçisi Arnold Toyinbinin verdiyi qiyməti sitat gətirmək istəyirəm. A.C.Toyinbi “Tarixi dərk etmək” əsərində 1500-cü illərdə Şərqdə baş verən tarixi hadisələrlə bağlı yazır: “1500-cü ilə kimi heç bir müsəlman ehtimal belə edə bilməzdi ki, islam cəmiyyəti dini şiəliyə görə hissələrə ayrılacaqdır. O vaxt şiəlik azlığın dini kimi mövcud idi. Vəziyyəti sünni və şiə ardıcıllarını ayıraraq və şiəliyi dominant din edən inqilab dəyişdi. Bu inqilab İsmayıl Şah Səfəvinin vaxtında baş verdi. Və özündə atalıq cəmiyyətinin normalarını canlandırmaq cəhdini təqdim etmişdir. 1500-cü ilə qədər Osmanlı imperiyasının Asiya və Afrikanın müsəlman ölkələrini işğal etmək niyyətlərinin heç bir əlaməti müşahidə edilməmişdir. Həmin vaxt Osmanlı imperiyasının ekspansiyası provoslav xristian dünyasına istiqamətlənmişdir”. Bu sitatdan aydın görünür ki, əgər Şah İsmayıl inqilabı olmasaydı, bu ərazi Osmanlı imperiyasına daxil olmayacaqdı və 12 kiçik dövlətin bir-biri ilə mübarizəsi nəticəsində tarix Azərbaycan türklərinin xeyrinə olmayan bir istiqamətdə inkişaf edəcəkdi. 
Şah İsmayılın imperiya yaratması da Osmanlı imperiyası əleyhinə cəhd kimi dəyərləndirilə bilməz. Çünki osmanlıların bu coğrafiyaya yürüş etmək niyyətləri heç vaxt olmamışdır. Bunu da Toyinbinin fikirlərinə əlavə etmək lazımdır ki, Azərbaycan coğrafiyasında Azərbaycan türklərinə paralel hakimiyyət əldə etməyə cəhd edən digər etnoslar əhli-sünnə və digər inanclar da olmuşlar və ya hakimiyyətə gəlişlərində din faktorunu düzgün dəyərləndirə bilməmişlər və məhz Azərbaycan türkləri şiəliyin inqilabi ruhuna görə sayca özlərindən çox xalqlara və dövlətlərə qalib gələrək, təşəbbüsü ələ ala bilmişlər.
İnqilabi ideyalar bir xaqa məxsus olmadığından, eyni ideyadan müxtəlif xalqlar istifadə edə bilər, necə ki, yeni dövrdə şiə inqilabından İranda farslar istifadə edərək müasir İran İslam Respublikası yaratdı. Burada F.Mustafanı anlamaq olmur. Əgər bir əlverişli silah varsa, kimsə o silahdan atəş aça bilmirsə, günahı silahda, yoxsa ondan istifadə etməyi bacarmayanda axtarmaq lazımdır? Cənubi Azərbaycan türklərinin şiə inqilabından istifadə edib, öz dövlətlərini qura bilməməsinin günahı şiəlikdə yox, dövlətçilik şüurunun aşağı olması ilə bağlıdır. Hansı ki, 1922-ci ildə Səfəvilərin varisi olan Qacarların süquta uğraması ilə hakimiyyətə gələn fars mənşəli Pəhləvi rejimi 70 il ərzində apardığı şovinist siyasətlə xalqımızın dövlətçilik şüurunu tam boğa bilmişdir. F.Musatafa isə özünə məxsus məntiqlə yazır: “Lap özbəöz türk sülaləsidir, nə olsun, yaratdığı dövlət məhz bu gün Xomeyninin yaratdığı dövlətin, rejimin eynisidir. Bizdə də “türk vücudu ilə düşünən farslar”ın nə ilə fəxr etdiyi məhz bu məsələyə baxışda aydın olur. Ona görə də, bu mövqeni müdafiə edənlərin Azərbaycanı İranın tərkib hissəsi kimi görən fars şovinistlərindən fərqi yoxdur. Ona görə də, Şah İsmayıl Səfəvi səhifələrini yaradanların ən böyük dəstəyi təhsilsiz türk milliyətçiləri ilə bərabər özlərini “Hüseyn əzadarları” adlandıran İrançılardan gəlir. Səfəviçilik onlar üçün İranın bütövlüyü deməkdir, bizim üçün isə rusun köməyi ilə İranda saxladığımız, Quzeydə isə qurtulduğumuz cəhalət mirasıdır”. Əvvala Azərbaycan ədəbiyyətının, incəsənətinin və elminin orta əsrlərdə dirçəldilməsində müstəsna xidməti olan səfəvilər dövrünü cəhalətdə ittiham etmək ədalətsiz və ədalətsiz olduğu qədər də saxtakarlıqdır. Əgər səfəvilər türk sülaləsindədirsə, onda ona türk demək nə üçün türk vücudu ilə düşünən farslıq olur? Onda türk sülaləsinin tarixi nailiyyətinə farsa nifrətdən doğan (Əfsus ki, Fazil bəyin mövqeyi hətta bu nifrətlə bağlı deyil) yanaşma türk vücudu ilə düşünən hansı milli kimlikdir, bəs? Şiə inqilabı etmiş Şah İsmayılla ondan 500 il sonra şiə inqilabı etmiş Xomeyni arasında bərabərlik qoymaq Uaythedin obrazlı ifadə etdiyi kimi “İdeyaların məcaralarından” xəbəri olmamaq deməkdir. Əgər Fazil bəyin məntiqi ilə tarixə yanaşsaq, tarixdə ayrı-ayrı qitələrdə baş vermiş qullar üsyanında iştirak edənlər qədim Romada yaşamış Spartakın soydaşlarıdır. Bu gün Afrikada kommunist ideologiyasından istifadə edib hakimiyyətə gələn Afrika zəncisini kommunist inqilabı ilə öz imperiyasını hifz edən rusla nə dərəcədə eyniləşdirmək olarsa, 500 il aralıqla şiəliyin inqilabi ruhundan istifadə edərək öz məqsədinə çatan Şah İsmayılla İmam Xomeynini də bir o qədər eyniləşdirmək olar.

***
Fazil Mustafanın bu cür əqli nəticələr çıxarması onun tarixə baxışı - hansı tarixi nəzəriyyədən çıxış edərək tarixə baxması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, tarix elmi - tarixə baxış və ya tarixi nəzəriyyə tarixdən tam fərqli mahiyyətə və təyinata malikdir.
Tarix elmində tarixə iki cür - birtərəfli və kompleks yanaşma üsulları mövcuddur.
Tarixə birtərəfli yanaşma nəzəriyyələri çoxdur. Ona görə də eyni bir tarixi faktdan istənilən sayda fərqli nəticələr çıxarmaq olar. Tarixə baxışda konkret nəzəriyyənin seçilməsi tarixdən bəhrələnmək istəyənin onun bu gün üçün əhəmiyyətini müəyyən etmək məqsədi ilə bağlıdır.
Tarix elmi ilə bağlı Hegel “Tarixin fəlsəfəsi” əsərində yazır: “Hansısa xalqın bütün tarixini və ya hansısa ölkənin tarixini məcmui olaraq yazmaq lazım gələrsə, bu zaman başlıca vəzifə öz ruhundan fərqlənən ruha malik materiala tarixçinin öz ruhu ilə yanaşılmalıdır. Tarixi izah etmək üçün insanların ehtiraslarını, dünyasının hərəkətverici gücünü aşkarlamaq lazımdır”.Buradan aydın olur ki, Şah İsmayılla eyni ruhda olan tədqiqatçının, Onun tarixi roluna baxışı ilə, ondan fərqli ruha malik tədqiqatçının baxışından eyni nəticələr alınmaz. Necə ki, əhli-sünnə gözü ilə baxdıqda Şah İsmayıl düşmən, əhli-beyt gözü ilə baxdıqda Şah İsmayıl qəhrəman kimi görünür.
A.C.Toyinbi tarixi tədqiqatla bağlı yazır: “Hər bir dövrdə və istənilən cəmiyyətdə tarixin öyrənilməsi və dərkedilməsi hər bir sosial fəaliyyət kimi həmin vaxtın və yerin hakim meyllərinə tabe olur”. Səfəvilər tarixinə baxışda müasir dövrün və Azərbaycan dövlətinin hakim meylindən çıxış etmək lazımdır. Bu meyl nədən ibarətdir? Bu gün biz suveren, müstəqil Azərbycan dövləti qurmaq, itirilmiş topraqları geri qaytarmaq və Azərbaycan etnosunu vahid bir dövlətdə birləşdirmək və Türk dövlətləri ilə strateji müttəfiqlik meylindəyik. Səfəvilər tarixinə də məhz bu aspektdən qiymət verilməlidir.
Tarixi yaradan şəxs öz dövrünün tarxi çağırışına cavab olaraq vaxtın verdiyi imkanlardan istifadə edib tarixin şəklini dəyişir, amma həmin tarixi tədqiq edən bu ruhdan fərqli tarixi çağırışlar qarşısında qalan ruhu ilə həmin tarixi tədqiq edir. Bu da tarixlə tarix tədqiqatçısının ideyalarının heç də həmişə eynilik təşkil etmədiyini göstərir. Müasir Azərbacanın qarşısında duran problemlərlə - müasir dövrün və Azərbaycan geopolitikasının hakim meyllərindən yanaşdıqda, 500 il bundan öncə eyni coğrafiyada yaşamış Şah İsmayılın qarşısında duran problemlər tam eyni olmadığından, indiki vəzifələr baxımından - xüsusən Türkiyə ilə strateji ittifaqlıq baxımından ona qiymət vermək tarix elminin mahiyyətinə ziddir. Buradan aydın olur ki, tarixi dövrlər nə qədər bir-birindən uzaq, tarixi çağırışlar fərqlidirsə, tarixə qiymət verən tarixçinin də qiyməti həqiqətdən bir o qədər uzaq olur.
Amma müasir Azərbaycan dövlətçiliyi, Azərbaycan mədəniyyətinin tərəqqisi, ərazilərimizin işğaldan azad olmaq baxımından yanaşdıqda, Şah İsmayıl Azərbaycan türkünün əvəzsiz tarixi ruh qaynaqlarından biridir. Çünki eyni tarixi çağırışlar 500 il bundan qabaq olmuş və Şah İsmayıl bizdən fərqli olaraq həmin çağırışa düzgün cavab verərək Azərbaycan türkünün yüksəliş istiqmətindəki tarixini yarada bilmişdir. Bu gün biz də yüksəlişə qalxmaq istəyiriksə, Şah İsmayıldan beşəlli yapışmalıyıq.
Tarix - aktuallaşmış konkret faktdır, tarix elmi - həmin faktin subyektiv - tədqiqatçının maraqlarından, istəyindən, imkanlarından, intellektual səviyyəsindən və nəzəri hazırlığından asılı olaraq çıxardığı əqli nəticələrdən - mücərrəd subyektiv ideyalardan ibarətdir. Başqa sözlə, tarixə qiymət tarixi baxışla şərtlənmişdir. Fazil Mustafanın fikirlərinə elmi şəkildə cavab vermək üçün onun hansı baxışla tarixə baxdığını müəyyən etmək lazımdır.
Ümumiyyətlə, tarixin fəlsəfəsinə nəzər salsaq görərik ki, tarixə iki cür - sinkretik məntiqlə birtərəfli və paralel məntiqlə çoxtərəfli yanaşma mövcuddur.
Tarixə birtərəfli yanaşmada tarixi müəyyən edən çoxsaylı paradiqmalardan - tarixi kateqoriyalardan, hər hansı biri və ya bir neçəsi əsas götürülür və sinkretik məntiqlə tarixə dəyər verilir. Qeyd edim ki, tarixə birtərəfli heç bir yanaşma tarix haqqında düzgün nəticə çıxarmağa imkan vermir. Buna görə də, klassik tarix elmi tarixə paralel məntiqlə çoxtərəfli yanaşma tələb edir. Fazil bəyin mühakimələri ilə tanış olduqda aydın olur ki, o, tarixə birtəfli yanaşmış və buna görə də başqa tarixçilərdən fərqli və bizim yanaşmamızla müqayisədə yanlış nəticələr çıxarmışdır. 
Biz burada Avropanın böyük mütəfəkkiri P.Bartın “Tarixin fəlsəfəsi sosiologiya kimi” adlı kitabında qeyd etdiyi birtərəfli tarixi yanaşmaları Fazil bəyin yanaşmasına münasibətdə aşağıdakı kimi qruplaşdırmışıq və hər bir nəzəriyyədən Fazil bəyin mühakimələrini müqayisəli təhlil etməyə cəhd etmişik.

TARİXƏ FƏRDİYYƏTÇİ-ETNOLOJİ-MƏDƏNİ TARİXİ-ANTROPOLOJİ YANAŞMA 

Tarixə birtəfli yanaşmadan aşağıdakı oxşar nəzəriyyələr meydana çıxıb, hansı ki, Fazil bəy bu nəzəriyyələrin heç birindən Səfəvi tarixinə baxmayıb:
-Fərdiyyətçilik nəzəriyyəsi: Bu nəzəriyyə Nitşe təsnifatına görə monumental tarixi anlamağa xidmət edir. Monumental tarix - tarixə tarixi yardan şəxsiyyətin kimliyindən yanaşmanı ortalığa çıxarıb. Tarda görə, tarixi şəxsiyyətin rolu ondan ibarətdir ki, “Mühüm tarixi şəxsiyyət özü özünə təsir etmir, amma müasirlərin ağlına neçə təsir etməsi ilə təsir edir... İnsana elə gəlir ki, böyük şəxsiyyətlərə oxşadıqda, o, özü də böyüyür”. Çünki “yaradıcı şəxs tarixin mühərrikidir”. Buna görə, bu nəzəriyə tarixi təhkiyyəyə - tarixi şəxsin tərcümeyi-halına əsaslanır. Bu nəzəriyyəni Lemann, Paskal, Ten, Burdo və digər mütəfəkkirlər müdafiə edir. Burdoya görə, tarix hadisələri yox, statik metoddan istifadə etməklə funksiyaları yaratmalıdır. Bu funkisyalardan biri “dövlət yaratmaq” funksiyasıdır, hansı ki, Şah İsmayıl öz fəaliyyəti ilə belə bir funksiya yaratmışdır. Bu nəzəriyyənin digər nümayəndəsi Odenə görə, böyük adamların genezisinə münasbətdə irsiyyətyox, mühit talantı müəyyən edir. Bu nəzəriyyəyə görə, Şah İsmayılın hansı ailədən çıxmasından asılı olmayaraq, onun dovlət yaratmaq funksiyasını yaşadığı mühitin təyin etdiyi sübut olunur. Bu, hansı xalqın yaratdığı mühitdirsə, Şah İsmayıl da həmin xalqın təmsilçisidir. Tarixdən məlumdur ki, o, şəxsiyyət kimi, yerli türk tayfa başçılarının himayəsində formalaşmış, hakimiyyətə isə“Anadoludan köç edən yeni türklərin” iştirakı ilə gəlmişdir. Buradan aydın olur ki, onun dövlətçilik talantını müyyən edən imperiya yaratmağa meylli türk tarixi ruhu və türk etnik mühiti olmuşdur.
Bu nəzəriyyənin əleyhinə çıxan Tard belə hesab edir ki, tarixin predmeti şəxs yox, ideayalar və güclər kütləsi olmalıdır. Şah İsmayılın güc kütləsi - türklər, ideya kütləsi - şiəlik olmuşdur. Həmçinin, nəzəriyyəyə əsasən, böyük şəxsiyyətlərin ideyasının mənşəyi (mənbəyi) tərbiyyəyə görə cəmiyyətdədir. Şah İsmayılı tərbiyə edən cəmiyyət onun yaşadığı şiə təriqətində olan türk cəmiyyəti olmuşdur. 
Şah İsmayılı bir tarixi şəxsiyyət kimi necə dəyərləndirmək olar? Azərbaycan xalqı kimi onun böyük oğullarının da taleyi keşməkeşli olmuşdur. Sovet dönəmində Şah İsmayıl bir şair kimi tanıdılır, İranda Şah İsmayıla nifrət edilir, müasir dövrdə Şah İsmayıl Azərbaycan tarixindən sıxışdırılmağa cəhd edilir. Çünki nə sovetlər, nə farslar müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə barışa bilmirlər və bu dövlətçiliyin əsasını qoyanlardan intiqam alırlar. Necə ki, gürcülərə qarşı apardığı mübarizəyə görə sovet dönəmində öz xalqına Qacar düşmən obrazında tanıdılırdı, Şah İsmayıl da belə tanıdılır.
Şah İsmayıl çox nadir şəxsiyyətlərdəndir ki, o, üç müxtəlif şüur formasında - Azərbaycan ədəbiyyatına, din trixinə və siyasi tarixə öz imzasını atmışdır.
Orta əsr Azərbaycan ədəbiyyatında Şah İsmayıl tükdilli ədəbiyyatın banisi kimi meydana çıxır.
Din tarixində Şah İsmayıl şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırmış şəxsiyyətdir.
Siyasətdə boş bir yerdə qısa müddətdə nəhəng yeni türk imperiyası yaratmağa nail olmuş böyük siyasət adamı kimi tanınır.
Şah İsmayılın tarixi nailiyyəti hətta Karl Marksın belə, diqqətini çəkmiş və o, Şah İsmayılı tarixdə analoqu olmayan “Hakimiyyətdə olduğu 14 ildə 14 dövlət fəth edən ümumdünya tarixinin yeganə hökmdarı” adlandırmışdır. Bunu da onun dövlətçilik ruhu ilə əlaqələndirmişdir.
F.Musatafa Şah İsmayıla hansı prizmadan baxır: şair kimi, hökmdar kimi, ya din xadimi kimi? Əgər şair kimi baxırsa, sovet dönəmində olduğu kimi, onun ən böyük xidməti orta əsr Azərbaycandilli ədəbiyyatın yaradılmasından ibarətdir. Hansı ki, onun təsiri uzun illər ədəbi inkişafımızda öz təsirini saxlamışdır. Əgər hökmdar kimi baxırsa, K.Marksın verdiyi qiymət Şah İsmayılın necə bir dövlət başçısı və sərkərdə olduğunu sübut edir. Yox, ona din xadimi kimi baxırsa, bir təriqəti dövlət ideologiyası səviyyəsinə qaldırmış, tarixdə ilk və son teokratik imperiya yaratmış bir şəxsiyyətdir. 
Fazi Mustafanın Şah İsmayılla bağlı yazısını oxuyanda anlamaq olmur ki, o, bir sünni təriqət təəssübkeşi kimi, ya bir türk kimi Şah İsmayılı dəyərləndirmək istəyir? Əgər bir türk kimi Şah İsmayıl dəyərləndirilirsə, onda onun hansı dində-məzhəbdə olmasının heç bir mənası yoxdur.Çünki türklər nəinki müxtəlif islam təriqətlərini qəbul etmiş, hətta xristian, şaman inancında olan türklər də vardır ki, bu da bir türkçü üçün “inancından asılı olmayaraq türk türkdür” düsturu ilə narahat etməməlidir. 
***
Yox, əgər Fazil Mustafa Şah İsmayıla dinçi kimi baxırsa, onda “Əssəlmani minnə” prinsipi ilə farsın, ərəbin, türkün onun üçün heç bir fərqi olmamalıdır. Əgər məzhəbçilikdən baxırsa, onda bir sünni fars və ya ərəb bir şiə türkdən onun üçün doğma olmalıdır.
P.Bartın belə bir fikrini nəzərə alsaq ki, “tarix insanlar aləmində mövcudluq uğrunda mübarizədən ibarətdir və bu mübarizəni təbiətlə ayrıca adam və bütün insanlıq yox, cəmiyyət aparır, onda insan tarixinin predmeti fərd yox, nəsil, növ yox, cəmiyyətdir. Beləliklə, tarixin predmeti - insan cəmiyyətidir”, - onda hər hansı bir tarixi hadisəyə qiymət verərkən, həmin qiymətin cəmiyyətin maraqları baxımından verilməsi zəruridir. Beləliklə, konkret tarixə daş atmaq həmin tarixi yaradan bütün bir cəmiyyətə daş atmaq deməkdir.
Antropoloji nəzəriyyə: Bu nəzəriyyəyə görə, tarixi coğrafiya və iqlim müəyyən edir. Bu nəzəriyyə ona əsaslanır ki, “Tərbiyyə yolu ilə böyük şəxsiyyətlər öz fikirlərini ətraf mühitdən çıxarır”. Herder belə hesab edir ki, “xalqların taleyi və tarixi onların məskunlaşdıqları yerin təbiəti ilə izah olunur”. Nəzəriyyəni Herder, Rattsel, Mujolli müdafiə edir. Bu nəzəriyyələrin tərəfdarlarına görə, coğrafi mühit xalqların daxili və xarici tarixinin yeganə səbəbidir. Şah İsmayılın formalaşdığı coğrafi mühitAzərbaycan coğrafiyasıdır, hansı ki, onun bir parçasında indiki Azərbaycan dövləti yaradılmışdır. Buradan da, eyni coğrafiyada iki dövlətin yaranması antropoloji nəzəriyyəyə görə, onların bir-biri ilə xələf-sələf münasibətində olduğunu sübut edir ki, bu da tarixi miras adlanır. Xalq konkret coğrafiyanı sürəkli məskunlaşdırırsa, onda eyni coğrafiyada meydana çıxan bütün dövlətlər eyni xalqın dövləti olur. Başqa sözlə, həm Səfəvilər, həm Əfşarlar, həm Qacarlar Azərbaycan Respublikasının müxtəlif dövrlərində bir və eyni Azərbaycan coğrafiyasında meydana çıxdığından, bu coğrafiya minillərlə bir və eyni xaqla - Azərbaycan türklərinə məxsus olduğuna görə, sübut olunur ki, bu dövlətlər şəksiz Azərbaycan türkünün dövlətləridir.
Etnoloji nəzəriyyə: “Etnologiya” yunan dilində millət, irq, insan anlamına gəlir və insanların etnik qruplara ayrılmasını, bu qrupların mənşəyini, yer üzünə yayılmasını, aralarındakı əlaqələri, törə, dil və mədəniyyət fərqliliklərini və bunu keçmişdə və indi yaşayan digər mədəniyyətlərlə müqayisədə öyrənən elmin adıdır. Bu nəzəriyyə tarixin yaranmasında “sosial-psixi faktorlara” - ilk növbədə dilə əsaslanır, hansı ki, tarixi qrupun birliyini, düşüncə tərzini təmin edir. Bu nəzəriyyəni Herder, Kant, Bokl, Ten, Qobin, Pott və başqaları müdafiə edir. Əgər biz bu nəzəriyyədən Səfəvilər tarixinə baxsaq görərik ki, bu dövləti idarə edənlər və dövlətin əsasını təşkil edən etnik çoxluq türk olmuşdur və Səfəvilər dövrünün mədəniyyətini, dilini, o dövrün insanlarının antropologiyasını qonşu xaqlarla və müasir Azərbaycan xalqı ilə müqayisə etsək görərik ki, bu etnos müasir Azərbaycan türkü ilə eyni, fars, erməni, ərəb, əfqan və hind etnosu ilə fərqlidi. Bu da Səfəvi dövlətinin etnoloji baxımdan türk dövləti olduğunu sübut edir. Fazil bəy Səfəvilərə klassik elmi etnoloji baxışdan fərqli bir özünəxas etnoloji baxışla yanaşır. O yazır: “Şah İsmayıl farsca şeirlər də yazırdı və fars dili o zaman da işlək dillərdən sayılırdı. Ümumilikdə fars dili son min ildə ərəb dilinin yayğınlaşmasına rəğmən, bu arealın dəyişməz ədəbiyyat, diplomatiya dili olaraq üstünlüyünü qoruyurdu. Sadəcə, Səfəvilərin əsas ordu bazasını Anadoludan gələn türk tayfaları təşkil etdiyinə görə, türk dilinin ünsiyyətdə üstünlük təşkil etməsi labüd idi. Ancaq, bu, kiməsə “Şah İsmayıl dövlət dilini türk dili elan etdi” kimi əsassız fikirləri tarix ədəbiyyatına yerləşdirməyə əsas vermir. Əvvəla, müasir konstitusiyalı rejimlərdən fərqli olaraq, orta əsr dövlətlərində dövlət dili və ya dini elan olunmurdu. Bu, heç bir dövlətin tarixində müşahidə olunmayıb. Sadəcə, dövlətdə saray dili hansı dil olubsa, siyasi diplomatik yazişmalar hansı dildə aparılıbsa, fərmanlar hansı dildə verilibsə və hakim elita hansı dildən istifadə edibsə, o dövlətin dili də həmin dil hesab olunub. Bunu orduda əsgərin hansı dildə danışması ilə əlaqələndirmək gülüncdür. Əksinə, ordu saray dilində danışmağa məcbur olmuşdur. Əgər son min ildə bu arealın dəyişməz dili fars dili olubsa və Şah İsmayıl bunun əksinə, türk dilli ədəbiyyata üstünlük veribsə və bununla minillik ənənəni pozubsa, bu, o deməkdir ki, etnoloji baxımdan bir dil inqilabı edib. Şah İsmayıl yalnız dildə yox, həm də mədəniyyətdə də inqilab edib və Azərbaycan miniatür, xalça, arxitektura, musiqi sənətkarlığının çiçəklənməsini təmin edib.
Fazil bəy sonra yazır: “Dillə bağlı, yeri gəlmişkən, qeyd etmək vacibdir ki, Səfəvilər dövrü özündən əvvəlki Dədə Qorqud mədəniyyətinin izlərini necə itirdisə, bu möhtəşəm abidənin izlərini ancaq Vatikan və Drezdendən tapa bildik və anladıq ki, nə qədər belə nümunələrimiz bu adamların xəstə dini görüşlərinə görə məhv edilib”. Əvvala Dədə Qorqud dili məişət, Səfəvi türk dili ədəbi, siyasi və diplomatik dil olmuşdur. Və Səfəvilər dövrünün dilinin Dədə Qorqud dilindən fərqlənməsi dilin işləndiyi sferanın fərqliliyini özündə ifadə edir. Bu iki dil forması Azərbaycan xalqının traybalizmdən millətə çevrilməsini özündə əks etdirir və buna görə Şah babamıza minnətdar olmalıyıq.
İkincisi, farslarla qonşuluqda yaşayan və min il türk dilinə dominantlıq edən fars dili üzərindən türk dilini ədəbi və siyasi dilə çevirmək Şah İsmayılın millət qarşısında qəhrəmanlığıdır və Dədə Qorqud dili ilə müqayisədə dilimizin təkamülünün sübutudur. Sah İsmayıl öz şerlərini türk dilində yazmış, dövlətin saray dili, siyasi və diplomatik dili türk dili olmuşdur. Bunu tarixi sənədlər sübut edir. Bunun Orduda türk əsgərinin olması ilə heç bir əlaqəsi yoxdur. Amma bundan fərqli olaraq, farslarla qonşuluqda olmayan və onların mədəni basqısına məruz qalmamış Osmanlı sarayında ədəbi dil fars dili olmuşdur, şairlik edən türk sultanları şerlərini, o cümlədən Mövlana Rumi öz məşhur “Məsnəvi”sini farsca yazmışdır. Fazil bəy bu müqayisə ilə bağlı görəsən, nə düşünür və buna necə baxır? Nə əcəb bu faktlara görə Osmanlını və Rumini farsın nökəri hesab etmir?! Məgər bu iki faktın müqayisəsi sübut etmirmi ki, Şah İsmayıl həqiqətən Osmanlı sultanlarından, Səfəvilər isə Osmanlıdan daha çox türkçü olmuşdur?!
Mədəni tarixi nəzəriyyə: Bu nəzəriyyə Nitşe təsnifatına görə, antikvar tarixi - maddi mədəniyyətiöyrənən nəzəriyyələrə aiddir. Mədəniyyət ikincili süni ətrafdır, hansı ki, insanlar təbii ətrafdan mədəni ətrafa keçməklə xalqa çevrilir. Bununla bağlı Ritter yazır: “İnsan nəsli getdikcə daha çox təbiət güclərinin əsarətindən azad olur, insan getdikcə daha az doğulduğu bir parça topraqdan asılı olur”. Və insan coğrafi şərtlərdən azad olduqca ictimai mühit şərtlərinin əsarətinə düşür ki, məcmui olaraq mədəniyyət adlanır. Herderə görə, “mədəniyyət” sözü “ictimai tərbiyyə” ilə sinonimdir. Buradan da o, belə qənaətə gəlır ki, “mədəniyyət insanı məqsədyönlülüyə və azadlığa, ən təmiz düşüncəyə və hissiyyata, ən incə və möhkəm sağlamlığa - toprağın üzərində hakimiyyətəhazırlayır”. Topraq üzərində hakimiyyət siyasi hakimiyyət tələb edir. F.Qodl mədəniyyətə həm də insanların “ideallara cəhdini” aid edir.
Bu nəzəriyyə Etnoloji nəzəriyyəyə yaxın olub, mədəniyyət və svilizasiyanın formasından çıxış edib, tarixi dəyərləndirir. Bu nəzəriyyə Dyubl-Raymon, Morqan, Teylor, Qan tərəfindən müdafiə olunur. Səfəvilər dövründə yaranmış Azərbaycan türk svilizasiya (svilizasiya siyasiləşmiş mədəniyyətdir) özündən əvvəlki və ya öz dövrünə paralel mövcud heç bir svilizasiyanı özündə təkrarlamır və bu coğrafiyada meydana çıxan və 500 il yaşayan bir tarixi faktdır. Özündən sonra türk imperiyalarının - Əfşarların və Qacarların tarix səhnəsinə çıxması da eyni bir svilizasiyanın mövcudluğunu sübut edir. Bura Təbriz miniatür sənətini, Səfəvilər memarlığını, sənətkarlığını, eləcə də digər mədəni nümunələrin yalnız Azərbaycan türkünə məxsus olduğu və buradan başqa xalqlara yayıldığı və müasir dövrdə yalnız müasir Azərbaycan türkü tərəfindən qorunduğu və inkişaf etdirildiyi də bu nəzəriyyəyə görə Səfəvilərin müasir Azərbaycan dövləti ilə eyni bir tarixi ox üzərində bir xalqın yaratdığı iki dövlətdən ibarət olduğunu sübut edir. Əslində, müasir Azərbaycan dövləti Səfəvi svilizasiyasının övladıdır.
Azərbaycan folklorunda –Azərbaycan nağıl və dastanlarında, o cümlədən digər şifahi xalq ədəbiyyati nümunlərində Səfəvi şahlarının, xüsusən Şah Abbasın mistifikasiyası sübut edir ki, Səfəvi ruhu türk arxetiplərinə uyğundur. Əks halda xalq bir neçə yüz il keçməmiş konkret tarixi şəxsiyyətləri mifoloji obyekt kimi təsvir etməzdi. Şah İsmayılın “cənnətməkan” adlandırılması da onun böyük islahatçı və qurucu olması ilə bağlıdır. Bu gün Tiflisdən, Dərbənddən tutmuş bu tərəfə Azərbaycanın hər yerində Şah Abbas məscidi, karvansarası, körpüsü, mədrəsəsi olması, amma farsların yaşadığı ərazilərdə belə tarixi memarlıq əsərlərinin olmaması (saxlanmaması) sübut edir ki, Şah Abbas və onun mənsub olduğu Səfəvilər sülaləsi Azərbaycan xalqına miras buraxmışdır.

***
Koroğlu dastanı da Səfəvilərin kim olmasının sübutunun parlaq dəlillərindədir. Folklorşünaslara məlumdur ki, Koroğlunun 12 variantından biri - erməni variantı istisna olmaqla, Səfəvilərə qarşı mübarizə aparan bir mifik şəxsə həsr olunmuşdur. Gürcü variantında isə konkret olaraq Koroğlunun hədəfi I Şah Abbasdır. Bu variantlar içərisində Azərbaycan variantı yoxdur. Bizim xalqın bildiyi Koroğlu dastanı erməni dilindən, erməni variantının tərcüməsindən ibarətdir və bu variantda Səfəvilər türk sultanları ilə əvəzlənmişdir. Koroğlu dastanı ilə bağlı belə bir sual meydana çıxır. Necə ola bilər ki, Koroğlu dastanının gürcü, erməni, rus, fars, tacik, türkmən və s. variantı var, amma Azərbaycan variantı yoxdur?! Çünki Koroğlu dastanı Səfəvilərə qarşı qonşu xalqların mübarizəsinə həsr olunmuş bir dastandır.
Siyasi nəzəriyyə: Bu nəzəriyyə tarixə dövlətçilikdən –idarəetmənin təmsilçilərindən, idarəetmənin normalarından baxır. Səfəvilər dövlətini kimlər idarə edirdi, ordusu kimlərdən təşkil olunurdu, bu zaman hansı qanunlar tətbiq olunurdu? Bu suallara cavab versək görərik ki, imperiyanın bütün dövlətçilik atributları Azərbaycan türkləri ilə bağlıdır. Orduda türk, hakimiyyətdə türk, idarəetmədə türk törələri. Bu da Səfəvilərin klassik türk dövləti olduğunu sübut edir. Dini inanc siyasi nəzəriyyəyə görə, əhəmiyyət kəsb etmir. Çünki Şah İsmayıl imperiya qurmuşdur, təriqət yox. Şiəlik Şah İsmayıldan 500 il əvvəl, ərəblər trəfindən yaradılmış, farslar tərəfindən qəbul edilmiş, Azərbaycan türkləri tərəfindən dövlətçiliyin inkişafına paralel istifadə və inkişaf etdirilmişdir.
Siyasi nəzəriyyə: Bu nəzəriyyə dövlət anlayışı əsasında meydana çıxmışdır. Buna görə, dövlət tarixin ən vacib predmetlərindən biri kimi qəbul edilir. Barta görə, “Dövlət xarici güclərin hücümundan qorunmaq məqsədi ilə yaranır, amma sonradan öz daxili güclərini birləşdirir, hansı ki, həmin gücə sərəncam verə bilsin. Bununla da dövlət ən mühüm ictimai ittifaqa çevrilir”. Şah İsmayılın daxili gücü - ordusu türklərdən olubsa, deməli, onun xarici düşmənləri qeyri-türklər olub. Bu da Şah İsmayılın türk oğlu türk olduğunu sübut edir. D.Şefer belə hesab edir ki, “dövləti, onun mənşəyini, əmələ gəlməsini, mövcud olma şərtlərini və məqsədlərini anlamaq tarixçinin vəzifəsidir. Bu vəzifə tarixi həllini gözləyən çoxlu sayda xüsusi məsələlərin birləşdirici punktu kimi olmalıdır”. Bu nəzəriyyədən yanaşdıqda, Səfəvilər dövlətinin bu coğrafiyadakı Azərbaycan türklərini xarici təhlükələrdən - hücümlardan qoruyan və daxili güclərin konsolidasiyasını təmin edən bir siyasi institut olduğu aydın olur. 
Elmi nəzəriyyə: Əsası Diltey tərəfindən qoyulmuş bu nəzəriyyəyə görə, tarix şüurun inkişafindan, əqli elmlərdən yaranır. Bu nəzəriyyəyə görə, bir xalqın tarixi o xalqın intelektual inkişafı ilə müəyyən edilə bilər. Bu nəzəriyyənin tərəfdari çox olmasa da, bu nəzəriyyədən Səfəvilərə yanaşsaq, Səfəvilər özündən əvvəlki ictimai şüurdan fərqli şüura malik yeni bir intellektual türk kimliyini meydana çıxarmışdır. Səfəvilər dövründə təhsil və elm inkişaf etmiş, hansı ki, Azərbaycan elm tarixinin görkəmli mərhələsini təşkil edir. Bu dövrün filosof və alimləri türk mənşəli alimlər olmuşdur. Bu da Səfəvilərin türk intellektual mühitini formalaşdırdığını sübut edir.

TARİXƏ İQTİSADİ-MƏHZƏBÇİ YANAŞMA

Fazil Mustafanın Azərbaycan tarixinə yanaşması aşağıdakı tarixə birtərəfli yanaşma nəzəriyyələrinə uyğundur.
İqtisadi nəzəriyyələr: Bu qrupa iki cür nəzəriyyə aiddir. Birincisi, əmək bölgüsünün inkişafi əsasında tarixin izahı. Bu nəzəriyyə Kont və Dyurkeym tərəfindən inkişaf etdirilmişdir. Bu nəzəriyyə hüquqa qədim tip cəmiyyətlərdə cinayət hüququ kimi, yeni tip dövlətlərdə razılaşma kimi baxır. Bu nəzəriyyə həqiqət və mənəviyyat baxımından qəbul edilmir. Çünki eyni əmək bölgüsü daxilində fərqli xalqların fərqli tarixləri və ya fərqli əmək bölgülərində müxtəlif xalqların oxşar tarixi yarana bilər.
İkincisi, Marksist nəzəriyyəsidir, hansı ki, tarixə məhsuldar qüvvələrin təkan verdiyini qəbul edir və tarixə sinfi münbarizələr tarixi kimi baxır. Bu nəzəriyyə dünya tarix elmində çoxsaylı tənqidlərə məruz qalmışdır. Sosialist cəbhəsinin dağılması və bazar iqtisadiyyatının meydana çıxması Marksın iqtisadi inkişafın ardıcıllıq məntiqi ilə baxışın yanlış olduğunu əyani şəkildə sübut edirdi.
Fazil bəy Səfəvilər tarixinə baxışında qismən rus-sovet ideoloji marksist məktəbinin müdafiə etdiyi nəzəriyyə ilə - məhsuldar qüvvələrin inkişafina görə, İranla (oxu türk Qacariyyə dövləti ilə) Rusiyanı müqayisə edir və XVII əsrdə Rusiyada məhsuldar qüvvələrin İrandakı məhsuldar qüvvələrə görə yüksək inkişaf etdiyinə görə Azərbaycanın Rusiya tərəfindən işğal olunmasına haqq qazandırır və bunun da səbəbini XVI əsrdə yaranmış Səfəvilərdə görür. Amma XVI əsr Rusiyası ilə Səfəviləri müqayisə etdikdə aydın olur ki, həmin dövrdə Rusiyada təhkimçilik hökm sürürdü və Rusiyada klassik dövlətçilik formalaşmamışdır. Yəni Şah İsmayıl imperiya yaratdığı bir vaxtda təşəkkül mərhələsində Rusiyanın olması gözardı edilir, 500 ildən sonraki Rusiya ilə Səfəvilər müqayisə edilərək, nəticə çıxarılır. Qeyd edim ki, bu cür tarixi yanaşma analoqu olmayan yanaşmadır və köləliyinə haqq qazandıranların fantaziyalarından başqa bir şey deyil. Həmin inkişaf etmiş Rusiyadan 300 il sonra İslam inqilabı etmiş İran bu gün kosmik və nüvə dövlətinə çevrilmiş bütün dünyanın 30 illik blokadasına baxmayaraq, öz məhsuldar qüvvələrini az qala müasir Avropa səviyyəsinə çatdırmışdır. Bunun əksinə, nəhəng və proqressiv hesan edilən Rusiya isə Avropanın embarqolarından iki ildə çöküş yaşamağa başlamışdır. Məncə, şərhə ehtiyac yoxdur. Əgər Şiəlik 1500-cü ildə Fazil bəyin dediyi kimi, reaqressiv bir əqidə idisə, onda həmin tarixdən 500 il sonra necə proqressiv - inqilabi əqidəyə çevrildi? Məncə, şiəlik həmin şiəlikdir, amma istifadə edən başqa xalqdır. Şah İsmayıl demişkən, “Qılınc həmin qılıncdır, qılınc tutan qol o qol deyil”.
Səfəvilərə nifrət Fazil bəyin tarixə iqtisadi baxışından Azərbaycanın Rusiya tərəfindən işğalına haqq qazandırması ilə nəticələnir. Çünki səhv yol düz məqsədə apara bilməz. Niyyətin hara, mənzilin ora!
İdeoloji (dini) nəzəriyyə: Tarix elmində ilk ideoloji nəzəriyyə Qərbin yaşadığı xrisitanlığın Aralıq dənizi xalqlarının dinləri ilə mübarzəsinin başa çatmasından sonra meydana çıxmışdır. Bu mübarizədən sonra meydana çıxan ilk ideoloji nəzəriyyə müqəddəs F.Avqustinə məxsusdur. Bu nəzəriyyəyə görə, Allah özünü xristanlıqda insanlara elan etdiyindən, xristianlığın qələbəsi Allahın qələbəsidir.
XVİ əsrdən başlayaraq Avqustinin təsirindən inam ideya kimi qəbul edilmiş və tarixə dini baxışlar meydana çıxmışdı. Sonralar ideoloji nəzəriyyə Allah, qəhrəman və insan ideyaları mərhələləri üzrə inkişaf edir. Buradan tarixə hümanizm baxışları yaranır. Artıq tarixə yön verən yalnız dini yox, həm də bəşəri ideylar olduğu qəbul olunur. Buna görə də dini ideyanı tarixin yeganə hərəkətverici gücü olduğunu qəbul etmək tarixdən yanlış nəticələr çıxarmağa gətirib çıxarır. Hətta maarifçilik hərakatı bir qədər də uzağa gedərək Leybnicə aid edilən “Bizə təhsil verin və biz yüz ildən az bir müddətə Avropanın xarakterini dəyişək” tezisini irəli sürür. İdeoloji nəzəriyyə Hegel, Qumboldt, Ranke, Bokl və başqaları tərəfindən inkişaf etdirilmiş və sonda tarixə məntiqi baxışın vacibliyini üzə çıxarmışdır. Bu nəzəriyyə ilə bağlı Bart yazır: “Necə ki, dövlət aydın və geniş şəkildə xarici güc kimitəzahür edir, eləcə də hazırkı cəmiyyətdə hakim olan dünyagörüşü, özünün daxili gücünə görə aşkrlanır və bu güc tarixi hərəkətdə düşmən ideyalarla mübarizədə daha qabarıq görünür və onun üzərində qalib gəlir”. Əgər ümum İslam inancından Səfəvilərə baxsaq, Səfəvilər İslam mədəniyyətinin bir parçasıdır və İslama digər türk imperiyaları kimi Səfəvilər də öz töhvəsini vermişdir və digər türk-islam dövlətləri kimi Səfəvilər də İslam dininin hakim din olmasına çalışmışlar. 
Beləliklə, Avropalıların XYIII əsrdən başlayaraq imtina etdikləri tarixə dini baxış Fazil bəy tərəfindən yenidən və həm də məzhəbçi baxış kimi dirçəldilməyə cəhd edilir.
Fazil bəy də Avqustin kimi, İslamın yeganə düzgün anlaşıldığının sünnilik olduğuna inanır və sünnilik nəzərindən şiə hərakatına baxaraq onu mənfi qiymətləndirir. Fazil bəyin Səfəvilər tarixinə yanaşması ümumislam möqeyindən yox, məzhəbçi yanaşmadır və buna görə də sünni-şiə zidiyyəti Azərbaycan türk tarixinə baxışa keçirilmiş və sünni təəssübkeşliyi ilə Səfəvilər tarixi təhlil edilmiş, nəticədə Səfəvilər həm türk, həm İslam imperiyası kimi inkar edilmişdir.
Buradan da sual meydana çıxır: Fazil bəy və onun kimi düşünənlər düzgün mövqedədir?

Məzhəbçilik ideologiyası

Səmavi kitabları anlamağın çətinliyindən və dindən dünyəvi maraqlar naminə istifadə etmək cəhdlərindən, bütün dinlər məzhəb və təriqətlərə bölünməklə, dinin tarixi funksiyasını nəniki yerinə yetirməyə imkan verməmişdir, əksinə, din özü insanlıq tarixində ciddi problemlər yaratmışdır. Din keçmişdə zorakılıqlar tarixində (Engelsə görə, tarixi zorakılıq yaradır), müasir dövrdə mədəniyyətlərarası ziddiyyətlər və toqquşmalar tarxində aktiv rol almışdır. Əziz peyğəmbər müsəlmanların arasından çıxdıqdan sonra, din alimləri Quranı dərketmə prosesində müxtəlif metodlardan istifadə edərək, digər islami hümmətlərin - yəhudi və xristian inanclarının, eləcə də buddizmin, çoxallahlı dinlərin, batili elmlərin və dünyəvi fəlsəfələrin bəzi mühakimələri ilə Quran mühakimələrinin sintezindən təriqət və məzhəblər yaratmağa başlamışlar. Yəhudiliyin müsəlmançılıqla sintezindən əhli-sünnə, xristianlığın sintezindən əhli-şiə təriqətləri yaranmışdır. Buradan da nə üçün türk sultanlarının orta əsrlərdə İspaniyada genosid təhlükəsi ilə üzləşən hər bir yəhudi üçün bir qızıl pul verib yüzminlərlə yəhudini xilas etməsi müqabilində, şiə olduğuna görə, Anadoluda türk qırğını törətməsinin və şiələrin yəhudilərlə əbədi düşmən olub, xristianlara meyl etməsi nəticəsində sünni türk ədavəti apardığının səbəbləri aydın olur.
Təriqətçiliyin gətirdiyi problemlərə görə, islam dini də istisna təşkil etmir. İslamın təriqət və məzhəblərə ayrılması və təriqətlərarası ziddiyyət islam daxilində ikinci cahiliyyə dövrünü başlatmışdır ki, nəticədə islam cəmiyyətləri inkişafdan qalmış, islam hümməti birlik və həmrəylik nümayiş etdirə bilmədiyindən, həm də başqa ideologiyaların ovuna çevrilmişdir. Qurani-Kərimin “Rum” surəsinin 31,32-ci ayələrində buyrulur: “Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın... O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər..”. “Zümər” surəsinin 2, 3, 11, 14, 36, 37-ci ayələrində bəyan edilir: “Həqiqətən bu kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də Allaha etiqad və itaətini Onun üçün xalisləşdirilmiş halda ibadət et... Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə başcı və rəbb götürənlər “biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik””... Həqiqətən, Allah onların arasında haqqında ixtilafda olduqları şey barəsində hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz... De: “Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.. De: “Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda, yalnız Ona ibadət edirəm”... Məgər Allah bəndəsinə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz... Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!”. “Qafur” surəsinin 14, 65-ci ayələrində bəyan edilir: “Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin! Əbədi olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Dini yalnız Ona məxsus edərək ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” 
Bu ayələrdən aydın şəkildə görünür ki, dində Allahdan başqa hər hansı bir köməkçi, başcı götürmək və yol seçmək günahdır. Buna görə də, təriqət banilərinin və liderlərinin yolunu düz yol hesab edib, Allaha yaxınlaşmaq istəyənlər əslində ondan uzaqlaşmış olurlar. Allah-təala keçmişi və gələcəyi bildiyindən İslamın da şünni-şiəyə ayrılacağını, onlar arasında ziddiyyətlərin meydana çıxaçağını bilmişdir və müsəlmanlara “parçalanmayın, əlinizdə olani düz hesab etməyin, parçalandınızsa, bir-birinizlə höcətləşməyin, mübahisə etməyin, bir-birinizə hörmətlə yanaşin” deyə əmr etmişdir. Nə yazıq ki, əksər təriqət mənsublari bu əmrləri nəzərə almır.
Nə üçün təriqət və məzhəblərarası mübahisə yersiz və günahdır? Birincisi, əgər Allah-təala Özü, Qurani-Kərimdə buyurduğu kimi, Qiyamət günü hansı məzhəbin və ya təriqətin doğru olduğunu elan edəcəksə, onda insanların tələskənlik edib bu dünyada hansı təriqətin düz olduğunu iddia etməsi özünü Allaha şərik qoşması deməkdir. İkincisi, hər bir təriqət mənsubu öz təriqətinin maraqlarından həqiqətə yanaşdığından, belə yanaşma təəssübkeşliklə bağlı olduğundan, mütləq çaşmalara səbəb olacaqdır. Üçüncüsü, Qurani-Kərimin ayələrinə görə, mübahisə höcətləşməyə, oradan da təriqətlərarası toqquşmalara gətirib çıxarır.
Mən də bir neçə ildir ki, dini ayinləri icra etməyə cəhd edirəm, şiə ailəsində doğulmağıma baxmayaraq, Quranı dəfələrlə oxuduqdan sonra bu qənaətə gəldim ki, təriqət və məzhəblərin hamısı yanlışlıqdadır . Buna görə, əqidəmdə Allahın Özünün əmr etdiyi doğru yolla - bu gün İslam aləmində orta yol deyilən yolla getməliyəm. Bu yolda getdiyimə görə, təriqət təəssübkeşliyim yoxdur, həm sünnilikdən, həm şiəlikdən eyni məsafədə olduğumdan, ikisinə Qurani-Kərimin məntiqi ilə yanaşıram və buna görə də bu təriqətləri üz-üzə qoymağı həm dini, həm də türk millətçiliyi və həm də dövlətçilik baxımından yanlış hesab edirəm. Xüsusən keçmiş tarixə müasir təriqət təəssübkeşliyi ilə baxılmasını yolverilməz yanaşma kimi qiymətləndirirəm.
Bir-birini kafir elan edən və cəhənnəmdə əzab çəkəcəklərini elan edən bu dünyada isə bir-biri ilə düşmən olan təriqt təəssübkeşləri bir şeyi unudurlar ki, Peygəmbərimizin Buxari və Müslumin uzlaşdırılmış “Müttefekun Aleyh hədislər” səhih hədislərində buyrulur ki, “Allaha şəhadət gətirən və Məni Onun Rəsulu kimi qəbul edən kimsəni Cəhənnəm odu yandırmayacaqdır”. Bu, o deməkdir ki, nə sünnilər, nə şiələr bir-birinə kafirlər, xristianlar, buddistlər, yəhudilərə münasibətdəki kimi yad ola bilməz. Məzhəb fərqliliyi İslamın inkişafina xidmət etdikcə qəbul ediləndir, parçalanmaya qarşıdurmaya gətirdikcə yolverilməzdir.
Fazil Mustafa şiəliyə münasibətində ikinci yolu tutur və şiəliyi mürtədlik - dindən çıxmış elan edir. Bununla da özünü kimin doğru yolda olacağını bəyan edəcək Allahın yerinə qoyur, nəticədə özünün küfrə düşdüyünü fərq etmir. 
Şah İsmayıl nə üçün şiəliyi dövlət dini səviyyəsinə qaldırmışdır? Əvvala, Şah İsmayıl əksəriyyəti şiə təriqətində olan bir mühitdə doğulub-böyümüşdür. Şah İsmayıl öz sülaləsinə görə qanunu hakimiyyət haqqından məhrum edilmiş, atası və qardaşı Sultanəli bu yolda öldürülmüş, özünün də ölüm hökmünə fərman verilmişdir. Halbuki, dövrün tələblərinə görə Şah İsmayıl qanunu varis kimi hakimiyyətə gəlməli idi. Eyni hadisə 800 il əvvəl Həzrət Əlinin də başına gəlmiş və o da qanuni hakimiyyətdən terror yolu ilə məhrum olmuş və sonrakı dövrlərdə nəsli də onun hakimiyyətini qəsb edənlər tərəfindən terror edilmişdir. Şiəlik buna - islam cəmiyyətində hakimiyyətin zorakılıqla uzurpasiyasına protest kimi yaranmış, buna görə hakimiyyət qəsbinə loyal yanaşan sünnilikdən fərqli olaraq radikal və inqilabi ruha malik olmuşdur. Sünnilik – yaşam, həyat tərzi fəlsəfəsi, şiəlik - hakimiyyət fəlsəfəsi üzərində qurulmuşdur. Buradan da “nə üçün şiəlik 500 ildə iki inqilab etmiş, amma sünnilik 1500 ildə bir inqilaba belə rəvac verə bilməmişdir” sualının cavabı aydın olur. Sünni ölkələrinin başqa dindən olanların uzun illik əsarətinə düşməsi də sünniliyin mayasında olan hakimiyyətin necə və kimlər tərəfindən idarə olunmasına laqeyd olması ilə bağlıdır. Beləliklə, Şah İsmayılla Həzrət Əlinin siyasi taleyi anologiya təşkil etdiyindən, məntiqnən şiəlik onun öz qanunu hakimiyyətini ələ almasında əvəzsiz bir silah idi və buna görə də Şah İsmayıl özünü Həzrət Əliyə oxşatmaqla və şiə dəyərlərini daha qabarıq müdafiə etməklə düşmənləri üzərində və buna paralel, onların ideologiyası üzərində, yəni sünnilik üzərində qələbə çaldı. Bütün tarixçilər Şah İsmayılın azsaylı qüvvələrənin döyüşlərdən qalibiyyətlə çıxmasını qızılbaş fanatizmi ilə əlaqələndirirlər. Bu da öz dövründə Şah İsmayılın qızılbaşlığı dövlət idelogiyasi səviyyəsinə qaldırmasını, imperiya yaratmaq üçün ən optimal yol olduğunu sübut edir.
Digər tərəfdən, şiəlik təriqətində olan qeyri-türkləri -farsları, ərəbləri, əfqanları, puştuları və s. öz tərəfinə çəkmək üçün də bu bölgədə şiəlik əlverişli idi. Buradan çıxarılan nəticə ondan ibarətdir ki, Şah İsmayıl şiəliyi dirçəltmək üçün hakimiyyətə gəlməyib, əksinə hakimiyyətə gəlmək və hakimiyyətini saxlamaq üçün siəliyi dirçəldib. Fazil Mustafa məzhəbçi nəzərlə tarixə baxdığına görə, onun görmədiyi və ya görmək istmədiyi tarixi həqiqət bundan ibarətdir. O, Şah İsmayılın tarixinə ideloji baxışla baxır və 500 il bundan əvvəlki tarixi şəraiti və Şah İsmayılın imkanlarını düzgün qiymətləndirmir, nəticədə Azərbaycan tarixinin şanlı səhifələrinə aşkar düşmən mövqeyi nümayiş etdirir. Mən bundan əvvəl Səfəvilik və şiəlik məsələsi ilə bağlı mətbuatda təhlil xarakterli çıxı etdiyimə görə, burada qısa şəkildə şərh verməklə kifayətlənirəm.
Fazil bəy şiəliyə qarşı bir sünni təəssübkeşi kimi o qədər nifrətlə köklənib ki, hətta farslara qan udduran Qacarı belə, tariximizdən silməyə cəhd edir. Bir tərəfdən Şah İsmayılı farslara tarixi fürsət verməkdə ittiham edir, o tərəfdən farslardan bu fürsəti almış Qacarı ittiham edir. Buradan aydın olur ki, o, fars məsələsindən yox, həm Şah İsmayılın, həm Qacarın şiə olmasından narazıdır. Buradan da müasir dövrdə Azərbaycan xalqının 90 faizinin şiə olduğuna nəzər salsaq, aydın olar ki, Fazil bəy Şah İsmayıla, Qacara və bütün Azərbaycan xalqına məhz şiə olduqlarına görə nifrət edir və şiəliyə qarşı mübarizə aparacağını bəyan etməklə, bu xalqla mübarizə aparacağını açıq şəkildə bəyan edir.
Unutmaq olmaz ki, Allahın bir və tək doğru yolu var. O yolun adı nə şiəlik, nə sünnilikdir. Onun adı siratəl müstəqim - yəni düz yoldur. Qurani-Kərimdə elan edildiyi kimi, “Başqa bütün yollar - təriqət və məzhəblər əyridir”. Bir əyri yolda olub, başqa əyri yolu bəyənməmək təəssübkeşlikdir. Allah-təala təəssübkeşliklə haqdan dönənləri lənətləyir. Bu gün şiəlik, yoxsa sünnilik doğru yoldur? Qiyamət günü bu yollardan hansının, doğru olacağını Allahın bəyan edəyəcəyini gözləmədən bu gün “şiəlik və ya sünnilik əyridir” deyənlər özlərini Allaha şərik qoşurlar .

***
Fazil Mustafa Facebook statusunda şiəliyə nifrətinin səbəbini belə açıqlayır: “Bu dünyagörüş (şiəlik nəzərdə tutulur) bugünki İran teokratik sisteminin nəzəri əsası üçün münbit bir toxum rolunu oynamış və Azərbaycan Türklərinin yaşamında mövhumat elementlərinin üstünlük təşkil etməsinə yardımçı olmuşdur. Azərbaycan Türklərini moneteist inanc dəyərlərindən uzaqlaşdırmış, Allahdan başqa hər şeyə - daşa, qəbirə, pirə, ağaca, adama sitayiş etməsinə yol açmışdır”. Əvvala, türklər əski inanclardan - mövhumatdan islama gəlmişlər. Yəni türklərin, eləcə də islama qədərki ərəb və farsların çıxış vəziyyəti mövhumatçılıq olmuşdur. Buna görə də, guya, türklərin yaşamına şiəliyin mövhumat elementləri gətirdiyni deməyin məntiqi əsası yoxdur. Biz Ramazan ayında türk televiziyalarında əhli-sünnənin övliya qəbirlərinə, pirlərə - daşa, ağaca axın edib, dilək tutduqlarını nümayiş etdirdiyini dəfələrlə müşahidə etmişik. Xüsusən, İstanbulun mərkəzində “Sirkəci Baba”adında sadə bir şəxsin qəbirindən kömək istəyənlərin uzun növbələrə durduğunu da hamı görmüşdür. Peyğəmbərin əbasını “ziyarət” etmək üçün Türkiyənin ən uzaq guşələrindən insanların axın etdiyinin şahidi olmuşuq. Hətta əhli-sünnənin İbrahim peyğəmbərin yandırılmasında istifadə edilmiş odunların balığa çevrilməsinə inandıqlarını da bilirik. 
Fazil bəy əhli-sünnəyə xas olan bu cür mövhumatlardan xəbəri yox kimi şiəliyə hücüm edir. Əslində, bu fakt da sübut edir ki, islam dinini qəbul etmiş bütün türklərdə, məzhəb və təriqətindən asılı olmayaraq daşa, ağaca, ulduza, canlılara və adama sitayiş elementləri vardır. Bu, türkün əski inanc sisteminə xas ideyaların, o cümlədən türk mifoloji şüurunun, arxeotiplərin islama keçməsi ilə bağlıdır. Sünnilər arasında inkişaf etmiş Mövləvilik və digər təsəffuv təriqətləri də islamaqədərki türk zehniyyətinin islamlaşması kimi meydana çıxıb. Ərəb şiələri və sünniləri arasında bu cür adətlərə rast gəlinməməsi də bunu sübut edir. Peyğəmbər tərbiyyəsində olmuş və dini bilavasitə ondan mənimsəmiş Həzrət Əli heç vaxt daşa, ağaca inanmayıb ki, şiələr də onun yolu ilə gedib, eyni inanclara sahib çıxsın.
Fazil bəy radikal şiə təriqəti olan İsmayıli təriqətinin adını çəkməklə, guya, şiəliyi radikallıqda və zorakılıqda ittiham etmək istəyir. İsmayılilik - döyüşkən əfqan ruhu hopmuş şiəlikdir. Amma biz blirik ki, islam təriqətlərində zorakı metodlardan istifadə edən əqidələr əhli-sünnədə daha çoxdur. Xaç yürüşlərinin başında duran xristianlığın “Məbəd xidmətçiləri”ndən - şovalyelərdən dərs götürmüş həşşaşilik, vəhhabilik, İŞİD və s. təriqətlərin mövcudluğu bunu sübut edir. Buradan aydın olur ki, sünni əqidələrində olduğu kimi, İsmayılilərin zorakılığı şiəliklə yox, islamdan kənar əqidələrlə, etnik xüsusiyyət və ya hakimiyyət maraqları ilə bağlıdır. İslam sülh dinidir və zorakılığı qadağan edir, özünü müdafiə, qisas və cihad istisna olmaqla, zorakılığın bütün təzahürləri islama ziddir. XVI əsrdə vəhhabilərin Kərbalada məhərrəm ayında 30 min şiəni qətlə yetirməsi əhli-sünnənin zorakılıqda və radikallıqda İsmayılikdən geri qalmadığını sübut edir. Necə ki, bəziləri Sultan Səlimin40 min nəfərlik tarxi şiə qırğınını gözaltı edir, əvəzində Şah İsmayılı uydurma sünni qırğınındaittiham edir.
Bu da tarixə təriqət təəssübkeşliyindən baxılmasının yanlış olduğunu göstərir.
Əgər şiəlik türkçülüyü parçalayıbsa, bəs sünnilərin özlərinin öz aralarında dörd əhli-sünnə təriqətinə və hər birinin də yüzlərlə məzhəbə ayrılmasını necə dəyərləndirmək olar? Bəs, bu əhli-sünnə daxilindəki ayrılmalar türkləri parçalamır?
F.Mustafa yazır: “Sultan Toğrul səmimi müsəlmankimi, İslamın parçalanmasına səbəb olan marjinal qruplara qarşı mübarizəni özünün ilahi vəzifəsi olaraq görürdü”. Qurani-Kərimi mənimsəmiş heç bir səmimi müsəlman əqidə davası apara bilməz. Çünki Quran bunu qadağan etmişdir. Bu da bu cür mübarizə aparanaların islam dinində səmimi olmadıqlarını sübut edir. Buna görə də Toğrulun vəzifəsi ilahi yox, əksinə, anti-ilahi vəzifə olub. Çünki Allah-təala “gözləyin” əmri verib, “mübarizə aparın” yox! Hətta peyğəmbərə “Sən onları hidayət edə bilməzsən, Hidayət edən Mənəm” deyə xəbərdarlıq edib. Kimin nə ixtiyarı var ki, kimisə hidayət etsin?! Hətta müasir dövrdə vicdan azadlığı hüququ belə, hüquqşünas Fazil Mustafanın əqidə təəssübkeşliyini dayandıra bilməmişdir. Hansı ki, o, şiəliyi marjinal bir qrup adlandırır. Əgər bu həqiqətdirsə, onda Şah İsmayıl şiəliyi dövlət ideologiyası elan etməklə necə nəhəng bir imperiya yarada bildi?
F.Mustafa bir tərəfdən şiəliklə farslıq arasında bərabərlik işarəsi qoyur, digər tərəfdən Şah İsmayılın tərəfdarları haqqında yazır: “Faruq Sümərə görə, bunlar nə Qaraqoyunlulara, nə də Ağqoyunlulara aid ünsürləri əhatə etmişdir. Bu təriqətin əsas kütləsini Anadoludan gələn yeni türklər təşkil edib”. Hansına inanaq? Şah İsmayılın tərəfdarlarını Anadoludan gələn türklər təşkil edib, yoxsa farslar? Əgər türklər təşkil edibsə, bu imperiya necə farslara xidmət edə bilər? Burada nədənsə, Fazil Mustafa “Anadoludan yeni türklərin Azərbaycana gəlişinə” aydınlıq gətirmir. Niyə? Lazim bilmir, yoxsa, bu günün acarını başqa yerdə axtarır? Necə olur ki, F.Mustafanın türk kimi mədh etdiyi Sultan Səlimin hakimiyyətində olan Anadoludan yüzminlərlə türk onun farsa xidmətdə ittiham etdiyi Şah İsmayılın himayəsinə axışıb?! Yalançının şahidi yanında (və ya yadında) olar -, deyiblər. Çünki Sultan Yavuzun vaxtında Anadoluda 40 min ələvi (şiə) türkü qılıncdan keçirilmiş, yerdə qalan on minlərlə türk xilas olmaq üçün Azərbaycana mühacir etməyə məcbur olmuşdur. Bu nəhəng mühacirət ordusunu “Anadoludan gələn yeni türklər” kimi ifadə etmək mahiyyəti dəyişmir? Fazil bəy ustalıqla Şah İsmayılı sünni qırğınlarında ittiham edir. “Çaldıran”a görə Şah İsmayılı ittiham edənlər Sultan Səlim Yavuzun Şərqi Anadoluda şiə adı ilə apardığı qardaş qırğınını gözardı edir və bu qırğından türkləri xilas etmək üçün Şah İsmayılın Səlimlə müharibəyə girməyə məcbur qaldığını görmək istmirlər.
Türk sultanları hakimiyyət naminə atasını, oğlunu, nəvəsini qətl etməyi Fatehin vaxtında rəsmləşdirdikləri halda, onların Səfəvi şahlarına mənfi münasibətinə siyasi-ideoloji don geyindirilməyə cəh edilir. Halbuki, bütün bunlar hakimiyyət ambisiyalarından başqa bir şey deyildir. Bir şeyi bilmək lazımdır ki, hakimiyyət münasibətləri ictimai münasibətin bütün formaları içərisində ən ali, ən üstün və prioritet münasibətdir. Buna görə, monarxiya rejimlərində hakimiyyət maraqlarına övladlarını, valideynlərini, qohumlarını, o cümlədən etnik qohumluqlarını qurban verməyi bu idarəçiliyin qanunauyğunluğu kimi qəbul etmək lazımdır. Bu günkü demokratik dünyagörüşündən yanaşıldıqda, monarxiya qurluşunda baş verənlərin buna görə də yanlış anlaşılması təbiidir.
Bəs Şah İsmayıl necə, Sultan Səlim kimi hakimiyyət naminə öz ovladlarına, qardaşlarına və ya atasına divan tutmuşdurmu? İslam tarixi göstərir ki, hakimiyyət məsələsində sünnilərlə şiələrin öz doğmalarına münasibəti fərqli olmuşdur. Əhli-sünnənin hakimiyyət davaları qardaş qırğınlarından keçmişdir. “Burda mənəm, Bağdadda Kor xəlifə” ifadəsi də bu dəhşətli hadisələrdən meydana çıxmışdır. Ərəb xəlifələrinin hakimiyyət naminə bir-birinin gözünə mil çəkməsi o qədər geniş yayılmışdır ki, “kor xəlifə” deyimini meydana çıxarmışdır.
Ərəblərin hakimiyyət naminə qardaşlarını, oğullarını, nəvələrini öldürmək ənənəsi sünni türk hakimlərinə keçmiş, eyni işi onlar da görmüşdür. Peyğəmbər tərbiyəsi görmüş və Quranın“qohumluq əlaqələrini kəsməkdən qorxun” əmrini icra edən Həzrət Əli və şiə hakimləri isə doğma qanı tökməkdən uzaq olmuşlar. Əmir Teymur ona iki dəfə xəyanət edən Toxtamışı bağışlamış, amma Səlim atasını öldürməkdən belə çəkinməmişdir. Buradan da hansı əqidənin necə olması aydın olur. Fazil bəy sünniliyin bu üzündən danışmır və susur. Şiəlik tarixində Həzrət Əlidən gələn patriarxal bağlılığa və mənəvi hakimliyin dünyəvi hakimlikdən üstünlüyünə görə, heç bir şiə hakimi öz yaxınlarına divan tutmamışdır. Əslində, şiə imamlarına divan tutulması da əhli-sünnələrin hakimiyyət fəlsəfəsindən meydana çıxmışdır.
Fazil Mustafa əslində Şah İsmayılın şiəliyi dəstəkləmə səbəbini düzgün anladığını özü etiraf edir. O, yazır: “Hakimiyyətə gəlmək və tərəfdarlarını artırmaq üçün istifadə etdikləri metod anlaşılandır. Bu, həmin bölgədə yayğın olan onlarca təriqətdən yalnız biri idi və bu genişlənmə prosesi öz görüşlərini paylaşmaq, tərəfdarlarını artırmaq məqsədi güdürdü. Hansısa siyasi bəyanatın izləri bu dövrdə görünmür, sadəcə, güc mərkəzi kimi bütün hökmdarların hesablaşdığı dini mərkəz halını almağa başlayır”.
Buradan belə bir sual meydana çıxır. Əgər Şah İsmayılın hakimiyyətə gəlmək üçün şiəliyi dövlət dini səviyyəsinə qaldırması anlaşılandırsa və şiəliyin genişləndirilməsi tərəfdarları artırmağa xidmət edibsə, onda burda anlaşılmayan “nə üçün Sah İsmayılın türk dövləti yaratmasıdır?!”məsələsidir.
Mən islam-şiəlik-İran məsələsində Fazil Mustafanın yanlış möqedə olmasına onun da avtoritet qəbul etdiyi böyük liderimiz M.Ə.Rəsulzadənin fikirləri ilə cavab vermək istəyirəm. Rəsulzadə 13 sentyabr 1912-ci il tarixli “Səbillürrəşad” məcmuəsinin 3-cu nömrəsində “İran türkləri” adlı məqaləsində yazır: “İran əhalisi başlıca iki qismə ayrılır, bunlardan bir qismi farslar, digər qismi də türklərdir... Asari qədiməsindən böylə bir ənənati-qəhrəmaniyəyə malik olan İran, bədei-islam dəxi şanlı ənənələrə malikdir. Bir dövrü-tarixdə dəxi İran cahani-islamiyyət və insaniyyətdə bir səhifeyi-şan və şərafət sahibidir... Hələ islamiyyətdən sonra İranın məcimeyi-fəyyazindan doğan dahiyani-elmü-ədəbiləl-əbəd İranın mədari-fəxrü mübahatı olacaqdır... Mühərirlərdən brisi “ərəblər islamiyyətin müvəllidi, iranlılar mürəbbisi, türklər də müdafiəçisidir” - demiş idi. Mühərriri-möhtərəm ərbabi-elm və tədqiqə məchul bir həqiqəti kəşf deyilsə də, miləli-islamiyyənin islamiyyətlə nə dərəcədə əlaqədar olduqlarını tərif üçün pak münasib bir təbir bulmuşlardır... İran üdabəsinin Şərq aləmində, xüsusilə cahani-islamdakı mövqeyi-büləndləri dəxi heç bir vaxt nəzəri-diqqət və tətəbbödən dur tutulmamalıdır... Bu böyük ədəbiyyatın Osmanlı ədəbiyyatına etdiyi təsirməlumdur. Bir vaxt dövləti Osmaniyyənin müghərriratı-rəsmiyyəsi farsca olduğu kimi, Yavuz Sultan Səlimin farsca inşa etdiyi əşari da məşhurdur... Xülasə, Yunanıstan mədəniyyəti və yunan qövmü Avropa aləmi-xristianisincə nə kimi bir şöhrətə sahib isə, Şərq və aləmi –islamca da İran öylə bir ənənəyi-tarixiyyəyə malikdir”. Bu sitatdan görünür ki, Rəsulzadə Fazil bəydən fərqli olaraq fars-şiə İranının islam aləminin tərbiyyəçisi olduğunu, hətta Osmanlının rəsmi dilinin fars dili olduğunu vurğulayır. Bu da, guya, şiəliyin islama zidd olması ilə bağlı fikirlərin əsassız olduğunu sübut edir. Burada Rəsulzadənin tərifini göylərə qaldırdığı İran haqqındakı fikirlərinin böyük əksəriyyətinin həm də İranda yaşayan Azərbaycan türklərinə aid olduğu unudulmamalıdır. 
Tarixə məzhəbçilikdən baxanlara yenə də Rəsulzadənin dili ilə cavab vermək lazım gəlir. Rəsulzadə adıçəkilən dərginin 20 sentyabr 1912-ci il tarixli 31-ci sayında “Hökuməti-Osmaniyyə ilə İran beynində maddi və mənəvi rabitələr” adlı məqaləsində yazır: “Hal-hazırda isə bu iki millət anlamaq üzrədir ki, Quranı, Kəbəsi, peyğəmbəri, qibləsi bir olan müsəlmanlar arasında heç bir mübayinət yoxdur... Zatən inqilabati-axirə artıq o qəflətləri meydandan qovmaqda, əhrar-tərəfeyin bu cəhəti təshih ücün uğraşmaqdadırlar... Qarşılarında bir düşməni ümumi bulunduqca mənafeyi və amali xüsusiyyyə ikinci dərəcədə qalmalıdır”. Təəssüf ki, bu fikirlər deyildiyi vaxtdan yüz ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də qəflətdə olanlar var və onlar mədəniyyətlər toqquşması erasında Türkiyə və İranı paralel təhdid edən əks cəbhənin maraqlarından çıxış edib, əqidə-məzhəb məsələsini önə çəkməklə, İslami birliyə və türk birliyinə çox ciddi ziyan vururlar. Rəsulzadə İranla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə qurulmasını “ağıl və hikmət”adlandırmışdır. Bunun əksini idda edənlər isə sağlam ağıldan məhrum olanlardır.

*** 

Şiə düşmənçiliyindən milli düşmənçiliyə

(Teologiyadan politologiyaya keçid)

Fazil Mustafa yazır: “Qızılbaşlığı İslam olaraq təqdim etmək nə qədər yanlışdırsa, türk məfkurəsinin daşıyıcısı olaraq təqdim etmək də bir o qədər yanlışdır. Onlar bir marjinal məzhəbçi duyğulardan başqa, hansısa İslami və ya Türkçü görüş ortaya qoymayıblar ki”. Əvvala, qızılbaşlıq nə xalis dini, nə də xalis milli hərakat deyil. Səfəvi dühasının ortalığa qoyduğu islam-türk sintezinin məhsuludur. Ona görə, həm islam məfkurəsinin, həm də türk mərdanəliyinin daşıyıcısıdır. Səfəvi tarixinə başqa bir marjinal məzhəbçi baxışdan yanaşan tədqiqatçının bunu görməsi və ya görmək istəməməsi təbiidir. Aşağıda qızılbaşlıq haqqında bir qədər geniş şərh edəcəyik. Fazil bəy hesab edir ki, Səfəvilər nə müsəlman, nə də türkdür. Buradan da sual meydana çıxır. Bəs Səfəvilər hansı xalqın və hansı dinin təmsilçiləri olub? Məncə, onun çaşmasının iki səbəbi var. Bunlardan biri onun özünə xas şəxsiyyəti - müdafiə etdiyi ideya və maraqlarla, yəni rəğbəti və təəssübkeşliyiilə, biri də özünün etiraf etmədiyi məzhəbçi maraqları ilə bağlıdır.

Azərbaycan türkünün Səfəvi tarixi

Biz “Azərbaycan tarixi” dedikdə, bu anlayışın təyinatını dəqiqləşdirməliyik. Faktiki olaraq bu çoxmənalı eyni bir anlayışla Azərbaycan siyasi coğrafiyasının tarixi, Azərbaycan türkünün tarixivə Azərbaycan dövlətinin tarixi nəzərdə tutula bilər.
Azərbaycan siyasi coğrafiya tarixi ilə Azərbaycan türkünün və dövlətinin tarixi həmişə üst-üstə düşəməyə bilər. Məsələn, Əcəm İraqi deyilən müasir İraq əraziləri (Kərkük, Mosul və s.) və s. ərazilər Azərbaycan siyasi coğrafiyasına aid deyil. Amma həmin ərazidə mövcud olmuş Ağqoyunlu dövləti və həmin əraziləri fəth etmiş Səfəvi dövləti Azərbaycan dövlətidir. Həmin ərazidə yaşayan xalqın çoxunluğu Azərbaycan türkü olmuşdur.
Azərbaycan dövlətinin tarixi də Azərbaycan çoğrafiyası və Azərbaycan türkünün tarixi ilə həmişə üst-üstə dümür. Məsələn, Atabəylər dövləti bütün Azərbaycanı və Azərbaycan türklərinin hamısını əhatə etməmişdir.
Azərbaycan türkünün tarixi də Azərbaycan siyasi coğrafiyasının və Azərbaycan dövlətinin tarixi ilə üst-üst düşmür. Məsələn, bu gün Azərbaycan türkü bir neçə dövlətin və siyasi coğrafiyanın tarixinin yaranmasında iştirak edir. Belə ki, Azərbaycan türkləri Şimalda Azərbaycan, cənubda İran dövlətinin, Əfqanıstanda isə əfqan xalqının tarixinin yaranmasında iştirak edir.
Səfəvi tarixi yeganə tariximizdir ki, Azərbaycan siyasi coğrafiyası, Azərbaycan türkü və Azərbaycan dövlətinin tarixi eyni sərhədlərdə vahid bir tarixin yaradılması kimi vəhdət təşkil edir. Biz bu dövrü Azərbaycan dövlətçiliyinin ən əhəmiyyətli tarixi dövrü kimi təyin edirik. 
Hər şeydən əvvəl “Səfəvi tarixi bizim nəyimizə lazımdır” sualına cavab vermək lazımdır. Böyük milli öndərimiz M.Ə.Rəsulzadə 01 yanvar 1915-ci il tarixli “Dirilik” jurnalının 8-ci nömrəsində “Milli dirilik” adlı məqaləsində yazır: “Milliyyət amillərindən birisi də tarix ilə adat və ənənatdır. İləridə bir miknət və qüvvət tapa bilmək üçün millətlər həman tarixlərindən istimdad edərlər. Zəif düşdükləri, əzilib, inqiraza tərəf çəkildikləri, hətta inqiraz bulub, hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə keçmişin qüvvətli və parlaq dəmlərini xatirə salmaqla istiqbal üçün bir ümid bəslərlər. Keçmişini iyicəsinə tədqiq etmiş olan millətlər daima mazinin ölüb torpaqlar altında çürümüş olan qəhrəmanlarından birər ideal modeli yapıb da onu gələcəyin bir nümuneyi-həmasəti kəsdirirlər. Hazırdakı halları ilə kiçik və mühəqqər görünən millətlər daima tarixdə böyük bir ism və rəsm sahibi olduqlarını arayıb-araşdırar və görüldüyü kimi məqfhur olmağa deyil, tarixin səbt etmiş olduğu kimi qəhhar da ola biləcəklərini istidlal ilə irqdaşlarını məzəllətli bir nəyatdan qurtarmağa çalışarlar.
Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili təsəvvür oluna bilməz.
Fəqət millətlər arasında bu nöqteyi-nəzərdən, türk millətindən məzlumunu tapmazsınız. Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdır. Bu məchuliyyətindən əlavə türk tarixi başqa bir çox təcavüzlərə də uğramışdır...
Türk cahangirləri və türk qəhrəmanlarının adı təlqin və tərzil edilmişdir...
Nə qədər təəssüf ki, təlin edənlər zümrəsində türklər özləri də bulunmuşlardır.
Yenə bu özünü bilməməzlik, yenə bu əcnəbi təsirlərə tabe olmaqlıq üzündən olaraq Azərbaycan türkləri qərbdəkilərinə "rum" demiş, onlar da bu tərəfdəkiləri "əcəm" ismilə yad etmişlərdir.
İştə burasım türk gəncliyi dərk etməli və düşünməlidir ki, bu gün türk milləti böyük bir tarixə malik olduğu halda tarixsiz yaşayır və dünyanın hər tərəfinə yayılıb da böyük bir millət təşkil elədikləri halda türklər bir-birindən bixəbər, hətta yekdigərinə düşmən olaraq ömür sürüyorlar”.
Rəsulzadənin bu fikirlərindən çıxış edib, Fazil bəyə və onun kimi Azərbycan tarixinə baxanlara qiymət verdikdə aydın olur ki, bu qrupdan olan insanlar Azərbaycan türkünü “əcnəbi təsirlərin altında” onlarla bir sırada tarixsizləşdirmək istəyir və “Azərbaycan türk cahangirləri və türk qəhrəmanlarının adını təlqin və tərzil etməklə” düşdüyümüz bu günkü “məzlum və əzik vəziyyətimizdən” xilas olmaq üçün onlardan milli idealar yaratmağımıza mane olmaq istəyirlər. Buradan belə bir sual meydana çıxır. Bu günkü problemlərimizi həll etmək üçün xalqımızın Şah İsmayıl, Şah Nadir və Şah Qacarın qalibiyyət tarixindən ideal düzəldə bilərik, yoxsa sünni-şiə qarşıdurmasında iştirak etmiş və adı tarixdə qalmamış anonim “qəhrəmanlardan”? İki qardaşı əqidəsinə görə qarşı-qarşıya qoymaq nə dərəcədə türkçülük kimi dəyrləndirilə bilər? 
Şəxsən Rəsulzadə kimi düşünən mən və mənim kimilərin tariximizə yanaşması tariximizdən dünyaya səs salmış sərkərdə və dövlət böyüklərimizdən ideal seçib, onu bu günkü “məğlub və əzik Azərbaycan türkünə” təqdim etmək və onu gələcəyə ümidləndirməkdir. Biz, buna görə, xalqımızı tarixsizləşdirməyə cəhd edən əcnəbi və ya özümüzdən olan istənilən şəxsə qarşı amansız olmalıyıq. Bu gün 66 min kvadrat kilometr ərazidə dövlət yaratmağımıza dəstək verən əcnəbilər, bir milyon kvadrat kilometr ərazidə meydana çıxmış imperiya tariximizlə barışa bilmirlər. Ona görə, bizi tariximizdən qoparmağa, bu günki milli vəzifələrimizi yerinə yetirməyimiz üçün bizə ideal olan insanları, hadisələri və dövlətləri bizdə yadlaşdırmağa cəhd edirlər. Nə yazıqlar ki, Rəsulzadənin qeyd etdiyi kimi, bu prosesdə bəzi türk olanlar türk olmayanlarla əməkdaşlıq edir və hətta şitini çıxarıb onlardan da uzağa gedirlər. Bizimlə ənənəvi düşmənçilik edən rus-erməni tarixçiləri, o cümlədən onların havadarı kimi çıxış edən Avropa tarixçilərinin görmədiyi bir işi -Azərbaycan türk imperiyalarının mövcudluğunun inkar edilməsini - onlar edir. Müasir Azərbaycan gəncliyini öz tarixinə yadlaşdırmaqla, onu düşdüyü bu zavallılıqla barışdırmaq istəyirlər. Allah Sənə Rəhmət eləsin, Məmməd Əmin bəy! Sənin yazdığın problemlər Sənin arzusuzu ilə öldüyün müstəqil Azərbaycanda hələ də qalmaqdadır. Bizi səfəvi, əfşar, qacar tarixindən qoparıb, dövlətçilik tariximizi 1918-ci ilə çəkməyə, bir milyon kv.km-dən artıq bizə aid imperiyanın yerində 66 min kv.km ərazi ilə hesablaşmağı və buna şükr etməyimizi istəyirlər.
Səfəvilər hansı xalqın tarixinə aiddir?
azil bəyə görə kimə aid olsa da, Azərbaycan türklərinə aid deyil. Azərbaycan tarixi dedikdə, biz Azərbaycan coğrafiyasında böyük çoxunluğu türklərdən ibarət, türk əsilli hökmdarlar tərəfindən yaradılmış istənilən dövləti - imperiyanı, dövlət birliyini, milli dövlətin tarxini və Azərbaycan türkünün liderliyi ilə başladılmış və Azərbaycan türklərinin hərəkətverici qüvvəsi kimi çıxış etdiyi istənilən hadisəni nəzərdə tuturuq. Buna görə, biz indiki İran dövlətinin ərazisində baş verən Səttarxan hərakatına Azərbaycan türk tarixi kimi baxırıq. Səfəvilər kim olmuşdur və onları Azərbaycan coğrafiyasına nə bağlamışdır və əsası Şah İsmayıl tərəfindən qoyulmuş, 500 il mövcud olumuş imperiyaya kimlər varislənmişdir?
Bütün İslam cəmiyyətlərinin elitaları üçün xarakterik olan hallardan biri özlərini peyğəmbər nəslinə bağlamaq olmuşdur. Bu bağlılıq əslində mənəvi bağlılığı faktiki bağlılığa keçirmə cəhdi kimi meydana çıxıb. Yəni özünü peyğəmbər nəslindən hesab edən hər bir adamın, əslində, özünü islam təəssübkeşi kimi dərk etməsindən qaynaqlanır. Səfəvilər də bu mənada istisna təşkil etmir. İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” adlı səlnaməsində Şah İsmayılın şəcərəsi təxminən 20-ci göbəkdən peyğəmbərə bağlanır. Genetikadan məlumdur ki, irsi əlamətlər maksimum 7 nəsil davam edir və yeddinci nəsildən sonra genetik əlaqələr itir. Bu baxımdan hətta Şah İsmayılın peyğəmbərlə bağlılığı olsa belə, bu bağlılıq o qədər uzun bir əlaqədən keçir ki, bioloji (genezis) baxımından heç bir məna ifadə etmir.
Şəfəvilərin ulu babaları belə, Azərbaycanın Ərdəbil mahalında yaşayıb, burada öz missiyalarını yerinə yetirmişlər.
Şah İsmayılın 6-cı babası Şeyx Səfyəddin haqqında Münşi yazır: Şeyx Səfyəddini - əxlaqda, hərəkət tərzində, davranışda özlərindən yüksək görən o vilayətin dərvişləri və hidayət sahibləri onu seyidlər zümrəsi və dövrün bilikli adamlarının ən biliklisi olan Əmir Abdullahın yanına göndərdilər... Həzrət Şeyx Səfyəddin başına gələnləri ona danışdı. O isə bir ləhzə fikrə getdikdən sonra dedi: “Ey cavan türk! Sənin indiyədək riyazət və mocahede barədə öyrəndiklərin mənim bəitər gözümü hələ cəlb etməmişdir”. Buradan görünür ki, Şeyx İsmayılın 6-cı babası türk olmuşdur.
Şah İsmayılın digər babası Sultan Cüneydlə bağlı Münşi yazır: “Sultan Cüneyd elə ki, sərvərlik və dinpərvərlik taxtına əyləşdi, əhalini öz səltənət və padişahlıq iddiası ilə irşad elminin və dinin yardımından agah etdi... İrdət əhli olan adamlar hər tərəfdən sədaqətlə onun yanına gəlməkdəydilər... Dövrün padişahı və İraqeyin və Azərbaycan hökmdarı olan Mirzə Cahanşah Türkman Sultan Cüneydin başına çoxlu adamın toplanmasını və onların böyük hərbi silaha malik olduğunu eşdərək, həzrətə qarşı pis münasibətdə oldu... O, dəfələrlə həzrətin yanına adam yollayaraq, gizli ya açıq şəkildə ona bildirdi ki, dövlət mərkəzindən çıxsın, şərafətli fikri haranı istəyirsə, oraya da getsin. O, həzrət vaxtın məsləhətinə uyğun olaraq Diyarbəkirə getməyi özünə məsləhət bildi və o tərəfə yollandı. O vaxt Diyarbəkirin yarı hissəsinin valisi Mirzə Cahanşaha itaət etməyən Əbu Nəsr Həsən bəy Ağqoyunlu idi... Onların münasibəti dostluq və qohumluqla nəticələndi. Öz əyan başçısı Xədicə bəyimi o həzrətə ərə verdi”. Səlnamədən məlum olur ki, Cüneyd sonradan Ərdəbilə qayıtmış, buradan on min tərəfdarı ilə çərkəzlərlə döyüş üçün yola çıxmış və Şirvanda şirvanşahın adamları tərəfindən öldürülmüşdür, yerinə oğlu Sultan Heydər keçmişdir. Həsən bəy öz qızı Həliməbəyimi ona ərə vermişdir. Sultan Heydər öz tərəfdarlarına türkman papağı əvəzinə, on iki imami simvolizə edən qırmızı zolaqlı Heydər papağı qoymalarını əmr etmişdir. Digər insanlardan seçilən Heydər papağı qoyanlar o vaxtdan qızılbaşlaradlandırılmışdır. Sonradan dayısı oğlu Sultan Yaqub hakimiyyətə gəldikdən sonra, Sultan Heydərlə onun arasında konflikt yaranmağa başlamışdır. Sultan Heydər də çərkəzlərlə vuruşmaq qərarına gəlib, amma şirvanşah Fərrux Yasar və Sultan Yaqub ona qarşı birləşiblər. Bu da Sultan Heydərin Dərbəndi tutmasına imkan verməmişdir. Həmin döyüşlərdə Sultan Heydər də öldürülmüşdür. Sultan Heydərlə Həsən padişahın qızının izdivacından üç oğlan uşağı - Sultanəli Mirzə, İsmayıl Mirzə və Seyid İbrahim Mirzə dünyaya gəlmişdir. Bunlardan Sultanəli Mirzə öldürülmüşdür...

***

Münşinin yazdığına görə, “Ağqoyunlu hökmdarı Həsən şahın oğullarının başı bir-birinə qarışmışdı. O sülalə elə iğtişaş və ayrılığa düçar oldu ki, başqa adamlara düşmənçilik etməyə girişmədi. Türkman Ağqoyunlu sultanları dövlətində baş verən iğtişaş və çaxnaşma sonunda İran məmləkəti iki əmioğlu arasında bölündü”. Baxın, Səfəvidən öncə Ağqoyunlu dövləti ifgtişaşlar içində iki yerə parçalanıb. Bu proses davam edib. Bu vəziyyətdə Şah İsmayıl tarixi təşəbbüsü ələ almış, 1500-cü ildə hakimiyyət uğrunda mübarizəni başlatmışdır. Bu hadisə Osmanlının Anadolu Səlcuq dövlətinin yerində tarixə çıxması ilə anologiya təşkil edir. Osmanlı hansı səbəbdən yaranıbsa, Səfəvilər də eyni tarixi zərurətdən yaranıb. 
Şah İsmayıl Şirvanşahlardan babasının və atasının qisasını almaq ücün Bakıya yürüş edib (buna görə kimsə Şah İsmayılı qınaya bilməz. Çünki Qurani-Kərimin “Bəqərə”surəsində qisas hər bir müsəlman üçün vacib əməl kimi əmr edilmişdir – S.C.). Bir qışı indiki Astara rayonunun Ərçivan kəndində qalıb. Təvalişlər (talışlar) Şah İsmayıla yaxından dəstək olub. Qarabağda Mirzə Cahanşahın nəvəsi Sultan Hüseyn Baranlı ilə görüşüb. İlk döyüşü Şirvanşah Fərrux Yasarla olub və ona qalib gəlib. O qış Şirvanın Mahmudabad kəndində qalıb. 
Münşi yazır ki, Bakıya hücumu zamanı “mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla – red.) Azərbaycanın səltənəti-taxtına və padişahlığına yetirmək müjdəsi verdi. O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?”. Azərbaycan taxtının müjdəsi ilə sevinc sözlərini Keyvan eylamnadək (eyvane-Keyvan) ucaltdılar. Bu əsnada əmirzadə Əlvəndin artıq türkman əsgərləri ilə Naxçıvana gəlmə və Süleymanın şanlı xaqanla döyüşməkdən ötəri türkman döyüşçü dəstələrini təyin etmə xəbəri gəldi... 1501-ci ildə Naxçıvanın Şərurunda tərəflər bir-biri ilə qarşılaşdılar... Əlvənd məğlub oldu... Xaqan (Şah İsmayıl) isə zəfərlə Təbriz darülsəltənəsinə çataraq padişahlıq taxtına əyləşdi ”.
Şah İsmayıl 1503-cü ildə Həmədan yaxınlığında Sultan Muradla döyüşüb ona qalib gəlmişdir. Münşi yazır: “O əsnada münhilər xəbər gətirdilər ki, Sultan Murad Şiraz darülmülkündə əyləşib Fars məmləkətlərində özünü möhkəmləndirməklə məşğuldur”. Şah İsmayil Sultan Muradla döyüşə girmiş, Sultan Murad döyüşmədən Şüstərə tərəfə qaçmışdır. Şah İsmayıl Təxti Süleymana çatdıqdan sonra Fars vilayətlərinin camaatı onun hakimiyyətini qəbul etmişdir. Bundan sonra Şah İsmayıl İraqı, Diyarbəkiri, Iraq Ərəbistanını, Xorasanı, Əfqanıstanı, Pakistanı, Hindistanı Dehliyə kimi fəth etmişdir”. Bu təsvirlərdən görünür ki, Şah İsmayıl hakimiyyətə Təbrizdə Azərbaycan taxtında oturmaqla gəlmiş, fəth etdiyi ölkələr qeyri-Azərbaycan əraziləri olmuş, Sultan Muradın ona qarşı istifadə etmək istədiyi farsları özünə tabe etdirmişdir. Buradan aydın olur ki, Səfəvi tarixini Azərbaycan coğrafiyasından və Azərbaycan türkündən qoparmaq mümkün deyildir. Çünki bu üç anlayış özlərinin bir çox mənalarında bir və eyni həqiqətə - Səfəvi-Azərbaycan Türk imperiyasının mövcudluğuna işarə edir.
Səfəvi tarixinin klassik Azərbaycan türk tarixi olduğu, müasir Azərbaycan Respublikasının Səfəvi İmperiyasının varislərindən biri olması müasir dövrdə iki faktla da sübut olunur.
Birincisi, Əbülfəz Elçibəylə bağlıdır. Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra mətbuatda onun nəsil-şəcərəsinin Səfəvilərə gedib çatması ilə bağlı bir çox məqalələr çap olundu. Hətta Əbülfəz bəy özü də bu məsələ ilə bağlı münasibət bildirərkən bu faktı inkar etməmişdir.
İkincisi, Heydər Əliyev prezident olandan sonra, yenə də mətbuatda onun nəsil-şəcərəsinin Səfəvilərə gedib çıxması ilə bağlı məqalələr çap olundu. Əslində, bununla hər iki lider Səfəvi mirası olan Azərbaycan hakimiyyətinə varislik haqlarının çatdığını bildirmək istəyirdilər. Hərçənd ki, hər iki fakt elmilikdən və reallıqdan uzaq idi. Ancaq necə ki, Səfəvilər özlərini peyğəmbərə bağlamaqla hakimiyyətlərini qəbul etdirirdilər, Ə.Elçibəy və H.Əliyev də buna oxşar olaraq özlərini Səfəvi xanədanına bağlamaqla hakimiyyətlərinə həm də tarixi varislik keyfiyyəti verirdilər. Bu iki fakt Səfəvilərin Azərbaycan türk imperiyası yaratdığının əlavə bir sübutudur. 

YALANIN YALANLA SÜBUTU

Yalan və həqiqət sübut tələb edir. Bəzən, yalanı sübut etmək üçün yalan, həqiqətin doğruluğunu sübut etmək üçün həqiqət tələb olunur. Buna görə də Azərbaycan xalqını tarixsizləşdirməyi qarşısına qoymuş istənilən şəxs tarixmizlə bağlı yalan nəticə çıxarır və bu zaman zərurətə görə öz yalanını sübut etmək üçün çoxlu yalanlar uydurur. İngilislərin belə bir atalar misalı var: Bir yalanı ört-basdır etmək üçün ən azı iki yalan lazımdır. Fazil Mustafa da Səfəvi tarixi ilə bağlı özünün yanlış-yalan mühakimələrini əsaslandırmaq üçün çoxlu yalan uydurmağa cəhd etmişdir. Azərbaycan Səfəvi tarixi haqqında yalan nəticələrin sübutunda Fazil bəy tərəfindən aşağıdakı yalanlardan istifadə olunub.

a) RƏSULZADƏNİN RUS İŞGALINA BAXIŞI İLƏ BAĞLI YALAN
Fazil Mustafa öz yazısında Rəsulzadənin, Ağaoğlunun fikirlərinə istinad edir. Ağaoğlu Türkiyəyə mühacirət etdiyindən, onun fikirlərinə Osmanlı Türkiyəsi düşüncəsinin təsir etdiyini bilmək çətin deyil.
Rəsulzadənin Səfəvi tarixinə baxışı ilə bağlı Fazil bəy yazır: “Məmmədəmin Rəsulzadə yazır ki, Səfəvilər türk idilər, sarayda türkcə danışılırdı, ancaq bu tezislərin birinci cümləsini nədənsə bu yalançı patriotlar xatırlamaqdan yayınırlar: Şah İsmayıl şiə dövləti qurmağa yönəldi... Yəni Rəsulzadə vurğulayır ki, bunun ənənəvi türk sülalə dövlətlərinin strukturu və məfkurəsi ilə əlaqəsi yox idi. Hətta Rəsulzadə "Azərbaycan Cumhuriyyəti" əsərinin girişində Azərbaycan dövlətçiliyinin əsaslarını təşkil edən sülalələrin xronologiyasını sadalayanda bilərəkdən Səfəvilərin adını qeyd etməyə lüzum görmür. İndi gəl bizləri təhqir edən bu nadanları başa sal ki, Ağaoğlu, Rəsulzadə Azərbaycan dövlətinin konturlarını və mahiyyətini ilk dərk edən kişilərdir və səbəbsiz yerə belə bir izahı vermirlər. Kimlərsə mif uydurub ki, Azərbaycanı Şah İsmayıl birləşdirdi və əzbərlədiyi mətnləri dəyişə bilməyən kütləni də bu mif üzərindən xəstələndirməyə çalışıblar. Kimi birləşdirdi, nəyi birləşdirdi? Azərbaycanı məhz o zamandan elə ayırıblar ki, əgər Məhəmmədəmin Rəsulzadə və məsləkdaşlarının çevik zəkası olmasaydı, modern dövlət quraraq İrançı xəstəlikdən qurtula bilməyəcəkdik. Ona görə də Rəsulzadə kimi Rusiya müstəmləkəçiliyinə qarşı ən sərt mövqeyə malik şəxsiyyət, məhz İran-Səfəvi arealından ayrılmağa görə az qala ruslara minnətdarlıq bildirmək istəyir. Bizim yanaşmamız sırf bu günün kontekstindəndir və maraqlarındandır. Osmanlını bir tərəfə qoyuram, konkret olaraq Səfəvilik bizim üçün faydalı miras deyil, həqiqətən də Rəsulzadənin, Ağaoğlunun qeyd etdiyi kimi, fəlakət tariximizdir. Bu səbəbdən də tariximizin bu səhifəsinə Osmanlı ilə savaş kontektindən deyil, özümüzə xeyri-zərəri meyarlarından baxmağa çalışmalıyıq”.
Yaxşı, əgər Səfəvilər türk idilərsə, sarayda türkcə danışırdılarsa, ordu türklərdən təşkil olunurdusa, onda əqidəsinin şiə olmasını əsas götürüb, necə Səfəviliyi türk tarixindən çıxarmaq olar?! Dünyada “türk + əhli-sünnə” deyilən bir formul vardırmı? Livanın və Misirin xristian ərəbləri ərəb hesab edilmirmi? Xristian tatarlar, qaqauzlar türk deyillərmi? Şamançı Yakutlar türk deyillərmi? Əgər Xristianlıq, şamançılıq, buddizm türkü tüklükdən çıxarmırsa, nə üçün şiəlik türkü türk olmaqdan çıxarmalıdır?! Tarixə bu cür ikili standartla yanaşma, əslində, tarixə öz maraqlarından - birtərəfli yanaşmaqdan başqa bir şey deyil. Farslara qarşı mübarizə aparıb, onlara qalib gələn Şah İsmayıl bundan qabaq şiə idi. Bunun farslıqla nə əlaqəsi?! İslamaqədərki türk tarixi də türkün parlaq tarixi hesab olunur. Amma nədənsə Şah İsmayıla gələndə, onun şiə olması “türk millətçilərinin” qəzəbinə səbəb olur. Niyə? Şiəlik şamançılıqdan, xristianlıqdan və buddizmdən də islama və əhli-sünnə təriqətinə zidd bir əqidədir? Bu qədər məzhəb təəssübkeşliyi ola bilərmi? Fazil Mustafa Rəsulzadəni “Rus işğalına az qala haqq qazandıran” bir şəxsiyyət kimi təqdim edir. Əslində, bu fikir onun görüşdüyü və özünün də etiraf etdiyi kimi, ona “müsbət təsir”etmiş “Səfəvi”lər haqqında kitab yazmış, etnik kimliyi bəlli olmayan İrandan Avropaya mühacir etmiş tudəçi Güncay Gəncalpın fikirləri ilə səsləşir. O, vaxtilə mənimlə debatında sübut etmək istəyirdi ki, rus işğalı Azərbaycan türkünü azadlığa çıxarıb. Bəs, Rəsulzadə Azərbaycan türkləri, İran və Rusiya konteksində tariximizə necə yanaşıb. Rəsulzadə “Səbilürrəşad” qəzetində 27 sentyabr 1912-ci il tarixdə çap etdirdiyi “İran türkləri”(Rəsulzadə nədənsə Azərbaycan türkləri əvəzinə, İran türkləri ifadəsini işlədir. “İran türkü” deyilən bir anlayış elmi anlayış deyil) məqaləsində yazır: “İranda türklər nə Rusiyada olduğu kimi məhkum, nə də Türkiyədə olduğu kimi hakim bir millət deyildilər. İran türkləri əsil iranlı olan farslarla hüquqda müsəvi vətənədaş halında bulunuyorlar, eyni haqlara, eyni imtiyazlara haizdirlər, əgeylik çəkməzlər. Beş yüz sənədən bəri (oxu: Səfəvilərdən bəri-S.C.) İranda hökmran olan padişahlar həp türk irqindən gəldilər. Bu gün icrayi-səltənət edən Qacar sülaləsi də türkmən qəbilələrindən bir qəbiləyə mənsubdur. Fəqət, İran hökmdarlarının türk olması türklərə xüsusi bir imtiyaz bəxş etmədiyi kimi, fars millətinin təzyiqinə də səbəb olmamışdır... İranda farslar türklərin qüvvətli bazalarına, cəngavərlik səciyyələrinə dayanmışdır. Türklər də fars mədəniyyətinin mənəviyyatına istinad eyləmişlər və bu surətlə “təşkiri-məsa”i edərək, İran hökuməti-hazirəsini vücuda gətirmişdilər. Farslar türk hökmdarları kəndi milliyyətlərinə müariz bulmadıqlarından, onları milli İran padişahları kimi təqüdis etmişlər, türklər də fars mədəniyyətini və fars lisanını milli bir lisani-ədəbi kimi qəbul eyləmişlər. Bu surətlə beş yüz sənədən bəri şahlıq tarixində bir türk xanı otursa da, gərək bu xanlar, gərəksə türk əhali iranlılaşmış, yəni farslar tərəfindən təmsil olunmuşlar... Cüzi miqdarda türkmənlərdən başqa, türklər, yəni azərbaycanlılar və qaşqailər İranın məzhəbi rəsmisi olan şiəliyə tabedirlər... Bununla bərabər, türklər mənən məğlub olduqları farslara qüvveyi-maddiyyəçə təfəvvüqlərindən naşı İran həyatı siyasətində mühüm mövqe tutarlar... Valiliklərin ələl-əksər qacar pirisləri əlində olduqlarındandır ki, İranın hər tərəfində türklərdən böyük ərazi sahibləri bulunduğu halda, Azərbaycanda ərazi sahibi olan farslar adətən yox kimidir... Qacarların zamani-səltənətlərində bir kaç kişi zuhur etmiş, Avropa mədəniyyətinin İrana idxalı yolunda mücahidə etmişlər və xalqın təcəddüd və tərəqqisinə hizmətdə müvəffəqiyyətlə şöhrətyab olmuşlardır... Abbas Mirzənin hümməti sayəsində (təqribən yüz sənə əvvəl) İranda ilk mətbəə təsis olunmuş və birinci dəfə olaraq türk şəhəri olan Təbrizdə qurğuşun basması kitablar nəşrinə başlanmışdır... Əgər bu rus müharibəsi və binətiçə məğlubiyyət olmaya idi, bu məğlubiyyət seyyiyesi olaraq Abbas Mirzənin başlamış olduğu təçəbbüsat akim qalmaya idi, ehtimal ki, İranın təkamülüsiyasisi başqa bir yolda yürür və İran bu günkü halına gəlməmiş olurdu... Abbas Mirzə Təbrizdə otrurdu və türk şəhərini kəndi islahati-vətənpərvəranəsinə mərkəzi-fəaliyyət ittixaz etmişdi. O zamandan Təbriz vəlihədnişin olmuş və Qacar sülaləsindən gələn şahlər həp Təbrizdə böyümüş və o türk mühitində tərbiyyə almışlardır... vəlihədlərin sayəsində Azərbaycan vilayəti sair vilayətlərə nisbətllə daha müsaid şəraiti-siyasiyyəsi təhtində yaşamış, ruh və mənəviyyatca daha az əzilmişdir. Bundan başqa, şahlar ələlümun Azərbaycanda böyüdüklərindən kəndilərini oralı kimi tələqqi etmişlər və daima Azərbaycan mənafeyini başqa vilayətlərə müqəddim tutmuşlardır... Azərbaycan mərkəz vilayəti olan Təbriz, İranın ikinci paytaxtı kimi tələqqi ediliyor”.

***
Bu qısa iqtibasdan görünür ki, Rəsulzadə Fazil Mustafanın Azərbaycan türklərinin İrandakı vəziyyətinə baxışından 180 dərəcə əks baxış sərgiləmş, onun bəyənmədiyi Qacarları mütərəqqi, Azərbaycanpərəst türk şahları kimi təsvir etmiş və məhz son beş yüz illik İran tarixini ən pis halda fars-türk mədəni-siyasi sintezinin məhsulu kimi təsvir etmişdir. Rəsulzadəyə görə, İrandan fərqli olaraq Rusiya tərkibinə qatılmış türklər kölə olmuşdur, rus işğalı olmasaydı, Qacariyyənin başlatdığı islahatlar Qacariyyəni tam bir Avropa dövlətinə çevirəcəkdi və Qacarların hakimiyyətində Azərbaycan türkləri bütün İranda üstün hüquqa, hörmətə, yerə malik olmuşlar. Farslar isə yalnız mədəni mühitə yön vermişlər. Təkcə bir dil faktorunu önə çəkib, tarixə qiymət vermək sadəlövhlükdür. Məsələn, Cənubi Amerika dövlətlərinin dövlət dili ya ispan, ya portuqal dilidir. Hindistanın dövlət dili də ingilis dilidir. Dünyanın yüzdən artıq ölkəsində hakim din katolik, kilsə dili latın və ya ispan dilidir. Amma, buna baxmayaraq, kimsə Hindistan tarixini ingilis tarixi kimi, Cənubi Amerika xalqlarının tarixini də İspaniyanın və Portuqaliyanın tarixinin tərkib hissəsi kimi təqdim etmir. Fars dilində danışmaq və fars mədəniyyətindən bəhrələnməyə görə tarixi müyyən etsək, gərək türk Nizamini, hind Ömər Xəyyamı, özbək Əlişir Nəvaini, Mövlana Rumini və fars dilində şer yazmış Osmanlı sultanlarını da fars hesab edək.
Bəs Fazil Mustafa iddia etdiyi Rəsulzadənin Azərbayacnı işğal etdiyinə görə az qala ruslara minnətdar olması, Səfəvilərdən bu tərəfə guya Azərbaycan türkünün farslara tabe etdirilməsi və Qacarların hakimiyyətində farsların hakim mövqedə olması ilə bağlı fikirləri haradan götürüb?! Buna tarixi saxtalaşdırmaq deyərlər. Rəsulzadə Rusiyanın tərkibində olan türkləri kölə, İranda qalanları farslarla bərabərhüquqlu heç bir ögeyliyə (diskriminasiyaya) məruz qalmayan vətəndaşlar hesab etmişdir və bunu da Səfəvilərdən bu yana aparılan dövlət siyasəti ilə əlaqələndirmişdir.

b) QACARLAR HAQQINDA YALAN

Fazil Mustafa təkcə Səfəvilərə yox, yenə də məzhəb təəssübkeşliyi ilə farslara divan tutmuş, onların bu bölgədə hakimiyyətlərinə son qoymuş və bir neçə əsr ömrü olan Qcariyyə adlı Azərbaycan türk imperiyası yaratmış, Cingiz yasalarını tətbiq etmiş, fransız dilini mükəmməl bilən, elmi və geniş dünyagörüşlü böyük türk təəssübkeşi Qacarı belə, şiə əqidəsində olduğuna görə, tariximizdən silməyə cəhd edir. O, Qacarla bağlı yazır: “Guya Qacarlar Azərbaycanı birləşdirib, mərkəzləşmiş dövlət yaradacaqdılar? Bu dövlətin Səfəvilərdən, Xomeyniçilikdən fərqi nə olacaqdı? Klerikal ruhaniyyətin başçılıq etdiyi bir məzhəb dövlətində Azərbaycan türkünün yeri harada olacaqdı?”. Əvvəla Qacar məzhəb dövləti yaratmamışdır. Onun dövlətində nəinki sünni əqidəsində olanlar, hətta xristian gürcülər belə, təminat altında yaşayırdılar. Qacarın məzhəbçi olması ilə bağlı bir fakt belə, gətirmək mümkün deyildir. Rəsulzadənin yuxarıdakı şərhindən görünür ki, Azərbaycanın Rusiya tərəfindən işğalı olmasaydı, Qacariyyənin apardığı islahatlar sayəsində Azərbaycan bir Avropa dövləti kimi təşəkkül tapacaqdı. Bu da Rəsulzadə ilə Fazil Mustafanın Qacarlara baxışının 180 dərəcə fərqləndiyini göstərir, necə ki, Səfəvilərə münasibətdə Elçibəylə F.Mustafa 180 dərəcə əks qütblərdə dayanır. Bir tərəfdən “şiəlik farslıqdır” düsturu ilə yanaşan Fazil Mustafa, Zəndilərin və digər farsların Qacariyyədə hakimiyyətə gəlməməsi üçün sərt qanunlar qoyan və mübarizə aparan Qacarı da Azərbaycan tarixindən silmək istəyir. 
Bəs, Fazil Mustafanın təbirincə, müasir “Klerikal ruhaniyyətin başçılıq etdiyi bir məzhəb dövlətində” Azərbaycan türkünün yeri hardadır? Yenə də faktlara müraciət edək. Ölkənin dini rəhbəri Azərbaycan türküdür. İranın baş nazirləri, prezidentləri, nazirləri, ordu generalı, iş adamları, ədəbiyyat, incəsənət xadimlərinin böyük əksəriyyəti milliyyətcə Azərbaycan türküdür. İran Azərbaycanın iqtisadi inkişafı nəticəsində bu ərazidə bir neçə milyonluq türk şəhərləri mövcuddur. İran topraq sahiblərinin, o cümlədən fars əyalətlərində əksəriyyəti Azərbaycan türküdür. İranın şiə dini liderlərinin böyük əksəriyyəti Azərbaycan türküdür. İranın kosmik sənayesində və nüvə lahiyyələrində işləyənlərin də böyük əksəriyyəti türkdür. İranda yalnız Azərbaycan türkünün siyasi hakimiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, İran fars və türklərdən ibarət deyil. Burada on milyona yaxın başqa etnoslara xas millətlər yaşayır. Azərbaycan türkü İran inqilablarına həm aparıcılıq etmiş, həm də hərəkətverici güc kimi çıxış etmişdir. Səttarxan inqilabını da Azərbaycan türkləri etmişdir. Bu gün cənubda onlarla qeyri-leqal şəkildə türk partiyaları fəaliyyət göstərir. Şiə liderlərinin bir çoxu – Şəriət Mədarı başda olmaqla milli haqq məsələlərində həssalıq nümayiş etdirmişlər və etdirirlər. Şəriət Mədari hətta Azərbaycan türkünün haqlarını müdafiə etdiyinə görə terrora məruz qalmışdır. Fazil Mustafanın bəyənmədiyi şiə Şeyx Məhəmməd Xiyabani İranda Azərbaycan türklərinin siyasi hüquqları uğrunda mübarizəyə rəhbərlik etmiş, qısa müddətdə olsa da, Təbrizdə “Azadıstan” dövlətini elan etmiş və buna görə də edam edilmişdir. Şiə olduğuna görə, bütün Azərbaycan türklərini gözardı etmək tarixə məzhəbçi yanaşmanın fəsadlarındandır.

c) TEYMURLA BAĞLI YALAN

Fazil Mustafa Səfəviləri həm də Osmanlı düşmənçiliyində ittiham edir. O yazır: “Teymur bu təriqətin gələcəkdə Osmanlının toparlanaraq Şərqə doğru genişlənməsinə mane olacaq bir qüvvə kimi formalaşdırmaq üçün Ərdəbil torpaqlarında xeyli ərazini və Anadoludan gətirdiyi əsirləri onlara bağışlamışdı. Yəni Səfəvilər kimi onlarla yayğın təriqətlər, təkkələr mövcud idi və Teymurun strateji planlaşdırmasında məhz Ərdəbil ekolunun dirçəldilməsinə qərar verilmişdi. Bu qərarın nə qədər praqmatik anlayışla qəbul olunduğu az sonra meydana çıxmış oldu”. Fazil bəyin bu fikirləri fərziyyədən başqa bir şey deyildir. Əvvala Teymur tutduğu ərazilərə öz varislərini təyin edirdi, Miranşah da Azərbaycanda hakim idi. Əgər Teymur Azərbaycana öz oğlunu təyin etmişdisə, bu bölgədə gələcəkdə müstəqil bir dövlət quracaq sülaləyə necə dəstək verə bilərdi?! Məntiqlə həmin sülaləninin kökünü kəsməli, beşiyindcə boğmali idi. 
İkincisi, əgər Teymur Osmanlının şərqə hərəkətindən qorxsaydı, İldırım Bəyazidi əsir aldıqdan sonra onun hakimiyyət taxtında oğlunu oturtmazdı və Osmanlını xəraca bağlayardı. Osmanlı üzərində qələbə çaldıqdan sonra, heç olmasa, Osmanlının paytaxtınadək gedərdi. Amma Teymur bunların heç birini etməyib. Bu da Teymurun Osmanlı yürüşlərindən qorxmadığını sübut edir. 
Ücüncüsü, Təbrizdə insan başından qala düzəldən Teymur necə bu əhalinin gələcək dövlətinin yaranmasına kömək edə bilərdi?!
Dördüncüsü, Fazil Mustafanın məntiqi ilə Teymur gələcəkdə yaranacaq Səfəvi dövlətinin yaranmasını stimullaşdırmış və onlara topraq və əsirlər vermişdir. Tarix sübut edir ki, Səfəvilər həm də vaxtilə Teymurun fəth etdiyi Ərəbistanı, Əfqanıstanı, Orta Asiyanın bir hissəsini və digər əraziləri öz sərhədlərinə qatmışdır. Teymur bu qədər yaxıngörən olsaydı, o boyda imperiya yarada və dünyaya ağalıq edə bilməzdi. Səfəvilərlə Teymurilərin heç bir vaxt əməkdaşlıq etmədiyinin, Səfəvilərin Teymuriləri Osmanlıdan qoruyan panton dövlət olmadığını sübut edən faktlara Şah İsmayılın Amurdəryaya qədər olan Teymuru ərazilərini işğal etməsi, Teymurilərin sürəkli olaraq Səfəvi topraqlarına yürüşlər təşkil etməsidir. Fazil Mustafanın xoşladığı Nadir şah məhz bu yürüşlərin birində anası ilə birlikdə əsir düşüb Özbəkistana aparılmışdır. 
Beşincisi, sünni Teymur şiə Səfəvi dövlətinin yaranmasında necə maraqlı ola bilərdi? Teymurun Şah İsmayılın ulu babaları ilə güman edilən görüşü olubsa, on illər ondan sonra təşəkkül tapan bir dövlətin yaranmasında verdiyi iki üç kənd, on beş rumlu əsir nə dərəcədə əhmiyyət kəsb edə bilərdi?
Bəs həqiqət nədən ibarətdir: Səfəvi səlnaməçilərindən olan İsgəndər bəy Münşi “Dünyanı bəzəyən Abbasın tarixi” adlı salnaməsində yazır: “Əmir Teymur Rum səfərindən qayıdaraq əsir tutduğu bir dəstə rum adamı ilə gəlib Ərdəbil darülirşadına çatdı. Möhtərəm Şeyx Səfiəddinnin tərifini, yüksək dərəcələrini və məqamının ucaldığını eşidib, onun mübarək qəbrinin ziyarətinə gəldi... Ona Sultan Xacə Əli (Şah İsmayılın babasının babası) barədə məlumat verdilər. Əmir Teymur onunla görüş üçün şeyxin xəlvatxanasına gəldi, şeyx ibadət səccadəsi üstündə oturub, ilahi həmd ilə məşğuldu. Xadimlərin padşahın gəldiyinə bildirmələrinə baxmayaraq, şeyx onu iltifat göstərməklə, oturmağı təklif etdi, əyləşərək möizə və nəsihət xəzinəsinin qapılarını onun üzünə açdı, əmrin diqqətini Xəlilullah barədəki fikirlərlə zənginləşdirdi. Ürəyinə yatacaq hərəkət müqabilində öz iradət əlini o həzrətin hidayət çiyninə toxundurmaq məqsədi ilə Əmir Teymur özü ilə üç şey götürmüşdü ki, əgər onların hər üçü Əmir Teymurun ürəyində tutduğu kimi baş versə, onun iradət əlinə təqdim edib, onun hidayətini eşitsin. Hər üçü ürəyi istədiyi kimi oldu. Buna görə də, iradət əlini şeyxə verib, şeyxdən nə xahiş edəcəyini soruşdu... Şeyxin parlaq beyni dünyəvi işlərdən uzaq, şərafəti istəyi isə dünya ilə zahiri əlaqələrdən kənar olduğu üçün o şeylər barədə öz mübarək dilini danışdırmadı. Padşahın təkidindən sonra Allah rizası naminə rum əsirlərinin azad buraxılmasını xahiş etdi. Əmir Teymur öz razılıq barmağını gözünün üstünə qoyaraq bütün əsirlərin azad olması barədə hökm verdi. Ərdəbildə və onun hüdudünda olan bir neçə kəndi və məhsuldar tarlanı da öz halal pulu ilə alaraq, o müqəddəs türbəyə bağışladı. O şərafətli məkanı pənah və bəst yeri elan etdi, həmin yerin xəracının o ali sülaləyə verilməsini buyurdu... 
Mən tarix kitablarında, yaxud bu sülalə haqqındakı mənzum və mənsur yazılarında bu baqda heç nə oxumamışam, amma yuxarıda söylənələrin şaiyə olduğunu bildim və bu barədə məlumat verdim. Qızılbaşların Bəlxə yürüşü və Ənfxod qalasının qazilər tərəfindən alınması vaxtı monqolların at tamğası və Əmir Teymurun möhürünün əlaməti olan bir vəqf dəftəri qazilərin əlinə keçmiş və əlahəzarət zilləllah şaha göndərilmişdir ki, həmin vəqf dəftərlərində həzrət Sultan Xacə Əlinin bəzi kəramətləri haqda məlumat vardır”. 
Münşinin səlnaməsindən görünür ki, Fazil Mustafanın dediyi fakt şaiyədir. Əmir Teymur guya öz pulu ilə topraq alıb vəqfə bağışlamış və Türkiyə yürüşündən gətirdiyi əsirləri Şeyxin xahişi ilə azad etmişdir. Amma tarixi həqiqət budur ki, Qızılbaşlar Teymurilərin hakimiyyətində olan yerlərə yürüş etmiş, onların ərazilərini tutmuşdur. Bu da Fazil bəyin Teymur-Səfəvi əlaqəsi haqqında dediklərinin yalan olduğunu sübut edir. Heç vaxt Səfəvilər Təbrizi yandırıb insan kəlləsindən qala quran və İldırım Bəyazidi əsir almış Əmir Teymurla Osmanlı əleyhinə müttəfiqlik etməyib.
Əslində Səfəvi-Osmanlı düşmənçiliyi türk dünyasını parçalamaq, ayrı-ayrılıqda həm Azərbaycan, həm Anadolu, həm də Orta Asiya türklərini əsarətə salmaq məqsədi güdınlərin fitnəkarlığından meydana çıxıb.

***
 
c) SƏFƏVİ-ROMA ƏLAQƏLƏRİ HAQQINDA YALAN

Fazil Mustafa Səfəvilərin diplomatik əlaqələrinə də özünəməxsus tərzdə yanaşır. O yazır: “Səfəvilər Osmanlının arxa bağçasına, yəni katolik dünyasına müttəfiqlik üçün əl uzatmışdılar və bu da Osmanlının strateji maraqlarını təhdid edirdi. Səlim Məkkə və Mədinənin üzərinə də Portuqaliya donamasını qabaqlamaq üçün getmişdi və bu ərazilərin avropalılar tərəfindən işğalına imkan verməmişdi.
Bəlkə başqa məqsədlər də ola bilər, siyasi hakimiyyət və əraziləri genişlətmək uğrunda mübarizə faktoru da diqqətdən qaçırılmamalıdır və ən başlıcası da kiminsə haqlı və ya haqsız olduğunu biz söyləyə bilmərik”. Bu məsələyə bir Osmanlı təəssübkeşi kimi baxıldıqda, Səfəvi-Roma əlaqələrinə görə, Səfəviləri ittiham etmək olar. Amma Səfəvi təəssübkeşliyindən baxdıqda, bunu Səfəvilərin uzaqgörən strateji siyasət həyata keçirdiklərinə, öz dövrünün qüvvələr balansını düzgün hesabladıqlarına görə təqdir etmək lazım gəlir. Türkiyə-Azərbaycan strateji müttəfiqliyindən baxdıqda, bu “köhnə palan içi sökməkdən” başqa bir şey deyildir.
Uzun illər Türk biriliyinin düşmənləri bu iki xalqın və dövlətin tarixində elə məqamları süni surətdə şişirdirlər ki, bu gün bu iki dövlət, xalq bir araya gəlməsin. Bura sünni-şiə məsələsi, Çaldıran münaqişəsi, bu iki dövlətin başqa dövlətlərlə əlaqələri aiddir.
Roma kilsəsi ilə Osmanlı və Səfəvi əlaqələrinə obyektiv yanaşmaq üçün Osmanlının Avropa yürüşlərinin səbəbinə aydınlıq gətirmək lazımdır. Nə üçün Osmanlılar Şərq ölkələrinə yürüş etməmiş və nə üçün ancaq Toyinbinin vurğuladığı kimi pravoslav əqidəsində olan xristian dövlətlərini fəth etməyə cəhd etmişlər? Bu günə kimi bu sualın aydın cavabını mən hər hansı bir mənbədən oxumamışam. Avropa tarixçiləri yazır ki, Osmanlılar provoslav ölkələrini işğal etmək məqsədi daşıyırdı və əgər onlar bundan xilas olmaq istəyirdilərsə, gərək katolik əqidəsini qəbul edərdilər. Bu da katolik dünyası ilə Osmanlı arasında bir açıq düşmənçiliyin və ya rəqabətin olmadığını, əksinə Romanın Osmanlı ilə müttəfiq olduğunu göstərir. Heç təsadüfi deyil ki, hələ Səfəvi təşəkkül tapmadığı vaxtlarda - 1500-cü illərdə İstanbulda Venediklər azad ticarət hüququna malik idilər və Osmanlı ilə Venedik arasında diplomatik münasibətlər mövcud idi. Osmanlı tarixinə baxsaq görərik ki, Osmanlı Sultanları yalnız pravoslav ökələrinə yürüş etmiş, onları tutmuşdur. Heç bir katolik dövləti Osmanlı tərəfindən tutulmamışdır. Osmanlı ilə Roma papası arasında sazişlər imzalanmışdır. Düzdür, Roma katolik kilsəsi öz gələciyindən qorxaraq gizlin şəkildə digər əqidədə olan xristianlara dəstək versə də, üzdə Osmanlı ilə dost olaraq qalmışdır. Sultan Fatehin İstanbulu fəthində də katolik-provaslav qarşıdurması mühüm əhəmiyyət kəsb etmişdir. Məlumdur ki, yunan imperiyası iki imperiyaya Qərbdə Roma və Şərqdə Bizans imperiyası ayrılmışdır. Bizans imperiyasının dövlət dini provaslav, Romanınkı katoliklik olmuşdur. İstanbulu tutduqdan və Bizans süqut etdikdən sonra Osmanlı bütün bizans topraqlarına qanuni sahiblik əldə etmişdi. Hətta buna görə istər türk, istər Avropanın bəzi tarixçiləri Osmanlını “üçüncü Roma imperiyası” adlandırmışdır. Rusiya hakimləri də Osmanlılar tərfindən prins statusunda təyin olunurdu(Bu barədə Jirinovskiyə cavabımda geniş şərh yazmışam). Lakin Bizansa tabe olan Balkan və bəzi Avropa pravoslav dövlətləri, çox sonralar isə ruslar(I Pyotur dönəmindən başlayaraq) Osmanlını Bizansın varisi kimi qəbul etməmiş və müstəqil siyasət aparmağa üstünlük vermişdir. Məhz buna görə, türk sultanları Bizansa aid bütün ərazilərə iddia qoymuş və bu əraziləri öz tabeçiliyinə keçirmək üçün yürüşlər təşkil etmişlər. Buradan aşağıdakı suallar çıxır:
Birincisi, əgər Roma Osmanlı ilə müharibə vəziyyətində olmamışdırsa, onda Səfəvilərin Roma ilə əlaqəsi nə üçün Osmanlıya qarşı bir addım kimi dəyərləndirilməlidir? Düzdür, Səfəvilərin hərbi üstünlüklər, eləcə də Osmanlı və digər rəqibləri ilə gözlənilən münaqişələrdə mütəffiq əldə etmək üçün Romanı öz tərəfinə çəkmək niyyətləri olmuşdur. Bu da təbiidir. Amma türk diplomatiya tarxçiləri də aydın şəkildə yazırlar ki, bu cəhdlər baş tutmamış, əksnə, Roma Osmanlı ilə əlaqələrə üstünlük vermişdir.
Baş tutmamiş diplomatik əlaqələri “baş tutmuş” kimi göstərib, buradan da Osmanlı-Səfəvi düşmənlərinə dəstəvuz vermək kimlərə lazımdırsa, onlar buna cəhd edir.
Buradan da Səfəvi-Roma əlaqələrinin Osmanlı düşmənçiliyi kimi təqdim edilməsinin mif oduğu, siyasi konyukturaya məruz qaldığı aydın olur. Bu mif sovet-rus tarixçilərinin iki qardaş türk xalqını bir-birindən soyutmaq üçün istifadə etdiyi əsassız iddialardan biri olmuşdur, hansı ki, müasir dövrdə eyni işi Fazil Mustafa və digər Türk-Azərbaycan əlaqələrindən narahat olan dairələr edir.
Çaldıranda Səfəvilərin uduzmasının səbəbi də Qacariyyə dövründə Şimalda ruslara, Cənubda - Hindistanda ingilislərə uduzması da onların Roma ilə əlaqələr qurub yeni hərbi texnika ala bilmələri ilə bağlı olması tarixi faktdır. Bu da sübut edir ki, Səfəvilərlə Roma kilsəsi arasında baş tumuş heç bir siyasi əlaqə olmamışdır.
Düzdür, Azərbaycan Qacariyyə dövründə, Fətəli şahın vaxtında Birinci Napoleon katolik fransası ilə Azərbaycan Qacariyyəsi arasında ruslara qarşı hərbi ittifaq yaratmaq məqsədi ilə diplomatik əlaqələr yaradılmış, Abbas Mirzə Fransa texnologiyası əsasında Təbrizdə top istehsalına başlamış ordu o vaxtkı Avropa döyüş taktikasına keçmiş, lakin bu işlər başa çatmamış başlanan rus-Qacariyyə müharibəsində Qacariyyəyə məğlub edilmişdir. Şimali Azərbaycan ruslar tərəfindən işğal və ilhaq olunmuşdur. Bu fakt Şah İsmayılın Roma ilə (Avropa ilə) əlaqələrinin əhəmiyyətini nə qədər düzgün dəyrləndirdiyinin, onun uzaqgörən dövlət və hərb xadimi olduğunun bir sübutudur.
Bundan başqa, Şah İsmayılın öz imperiyasını qurduğu illərdə Avropada Roma kilsəsi parçalanmış Lüter Kinq, Kalvin kimi reformistlər meydana çıxımış və Avropa təriqətlərarası münaqişədə qan içində üzməkdə idi. Buna paralel, katolik Portuqaliya və İspaniya Aralıq dənizi, Qırmızı dəniz üzərində hakimiyyət əldə etməyə başlamış və Səvəfi əraziləri, xüsusən Hindistan və Ərəbistan onlar tərəfindən təhdid altında idi. Roma kilsəsi ilə əlaqələr bu təhdidi aradan qaldırmaq məqsədi güdürdü. Əslində, Roma-Səfəvi əlaqələrinin Osmanlıya qarşı yardılması tarix elminin uydurmalarındandır və məqsəd Osmanlı ilə Səfəviləri qarşı-qarşıya qoymaq ən ciddisi isə bu günkü türk qardaşlığına kölgə salmaqdır. 50 il bunda əvvəl bir-biri ilə müharibə aparıb 100 milyon insanın qırılmasına səbəb olan Rusiya Almaniya bu tarixi unudub, amma biz 500 il bundan əvvəl olmuş əhəmiyyətsiz hadisələri belə, bu gün şişirtməkdə davam edirik.

TARİXƏ SOFİSTİK BAXIŞ

Tarixə baxışda çaşmaların bir səbəbi bütünlükdə dərketmədə çaşmaların səbəbləri ilə bağlıdır. Digər səbəb, tarix elmi üçün xarkterik olub, tarixə birtərəfli baxış üçun xarakterikdir. Fəlsəfədə çaşmalarla bağlı F.Bekon və Benin fikirləri hakim olduğundan, mən də tarixə baxışda çaşmaların səbəblərinə məhz onları aid edirəm.
Məntiq elmində insanların çaşmalarının səbəbi “daxili sofist” adlanır. Sofizm-zahirən düzgün, amma batinən yanlış əqli mühakiməyə verilən addır. Buradan aydın olur ki, bəzi insanların fikirləri ilk baxışdan zahirən düz görünsə də, əslində batinən yanlışdır, səhvdir. Buna görə də istənilən yanlış fikrin müdafiəçiləri tapılır və təəssüf ki, bir çox hallarda sofistik mühakimələr daha çox tərəfdar toplayır. Bunun səbəbi batini mənanın dərk edilməsinin çətinliyi ilə bağlıdır. Bu cür mühakimələri düzgün dərk edən intellektual səviyyəsini göstərir. Məhz buna görədir ki, sofistik mühakimələr böyük tərəfdar toplayıb, dünya tarixində bəşəriyyətin yanlış yol getməsinə səbəb olmuşdur. Bunun klassik nümunəsi sosializm-kapitalizm mühakimələridir.
Sofizm iki cürdir. Birincisi, xarici sofizm. Başqalarını çaşdırmaq üçün düşünülmüş şəklidə uydurulmuş sofistik mühakimələr. Belə mühakimələr onun sahibi üçün yalan, başqaları üçün doğrudur. İkincisi, daxili sofistik mühakimələr. Bu cür mühakimələrin talan olduğunu mühakimə sahibinin özü də bilmir. El arasında belələri ilə bağlı “özü öz yalanına inanır” deyimi vardır.
Bekona görə, çaşmaların (daxili sofizmin) dörd səbəbi vardır: Bütün insanlığa xas çaşmalar, illuziyalar - buradan mütləq həqiqətin dərkolunmazlığı fikri meydana çıxıb, ikincisi, ayrıca bir şəxsiyyətə xas illuziya - buradan ayrıca bir şəxsin çoxluqdan fərqli fikirləri meydana çıxır, üçüncüsü insanlararası ünsiyyətdə adətə görə işlədilən mühakimlərdən meydana çıxan illuziyalar, rəğbətdən doğan illuziyalar - bura ya məşhur bir adamın və ya nəzəriyyənin təsirindən meydana çıxan çaşamalar.
Məşhur mütəfəkkir Benə görə, əqli mühakimlərdə çaşmaların subyektiv amillərinə, tələskənlik, fəaliyyətin verdiyi zövq, hisslərin və adətlərin təsiri aiddir. Benin göstərdiyi səbəblər xüsusən tarix elmində meydana çıxan çaşmaları daha düzgün izah etməyə imkan verir... Tarixi yanaşmada subyektivizmə görə çaşmalar təbiət elmlərindən daha ciddi şəkildə özünü göstərir. 
Yuxarıda qeyd etdik ki, tarix elmində iki cür çaşma meydana çıxır. Binici növ çaşma bütün əqli elmlərə xas ümumi səbəblərlə, ikinci növ çaşma tarixin mahiyyəti ilə - təbiətdən fərqliliyi ilə bağlıdır.
Tarixin təbitdən fərqi tarixin alternativ inkişaf imkanlarına malik olması ilə bağlıdır. Tarix mürəkkəb sistemlərin tabe olduğu qanunlara - sinergizmə uyğun inkişaf edir. Sinergetikaya görə, mürəkkəb sistemlər alternativ inkişaf imkanına malikdir. Buradan da, bir real gerçəkləşmiş tarix (mümkünlüyü olan imkan), bir də onun çoxsaylı alternativləri - mümkünlüyü olmayan, amma imkanı olan gerçəkləşməmiş tarix meydana çıxır. Buradan aydın olur ki, mümkünlüyü və imkanı olan bir və yeganə doğru variant, mümkünlüyü olmayan, imkanı olan çoxlu sayda alternativ variantlar vardır.

***
Başqa bir tarixi dövrdə yaşayan insanlar tarixə yanaşmada gerçəkləşmiş tarixlə, onun alternativ gerçəkləşməmiş variantlarını müqayisə edərək, hökm çıxarmağa cəhd etdikdə, konkret tarix haqqında yanlış nəticələr çıxarırlar. Bu alternativlərdən hər hansı birinin seçilməsi isə tarixi hadisələrdən məna çıxaran subyektin maraqlarından asılı olur. Məsələn, “Səfəvi” alternativlərindən Azərbaycan tarixinə baxsaq, hansı nəticələr çıxarmaq olar? Fazil bəy belə hesab edir ki, Şah İsmayıl olmasaydı, Azərbaycan türkləri bu bölgədə bu günə kimi farslardan ayrılıqda mövcud olan bir dövlət qurardılar, Azərbaycanla Türkiyə arasında Çaldıran döyüşü olmazdı, türk dünyası daha böyük güc əldə edərdi, Osmanlı bütün dünyanı tutardı və s. Amma bu yeganə alternativ deyil, bu alternativlərlə bağlı farsların, ərəblərin, kürdlərin, hindlilərin, rusların, ermənilərin, lorların, əfqanların, monqolların öz variantları vardır. Şah İsmayılın hakimiyyətə gəldyi dövrdə yalnız Azərbaycan türkləri bu ərazilərdə dövlət qurmağa cəhd etmirdi, həm də monqollar, farslar, ermənilər, ərəblər, lorlar və s. bu ərazilərdə öz dövlətlərini qurmaq və bunu Azərbaycan topraqları və türklərin hesabına genişləndirmək istəyirdilər. Şah İsmayıl məhz bu qüvvələrlə mübarizədə qalib gələrək, öz imperiyasını yaratmışdır. Buradan da sual meydana çıxır. Nə üçün həmin dövrün hadisələrindən Şah İsmayıl qalib çıxdı, hakimiyyət uğrunda mübarizə aparan başqa bütün qüvvələrə qalib gəldi? Bu Şah İsmayılın hakimiyyət fəlsəfəsi ilə bağlı olmuşdur. Bura türklərdən ordu təşkil etmək, türk dilini dövlət dili kimi istifadə etmək, türk dilli ədəbiyyatı və türk mədəniyyətini inkişaf etdirmək və şiəliyi dövlət dini səviyyəsinə qaldırmaq və s. aiddir. Bu paradiqmaların hər hansı biri olmasaydı, Şah İsmayıl ya məqsdinə çatmazdı, ya da yaratdığı imperiya başqa kefiyyətdə olardı.
Fazil Mustafa yanlış olaraq şiəliklə farslıq arasında bərabərlik işarəsi qoyur. Əvvəla, şiəlik Ərəbistanda ərəblər tərəfindən yaradılmış və sonra digər islam ölkələrinə yayılmışdır. Bu gün dünyada 10 milyona yaxın fars, 300 milyondan artıq şiə vardır. Şiələrin içərisində əfqanlar, hindlilər, ərəblər, Avropanın yeni müsəlmanları, Afrika zənciləri də vardır. Buna paralel, farsların digər təriqətlərə, o cümlədən atəşpərəstliyə tapınmasını nəzərə alsaq, şiəliyin farslıqla bərabərləşdirilməsinin yanlış olduğu aydın olur. Amma etraf etmək lazımdır ki, farslar şiəliyin beyni rolunu öz üzərlərinə götürüblər. Bunun günahı isə farslarda yox, şiəliyə sahib çıxmayanlardadır.
Beləliklə, qısa təhlidən aydın olur ki, hər bir tarixi nəzəriyyə eyni bir tarixi hadisədən fərqli əqli nəticələr çıxarmağa imkan verir. Bu zaman tədqiqatçının konkret baxış seçməyi onun ruhu ilə bağlıdır. Çıxardığı nəticələr isə daxili sofistinin işidir. Səfəvi tarixini dini təriqətçilik baxışından təhlil edən Fazil bəy məhz buna görə də, cəmiyyətdə şok effekti yaradan nəticələrə gəlib çıxır. Fazil Mustafa çox böyük ustalıqla Azərbaycan tarixinə məzhəbçilik aspektindən yanaşdıqda - digər nəzəriyyələrlə baxdıqda, çıxarılan nəticələrdən yüz faiz əkslik təşkil edən nəticələr çıxarır. Tarixə baxışın tarixçinin subyektiv kimliyindən asılı olmasına görə, Dekart belə hesab edirdi ki, “Tarix bir tabutdur, onu hansı divara istəsən söykəmək olar”. Buradan da, “Fazil bəy Azərbaycan dövlətçilik tarixini hansı divara söykəməyə cəhd etmişdir?”sualı meydana çıxır. Bəri başdan deyim ki, bu divar, çox təəssüf ki, bizə yox, başqalarına aid divardır...
Şah İsmayılın tarixinə qiymət verərkən, belə bir suala cavab vermək lazım gəlir: Eyni tarixi vəzifəni - yeni bir türk imperiyasını yaratmaq şiəliksiz mümkün idimi? Əgər Şah İsmayılın rəqiblərinin məğlubiyyətini araşdırsaq, görərik ki, onlar Şah İsmayıldan fərqli olaraq sünni təriqətində olmuş və türklərə istinad etməmişlər. Buna görə də məğlub olmuşlar. Çünki şiəlikdə olan inqilabi ruh sünnilikdə yoxdur, türklərdə olan cəsarət və döyüşkənlik ruhu heç bir xalqda olmamışdır. Şah İsmayıl bu iki ruhu düzgün əlaqələndirməklə, dünya tarixində Toyinbinin “şiə inqilabı” adlandırdığı inqilabı edə bilmişdir. 
Şiəlik öz tarixində üç inqilaba ruh versə də, sünnilik heç bir inqilabi hərakata səbəb ola bilməmişdir. Türklər onlarla imperiya yaradıb, insanlıq tarixinə yön verdikləri halda, bir çox xalqlar dövlət belə yarada bilməmişlər.
Mən şiəliyin Azərbaycan imperiya tarixində rolu haqqında bundan əvvəl yazdıqlarıma nəsə əlavə etmək istəmirəm. Şah İsmayıl Sultan Səlimin yazdığı və Fazil bəyin iqtibas etdiyi “Ərdəbil oğlu deyilən fitnəkar, Allahsız, kafir, İslama qarşı hörmətsizliyi sübuta yetirilmiş, bütün alim və şeyxlərin kafir elan edib qətlinə fətva vermiş” bir hökmdar olmayıb və Fazil Mustafanın dediyi kimi, şiəlik “xəstə dini görüşü” deyil. Bunu şiəliyin dövlət quruculuğunda böyük nailiyyətlərə yol açması sübut edir. Bu günkü İranın bütün dünyaya meydan oxuması da “xəstə dini görüş”adlandırılan bu görüşlə bağlıdır.
Əvvala, Qurani-Kərim bütün təriqətləri, o cümlədən şiəliyi və sünniliyi əyri yollar adlandırıb. İkincisi, əqidəyə görə ayrılmış müsəlmanlarin bir-biri ilə hörmətlə və uyum içində olmalarını əmr edir. Quranda hətta bütpərəstlərin bütlərini təhqir etmək qadağan olunur. Belə ki, Quranda buyrulur: “Siz onların bütlərini söyməyin ki, onlar da nadanlıq üzündən Sizin Allahınızı söyməsinlər”. Təəssüf ki, çoxlu dini kitablar yazmış Fazil bəy şiəliklə bağlı təhqir və nifrətini açıq ifadə etməklə, opponentlərini də bu yola təşviq edir ki, bu da XXI əsrin birinci yarısında məzhəbçiliyin baş qaldırmasına xidmət edir. Şah İsmayıl haqqında hədyan yazan, öz atasını və oğlunu qətl edən, 40 min ələvini qılıncdan keçirən və Anadoluda məskunlaşmış qeyri-sünni təriqətində olan yüz minlərlə türkün (Fazil bəyə görə “Yeni türklərin”??) Azrəbaycana mühacir etməsinə səbəb olan bir türk sultanının fikirləri Şah İsmayıla münasibətdə qaynaq götürülə bilərmi?!Türkiyədə Sultan Səlimin adının bir körpüyə verilməsi ilə bağlı yaranmış ictimai narazılıq o tarixə baxışda hamının Fazil Mustafa kimi düşünmədiyini sübut edir. Mən burda Osmanlı padşahlarının atdığı addımların qardaş türklərə qarşı silah kimi istifadə edilməsinin qəti əleyhinə olduğuma görə, Şah İsmayıl dönəmində baş verənlərin də Səfəvilərə qarşı istifadə edilməsinin qəti əleyhinəyəm. Sultan Səlim də, Şah İsmayıl da öz tarixinin övladları idilər və həmin dövrdə bütün dünyada mövcud olan siyasi şərtlərə və ənənlərə tabe idilər.
Məncə, İslam tarixində məzhəbçilik savaşları süni surətdə şişirdilir, bununla da qəsdən İslamdaxili konfliktlər dərinləşdirilir. Avropa tarixində katolik, protestant, lüteran, provaslav təriqətləri arasında baş verənlərin yanında avropalıların təhriki ilə baş verən şiə və sünni qarşıdurması əhəmiyyətsizdir.
Parisdə bir gecədə 100 000 quttenanq qılıncdan keçirilmişdir. Katoliklərlə protestantlar arasında milyonlarla insanın məhvinə səbəb olan məhzəb davaları son illərədək alovlanırdı. Yekaterinanın vaxtında molakanlar qırılmış, qalanlar isə bir nəfər kimi müsəlman Azərbaycanına köçürülmüşdür. İslam tarixində sünni-şiə qarşıdurmasında təkcə Parisdə «Vorfolomey» gecəsi adlanan bir gecədəki hadisədən az itki verilmişdir. Amma, nədənsə, heç kəs katolik-protestant qarşıdurmasından Avropa tarixinə baxmır. Fazil bəy isə Azərbaycan tarixinə şiə-sünni qarşıdurmasından baxır və nə yazıq ki, yanlış nəticələr çıxarır.
Müasir dövrdə yenidən şiə-sünni fərqliliklərindən istifadə edib, Azərbaycan tarixi haqqında söz demək, elmdən uzaq olması bir tərəfə, dindən də uzaq olmağı sübut edir. Zatən, məzhəb davası salanlar həmişə məzhəblərdən birinin təəssübkeşi kimi çıxış edənlər olmuşdur. Mənim üçün türk türk, insan insandır. Onun şiə və sünni olması onunla Allahı arasındakı məsələdir, bizim aramızdakı məsələ deyil!
Əgər, Şah İsmayıl və Fazil Mustafanın ehtimal etdiyi variant olmasaydı, onda üçüncü variant kimi nə olardı? Azərbaycan ya bir fars, ya ərəb, ya erməni, ya rus dövlətinin bir hissəsi olardı və Azərbaycan türkləri ikinci dərəcəli millət səviyyəsinə enərək dlindən, dinindən, etnik kimliyindən məhrum olardı. Tarixin alternativliyinə görə, hətta elə hadisələr olardı ki, Azərbaycan türkləri bir etnos kimi (latınlara oxşar) yer üzündən silinər və ya öz ərazilərindən çıxarılaraq (qaraçılar və ya Səlimin vaxtındakı yeni türklər, eləcə də sovet dönəmindəki deportasiya olunmuş xalqlar kimi) dünyaya səpələnərdi, onda nə Rəsulzadə, nə Əbülfəz Elçibəy, nə hörmətli Fazil bəy, nə də mən olardim. Bu da bir alternativ olardı.

AZƏRBAYCAN TARİXİ İLƏ BAĞLI BƏZİ SOFİZMLƏR

Tarix mücərrəd təcrübə olduğundan, tarixi həqiqətlər haqqında insanlar nəzər, güman və ehtimaldan çıxış etməyə məcburdur. Hansı ki, Qurani-Kərimdə Allah-təala bizi xəbərdar etmişdir: “Gümanların bəziləri düz, bəziləri səhvdir”. Fazil Mustafa da öz müsahibəsində məhz belə bir gümana söykənərək yazır: “Səfəviliyin ilkin mənbəyi Büveyhoğullarının ideoloji görüşləri ilə əlaqələndirilməlidir”. Buradan sual doğur. Nə üçün mütləq biz Səfəviliyin ilkin mənbəyini Büveyhoğullarının ideoloji görüşləri ilə əlaqələndirməliyik? Nə deməkdir, ideoloji görüş? “Səfəvilik” dedikdə, Fazil bəy nəyi nəzrdə tutur? Bir dini ideologiya kimi “qızılbaşlığı”, bir siyasi idelogiya kimi Səfəvi imeriyasını meydana çıxaran siyasi dünyagörüşünü, yoxsa Azərbaycan tarixinin sonrakı istiqamətini müəyyən edən və Əfşarları və Qacarları meydana çıxaran Azərbaycan türklərinin dövlətçilik təcrübəsini?
Bu bir faktdır ki, yanlış yolla düz məqsədə getmək mümkün deyildir.
Azərbaycan Səfəvilər tarixinə istənilən məzhəbçi baxış, o cümlədən məzhəbçi baxış səfəvilər haqqında olduqca yanlış və Azərbaycan xalqı və dövləti üçün arzuedilməz nəticələr çıxarmasına səbəb olmuşdur. Buradan belə bir sual meydana çıxır. Fazil bəy bir siyasətçi, millət vəkili kimi Azərbaycan orta əsr tarixinə nə üçün diqqət edir, məqsədi nədir? O, Şah İsmayıl tarixini dəyərləndirərkən, hansı arqumentləri rəhbər tutub? F.Musatafa yazır: “Əslində, cəmiyyətin axtardığı və çox zaman da tapdığı tarix deyil, bu gün bütün cəmiyyəti birləşdirməyə uyğun gələn mifdir. Azərbaycan türkləri üçün birləşdirici mif məhz Dədə Qorqud mifi və Dədə Qorqud mədəniyyətidir... Məşhur ingilis tarixçisi Karra görə, tarixçinin vəzifəsi keçmişi sevmək və ya özünü keçmişdən xilas etmək deyil, bu günü anlamanın açarı olaraq onun üzərində çalışmaq və anlamaqdır. Bir qisim insanlar bu açarı itirdiyinə görə, tarixə ağlı ilə yox, xəyalları ilə üz tutmağa üstünlük verir və lazımsız təhriflərlə insanları doğru düşüncədən uzaqlaşdırırlar”. Bu iki sitatı müqayisə edək: Fazil bəy öz müsahibəsində bir tərəfdən qeyd edir ki, “cəmiyyətin axtardığı və çox zaman da tapdığı tarix deyil, bu gün bütün cəmiyyəti birləşdirməyə uyğun gələn mifdir”, digər tərəfdən Karradan sitat gətirir ki, “tarixçinin vəzifəsi keçmişi sevmək və ya özünü keçmişdən xilas etmək deyil, bu günü anlamanın açarı olaraq onun üzərində çalışmaq və anlamaqdır. Bir qisim insanlar bu açarı itirdiyinə görə, tarixə ağlı ilə yox, xəyalları ilə üz tutmağa üstünlük verir və lazımsız təhriflərlə insanları doğru düşüncədən uzaqlaşdırırlar”. Beləliklə, məlum olur ki, Fazil Musatafa Şah İsmayılın tarixindən mif düzəldə bilmədiyindən, ondan imtina etməyi və Dədə Qorqud mifinə üz tutmağı məsləhət bilir. Və özünün yanlış düşüncələri ilə insanlarımızı öz doğma tarixi ilə bağlı doğru düşüncədən uzaqlaşdırır. Təkcə bu fikir sübut edir ki, Fazil bəy Karranın dediyi kimi, bu günü anlamanın açarını itirdiyinə görə, tarixə ağlı ilə yox, öz məzhəbçi xəyalları ilə üz tutmağa üstünlük verir və lazımsız təhriflərlə xalqımızı doğru düşüncədən uzaqlaşdırmağa cəhd edir.
Fazil Mustafa tariximizə ideoloji yanaşmasından aşağıdakı sofistik nəticələri çıxarır:

BİRİNCİ SOFİZM: “DƏDƏ QORQUD DASATANI MÜASİR DÖVLƏTÇİLİYİMİZİN AÇARIDIR”

Formula: Dədə Qorqud türk dastanıdır - Azərbaycan türk dövlətidir - Dədə Qorqud müasir Azərbaycan dövlətçiliyinin açarıdır. 
Bir nağılın və ya dastanın dövlətçiliyin əsasında durması dünya politologiyasında analoqu olmayan bir haldır. Fazil bəyə görə, müasir dövrümüzün açarı Dədə Qorqud dastanıdır(tarixi hadisə, funksiya və fakt yox, sadəcə dastan, nağıl), onda burdan belə bir sual meydana çıxır: Dədə Qorqud dastanı necə müasir Azərbaycan xalqının birləşdirici ideya qaynağı ola, Dağlıq Qarabağın işğaldan azad edilməsində necə açar rolu oynaya və bizi düşdüyümüz total sosial-iqtisadi, mənəvi böhrandan çıxara bilər?! Və nəhayət bu dastan müasir dünya düzənində necə bizə istiqamət verə bilər?! Məlumdur ki, Dədə Qorqud dastanı türkdilli xalqların ortaq abidəsi olub, tayfa quruluşundan qəbilə quruluşuna keçid dövrünün mahiyyətini özündə təqdim edir. Əgər Dədə Qorqud müasir Azərbaycan türkləri üçün biləşdirici mifdirsə, onda bu mif tayfa birliklərinin yaradılmasına xidmət edə bilər, nəinki dövlət. Çünki bu dastan dövlətəqədərki türk ictimai həyatının tayfa-qəbilə birliyinin təşəkkülünün bədii təsvirindən ibarətdir. Əgər bu günki Azərbaycanda mövcud olan traybalizmdən yanaşsaq, yalnız o halda Fazil bəyə haqq qazandırmaq olar. Çünki Müasir Azərbaycan dövlətində inkişaf etmiş tarixi ruh Dədə Qorqudda olan traybalik ruhdur. Amma biz Azərbaycanı azad, demokratik, hüquqi, sosial hər cür dövlətçilik qüsurlarından, o cümlədən korrupsiya və mafiyalaşmadan uzaq milli bir dövlət kimi görmək istədiyimizə görə, Fazil bəydən fərqli olaraq Şah İsmayılı və onun dövlətçilik baxışını “bu günü anlamanın açarı olaraq” görürük. Şah İsmayılın dövlət maraqlarını rüşvət müqabilində Bağdad xəlifəsinə satan Şeyxülislamın edamı ilə bağlı dediyi “rüşvət də rüşvətxorla birlikdə edam edilməlidir” fikri əslində Azərbaycanda çiçəklənən korrupsiya probleminin həllində doğru açardır, hansı ki, müasir dövrdə korrupsiyaya yox, yalnız bəzi sədaqətsiz rüşvətxorlara qarşı mübarizə aparılır, sədaqəti korrupsionerlər isə dövlət mükafatları ilə mükafatlandırılır. Bu gün ərazisinin 20 faizini itirmiş Azərbaycan üçün başı əyləncəyə qarışdığı üçün ailəsi əsir düşmüş, evi yağmalanmış “Qazan xan” obrazı bu günü anlamanın açarı ola bilər, yoxsa boş yerdə bir milyon kvadrat kilometrdən böyük ərazidə 14 dövləti biləşdirən dövlət yaradan bir ruh? Kim açar ola bilər? Bir siyasətçi, diplomat, dövlət adamı kimi Şah İsmayıl, yoxsa bir mifik aşıq obrazı? Sovet dönəmində bizə “şair xalq” deyirdilər, ona görə günümüzün bütün açarları da elə şairlər və aşıqlar idi. Erməni topraqlarımızı tutur, tarximizi saxtalaşdırır, mədəniyyətimizi mənimsəyir, biz isə gözəl-gözəl şerlərlə və yanıqlı-yanıqlı Qarabağ şikəstəsi oxumaqla Qarabağın şikəstliyini yad edirik. Nə üçün 500 il əvvəl bir Azərbaycan türkünün yaratdığı bir imperiya müasir Azərbaycan türkünə qürur qaynağı ola bilmir, nə üçün döğmalarımızı özümüzə yadlaşdırmağa cəhd edirk, nə üçün turk oğlu türk olan Şah İsmayılı, Şah Qacarı farsın, kürdün qabağına atmağa çalışırıq? Budur türkçülük anlayışı? Əgər bu türkçülükdürsə, bəs onda panfarsizm nədir? Farslar, ermənilər və eləcə də digər xalqlar tarixdə yaxşı nə varsa, özəlləşdirməyə cəhd etməsinin əksinə, biz tariximizdə yüksəlişimizə xidmət edən hər şeydən imtina edib, onu başqalarının ayağına yazmağa cəhd edirik. Doğrudanmı, bu yolla biz biz ola bilərik? Nəyin xətrinə biz özümüzə düşmən kəsilirik? Kim bizi özümüzə xəyanət etməyə məcbur edir? Düşmənimiz azdırmı ki, biz özümüz özümüzə düşmən kəsilirik?! Nə faxta qədər fərdi maraqlarımızı ictimai maraqlarımızın hesabına təmin edəcəyik?!

İKİNCİ SOFİZM: “ŞAH İSMAYIL KÜRDDÜR”

FORMULA: ibn Kürdi kürddür, ibn Kürdi Şah İsmayılın ulu babalarının birinin şəcərəsində yer alır - Şah İsmayıl kürddür.
Şah İsmayılın etnogenezi ilə bağlı uydurmalar Azərbaycan dövlətçilik tarixinə ən ciddi qəsdlərdən biridir. Şah İsmayılın səlanaməçiləri və qonşu xalqların tarixindən, eləcə də Şah İsmayılın bədii yaradıcılığından görünür ki, o, türk oğlu türkdür, həm də Azərbaycan aborigeni olan türkdür. 
Fazil bəy öz müsahibəsində Şah İsmayılın şəcərəsini şübhə altına alır. O yazır: “Səfəvilik etnik hakimiyyət mirasçısı olaraq Osmanlıların istinad etdiyi Qayıların alternativi sayılan Oğuz Xanın hakimiyyət varisi kimi təqdim olunan Bayandırlılar mifi üzərindən qurulmuş... Eyni addımları Osmanoğulları da atmış və həm dini, həm etnik, həm də xristian dünyasına bağlılıq barədə şəcərələr düzüb-qoşmuşlar”. Səfəvilərin xristian dünyası ilə bağlılığına dair tarixi fakt yoxdur. Amma Osmanlı sultanlarının bəzilərinin ya analarının, ya arvadlarının xristian olması tarixi faktdır. Buradan sual meydana çıxır. Əgər iki nəhəng türk sülaləsi eyni üsulla hakimiyyət varisliyinə yiyələnibsə, onda nə üçün birinə rəğbət, digərinə nifrət etməliyik? Səbəb nədir?
Fazil Mustafa müsahibəsində jurnalistin “deyirlər Şah İsmayıl kürd olub” sualına o qədər dolaşıq cavab verib ki, bu Şah İsmayılın kürd olduğunu təsdiq etməyə bərabərdir. Kim Şah İsmayılın kürd olduğunu deyib? Nə xarici ədəbiyyatda, nə Azərbaycan ədəbiyyatında belə bir fikir olmayıb. Bəs onda Şah İsmayıl tarixinin “bilicisi” olan Fazil bəy nə üçün “bu yalandır” deyə bilmir?! Məzhəbçilik nifrəti nə qədər güclü ola bilər ki, əhli-sünnə türkünə uzun illər düşmənçilik edən kürdün tariximizə əl uzatmasına susasan?
Şah İsmayılın kürd olması Osmanlı təəssübkeşlərinin uydurmasıdır. Bunun aşağıdakı “əsasları” vardır.

***
Şah İsmayılın “kürd” olması Osmanlı təəssübkeşlərinin uydurmasıdır. Bunun aşağıdakı “əsasları” vardır.
1.Türkiyədə Səfəvi düşmənlərinin uydurduğu belə bir şayiə vardır ki, guya Şah İsmayılın ulu babalarının birini şəcərəsində ibn Kürdi adı keçmişdir. Əvvəla, ibn Kürdi kürd millətindən olan bir şəxs olmaya, sadəcə kürd sözünə oxşar söz də ola bilər.
İkincisi, Şah İsmayılın hər hansı bir ulu babasının şəcərəsindəki bir şəxsin kürd olmasının Şah İsmayılla nə kimi əlaqəsi ola bilər?! 
Üçüncüsü, Şah İsmayılın hansı babasından söhbət getdiyi göstərilmir, bu, yalnız şayiəyə əsaslanır. Konkret fakt yoxdur.
Dördüncüsü, eyni analogoiya ilə Nizami Gəncəvinin də “kürd” olması ilə bağlı deyilən fikirlərə aydınlıq gətirən Həmid Araslı yazırdı ki, “Kürd” və “Qurd” sözləri ərəb dilində eyni cür yazıldığından, Nizaminin “mən qurd oğluyam” misrası həm də “mən kürd oğluyam” kimi oxunur. Məlumdur ki, Səfəvi sülaləsi ilə Qacarlar qan qohumudur. Buna görə, ola bilsin, Şah İsmayılın da hansısa babası ibn Qacar olub, Qacarların künyəsi olan “qacar” sözü qədim türk sözü olan “qəcər” sözündən, yəni “qurd” sözündən götürülmüşdür. Buradan da Şah İsmayılın ulu babalarından biri ibn Qacar olubsa, onun ərəb dilinə tərcüməsi “Qurd oğlu” ola bilərdi ki, bunun da kürdlərlə heç bir əlaqəsi yoxdur.
Hətta ulu babalarından hansısa birinin kürd olması belə, Şah İsmayılın türk olmasına kölgə sala bilməz. Münşinin nəsil şəcərəsi sübut edir ki, Şah İsmayılın Şəcərəsində ibn Kürdi adında insan olmayıb. Bu da konkret tarixi faktdır.
2. Əvvəl Ağqoyunlu və Səfəvi topraqları, sonra Osmanlı torpağı olan Diyarbəkirlə Səfəvi xanədanının əlaqələrinə görə belə şayiələr uydurulur. Məlumdur ki, müasir dövrdə bu ərazidə kürdlər konsentrasiya olunub. Amma orta əsrlərdə bu ərazidə kürdlər türklərin arasında yaşayan kiçik etnik qrup olub. Şah İsmayılın “kürd” olması əfsanəsi yuxarıda qeyd etdiyim ulu babasının - dövrün hakiminin Azərbaycanı tərk etməsi tələb olunandan sonra Diyarbəkirə -Ağqoyunlu hökmdarının yanına getməsi olmuşdur. Əvvala, Diyarbəkir bu gün iddia edildiyi kimi, kürdlərin toprağı yox, Ağqoyunlu hökmdarlarının paytaxtı idi. İkincisi, Şah İsmayılın ulu babası Diyarbəkirə mühacirət etməyə məcbur olmuşdur, nə orda doğulmuş, nə də orda böyümüşdür. Qısa müddətdən sonra yenidən Ərdəbilə qayıtmışdır. Şah İsmayılın türk oğlu türk olduğunu onun Diyarbəkiri fəth etməsi hadisəsi sübut edir. Tarixdən məlumdur ki, 1507-ci illərdə Sultan Murad Mərəş və Əlbostan hakimi Əlaüddövlə Zülqədər birləşərək Ağqoyunlu mülklərinə hücüm etmişlər. Münşi yazır: “Onlar 1507-ci ildə fəth ayəli bayraqlarını Azərbaycana tərəf qaldırdılar”. Buna səbəb Şah İsmayıl Diyarbəkiri fəth etdikdən sonra kürdlərin baş qaldırması olmuşdur. Belə ki, Şah oranın hakimliyini türk Xanməhəmməd Ustaşlıya vermişdir. Münşi yazır: “O yerlərin kürdləri qızılbaş ordusuna qarşı çox əliuzunluq etdilər, buna görə də Xanməhəmməd onların üzərinə yollandı və Kuhi-Durnabad adlanan ərazidə kürdlərlə qızılbaşlar arasında üç gün davam edən qanlı müharibə oldu, bu müharibədə kürdlərdən yeddi min nəfər qətl olundu və Xanməhəmməd kürdlərlə döyüşdən qalib çıxaraq geri qaytdı”. Şah İsmayılın kürd olması ilə bağlı düzəldilən hədyanlara bundan yaxşı cavabı yoxdur. Göründüyü kimi, Şah İsmayıl nəinki kürd olub, o, hətta Diyarbəkiri kürdlərdən azad edən, onların hücümlarını dəf edən şanlı bir türk oğlu türk olub.
Təəssüf ki, müsahibə alan jurnalist Şah İsmayılın “kürd” olması ilə bağlı məlumatı hardan əldə etməsini deməsinə baxmayaraq, türk tarixinin bilicisi və təəssübkeşi kimi görünmək istəyən Fazil Mustafa da Şah İsmayılın kürd yox, türk olduğunu, buna görə kürdlərin ona müharibə açdığını, onun isə kürdləri darmadağın etdiyini deməkdən yayınır. Bizim tariximizi tarixi olmayanların oğurlamasına susmağımız bizi də oğru vəziyyətinə salır.

ÜÇÜNCÜ SOFİZM: “SƏFƏVİLƏR FARS SÜLALƏSİDİR” 

FORMULA: “Səfəvilər İran coğrafiyası da daxil olmaqla, böyük bir ərazidə hökm etmişlər, bəzi fars dövlətləri də İran coğrafiyasında yaranıb, Səfəvilər İran dövlətidir, İran dövlətini fars etnosu yaradıb, Səfəvilər farsdır”.
Fazil Mustafa bir tərəfdən Şah İsmayılı İran şahı, farslara xidmət edən bir hökmdar kimi ittiham edir, digər tərəfdən, Əhməd bəy Ağaoğlundan sitat gətirir: “Bu ailə İranın fikir və hissi qaynağını qurutdu. Səfəvilər zamanında İran artıq keçmiş şairlər və mütəfəkkirlərə nəinki yaxınlaşan, hətta xatırlanması mümkün olmayan bir şair və mütəfəkkir yetişdirə bilmir. Səfəvilər Şərq və bilavasitə Türk tarixi üzərinə dərin və fəlakətli təsirlər göstərməyi bacardılar”. 
Məmmədəmin Rəsulzadə yazır ki, Səfəvilər türk idilər, sarayda türkcə danışılırdı. Burada yəqin ki, “İran” sözü “fars” sözünə sinonim kimi işlənir. Dogrudan da, Şah İsmayıl Azərbaycan türkcəsini dövlət dili elan etməklə, türk mədəniyyətini himayə etməklə İranın - farsın Firdovsidən bu tərəfə türk-turan düşmənçiliyinə xidmət edən “fikir və hissi qaynağını” qurutmuşdur. Və farslar həqiqətən Şah İsmayılın hakimiyyətindən sonra “keçmiş şairlər və mütəfəkkirlərə nəinki yaxınlaşan, hətta xatırlanması mümkün olmayan bir şair və mütəfəkkir yetişdirə bilməmişdir” və buna cəsarət belə edə bilməmişlər. Buradan sual meydana çıxır. Özünü millətçi hesab edənlər bundan niyə narahat olub, görəsən?!
Şah İsmayılın xalqımızın qarşısında tarixi xidməti nədən ibarət olub? F.Mustafa yazır: “Kimlərsə mif uydurub ki, Azərbaycanı Şah İsmayıl birləşdirdi və əzbərlədiyi mətnləri dəyişə bilməyən kütləni də bu mif üzərindən xəstələndirməyə çalışıblar. Kimi birləşdirdi, nəyi birləşdirdi? Azərbaycanı məhz o zamandan elə ayırıblar ki, əgər Məhəmmədəmin Rəsulzadə və məsləkdaşlarının çevik zəkası olmasaydı, modern dövlət quraraq İrançı xəstəlikdən qurtula bilməyəcəkdik...”.
Əslində Fazil bəy dünya tarixi üçün xas olan bir xəstəliyə tutulduğunun fərqində deyil, onu məzhəbçilik təəssübkeşliyi elə çaşdırıb ki, tarixə sağlam məntiqlə yanaşa bilmir. Həqiqətən dünya tarxində bu günə kimi cavabı verilməmiş bir tapmaca vardır, hansı ki, həmin tapmacanın cavabı tapılmadığından, məntiqi xəstəlik - irançılıq xəstəliyini meydana çıxarmışdır. Bu xəstəliyin səbəbləri aşağıdakılardır:
Birinci səbəb, tarix elminin qaynaqları ilə bağlıdır. Məlumdur ki, müasir tarix elmi öz qaynağını Herodot, Strabon və digər antik yunan tarixçilərindən götürmüş və orta əsr Qərb fəlsəfi fikrinin təsiri altında formalaşmışdır. Avropa ictimai fikri yunan-roma mədəniyyətinin üzərində təşəkkül tapdığından, Avropa mütəfəkkirləri tarixə Əhməni-Persiya (Dara)-Yunan (İsgəndər) tandenmindən baxmış, Uzaq Şərqi, Orta Asiyanı, Yaxın Şərqi və Hindistanı “Persiya” kimi qavramışlar. Bunun klassik nümunəsi Hegelin “Tarixin fəsəfəsi” əsərindən görünür. Hegel bu əsərində dünya tarixini iki yerə - Persiya və yunan tarixinə bölür və bu zaman Osmanlılar və Səfəvilər hətta Moğollar da daxil olmaqla, Uzaq və Yaxın Şərqdə mövcud olmuş bütün dövlətləri Persiya tarixinə aid edir. Eləcə də Avropa və Qərb dövlətlərinin tarixini yunan tarixi konteksindən şərh edir. Hegelin şərhindən görünür ki, o, Persiya ilə İran dövləti anlayışlarını eyniləşdirmir. Çox-çox sonralar bəzi tədqiqatçılar “Persiya” ilə “İran” anlayışı arasında bərabərlik işarəsi qoyaraq, tarixi anlamaqda ciddi problemlər yaratmışlar. Bu sovet və çar rus tarixçiliyi üçün ənənəvi hal almışdır.
İkinci səbəb, “İran” anlayışının ikili mənada - coğrafi toponim və siyasi vahid kimi işlədilməsi ilə bağlıdır.
“İran” anlayışı dünya tarixçiliyində, eləcə də Azərbaycan tarix elmində ən çaşdırıcı məfhumladan biridir. Məlumdur ki, İran, Turan, Azərbaycan və s. coğrafi toponimlərdir. İran adında dövlət 1922-ci ildə tarix səhnəsinə çıxıb və bu vaxta kimi dünya tarixində “İran” adı daşıyan dövlət olmayıb. Tarix boyu İran coğrafiyası da daxil olmaqla, bu ərazidə meydana çıxan istənilən dövlət İran coğrafiyasından kənar coğrafiyaları da əhatə etmişdir.
Üçüncüsü, İran coğrafiyası ilə fars etnosunun eyniləşdirilməsidir. Bir çox tədqiqatçılar İran coğrafiyasının aborigenlərinin yalnız farslardan ibarət olduğunu düşünür və bu iki anlayış arasında eyniləşdirmə aparırlar. Halbuki, necə ki, Azərbaycan coğrafiyasında Azərbaycan türkləri ilə yanaşı, aborigen olan başqa etnik qruplar, məsələn, talışlar mövcud olmuşdur, eləcə də İran coğrafiyasında farslarla yanaşı, başqa aborigen xalqlar, o cümlədən türklər, məsələn, Qaşqay türkləri minillər boyu məskunlaşmışdır. Buradan da İran coğrafiyasının tarixinin fars xalqının tarixi kimi idrak edilməsi bu coğrafiyada yaşayan fars olmayan xalqların tarixinin təhrif olunmasına səbəb olumuşdur.
Bütün bunlar nəzərə alınmadıqda, İran coğrafiyasını qismən və ya tamamilə öz sərhədlərinə almış bütün dövlətlər “İran dövləti”, bu dövlətlərin əsas xalqı “fars”, mədəniyyəti “fars mədəniyyəti” kimi qəbul edilir. Hətta İran bir siyasi anlayış mənası almadığı dövrlərdə yaranan və İran coğrafiyasını ya qismən, ya tamamilə öz sərhədlərinə qatan qeyri-farsların -türklərin, ərəblərin, lohorların, hindlilərin və başqalarının yaratdığı bütün dövlətlər də ümumi şəkildə İran dövləti adlanır.
Buradan da, çox ustalıqla tarixi saxtalaşdıranlar iki yol seçir.
1. İran da daxil olmaqla, müxtəlif coğrafiyada yaranan dövlətlərmizin hamısını “İran dövləti” kimi təqdim edirlər. O cümlədən Səlcuqlar, Səfəvilər, Əfşarlar, Qacariyyə və s. dünya tarix elmində İran dövlətləri kimi tanınıblar. 
2. “İran dövləti” dedikdə, bunu “fars dövləti” kimi təqdim edirlər . Halbuki, İran da daxil olmaqla, bu coğrafiyada yaranmış və “İran” adlanan dövlətlər Orta Asiya, Ərəbistan, Azərbaycan, Qafqaz, hətta Balkanlar da daxil olmaqla, nəhəng və dəyişkən əraziləri özündə birləşdirib. Buna görə də Fazil bəy də Səfəvi, Qacar türk dövlətlərini “fars dövləti” kimi tanımağa cəhd edir. Halbuki, İran coğrafiyasında farslardan başqa etnoslar - ərəblər, türklər, əfqanlar, lahorlar və s. məskunlaşıb. Müasir İran dövlətinin ertnk əsasını - etnik çoxunluğunu Azərbaycan türkünün təşkil etməsinə, Azərbaycan coğrafiyasının böyük bir qisminin bu dövlətin sərhədlərində olmasına və müasir İran dövlətinin türk sülalə dövlətlərinin əsasında təşəkkül tapmasına baxmayaraq, tarixə birtərəfli mədəni baxışdan baxanlar bu dövləti “fars dövləti” kimi qəbul edir. Hansı ki, yuxarıda şərh etdik ki, tarixə birtərəfli baxış özündə əsl həqiqəti ifadə etmir. Təəssüf ki, bəzi Azərbaycan və Türkiyə tarxçiləri də bu çaşqınlıqdan xilas ola bilməyiblər. Əgər düşmənlərimiz bunu tariximizə qəsd kimi düşünülmüş şəkildə belə ediblərsə, türk mənşəli tarixçilər sadəcə onlara istinad edərək irançılıq xəstəliyinə tutulublar.

DÖRDÜNCÜ SOFİZM: “SƏFƏVİ DÖVLƏTİ İRAN DÖVLƏTİDİR”

FORMULA: “Səfəvilər Azərbaycan coğrafiyasında təşəkkül tapıb, Azərbaycan coğrafiyası bəzi tarixlərdə İran dövlətinin ərazisinə qatılıb, Səfəvilər İran dövlətidir”. 
Yuxarıda Şah İsmayılın və onun babalarının siyasi hərakatının məhz Azərbaycan coğrafiyası, bu coğrafiyanın türk xaqı ilə bağlı olduğunu, hətta Şah İsmayılın hakmiyyətdən qabaq “Azərbaycan taxtına oturmaq” istədiyini yazmışdıq. Amma, nədənsə, Səfəvi sülaləsinin məhz Azərbaycan taxtında meydana çıxması, yəni bu sülalənin Azərbaycan dövləti yaratması etiraf edilmir. Niyə?
“İran” kimi “Azərbaycan” da dünya tarixinin tapmacalarındandır. “Azərbaycan” sözünün həm coğrafi, həm dövlət adı, son illər həm də xalq adı kimi işlədilməsi bizim rəqiblərimzə imkan verib ki, “İran” anlayışının əksinə “Azərbaycan” anlayışını Azərbaycan türklərinin əleyhinə interpretasiya etsinlər. Bu istiqamətdə aşağıdakı cəhdlər edilir:
1. Birincisi, Azərbaycan türkü etnogezində iştirak edən müxtəlif tayfaları onların tarixi adları ilə və ya məskunlaşdıqları ayrı-ayrı coğafi toponimlərə uyğun adlandırılaraq, parçalanmışdır. Bunun nəticəsində Azərbaycan türkünün sayı təhrif olunmuşdur. Məsələn, sovet etnoqrafiya elmində Əfşarlar, Qacarlar, Qaradağlılar, Qaşqaylar və s. digər Azərbaycan xalqının etnogenezini təşkil edən tayfalar kimi yox, ayrı-ayrı etnik vahidlər kimi göstərilir və düşünülmüş şəkildə dünyada Azərbaycan türkünün sayı az göstərilirdi. Bunun əsasında isə etnik tarixmiz təhrif olunmuşdur.
2. İkincisi, Azərbaycan dövləti ilə Azərbaycan coğrafiyasının eyniləşdirilməsi ona gətirib çıxarıb ki, İran dövləti sərhədlərində qalan Azərbaycan ərazisi də toponimlər dəyişdirilməklə İran coğrafiyasına qatılıb. Müasir İran dövlətinin etnik əsasını təşkil edən Azərbaycan türkləri azlıq kimi qəbul edilib. Azərbaycan türklərinin yaratdığı bütün dövlətlər İran dövləti, yaratdıqları mədəniyyət fars mədəniyyəti və hətta dilimiz də fars dilinin bir ləhcəsi kimi qəbul edilib. Hətta müasir dövrdə belə, qardaş Türkiyədə çox az adam bilir ki, müasir İran dövləti tarixi türk dövlətlərinin ərazisində yaranıb və İran mədəniyyəti rəsmi dövlət dili və bədii dil istisna olmaqla, türk mədəniyyətidir.
3. Dil faktorunun qabardılması ilə Azərbaycan türkünün siyasi-tarixi mövcudluğunun inkar edilməsi. Məlumdur ki, böyük Azərbaycan türk şairləri daha cox orta əsrlərdə fars, ərəb dilində şeirlər yazmışlar. Tarixdə bir xalqın öz ədəbiyyatını başqa bir dildə yaratmasının çoxlu nümunləri vardır. Məsələn, Tolstoyun “Hərb və sülh”ünü fransızca-rusca lügət olmadan başa düşmək mümkün deyil. Çünki fransız dili Çar Rusiyasının saray dili idi. Eləcə də sovet dönəmində dövlət dilinin Azərbaycan dili olmasına baxmayaraq, bizdə rus dilli ədəbiyyat yaranmışdır. Rəsulzadə yuxarıda adını çəkdiyimiz məqaləsində yazır: “İran üdəbasının Şərq aləmində, xüsusilə cahani-islamdakı mövqeyi-büləndləri dəxi heç bir vaxt nəzəri-diqqət və tətəbbö'dən dur tutulmamalıdır. Firdövsilər, Mollayi Rumilər, Sə'dilər, Hafizlər yetişdirmiş olan bu məmləkət o dühati-qələmin yüksəklikləri sayəsində lisani-farsiyi ehya edərək, onu Şərqin fransızcası mövqeyinə is'ad etdirmişlərdir. (Haşiyə çıxım ki, Rəsulzadədən fərqli olaraq Aleksandr Düma “Qafqaza səfər” adlı kitabında Azərbaycan türkcəsinin bütün Qafqaz üçün fransız dilinin Avropada oynadığı rola aid etmişdir - S.C.). Bu böyük ədəbiyyatın Osmanlı ədəbiyyatına etdiyi tə'sir mə'lumdur. Bir vaxt dövləti-Osmaniyyənin mühərriratı-rəsmiyyəsi farsca olduğu kimi, Yavuz Sultan Səlimin farsca inşa etdiyi əş'arı da məşhurdur... Xülasə, Yunanıstan mədəniyyəti və Yunan qövmi Avropa aləmi-xristianisincə nə kimi bir şöhrətə sahib isə Şərq və aləmi-islamca da İran öylə bir ən'ənəyi-tarixiyyəyə malikdir”.
Əgər fars dili bütün Şərq və aləmi islamda hakim bir dil idisə, Şah İsmayılı farsçılıqda ittiham etmək irançılıq xəstəliyi deyilmi? Əslində, əsl irançılıq xəstəliyinə hörmətli dostum Fazil Mustafa tutulub. Azərbaycan türkcəsində dastan yazan Şah İsmayıl farsçı, fars dilində şer yazan Sultan Səlim, Sultan Süleyman, Məsnəfisini fars dilində yazan Rumi türkçü olub.
Şah İsmayıl Azərbaycanı biləşdiri, yoxsa Fazil bəyin iddia etdiyi kimi, Azərbaycanı elə parçalayıb ki, hələ də Azərbaycan birləşə bilməyib?! Azərbaycan nə vaxt parçalanıb? Burada aydınlaşdırmaq lazımdır. “Azərbaycan” dedikdə, nə nəzərdə tutulur? Coğrafi Azərbaycan, Azərbaycan türkü və ya Azərbaycan dövləti? Səfəvilərə qədər Azərbaycan türklərinin bu coğrafiyada öz bütün dövləti olmayıb, XII əsrdə mövcud dövlətlərdən heç biri, o cümlədən Atabəylər Azərbaycan coğrafiyasını və Azərbaycan türkünü tam əhatə etməyib. Ağqoyunlu dövləti də bütöv Azərbaycan ərazisində təşəkkül tapmayıb. Azərbaycan coğrafiyası müxtlif dövrlərdə müxtəlif dövlətlərin təkibində olub və Azərbaycan türklərinin sülalə dövlətlərində Azərbaycandan başqa digər ərazilər – Hindistan, Əfqanıstan, Ərəbistan, Qafqaz, Orta Asiya və s. olub.
Bu suala cavab vermək üçün “Şah İsmayıldan qabaq və sonrakı Azərbaycan harda olub” sualına cavab vermək lazımdır. Şah İsmayıldan qabaq onun yaratdığı imperiyanın yerində bizim eradan əvvəl 1-3 minillikdə Qərbdə Elam, Şərq hissədə İnda, bizim eradan 1500-2000 il əvvəl Orta Asiyadan gələn türklər məskunlaşıb, bizim eradan əvvəl VII minillikdə Midiya, bizim eradan əvvəl VI minillikdə Əhəmənilər (dünyanın ən böyük ərazilərinə hakim olmuş fars imperiyası), bizim eradan əvvəl 336-330 illərdə Dara İlə İsgəndərin döyüşündən sonra yunan imperiyası, (336 до н. э.—330 до н. э.) 300, bizim eranın 200-632-ci illərinədək Sasanilər, 650-ci illərdən sonra Omeydilər (şiəlik məhz bu dövlətin ərazisində inkişaf etmişdir), 750-ci illərdə Abbasilər, 821-ci illərdə Tahirilər, 861-ci ildən Saffarilər, 900-ci ildən Samanidlər və s. 977-ci ildən türk hakimiyyəti olan Qəznəvilər, 1030 illərdən Səlcuqlar, Səncərilər, Quridlər, 1231-ci ildən Monqollar, Elxanilər, Teymurilər, 1452-ci ildə Qaraqoyunlular, Ağqoyunlular, 1499—1722-ci ildən Səfəvilər, 1722-ci ildən Əfqanlar, 1732-ci ildən Əfşarlar, 1760-1779-cu illərdə Zəndilər, 1779-1921-ci ilədək Qacarlar, 1925-1979-ci ildə İran dövləti, 1979-cu ildən bu günə İran İslam Resbuplikası olunmuşdur. Bütün bu tarixi xronologiyaya baxsaq, görərik ki, Azərbaycan bir tam kimi yalnız Səfəvilərin, Əfşarların və müəyyən bir vaxtda Qacarların hakimiyyəti dövründə mövcud olmuşdur. Bəs onda nə üçün Şah İsmayılın Azərbaycanı biləşdirməsini Fazil bəy inkar edir? Sonda Fazil bəy davam edir: “Guya Qacarlar Azərbaycanı birləşdirib, mərkəzləşmiş dövlət yaradacaqdılar? Bu dövlətin Səfəvilərdən, Xomeyniçilikdən fərqi nə olacaqdı? Klerikal ruhaniyyətin başçılıq etdiyi bir məzhəb dövlətində Azərbaycan türkünün yeri harada olacaqdı?” Zatən Nadir Şah Stavropol da daxil olmaqla, bütün Qafqazı öz sərhədlərinə daxil etmişdir və Qacariyyə Şimali Azərbaycan da daxil olmaqla, bütün Azərbaycan coğrafiyasında bütün Azərbaycan türklərini biləşdirmiş və bu dövlət Azərbaycan dili, mədəniyyəti və siyasi təfəkkürünün məhsulu kimi meydana çıxmışdır. Yuxarıda Rəsulzadədən qısa da olsa sitat gətirdiyimdən, bu məsələni genişləndirmək istəmirəm. Qacar nəinki Azərbaycanı, hətta Gürcüstanı da Azərbaycana biləşdirmişdir.
Farsçılıqda ittiham edilən Qacar fars Kərim Zəndə və onun tərəfdarlarına qarşı amansız mübarizə aparmış, gürcü İraklinin Rusiya ilə müttəfiqliyinə və Şəmşəddin mahalını (İndiki Qazax) dinc qoymadığına görə gözünü çıxarmış, İrəvan və Qarabağ xanlarının separatizminə qarşı mübarizə aparmış, Gürcüstanı ilhaq etmiş və sonda apardığı siyasətin qurbanı olaraq terror edilmişdir. Dağıstan sovet şairi Rəsul Həmzətovun belə bir sözü var: “Keçmişə tapancadan atəş açanları, gələcək topa tutacaq”. Buna görə, tarixə yanaşmada tarixi məsuliyyət və cavabdehlik hissini itirmək olmaz.
Hörmətli Fazil bəy Qacarların hakimiyyətində Azərbaycan türkünün yerinin harda olması ilə bağlı sualına Rəsulzadədən dəqiq cavab verən, məncə, az tapılar. Şah Qacarın Kərim xan Zəndə qarşı apardığı mübarizə, hakimiyyətin farsların əlinə keçməməsi üçün hakimiyyətin varisliyi ilə bağlı, Azərbaycan dili, muğam, mədəniyyətlə bağlı verdiyi fərmanları yada salmaq kifayətdir. Qacarın kim olduğunu bilmək istəyənlərə Azərbaycan tədqiqtçılarından yox, Şah Qacar haqqında tarixi roman yazmış Fransız yazıçısından öyrənməyi məsləhət görürəm. Nə yazıqlar ki, bir fransız bir Azərbaycan türkündən Azərbaycan tarixinə daha ədalətli və obyektiv yanaşmışdır. Heç təsadüfi deyil ki, farslar hakimiyyətə gəldikdən sonra İran ərazisində Qacarlara aid bir əsər belə, saxlamamış, hətta binaları, körpüləri, məscidləri, mədrəsələri belə uçurub dağıtmışlar. Nə üçün? Əgər Qacarlar farspərəst olmuşlarsa, nə üçün farslar Qacarların irsini amansızcasına məhv etmişlər?! 
Əslində Vahid Azərbaycan ideyası Fazil Mustafa üçün bir o qədər də maraqlı deyil. O yazır: “Bəli, o zaman deyirdik ki, bizim imperiyamız olub, biz dövlət qurma haqqına sahibik, şah babamız, onun ələ keçirdiyi ölkələr, 50 milyonluq xalqın haqqı və s. Müstəqillikdən sonra isə artıq xəyallar arxada qalır. BMT-yə 86 min kvadrat kilometrlik ərazi ilə daxil oluruq, bunun da faktiki bizə qalanı 66 min kvadrat kilometrdir. Artıq bizim reallıq hisslərimiz bu çərçivəyə sığışdırılıb və baş hədəfimiz qalan 20 min kvadrat kilometri, yəni Dağlıq Qarabağ və ətrafını formal da olsa özümüzdə saxlamaqdan ibarətdir... Yəni bizim mirasımız Məmmədəmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir. Bütün türk dövlətlərinin tarixi bizim tariximizdir, ancaq o dövlətlər ki, məhz türk dövlətçiliyi məfkurəsinə dayanır. Müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir. Halbuki, mövcud Azərbaycan Respublikasının qurucuları məhz bu dövləti anti-Səfəvi tezislər üzərində qurmuşlar. Ona görə də Rəsulzadə kimi Rusiya müstəmləkəçiliyinə qarşı ən sərt mövqeyə malik şəxsiyyət, məhz İran-Səfəvi arealından ayrılmağa görə az qala ruslara minnətdarlıq bildirmək istəyir”. 
Əvvala, Rəsulzadənin İran və türk məsələsinə həsr etdiyi məqalədən misallar gətirdim və kim bu məsələni ətraflı bilmək istəyirsə, Fazil bəyin Rəsulzadənin adından dediyi fikirlərə yox, Rəsulzadənin “Əsərləri” çoxcildliyinin 11-ci cildindəki “İran türkləri”, “İran nədir?” və s. məqalələrini oxusun. Şah İsmayıl Azərbacanı birləşdirməsini şübhə altına alıb, onun tariximizdə rolunu kiçiltmək istəyən Fazil bəy “bu günkü reallığı 66 min kvadratkilometr ərazidə dövlət yaratmaq” kimi təyin edir. Bəli, bu reallıqdan çıxış etdikdə, bizə nə Səfəvi, nə Əfşar, nə Qacar, hətta nə də demokratik cümhuriyyət tarixi lazımdır. Çünki bu dövlətlərin əraziləri milyon kilometrlərlə ölçülüb. Demokratik cümhuriyyət dönəmində isə iki dəfə indikindən böyük ərazimiz olub. Bu gün itirilmiş topraqları qaytarmağı düşünməsək, çox güman ki, gələcək nəsillər 60 kvadrat metr uğrunda - öz evləri uğrunda mübarizə aparmalı olacaqlar.
Şah İsmayıl isə öz dövrünün reallığı ilə hesablaşmayaraq, boş bir yerdən bir milyon kvadratkilolmetrdən çox əraziyə malik bir imperiya yaratmışdır. Buradan da “kim kimi bəyənmir” sualı meydana çıxır. Təkcə Azərbaycanı yox, 14 ölkəni öz hakimiyyətində biləşdirən bir imperatora öz reallığını 66 kv.km görən bir siyasətçinin ədalətli qiymət verməsini gözləmək olarmı? Əslində, bu erməni-rus ittifaqının Azərbaycan davasında xalqa təslimçiliyin ruhunu aşılama cəhdindən başqa bir şey deyil. Fazil Mustafa özü etiraf edir ki, bizi dövlət qurmağa həvəsləndirən və bizə haqq verən Şah Babamız olmuşdur. Belə çıxır ki, artıq dövlət qurmuşuq, indi babamızı tarixi ruhumuzdan qovub çıxarmalıyıq. Bəs onda Qarabağı hansı ruhla azad edə biləcəyik? Əgər Şah İsmayıl ruhu bizə dövlət qurmağa haqq veribsə, Şah İsmayıldan imtina dövləti qurmaq haqqından məhrum olmağımıza, dövlət qurmaq həvəsimizin sönməsinə səbəb olmayacaqmı?!

***

Rəsulzadə və onun tərəfdarlarının anti-Səfəvi tezisi əsasında dövlət qurmaq cəhdi ilə bağlı deyilənlər isə gülüncdür və tarixi saxtakarlıqdır. Rəsulzadənin “az qala ruslara Azərbaycanı işgal etdiyinə görə minnətdar olması” fikri Rəsulzadə ruhuna açıq-aşkar hörmətsizlik və ona atılmış böhtandır. Rəsulzadə dünyaya qan udduran Hitlerin Azərbaycanın protektorluq statusuna razılaşmadığı bir halda, o, necə işğalçı ruslara minnətdarlıq edə bilərdi? Əgər onun belə bir istəyi vardısa, niyə Rusiyadan Avropaya qaçırdı? Niyə ruslar onun ailəsinə və silahdaşlarına divan tuturdu? Və nəhayət, öz vətənini işğal edən bir xalqa və dövlətə az qala minnətdarlıq edən bir şəxs milli lider adına, milli idel olmağa layiq ola bilərmi? Məzhəbçilik nə qədər insanın gözünü tuta bilər?! Şah İsmayıl orta əsr tariximizin, Rəsulzadə yeni tarixin təmsilçisidir. Rəsulzadə haqqında belə yazandan Şah İsmayıl, Qacar haqqında nə yazmağı gözləmək olar ki?! Bu qədər məntiqsizlik olar? Şah İsmayıl 500 il bundan qabaq özündən 500 il sonra Xomeyninin şiə inqilabına əl atacağını görməli və özü şiə inqilabından imtina etməli və bütün nəslinin kəsilməsi ilə hesablaşmalı idi? Sultan Səlimlə Şah İsmayılın münasibəti haqqında yazır: “Ən başlıcası da kiminsə haqlı və ya haqsız olduğunu biz söyləyə bilmərik”. Əgər kimin haqlı, kimin haqsız olduğunu demək mümkün deyilsə, onda Şah İsmayılı anti-islamçılıqda, anti-türkçülükdə necə itiham etmək olar, Fazil bəy?
Fazil Mustafa yazır: “Şah İsmayıl 1501-ci ilin payızında Təbrizi ələ keçirən kimi 12 imamlıq məzhəbini dövlət dini elan etdi və bu məzhəbin şərtlərini qəbul etməyən türk əhalini qılıncdan keçirdi”. Birincisi, Təbriz kimin əlində idi ki, Şah İsmayıl onu ələ keçirdi? Əgər hakimiyyət dəyişilməsi olubsa, qırğın dini mənsubiyyətə görə, yoxsa hakimiyyətin müdafəçilərinə görə həyata keçirilməli idi? Əgər Şah İsmayıl nəslinə qənim kəsilmişlərin tərəfdarları əhli-sünnə insanlar olubsa, Şah İsmayıl da onlara öz nəslinə qarşı ədalətsizliyə görə cəza veribsə, bunun şiə-sünniliyə nə aidiyyatı var?! Axı, bir şiənin bir sünniyə 500 il bundan qabaqkı münasibətinə görə, bu gündən necə tarixə baxmaq olar?! Nəhayət, şiə olduğuna görə qırılanların kimlərisə sünni olduğuna görə qırmasında nə kimi ədalətsizlik var ki? Əgər kimsə Şah İsmayılın babalarını türk olmağına baxmayaraq məhz şiə olduğuna görə öldürübsə, Şah İsmayıl da Quranın hökmü əsasında kimlərisə türk olmasına baxmayaraq, sünni kimi öldürübsə, niyə Şah İsmayıl qınaq obyekti olmalıdır ki?! 
Tarixə ədalətli baxış olmadan, tarixdən ədalətli dərs götürmək mümkün ola bilməz.

BEŞİNCİ SOFİZM: “QIZILBAŞLAR FARSDIR”

FORMULA: “Səfəvilər qızılbaşdır, qızılbaşlıq şiəlikdir, farslar şiədir, qızılbaşlar farsdır”.
İran və Azərbaycan tapmacası kimi üçüncü bir tapmaca da şiəliklə bağlıdır. Əgər Səfəvi tarixinə baxsaq, görərik ki, Şah İsmayıl tarix səhnəsinə şiə adı ilə yox, qızılbaş adı ilə çıxıb. Şiəlik bir ümumi təriqətdir və öz daxilində yüzə yaxın məzhəbə ayrılıb. Bunların içərisində altı imam, üç iman, on iki imam şiələri ilə yanaşı, bir imam şiələri - kazımilər, fatmeyilər, əliallahlılar, ismayililər, zeynəbilər və s. irili-xırdalı məzhəblər vardır və bunların bir çoxu da bir-biri ilə düşmən münasibətindədir. Farslar böyük çoxunluqla on iki imam şiəsidir.
Azərbaycan türkləri səfəvilərə qədərki dövrdə on iki imam şiəliyi və əhli-sünnə təriqətlərindəolmuşlar. Hətta Babəkin dönəmində məzdəki, sonralar sufi, hürufi və s. təriqətlərdə olan insanlarımız olub. Şah İsmayılın atası vaxtında Sultan Heydərin (müasir tarixçilər Şah İsmayılın babalarını şeyx adlandırmaqla, tarixi bir daha təhrf edirlər) bilavasitə rəhbərliyi ilə qızılbaşlıq məzhəbini qəbul etmişlər. Bu məzhəb on iki imam şiələrindən türkçü bir şiəlik olması ilə fərqlənmişdir. Qızılbaş- türkmən (tarixi ədəbiyyatda Azərbaycan türklərinə verilən adlardan biri də türkməndir) papağının yerinə, on iki zolaqlı “Heydər papağı” deyilən papağı qoyanlara verilən addır.
Qızılbaşların kim olmasını bu sözün etmiologiyasından bilmək olar. Bu söz “qızıl” və “baş” sözlərindən yaranmış mürəkkəb sözdür. “Qızıl”Azərbaycan türkcəsində “qırmızı” sözünün sinonimi kimi işlənir. Məsələn, rusların qırmızı meydanına biz qızıl meydan, qırmızı qana qızıl qan, qırmızı Əhməd almasına Qızıl Əhməd alması deyirik. Nə farslar, nə Osmanlı türkləri qırmızıya qızıl demir. Bu söz Qızılbaş papağında olan qırmızı zolaqlara işarə edir. Buradan sübut olunur ki, bu söz Azərbaycan türkcəsindədir. Deməli, sözü yaradan da Azərbaycan türküdür. 
İkincisi, türk dövlətləri tarixində qırmızı rəng türk singəsi kimi ifadə olunub. Müasir Türkiyənin bayrağının da qırmızı rəngdə olması bununla bağlıdır.12 zolaq on iki imam şiəliyinə işarə edir. İslam tarixində üç rəng - ağ, yaşıl və qara rənglər singə rolu oynayıb. Abbasilər (peyğəmbər nəslinə aid edilən sülalə) qara rəngi singə götürüblər. Buradan da fars şiələrinin qara bayraq seçmələrinin səbəbi aydın olur.
Beləliklə, qırmızı rəng türklüyün singəsi kimi Qızılbaş singəsinə keçib. İkincisi, Qızıbaşlar bir “şiə inqilabı” edərək, bu bölgədə yeni bir imperiya yaratmağı hədəfləmişlər. Buradan da “qızıl” rəngin həm də inqilabın singəsi olduğunu sübut olunur.
Azərbaycan tarixindən məlumdur ki, Babək üsyanından qabaq üçüncü məzdəki üsyanı -qırmızıbayraqlılar üsyanı kimi tarixə düşüb və bu üsyanın singəsi qırmızı bayraq olub. Beləliklə, qızıl rəngin türk - şiə inqilabına işarə etdiyi aydın olur. “Qızılbaş” sözündəki “baş” sözü də xalis Azərbaycan türk sözüdür. Nə farslar, nə osmanlılar bizim kimi başa baş demir.
Əgər, digər qeyri-türk şiələr türkmən olmadığına görə, türkmən papağı qoymayıbsa, onda “Heydər papağı”nı da əslən türk olmayan kimsə qoymamışdır. Bu papağın quruluşu da qızılbaşlığın klassik türk cərəyanı olduğunu sübut edir. Qızılbaş papağı türkmən döyüş papağı ilə dini əmmamənin sintezindən yaradılımışdır. Papağın mərkəzindən yuxarı doğru qalxan sivrilik qədim türk döyüş papaqları üçün xarakterikdir. Fars tarixinə aid istər Bisutin rəsmlərində, istər Daranın qoşunlarının təsvir olunduğu Yunan mənbələrində fars papağının Qızılbaş papağından tamamilə fərqləndiyi aydın olur. Yəni Qızılbaşlar türk oğlu türk kökənli insanlar olmuşdur. Qızılbaşlıqla fars şiələri türk şiələrindən ayrılmışdır. Bu fərq başa qoyulan papaqla məhdudlaşmamışdır. Qızılbaşlığın digər on iki imam şiələrindən fərqi on iki imamla yanaşı, Şah İsmayılın ilahiləşdirilməsidir. Bu gün Türkiyədə yaşayan on milyona yaxın ələvi Hz.Əli ilə yanaşı, Şah İsmayılı da ilahi şəxsiyyət kimi qəbul edib, “Şah İsmayıl dini ayinləri” icra edirlər ki, bu da Şah İsmayılın şiəlik inancında imam statusunda daxil edildiyini sübut edir. Hətta öz dövründə Şah İsmayılın şəxsiyyəti mistifikasiya edilmiş, o, Mehdi kimi qəbul edilmişdir. Bu fakt da Qızılbaşları digər şiələrdən ayıran prinsipal fərqlilikdir. 
Bu gün İran ərazisində Qızılbaş təriqətində olan on minlərlə türk yaşamaqdadır, hansı ki, digər şiələrdən fərqli dini ritualları icra edirlər. Burdan da aydın olur ki, Qızılbaşlıq türk-islam təriqətidir və bu təriqət Azərbaycan türkünün təriqətidir. Şah İsmayılın tarixi rolu Azərbaycan türkünün təriqət sərhədlərində parçalanmış türkləri bir vahid təriqətdə - türk-islam təriqətində birləşdirmək olmuşdur. Buna görə, Təbrizdə, Azərbaycanın başqa yerlərində yaşayan sünni türklərdən Qızılbaşlığı qəbul etmələri tələb olunmuşdur. Amma bu farslardan, əfqanlardan və digər qeyri-sünni türklərdən tələb olunmayıb. Məhz bu birləşməyə görə, Azərbaycan türki bu coğrafiyada 500 illik imperiya yarada bilmişdir. Azərbaycan türk imperiyasının süqut etmə səbəblərindən biri də Qızılbaşlığın tədricən aradan getməsi və türklərin Qızılbaşlıqdan fərqli şiə və sünni məzhəblərinə keçməsi olmuşdur. Bununla da dindəki parçalanma millətdəki parçalanmaya transfer olmuşdur. Beləliklə, əgər məsələyə faktiki və elmi yanaşsaq, aydın olacaq ki, Səfəvilərdən çox-çox sonrakı - müasir şiəliyi Qızılbaş şiəliyi ilə eyniləşdirməyin heç bir elmi əsası yoxdur. 
Bizi tarixsizlşdirmək istəyənlərin üçüncü üsulu da şiəliklə bağlıdır. Bu gün “Qızılbaş” dedikdə şiəlik, şiəlik dedikdə farslar, fars dedikdə İran dövləti başa düşülür. Bununla da, anlayışların çoxmənalılığından insanlar çaşdırılır, tarix təhrif olunur. Nə Qızılbaşlıq fars şiyəliyi, nə bütün şiələr fars, nə də İran fars dövləti deyil! Bu cür çaşqınlığa düşənlər şiəliyin bir fars ideologiyası olduğu qənaətinə gəlir. İslam tarixini təhlil etsək, aydın olacaq ki, İslamı qəbul edən hər bir xalq özü ilə birgə öz əski inanclarından, dünyagörüşündən və etnik kimliyindən islama nələrisə transfer edib. Ələvilik türkmən mədəniyyətinin islamlaşdırılması, təsəffüf türk dünyagörüşünün islamlaşmasının, ağaca, daşa və insana inam əski türk inanclarının islamdakı təzahürləridir. Farsların islamı qəbul etməsi ilə paroloji bilgilər - xüsusən cadugərlik, sofizm, əl-kimya və atəşpərəstlik qismən Buddizmdən əxz edilmiş reinkarnasiya ideyası islama gətirilmişdir. Buradan, şiəliyin yalnız əski fars mifolojisi və inanclarına xas elementlərlə sintez olmadığından, şiəliyin fars mədəniyyəti ilə islamın sintezindən əməl gəlməsini iddia etmək olmaz. Şiəlik ərəb təfəkkürünün məhsulu kimi Ərəbistanda Əlinin zamanında yaranıb, sonra digər islam ölklərinə yayılıb və hər bir xalq özündən ona doğma olan nəsə əlavə edərək, öz şiə əqidəsini ortalığa qoyub. Necə ki, əfqanlar ismayiliyə, hindlilər əliallahlığı, Osmanlı türkləri ələviliyi, Azərbaycan türkləri Qızılbaşlığı, ərəblər kazımeyiliyi yaradıblar. Fazil bəy fars etnik kimliyi ilə şiə kimliyi, şiəliklə Qızılbaşlıq arasında bərabərlik işarəsi qoyaraq, Səfəviləri farsçılıqda ittiham edir. Məzhəb təəssübkeşi kimi şiəliyə nifrətini inkişaf etdirir ki, farsın yerinə Azərbaycan türkünü, Səfəviləri qoymaqla, onları fars dövləti elan edir. 
Fazil bəy yazır: “Səfəvilərin əsas ordu bazasını Anadoludan gələn türk tayfaları təşkil etdiyinə görə, türk dilinin ünsiyyətdə üstünlük təşkil etməsi labüd idi”. Buradan haşiyə çıxıb, belə bir sual vermək istəyirəm. Əgər Şah İsmayıl türk düşməni idisə, onda Türkiyədən yeni türklər türk Osmanlı imperiyasından nə üçün Şah İsmayıla pənah gətirmiş və nə üçün Şah İsmayıl öz ordusunu türklərdən təşkil etmişdir? Əgər türk dilinin işlədilməsi türklərin üstün mövqedə olmasına görə labüd idisə, bu ərazidə türk dövlətinin yaradılması necə labüd olmaya bilərdi?!

***

Fazil Mustafa yazır: “Şah İsmayıl dövlət dilini türk dili elan etdi” kimi əsassız fikirləri tarix ədəbiyyatına yerləşdirməyə əsas vermir”. Zatən labüd olaraq işlənən bir dili elan etməyə nə ehtiyac vardır ki? Əgər dil öz gücü ilə işləyrsə, dövlətin bu dili müdafiə etməsinə nə kimi zərurət ola bilərdi? Mən Fazil bəyin hücümuna məruz qalan Azərbaycan alimlərinin nə deməsini bir kənara qoyuram. “Wikpedia”ya daxil olduqda, rus və ingilislərin Şah İsmayılla bağlı yazdığı ensklopedik məlumatlara baxmaq kifayət edir ki, Səfəvilərin hakimiyyətə gəlməsinə paralel, Azərbaycan türk dilnə saray dili və ədəbi dil statusu verildiyini görəsən. İstəsən buna “dövlət dilini türk dili elan etdi” deyin, istərsə də “türk dili labüd olaraq dövlət dili oldu” deyin, mahiyyət dəyişmir. Əgər xarici tədqiatçılar türk dilinin rəsmi siyasi dil statsu amasını Səfəvi hakimiyyətinin yüksəlişi ilə əlaqələndirirsə, onda bizim tədqiqatçların bunu deməsində nə kimi qəbahət vadır ki?! 
Fazil bəy yazır: “Hələ Abbasilər zamanında 10-cu əsrdə Samarrada türklər orduda çoxluğu təşkil etdiyinə görə burada hər kəs türkcə danışırdı. Ortada ünsiyyət reallığı var, bu zaman da şərtlərə uyğun olaraq da dil faktoru özünü büruzə verirdi. ...bunun ənənəvi türk sülalə dövlətlərinin strukturu və məfkurəsi ilə əlaqəsi yox idi... Lap özbəöz türk sülaləsidir, nə olsun, yaratdığı dövlət məhz bu gün Xomeyninin yaratdığı dövlətin, rejimin eynisidir”. Bu üç cümlə Fazil Mustafanın Şah İsmayıla baxışının səbəbini aydınlaşdırır. Bir tərəfdən o, qeyd edir ki, Şah İsmayılın qüvvələri Anadoludan gələn türk tayfaları idi. Əgər Şah İsmayıl, Fazil bəyin dediyi kimi, farsa xidmət etmişsə, nə üçün yerli farslardan ordu düzəltməmişdir? Hər halda o, iddia edə bilməz ki, farslarda ordu quruculuğu türklərdən zəif olub. Əgər Şah İsmayıl yerlilərdən yox, gəlmələrdən ordu düzəldibsə, deməli, öz taleyini türklərə bağlayıb. Bunu anlamaq çətindir? Fazil bəyin “Səfəvilərin ənənəvi türk sülalə dövlətlərinin strukturu və məfkurəsi ilə əlaqəsi yox idi” fikri isə lap təəccüblüdür. Ümumiyyətlə, sülalə hakimiyyətlərinin türkü, farsı və ya ingilisi ola bilməz. Adından da göründüyü kimi, bu sülalə nəsil üzrə keçən hakimiyyətdən meydana çıxır ki, Şah İsmayıl da babası Uzun Həsəndən, atası Heydərdən sonra hakimiyyətə gəlmiş və öz hakimiyyətini sülalə üzrə öz nəslinə buraxmışdır. Burada ənənə necə pozulub? Sən demə, Şah İsmayıl özündən 500 il sonra Xomeyninin İran inqilabından sonra yaratdığı islam respublikası ilə eynlik təşkil edir və buna görə məsuliyyət daşımalıdır. Görəsən, bu mühakiməni irəli sürən müəllif Krılovun “Qurd və quzu” hekayəsini oxuyaraq, qurdun məntiqindən çıxış edir? İngilislərin belə bir atalar misalı var: “Bir yalanı sübut etmək üçün əlavə iki yalan lazımdır”. Fazil bəy də bu yolu seçmişdir.
Şah İsmayıl imperiya yaratmışdı, dövlət şəriətlə yox, yasalarla idarə olunurdu. Şah İsmayılın imperiyası 14 dövləti öz sərhədlərinə almışdı və dövlətin idarə olunmasında türk tayfalarının başçılarının rəyləri ilə hesablaşırdı. Ədəbiyyat, minatür rəssamlığı Şah İsmayılın dövründə inkişaf etmişdir. Bunların hansı Xomeyni rejiminə oxşayır? Burda deyiblər, “İnsaf da yaxşı şeydir!”.
Fazil Mustafa az qala Şah İsmayılı “İrançı xəstəliyi” törədən bir insan kimi təqdim edir. Tarixdə Şah İsmayılın yaradıcılığında, diplomatik əlaqələrində və imperiyasının idarə olunmasında irançılıqla (farslar nəzərdə tutulur – red.) bağlı bir dənə fakt göstərmək mümkündürmü? Yox! Bəs onda İrançılıq xəstəliyinin məsələyə nə aidiyyatı?! İrançılıq məhz Şah İsmayıl ruhu itiriləndən sonra meydana çıxmışdır. Fazil bəy sözdə fars əleyhinə olduğunu yazsa da, əslində özünün qatı irançı və farspərəst oduğunu göstərir. O yazır: “Ağaoğlu, Rəsulzadə Azərbaycan dövlətinin konturlarını və mahiyyətini ilk dərk edən kişilərdir”. Sən demə, Fazil bəyə görə, “Azərbaycan 114 kv km.-ə bərabər bir parçadan ibarətdir. Azərbaycan türkü də o vaxt şimalda yaşayan 2 milyon insandan barətdir, 40 milyon Azərbaycan türkünün məskunlasdığı ərazilərin isə Azərbaycan dövlətinin konturlarına və mahiyyətinə aidiyyatı yoxdur”. Bundan böyük İrançılıq ola bilərmi? Təriqətbazlıq onu bu dərəcədə irançıya çevirmişdir. Təkcə İrançıyamı? Fazil Mustafa o qədər şiəliyə nifrət edir ki, hətta rus işğalını xalqımızın xilası kimi görür. O yazır: “Səfəvilik bizim üçün rusun köməyi ilə İranda saxladığımız, quzeydə isə qurtulduğumuz cəhalət mirasıdır”. Sən demə, ruslar Azərbaycanı işğal etməklə, Fazil bəy kimi düşünənlərə kömək edibmiş. Yaşasın işğal! Bu “5-ci kalon”un menyüsünə çox dadlı desertdir. Heç kommunistlər belə, hətta sovet dönəmində rusun köməyi ilə nədənsə qurtulduğumuzu dilə gətirməyiblər. Hətta akademik Heydər Hüseynov ölümə razı olmuşdur, amma Azərbaycanın Rusiyanın tərkibinə daxil ediməsini müsbət hadisə kimi qiymətləndirməmişdir. Fazil bəy “biz” deyəndə kimi nəzərdə tutur? “5-ci kalon”u, rusbaşları, yoxsa Azərbaycanın işğal edilməsində marağı olan gizli gücləri?!
Fazil Mustafanın Şah İsmayıla qarşı tənqidinin əsasında şiəliyə münasibət durur. O, məhz şiəliyi dövlət ideologiyası səviyyəsinə qaldırdığına görə, onu ittiham edir və Sultan Səlim kimi az qala Şah İsmayıla bir təriqət şeyxi, dərviş və ya molla kimi baxır.
Əvvəla, Şah İsmayılın qələbələrindən yazan səlnaməçilər, tədqiqatçılar yox, hadisənin iştirakçıları və ya ondan az bir müddət sonra yaşayanlar bu qələbələri sayla yox, Qızılbaşların fanatikcəsinə vuruşması ilə əlaqələndirir, Şah İsmayılı mistik bir lider kimi qəbul etmişlər. Bu da şiəliyin düzgün olaraq dövlət yaratmaqda istifadə edildiyini göstərir. Şah İsmayıl bir din alimi olmamışdır, o, siyasi xadim olmuşdur. Onun siyasi xadim olması yalnız siyasi nailiyyətlərindən qiymətləndirilə bilər. Bu zaman seçilən vasitələr məqsədəmüvafiqliyi ilə dəyərləndirilə bilər.
Şah İsmayıl bir türk dövlət xadimi olmuşdur. Onun hər hansı bir dini əsəri yazması ilə bağlı bir fakt tarixə məlum deyil. Əgər Şah İsmayılı şiəlyə görə tariximizdən siliriksə, onda İman Hüseyn faciəsinə poema həsr etmiş, bütün ömrünü onun qəbrinə xidmət etməkdə keçirmiş Füzuluni niyə saxlayırıq ki? Fazil bəy bir tərəfdən şiəliyin yaranmasını Səfəvilərə bağlayır, digər tərəfdən yazır: “Səfəvilərə qədər ümumi bir İslam arealı mövcud idi və istər İsna-Aşəriyyə və ya İsmailiyyə marjinal etirazçı qruplar halında idilər. Misir istisna olmaqla, digər bölgələrdə bu görüşlərin daşıyıcılarının hakimiyyətə gəlmək şansları yox idi”. Əvvəla yuxarıda qeyd etdik ki, şiəlik IX əsrdə Omeydilərin hakimiyyətində İranda və Azərbaycanda hakim təriqət olmuşdur. Bu da Fazil bəyin düz danışmadığını göstərir. İkincisi, əgər doğrudan da şiələr marginal bir qrup idisə və onların bu ərazilərdə hakimiyyətə gəlmək şansı yox idisə, onda məntiqə əsasən, Şah İsmayıl şiə kimi hakimiyyətə gəlməyib. Bunu Fazil bəy özü təsdiq edib. O, hakimiyyətə türklərdən təşkil olunmuş ordu, türk tayfalarının başçılarından ibarət elita ilə gəlmiş və türk dilini saray dili, ədəbi dil elan etmiş, türk mədəniyyəti bu bölgədə yaşayan qeyri-türklər üçün prioritet mədəniyyət olmuşdur. Amma Şah İsmayıl öz imperiyasının sərhədlərini digər dövlətlərin hesabına genişləndirmək üçün qeyri-milli–dini bir ideologiyanı inkişaf etdirib. O, əhli-sünnə əfqanları, hindliləri, Orta Asiyanı, Qafqazı və İraq əcəmini fəth etmək ücün gərək həmin dövlətlərin əhalisinin inancına əks bir inanc seçməliydi. Bu da şiəlik idi. Tarix sübut edir ki, bu ideologiya olmasaydı, Şah İsmayıl öz tarixi missiyasını yerinə yetirə bilməzdi. 
Yuxarıda şiəliyin imperiya quruculugu üçün çox əlverişli olduğunu qeyd etmişdik. Ruslar həm çar, həm sovet, həm də müasir bazar iqtisadiyyatı idelogiyası ilə imperiyalarını qoruyub saxlayıblar. Bu fakt göstərir ki, dövlət quruculuğunda ideologiya tarixi şərtlərdən asılı olaraq düzgün seçildikdə faydalı olur. Başqa imperiyaların tarixi də bunu sübut edir. Fazil bəy Şah İsmayıla məzhəbçilikdən yanaşmadığını qeyd etsə də, Şah İsmayılın imperiya quruculuğu ilə bağlı yazır: “Sonradan aparılan müharibələrin də kökündə məzhəbçiliyin yayılması hədəfi güdülürdü”. Sonrakı müharibələrə Bağdadı tutmaq, Şirvanşahlara hücüm etmək, Pakistanı, Əfqanıstanı, Hindistanı, Diyarbəkiri və s. fəth etmək daxildi. Bəyəm bu ərazilər sünni olduqlarına görə tutulub? Fazil bəy bir dənə fakt gətirə bilərmi ki, Şah İsmayıl başqa təriqətdən olduğuna görə, kiməsə ziyan vurmuşdur?! Onu öldürmək, dövlətini işğal etmək üçün gələn sünnilərə sünni olduqlarına görə müharibə edilməməli idi? Əgər sünnilər başqa sünni dövlətlərin maraqlarının təmsilçisi kimi çıxış edirdilərsə, müasir deyimlə “5 kalon”u təşkil ediblərsə, Şah İsmayıl öz imperiyasını daxili düşmənlərdən necə qorumali idi? 
Fazil Mustafa Şah İsmayılla bağlı tənqidində belə bir nəticəyə gəlir: “Qızılbaşlığı İslam olaraq təqdim etmək nə qədər yanlışdırsa, türk məfkurəsinin daşıyıcısı olaraq təqdim etmək də bir o qədər yanlışdır. Onlar bir marjinal məzhəbçi duyğulardan başqa hansısa İslami və ya Türkçü görüş ortaya qoymayıblar ki. Bizim ifadələrin mahiyyətini anlamaqda çətinlik çəkənlər üçün bu ifadənin açılışını bir daha verə bilərəm”. Göründüyü kimi, o, bir kommunist kimi tarixə yanaşır və orta əsrlərdə hakimiyyət qurmuş bir şəxsdən türkçülük və islami görüş tələb edir. Əvvəla, tək və doğru islami görüş Allahın görüşüdür, o da Qurani-Kərimdə hamının başa düşəcəyi bir dildə aydın və aşkar şəkildə bəyan edilmişdir. Yox, söhbət İslamda təriqət və məzhəblərin görüşündən gedirsə, şiəlik də bir İslami görüşdür və məncə, əhli-sünnənin vəhhabilik İŞİD, sələfi, nəxşibəndi və s.kimi əqidələrindən bir o qədər də marjinallıq deyil.
Əgər Səfəvilər bir islami görüş ortalığa qoysadılar, gərək yeni bir dini təriqət yaradardılar ki, bu da onsuz da parçalanmış hümməti bir daha parçalayardı. Bəs Türkçü görüşü qoya biliblərmi? Məncə, Ziya Göyalp “Türkçülüyün əsasları”nı 20-ci əsrin əvvələrində yazmışdır və Fazil bəyin iqtibas gətirdiyi Rəsulzadə, Ağaoğlu, Əlibəy Hüseynzadə və digərlərinin türkçülük haqqında fikirləri də bu vaxtlar meydana çıxmışdır. Hətta Ziya Göyalp “biz türkçülüyün nə olduğunu tam təssəvvür etmirik, bu gələcək nəsillərin vəzifəsidir” demişdir. Fazil Mustafa isə bunu keçmiş nəsillərin 500 il əvvəl yaşamış Şah İsmayılın vəzifəsi olduğunu idda edir. Tarixi şəxsiyyətlər özündən yüz illər sonra onları tədqiq edəcək insanların tələblərini ödədiyinə görə tarixi şəxsiyyət olmur. Öz tarixinin tələb etdiyini aydın ifadə etdiyinə görə tarixi şəxsiyyət olurlar. Fazil bəyin bu yanaşması sovet yanaşmasıdır. Sovetlər tarixdən o ideaları seçib götürürdülər ki, onlar fəhlə-kəndli ideologiyasına qida versinlər. O idealar ki, buna cavab vermirdi, onları tarixdən silirdilər. Xaqani və Nizamiyə sovet dönəmindəki yanaşma bunun klassik nümunəsidir. Amma Şah İsmayıl o qədər nəhəng idi ki, hətta sovetlər, Şah olmasına baxmayaraq, onu ədəbiyyat tarixində tədris etməyə məcbur olmuşdular.
Fazil bəyin tarixə yanaşması çox düşündürücüdür. O yazır: “Söhbət bu gündən tarixə baxışımızda milli mirasdan gedir və Səfəviliyin bizim bu günki milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur. Göytürklərdən, Səlcuqlulardan, Qaraqoyunludan, Ağqoyunludan çox şeyləri milli miras olaraq ala bilərik, bunlardan isə miras ala biləcək tək ölkə bugünki İrandır, onun ideoloji rejimidir”. 
Əvvala, bu gün Səfəvilərin mirasına İran, Əfqanıstan, Pakistan, Hindistan, Ərəbistan, Ermənistan, Gürcüstan, Azərbaycan və s. dövlətlər aiddir. Çünki İranla birgə bu dövlətlər də Səfəvi imperiyasının sərhədlərində 400 il yaşamış xalqların yaratdığı dövlətlərdir. Fazil Mustafa daha sonra yazır: “...Yəni bizim mirasımız Məmmədəmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir. Bütün türk dövlətlərinin tarixi bizim tariximizdir, ancaq o dövlətlər ki, məhz türk dövlətçiliyi məfkurəsinə dayanır”. Əvvala bütün türk dövlətləri dedikdə, kimlər nəzərdə tutulur?! Fazil bəy Səfəvilərin varisi Nadiri qəbul edir, amma Səfəviləri qəbul etmir. Şah İsmayıla nifrət onu o hala gətirib ki, o, Azərbaycanı “Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən” ərazi kimi adlandırır. Cənubi Azərbaycanlılarda belə bir atalar misalı var: “Sən eşşəksənsə, palanın məxmərdən olmasının nə fərqi?!”. Yəni əgər Azərbaycan müstəmləkə olubsa, onun rusun, ya farsın, ya erməninin işğalı altında olmasının nə fərqi? Necə bir işğalçı bir xalqı bataqlıqdan qurtara bilər? Zatən işğal başqa xalqı əsarət bataqlığında boğmaq deməkdir. Fazil bəy unudur ki, Azərbaycan Rusiyanın tərkibinə qatılanda hələ Rusiyada təhkimçilik hökm sürürdü. Rusiya da İran kimi feodal dövlət idi. Ümumiyyətlə, rus işğalı ilə bağlı Fazil Mustafanın məntiqi Azərbaycanın təkrar işğal olunmasında aktiv rol almış Ə.Qarayevlərdən, H.Sultanovlardan, Q.Musabəyovlardan və başqa kommunistlərdən heç nə ilə fərqlənmir. 
Hörmətli müəllifin fikirlərini ümumiyyətlə məntiqə sığışdırmaq mümkün olmasa da, bizdən məntiqi izah istəyir. Əvvəla, şiəliyə görə Səfəviliyi tənqid edən Fazil bəy İslamdan əvvəlki Göytürklərdən nəsə miras ala bilir. O, hətta Şah İsmayılın babası Uzun Həsənin hökmdar olduğu Ağqoyunludan, onun düşməni olan Qaraqoyunludan (iki bir-birinə zidd mühakimənin yalnız biri düz olar. Qanuna görə, bir-birinə düşmən iki ağ və qara qoyunlunun yalnız birindən miras almaq olar) miras ala bilir, amma Səfəvilərdən ala bilmir. Niyə biz hamımız bir ürək olub Şah İsmayıldan, Şah Nadirdən, Şah Qacardan miras ala bilirik, Fazil bəy ala bilmir?! Bəlkə, o, dövlətçilik tariximizin bu əvəzsiz təcrübəsindən miras almaq istəmir?! Bu gün vətəndaşı olduğumuz Azərbaycan da 400 il Səfəvilər imperiyasının tərkibində olub və onların mirasıdır.
Fazil bəy yazır: “Mən Səfəvi ideologiyasının müasir Azərbaycan insanının dini, mədəni dünyagörüşündə mənfi bir irs buraxdığını vurğulamışam və bu gün də mövqeyimi əsaslandırmağa davam edirəm”. Əvvala Səfəvi ideologiyası deyilən bir şey yoxdur, şiəlik Səfəvilərdən qabaq Azərbaycan türklərinin qəbul etdiyi təriqətlərdən biri olub. İkincisi, bu gün Qarabağı azad etməkdən yayınan azərbaycanlının dünyagörüşündə 14 ildə 14 dövləti fəth etmiş, elmin, mədəniyyətin hamisi kimi çıxış etmiş bir şəxs necə mənfi təsir iz buraxa bilər? Şah İsmayıl yalnız bizim xalqın düşmənlərinin dünyagörüşündə mənfi iz buraxmışdır ki, bu da təbiidir. Çünki bir xalqın qəhrəmanı başqa xalqın düşmənidir. Səfəvilərə qarşı digər xalqların ortaq qəhrəmanı olan “Koroğlu” dastanı bunun bariz nümunəsidir. 
Nəhayət, Fazil Mustafa öz düşüncələrini belə yekunlaşdırır: “Bütün hallarda Səfəvi mirası Azərbaycan Türklərinə gerilikçiliyi, imansızlığı təlqin etmiş, Osmanlı mirası Anadolu Türklərinə daha səmimi din anlayışı, mədəni dəyərlər və mədəniyyət imperiyası düşüncəsi aşılamışdır. Səfəvilik Azərbaycan türklərinin İran mədəniyyətindən qopmasının qarşısını alan əsas silahdır”. Əgər Səfəvilik gerilikçilik təlqin edibsə, onda müasir türklərin geridə buraxdığı Osmanlını öymək nə əcəb gerilikçiliyi təlqin etmir?! Tarixə sahib çıxmaq gerilikçilikdirsə, belə gerilikçiliksiz müasirlik və xüsüsən irəlilikçi olmaq mümkün deyildir. Əgər o, dediyinə özü inanırsa, Osmanlıya qarşı Atatürkün də iştirak etdiyi Gənc Türklər Hərakatı nə üçün başladılmışdır? Uzun illər qardaş Türkiyədə Osmanlı düşmənçiliyi niyə inkişaf etmişdir? Əgər Ərdoğan hakimiyyətə gəlməsəydi, türklər hələ də Osmanlı tarxindən xəcalət çəkirdilər. Necə ki, Fazil bəy Səfəvilərdən xəcalət çəkir.
Fazil Mustafa yazır: “Peyğəmbərimizin din məsələsində kompromisə yol verilməsinin mümkünsüzlüyünü ifadə edən ayəni xatırlarsınızsa, burada da Teymur və Nəsimi arasında dünyagörüşlərin kompromisini axtarmaq yanlışdır. Eyni zamanda Səfəvi və Osmanlı dünyagörüşləri arasında da oxşarlıq mümkünsüzdür”. Əvvala, bizim peyğəmbərimizin ayəsi ola bilməz, çünki ayə Allaha aiddir. Ola bilsin, Fazil bəy texniki səhv edib, hədis demək istəyib. Sünni alimləri Buxari və Müslümün razılaşdığı və bütün dünya müsəlmanlarının qəbul etdiyi peyğəmbərin “Razılaşdırılmış səhih hədisləri”ndə Həz.Əliyə, Ənəs b.Malikə, Əbu Hüreyyəyə, Mugiraya istinad edilən hədislərdə deyilir: “Rəsulullah(s.a.v) buyurmuşdur: “Mənim üzərimdən yalan söyləməyniz, bu bilinsin ki, kim mənim üzərimdən yalan söyləyərsə, cəhənnəmə girər... Kim bilərək mənim üzərimdən yalana girərsə, cəhənnəmdəki yerinə hazırlansın... Şübhəsiz, mənim üzərimdən yalan söylmək, elə hər hansı bir yalan kimi deyil. Kim bilərək üzərimdən yalan söylərsə, cəhənnəmdəki yerinə hazırlansın”.
Əvvala, peyğəmbərin sağlığında islam təriqətlərə ayrılmadığından, sünni və şiə fərqliliyi ilə bağlı heç bir hədis ola bilməzdi. İkincisi, Fazil bəy peğəmbərin “din məsəlsində kompromisə getmənin mümkünsüzlüyü” ilə bağlı dediyi hədisi haradan götürmüşdür? Üçüncüsü, peyğəmbərin heç bir hədisi Qurana zidd olmadığından, əgər Quranda Allah-təala “parçalandıqdan sonra bir-birinizlə yaxşı davranın” deyə, ayə nazil edibsə, onda necə peyğəmbər “təriqətlər arasında kompromislərə yol verməyin mümkünsüz olduğunu” deyə bilər?! Bu cür yalançı hədislər təriqət şeyxlərinin risalələrində ola bilər ki, onlar da peyğəmbərin adından yalan uydurduqlarına görə cəhənəmdə öz yerlərini hazırlamışlar. Əlimizdə olan səhih hədislərdə Hz.Peyğəmbərin belə bir hədisi yoxdur.
Digər tərəfdən, özü hüquq təhsilli olan, multikulturalizmi dövlət siyasəti elan etmiş bir hakimiyyətin razılığı ilə iki dəfə onun deputatı olan bir şəxsin beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına zidd olaraq, islami təriqətlər arasında əqidə məsələsində kompromis olmamağa çağırışının əvvala nə islama, nə də türkçülüyə aidiyyatı yoxdur. Cünki Qurani-Kərimdən gətirdiyim sitatlardan göründüyü kimi, Allah-təala nəinki İslam təriqətlərinin bir-biri ilə, nəinki xristian və yəhudilərlə, hətta kafirlər onlara zərər vermədikcə, kafirlərə kompromis yanaşmağı əmr edir və bunu Hidayətin ona xas olması ilə əsaslandırır. Fazil bəyin bu mövqeyi islam dininə, Qurani-Kərimə, beynəlxalq hüquqa və Azərbaycan qanunlarına görə “dini dözümsüzlüyü təbliğ etmək” kimi cinayətdən başqa bir şey deyil. O yazır: “Nadir Şah heç bugünki Azərbaycanda doğulmayıb, ancaq elə bir tarixi layihənin gerçəkləşməsi üçün başını qoyub ki, bu onun döyüşlərdə qazandığı qəhrəmanlıqlardan daha irəlidir, mənimçün. İslam dini içində ixtilaflara son vermə davasının qurbanı olub Nadir”. Əgər dogrudan da Nadir şah Fazil bəy üçün bu qədər dəyrlidirsə və onun qarşısına qoyduğu “bir tarixi layihənin gerçəkləşməsi” Fazil bəy üçün əhəmiyyətlidirsə, onda Nadir “Şiəliklə və dörd əhli-sünnə məzhəbinin kompromisi lahiyyəsi”ni Osmanlı Sultanlarına təklif etmişdir. Bir tərəfdən müəllif Nadirin islam dini içində ixtilafların qurbanı olduğunu deyir, o tərəfdən islam dini içində ixtilaflara çağırış edir. Nadirin Səfəvi xanədanının varisi olduğuna baxmayaraq, onu sevən Fazil bəy Səfəvilərə hücüm edir. Fazil bəy Nadiri “bir şiə dörd sünni təriqətinin əsas götürülüb, digər bütün məzhəb və tərqətlərdən imtina edilməsi təkifinə” görə alqışlayır. Amma unudur ki, Nadir şiəlikdən imtina etməmişdir. Nadir şiəliklə sünniliyi Fazil bəyin əksinə kompromisə çağırmışdır. Nə yazıq ki, Osmanlı sultanlarının yaxıngörənliyi və fars radikal şiəliyi bu kompromisi qəbul etmələrinə imkan verməmişdir və Nadir şah öz layihəsinin qurbanı olmuşdur.

***

TARİX VƏ MÜASİRLİK

Tarixdən bəhrələnmək - tarixiliklə müasirliyin düzgün uzlaşdırılmasını tələb edir.
Müasir dövrdə bir-biri ilə rəqabət aparan xalqlar həm də tarix üzərində rəqabət aparırlar. Biz bunu müasirliyin tarixlə mübarizəsi kimi qəbul edirik. Burada iki istiqamətdə cəhdlər edilir.
Birincisi, rəqib xalq tarixsizləşdirilir, tarixi isə sahibsizləşdirilir. Bunun üçün rəqib xalqın tarixinə aid hər şey ona yadlaşdırılır.
İkincisi, sahibsizləşdirilmiş tarix sahiblənir. Məsələn, müasir dövrdə Ərməniyyənin bizə aid olmadığı sübut edilir, sonra haylar Ərməniyyəyə sahib çıxır. Yaxud, xristian olduğuna görə Albaniyanın müasir müsəlman türkünə aid olmadığı “sübut” olunur. Sonra da alban kilsəsinə, alban tarixinə və ərazilərinə iddia qoyurlar. Eləcə də rusları öz türklük tarixlərindən ayırmış, sonra slavyanlar onların tarixinə sahib çıxmışlar. Buna görə də, türk etnogezinə aid olan ruslar özlərini slavyan kimi dərk edir və savyanların əlində türklərə qarşı bir silah kimi istifadə olunur. Bu cür özünübilməzliklə istənilən xalqı uzun illər əsarətdə saxlamaq, onun ərazisinə, tarixinə, mədəniyyətinə sahib çıxmaq mümkün olur. Ermənilər bizim ərazilərimizə sahiblənməyə paralel olaraq, milli mətbəximizə, xalçaçılıq mədəniyyətimizə, hətta musiqimizə belə sahib çıxmışdır. Bu siyasətdə iştirak edənlərin mənşəyinin türk olması onların düşmənlərə xidmət etməsini inkar etmir.
Müasirliklə tarixiliyin əlaqəsi “tarixin təkrarlanması” ilə bağlıdır. Avropa tarix elmində hakim olan mövqelərdən biri təbiət hadisələrinə oxşar “tarixin təkrarlanmasıdır”. Amma təbiətdən fərqli olaraq, tarixdə həm də irəliləmə və yüksəlmə istiqamətləri müəyyən olunur. Buradan aydın olur ki, tarixin təkrarlanması yalnız Tarixi Ruhla bağlıdır. Tarix oxunda yüksəliş və irəliləməyə görə tarixi ruh yeni idelogiyada, yeni ittifaqlarda, yeni siyasi coğrafiyada, yeni tip liderliklə meydana çıxdığından, tarixə həm də bəşəri tərəqqini nəzərə almaqla baxmaq lazımdr. Buradan türk tarixinə müasirlikdən baxışda iki prinsipal məsələyə aydınlıq gətirilməsi vacibdir.

A) TÜRKLÜK VƏ TÜRÇÜLÜK

Azərbaycan xalqını tarixsizləşdirənlərin digər bir üsulu terminoloji çaşqınlıq yaratmaqdan,türkçülüklə türklüyü bir-biri ilə qarışdırmaqdan ibarətdir.
Türklük bir insanın türk etnosuna aid olmasına, türk mədəni mühitində formalaşmasına və türk adət-ənənlərinə uyğun yaşamasına, türk dilində danışmasına, yəni türk ekoluna aid olmasına işarə edir. Buradan aydın olur ki, türklük etnik millətçilik anlayışıdır. Türklük - topraq və qan bağlılığına işarə edir.
Türkçülük - bir ideologiya olaraq bu günə kimi tam təyinatı verilməmiş bir anlayışdır. Türkçülüyün baniləri türkçülüyü siyasi millətçilik kimi təyin ediblər. Buna görə, türkçülüyün banilərindən Ziya bəy kürd olub. Türkçülüyün ən yaxşı tərifini, məncə, Böyük Atatürk vermişdir. O demişdir: “Türk(çü) o deyil ki, o türk xalqına aiddir, türk odur ki, o, Türkiyəyə xidmət edir”. Məncə, bu kəlam əslində siyasi türkçülüyün tərifi hesab edilə bilər. Bu gün Amerikanın prezidentinin yəhudi, zənci, müsəlman və ya rus olması onların amerikan olmasına mane olmur və bunlar Amerika dövlətinə xidmət edirlər. Bu da amerikanlığın siyasi millətçilik olduğunu göstərir. Buradan da biz türkçülüyü - türk dövlətçiliyinə bağlılıq yaradan siyasi şüur kimi təyin edirik. Heç bir erməni və ya kürd türklüyə aid ola bilməz, amma hər bir kürd və erməni türkçü ola bilər. Turqut Özal Türkiyəni dirçəldən türk millətçisi olan kürd, Öcalan Türkiyəni məhv etməyə cəhd edən kürd ekoluna aiddir.
Türkçülük bir anlayış kimi XIX əsrin axırlarında bir qrup mütərəqqi türk ziyalısı tərəfindən Avropanın ideoloji əsasda yenidən qurulmasına alternativ kimi düşünülüb. Necə ki, orta əsrlərdə səlib yürüşləri dini əsasda baş verirdisə, yeni dövrdə bəşəri ideologiyalar əsri başlayırdı. Məsələn, Hitler dünya ağalığına nasional sosializmlə - milli sosializm ideyası ilə çıxmışdır. Afrika, Amerika və Asiya ölkələrində milli demokratik hərakatlar vüsət almış imperiyaların dağılması milli dövlətlərin yaranması erası başlamışdır. Buna uyğun dövrün tarixi ruhu ilə Türkiyədə Gənc Türklər Hərakatı dirçəlir, xilafatdən imtina edilir, Osmanlı mirasından üz çevrilir, Osmanlı topraqları əldən verilir, buna uyğun, dövlət sərhədləri kiçilir, maraqları daralır, islami ideyanın yerinə yeni bir ideoloji kimlik otuzdurulmağa cəhd edilirdi. Bütün türkdilli xalqların ziyalılarının ortaq səyi ilə türkçülüyün əsasları hazırlanırdı. Bu hadisdən 500 il əvvəl yaşamış bir türk hökmdarını türkçü olmamaqda ittiham etmək nə dərəcədə elmi və nə dərcədə ədalətlidir? Bunu oxucunun vicdanına buraxıram.
Səfəvi dövlət quruculuğunu dəyərləndirərkən bu dövlətin özündən əvvəlki minillik dövlətçilik ənənə və tarixi olan ərazilərdə yaradıldığı unudulmamalıdır. Çünki fəlsəfə öyrədir ki, köhnəni dağıtmadan, yenini qurmaq cəmiyyəti inqilablardan, qiyam və üsyanlardan qoruyur. Əgər Şah İsmayıl bu ərazilərdə müasir türkçü görüşü ilə hərəkət edib, qeyri-türklərə qarşı cəbhə açsaydı, nəinki hakimiyyətdə qala bilməzdi, hətta hakimyyətə belə, gələ bilməzdi. Çünki bir milyon kvadratkilometrdə yaradılmış Səfəvi dövlətinin əhalisinin yalnız 30 faizə yaxını türk olmuşdur. Qalan əhali fars, ərəb, əfqan, gürcü, lahor, hind, tacik, özbək və s. xalqların mənsubu olub. Buna görə də Şah İsmayılı etnik təmizləmə aparmadığına görə ittiham etmək ədalətsizlikdir.
Şah İsmayıla qarşı iradlarından biri də onun antitürk siyasətçi olması ilə bağlıdır. Baxmayaraq ki, Şah İsmayılın və onun tərəfdarlarının hamısı etnik millətçilik baxmından xalis türklər olmuşlar. Əslində, doktor Hüseyn Mühəmməd Sadikin tərtib etdiyi və redaktoru olduğu “Türkcə seçilmiş şeirlər və nəsr mətnləri” kitabında (1371-ci il. Tehran-Əlləst nəşriyyatı) dərc olunan Şah İsmayıl Xətainin aşağıdakı “Xətaidir, Xətai” şeiri də onun milli kimliyinə şübhə ilə yanaşanlara ən yaxşı cavabdır:

XƏTAİDİR, XƏTAİ
İnan, dilbəri xudadır Xətai
Mühəmməd Mustafadır Xətai.

Səfi nəsli, Cüneyd Heydər oğlu
Əliye Murtəzadır Xətai.

Haqqın eşqi ilə meydana gəlibdir,
Hüseyni Kərbəladır Xətai.

Əli Zeynalabidini Baqir və Cəfər
Kazım, Musa, Rzadır Xətai.

Mühəmməd Təqidir, Əli Nəqi həm
Həsən Ələsgər Ləqaidir Xətai.

Mühəmməd Mehdi Sahibi zaman
Eşqində gedər Xətai.

Yəqin bil, haqdır, qıl səcdə ona
Ki, bir türk Xətaidir, Xətai!

Ən maraqlısı isə odur ki, bu şeir nə Türkiyədə, nə də Azərbaycanda deyil, məhz İranda dərc olunub. Yəni farslar Xətainin türk olduğunu etiraf etdikləri və açıq şəkildə yazdıqları halda, Azərbaycanda onun türklüyünə şübhə ilə yanaşanlar var. Konkret olaraq Fazil Mustafa nə olursa-olsun, Xətaini antitürk kimi təqdim etməyə cəhd edir. O yazır: “Ümumilikdə bu tezisi irəli sürənlərin özləri Səfəviləri milli dövlət, milli imperiya kimi cəmiyyətə sırımaqla məşğul olanlardır. Biz onlara qarşı deyirik ki, Səfəvilik bizim hansısa milli dəyərlərimizə uyğun deyil. Halbuki, istər Səfəvilər olsun, istər də onlardan əvvəlki Səlcuqlular olsun, bu sülalələrin idarəetmə prinsipi Sasani bürokratik mexanizminə daha çox uyğun gəlirdi”. Əvvəla idarəetmənin milli dəyərlərə heç bir aidiyyati yoxdur. Çünki idarəetmə siyasi şüurun məhsulu olub, millətüstü anlayışdır. İkincisi, “milli” sözünün iki mənası vardır. Birinci mənası “dövlət” sözü ilə eynimənalı olub, siyasi kimliyə işarə edir. Məsələn, Milli Ordu - dövlət ordusu mənasını verir. İkinci məna “xalq” sözü ilə eyni məna verir. Məsələn, türk milləti - türk xalqı. Bu mənada milli dövlətlərə kimi yaranmış dövlətlərə milli demək, həmin dövlətlərin etnogenezisinə işarə edir.
Üçüncü tərəfdən, imperiyalarda siyasi millilik olmur. Çünki milli dövlət (siyas millətçilik baxımından) anlayışı XX əsrin ikinci yarısında ikinci dünya müharibəsindən sonra politologiyaya daxil olmuşdur. Buna görə, sovet rus imperiyasında ideologiya fəhlə-kəndli ideologiyası olaraq qəbul edilmişdir. Odur ki, Şah İsmayıldan siyasi-milli dövlət və ya siyasi-milli imperiya və ya milli dəyərlərə uyğun dövlət yaratmağı tələb etmək absurddur. Şah İsmayıl siyasi-milli dövlət qura bilməzdi. Çünki o, bundan daha nəhəng bir vəzifəni yerinə yetirib - imperiya yaratmışdır. İkincisi, ona görə mili dövlət qura bilməzdi ki, həmin tarixdə dünyada milli dövlət mərhələsi yox idi. Buradan da “milli” sözünün ikili mənasından istifadə edib, insanları çox asanlıqla çaşdırmaq və etnik millətçini siyasi millətçi olmadığına görə, başqa xalqın tarixi şəxsiyyəti kimi təqdim etmək mümkün olmuşdur. Bu da tarixlə müasirliyin müqayisəsində əl atılan sofizmdən başqa bir şey deyildir. 
Fazil bəy Şah İsmayılın nöqsanını onun idarəetməsinin “Sasani bürokratik mexanizminə” uyğun gəlməsi ilə izah edir. Əvvəla tarixin oxu bəşəriyyətin unifikasiyaya doğru inkişaf etdiyini sübut edir. Bu gün bizim Avropa dəbində geyinməymiz bizi nə qədər Avropa xalqlarından edirsə, Şah İsmayılı Sasani bürokratik idarəetməsini tətbiq etməsi bir o qədər onu fars edir.
Bundan başqa, özünün etiraf etdiyi kimi Səlcuqların idarəetmə sistemi eyni Sasani bürokratik mexanizminə uyğun olduğuna görə, gərək onlardan da imtina edilsin. Osmanlılar Səlcuqların varisi olduğundan, onlar da türk hesab edilmələlidir. Çünki idraəetmələri Səlcuqlulardan əxz edilmişdir. Eləcə də 400 il xəlifəlik üsul-idarəsinə əsaslanan Osmanlı tarixindən də imtina etmək lazımdır. Çünki ərəb idraəetmə mexanizminə əsaslanmışdır. Amma Fazil bəy Səlcuqları sevir, Səfəvilərə isə nifrət edir. Digər tərəfdən, farsların min illik tarixi dövlətçilik təcrübəsindən bəhrələnmək niyə qəbahət sayılmalıdır? Bu gün bütün dünya qədim yunan demokratik idarəetmə mexanizminə uyğun idarəetməyə keçməyə cəhd edir. Fazil Mustafanın təmsil olunduğu parlamentarizmin əsası eramızdan əvvəl qədim Yunanıstanda qoyulub, Romada inkişaf etdirilib. İndi demək olarmı ki, Fazi bəy parlamentdə təmsil olunduğundan, yunandır?! Buna necə qiymət verək? Bunların hamısının yunan, ya Roma əsarətinə xidmət edən dövlətlər kimi dəyərləndirək? Dövlət idarəetməsi unifikasiyaya məruz qalır. Bu gün bütün dövlətlərin idarəçilik forması demək olar ki, bir-birinə uyğundur. Digər tərfdən, əgər Sasani bürokratik mexanizmi yanlış bir forma olsaydı, minillər hakimiyyəti saxlamağa imkan verməzdi. Əlverişli bir mexanizmdən istifadə edib dövlət qurmaq Şah İsmayılın siyasi uzaqgörənliyini sübut edir, nəinki onun türkçü olmamasını. Buna paralel olaraq, Şah Qacarın Cingizin yasalarını tətbiq etməsinə baxmayaraq, o, yenə də Fazil bəyin hücumuna məruz qalır. Yaxşı, Qacar ki, Cingiz idraetmə mexanizminə uyğun imperiya yaratmışdır. O, niyə türkçülükdən çıxarılır? 
Fazil bəyin Şah İsmayıl, Şah Qacara yanaşmasından belə nəticə alınır ki, “Şah İsmayıl, Şah Qacar ya türk deyil, ya türkə xidmət etməmişdir. Və ümumi türk tarixinə aidiyyatları yoxdur”. İranda da Şah İsmayılı, Şah Qacarı fars hesab etmirlər (düzdür, İran dövləti kimi təbliğ edirlər) və onun farslara xidmət etmədiyini qəbul edirlər. Bəs onda Şah İsmayıl, Şah Qacar kim olub və kimə xidmət edib, hansı xalqın tarixi şəxsiyyətləridir?”
Amma heç kəs bu həqiqətə kölgə sala bilməz ki, Amur-Dəryadan Fərata, Qafqazlardan Hindistana, Əcəm İraqından Əfqanıstana kimi nəhəng bir ərazidə yaradılan və 500 il sürəkli olaraq ayaqda olan və dünya tarixinə istiqmət verən Səfəvi, Əfşar və Qacar hakimiyyətləri Azərbaycan dövlətçilik tarixinin şanlı səhifələridir, bu dövlətləri türkəsilli şəxsiyyətlər yaradıb, bu dövlətlər türk mədəniyyətinə, dilinə, gücünə, mili xarakterinə əsaslanıb, bu dövlətlərin bazis xalqı türk olub, əqidəcə Qızılbaş müsəlman olub.

B) TARİXƏ QEYRİ-SOFİSTİK BAXIŞ: BİR MİLLƏT, İKİ TARİX 

(OSMANLI- SƏFƏVİ ƏLAQƏLƏRİ)
Formula: Türkiyə və Azərbaycan “bir millət, iki dövlətdir”, Osmanlı və Səfəvi tarixi bir millətin iki fərqli paralel tarixidir.

Səfəvi Osmanlı tarixinə ən düzgün baxış müasir dövrdə Türkiyə-Azərbaycan strateji əməkdaşlığı prizmasından baxılmalıdır, bu zaman bu iki dövlətin strateji müttəfiqlik prinsipi tarixə baxışa keçirilməlidir. Buradan da, əgər Türkiyə və Azərbaycan ona görə strateji müttəfiqdir ki, “bir millət, iki dövlət”dir, onda tarixə də bir millətin iki fərqli paralel tarixi kimi baxılmalıdır. Bunun alternativi yoxdur. Bir millətin iki tarixi prizmasından baxdıqda, Orta əsr Osmanlı və Səfəvi əlaqələri əksiliklər kimi yox, alternativlər kimi dərk olunur. Yəni Osmanlı və Səfəvi tarixi türkün paralel inkişaf edən alternativ tarixlərindən ibarətdir.
Beləliklə, Osmanli-Səfəvi tarixinə yeganə düzgün baxış “bir millət, iki tarix” konseptindən baxış ola bilər. Bu baxışdan fərqli baxışla baxanlar ya Osmanlını, ya Səfəvini ittiham edirlər ki, bu da müasir vəzifələrimizi icra etməyimizə mane olduğundan, tarixdən bəhrlənməyə imkan verir, məhz buna görə də elmi yanaşma olmur.
Sovet dönəmindən başlayaraq Azərbaycan tarixinin təhrif edilməsinin bir xətti də Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında düşmənçiliyi körükləmək olmuşdur. Hətta Koroğlu dastanının 12 variantı içərisində Koroğlunun türklərə qarşı mübarizə apardığını təsvir edən erməni variantı tərcümə edilərək, bizə öyrədilmişdir. Digər variantların hamısı Səfəvilərə qarşı qonşu xalqların mistifikasiyasını özündə təqdim edir.
Əvvəla, orta əsrlərdə müasir millətçilik təsəvvürləri olmayıb. Amma türklər istər Əmir Teymur, istər Toxtamış, istər Osmanlı Sultanları, istər Səfəvilər, Əfşarlar və Qacarlar törəyə - türk mədəniyyətinə və fəlsəfəsinə tabe olumuşlar. Hətta Osmanlı Sultanının Ağqoyunlu səfiri Şah İsmayılın ulu nənəsi Sara xanıma “ana” deyə müraciət etməsi, öz taxtından qalxıb, onu öz taxtında otuzdurması təkcə bir siyasi jest deyildi, əksinə türk törəsinin - qadına, anaya, türk erkəyinin sayğısı idi. Əgər Osmanlı Sultanı Şah İsmayılın nənəsini öz doğma anası kimi hörmətlə qarşılayıb, ona “ana” deyə müraciət edibsə, onun nəticəsi necə Osmanlı düşməni fars ola bilər?!
Osmanlı türklərinin tarixində türkün türklə iki nəhəng qarşıdurması olmuşdur. Teymur-Bəyazid, İsmayıl-Səlim. Və çox maraqlıdır ki, hər ikisində səbəbkar Osmanlı sultanları olmuşdur. Əgər Sultan Səlim öz qanından olan 40 min (bu rəqəm mübahisəlidir) ələvini məzhəbçiliyə gərə qılıncdan keçirməsəydi, Azərbaycana hərbi yürüş təşkil etməsəydi və o vaxt Səfəvilərə aid əraziləri - indiki Ərzincan, Diyarbəkir, İqdır, Ərzurum, Naxçıvan və s. əraziləri işğal etməsəydi, Bağdad üstündə konfliktə girməsəydi, Çaldıran da olmazdı. Tarix sübut edir ki, Sah İsmayıl Çaldıranın baş verməməsi üçün nə qədər səy etmişdir. Fazil Mustafa yazır: “Səfəvilər Osmanlının arxa bağçasına, yəni katolik dünyasına müttəfiqlik üçün əl uzatmışdılar və bu da Osmanlının strateji maraqlarını təhdid edirdi.” Bəli, tutaq ki, Şah İsmayılın katoliklərlə əlaqəsi Osmanlını təhdid edirdi, bəs Osmanlı-Roma əlaqələri Səfəvilərin maraqlarını təhdid etmirdi?! Çaldıran qələbəsinə görə Osmanlı məhz Roma əlaqələrinə borclu deyilmi? Bəyəm hətta Osmanlı sülaləsindən olanlar Osmanlı düşmənlərinə sığınmırdılar? Məsələn, Sultan Fatehin vaxtında olduğu kimi. Amma Şah İsmayıl Osmanlı sultanı deyildi, öz imperyasının maraqlarını təmin etməli idi. Eyni ittihamı Əmir Teymura, Toxtamışa və digər türk hökmdarlarına da irəli sürmək olar. Buradan görünür ki, Fazil bəy boğazdan yuxarı “türk” təssübkeşi kimi çıxış edir. Bu aspektdən yanaşdıqda Teymur-Bəyazid qarşıdurmasına və ya türk sultanlarının öz qardaşları, ataları, oğulları ilə hakimiyyətə görə apardığı qanlı mübarizəyə nə ad vermək olar? Hakimiyyət uğrunda Şah İsmayıl öz oğlanlarına, qardaşlarına düşmən olsaydı, Osmanlıya - qan qardaşlarına da düşmən olardı.

BƏS KİMDİR BU "BİZ"?

Fazil Mustafa yazır: “Kiminsə haqlı və ya haqsız olduğunu biz söyləyə bilmərik. Bizim yanaşmamız sırf bu günün kontekstindəndir və maraqlarındandır. Osmanlını bir tərəfə qoyuram, konkret olaraq Səfəvilik bizim üçün faydalı miras deyil, həqiqətən də Rəsulzadənin, Ağaoğlunun qeyd etdiyi kimi fəlakət tariximizdir. Bu səbəbdən də tariximizin bu səhifəsinə Osmanlı ilə savaş kontektindən deyil, özümüzə xeyri-zərəri meyarlarından baxmağa çalışmalıyıq”. Fazil bəyin Azərbaycanda Səfəvilərə mövcud tarixi yanaşmadan fərqli bir yanaşması göstərir ki, o, bizdən -Sfəvilərə, Əfşarlara, Qacarlara Azərbaycan tarixinin qürur qaynağı kimi, müasir dövrümüzün siyasi problemlərimizin açarı kimi baxnlardan fərqli “biz”lərə aiddir. 
“Səfəvilik bizim üçün faydalı miras deyil, fəlakət tariximizdir” ifadəsindəki “biz” deyəndə, kim nəzərdə tutulur?! Əgər indiki Azərbaycan hakimiyyəti nəzərdə tutulursa, bu hakimiyyət Bakıda, Xaçmazda, Massallıda Şah İsmayıla abidə qoyub, Səfəvilər tarixinin işıq üzü görməsinə milyonlar xərcləyib, Bakıda onun adına rayon, prospekt, küçələr qoyub, məkətəb və universtetlərdə onun yaradıclığı öyrənilir, Səfəvi tarixi tədris edilir. Bu iqtidarın baş ideoloqu Ramiz Mehdiyev Səfəvilər haqqında yazılan yazılara dərhal reaksiya verib və onu müdafiə edib.
Yox, əgər “biz” deyəndə müxalifət nəzərdə tutulursa, Azərbaycanda heç bir müxalifət lideri,başda Əbülfəz bəy olmaqla, Səfəvi tarixinə Fazil Mustafa kimi yanaşmır.
Əgər bu “biz” Azərbaycan xalqıdırsa, bu xalq bu gün də öz övladlarına Səfəvi hökmdarlarının və onların varislərinin şərəfinə onların adını qoyur, Şah İsmayılın yaradıcılığı ilə nəfəs alır və Səfəvi dövründən baslanmış milli mədəniyyəti bu gün inikişaf etdirir və bu gün də böyük çoxunluqla “şiəliyə” tapınır. Səfəvi şahlarına dastan qoşub və nağıllaşdırıb, onları öz folklor qəhrəmanlarına çevirib.
Bəs kimdir bu “biz”?
Fazil bəyin Səfəvi tarixinə münasibətində seçdiyi baxış məzhəbçilik baxışıdır. O, şiəliyi ittiham etdiyindən, onun əhli-sünnə baxışı ilə tariximizə yanaşdığı aydın olur. Jurnalistin “siz də əvvələr Şah İsmayıla müsbət münasibət bəsləmisiniz, bəs sonra niyə fikrinizi dəyişdiniz?” sualına Fazil bəy cavab vermir. O, nə vaxt, harada və əhli-sünnə təriqətinin hansı məzhəbinin nümayndələrinin təsiri ilə əhli-sünnə təəssübkeşliyinə keçdiyinə açıqlıq gətirmir. Bu “Biz” kimdirsə, bilinən odur ki, türk birliyinin əleyhdarı, Türkiyə-Azərbaycan əlaqələrinin pisləşməsini istəyən və müasir siyasi konyukturada bilanıq məqsədlər güdən, sünni-şiə qarşıdurmasında maraqlı olan insanlardır. Onların adı FƏTÖ-çu da, nurçu da ola bilər. Mahiyyət dəyişmir. Nobel mükafatı laureatı Pamuk, “Daş yuxuları”nı yazan Ə.Əylisli nə dərəcədə türkçüdürsə, elə bu “biz”lər də bu dərəcədə tükçüdür. 
Oxu atıb, yayı gizlətməyə ehtiyac yoxdur. Əvvəlcə, Osmanlı savaş konteksindən Şah İsmayıl ləkələnir, sonra “sırf bu günün kontekstindən və maraqlarından” Şay İsmayıla qiymət verilir.
Görəsən, türklər Özbəkistanla əlaqələrində Əmir Teymurun İldırım Bəyazidi məğlub etməsi konteksindən yanaşırmı? Fazil bəyin bu günkü “konteksi və maraqları” nədən ibarətdir ki, Şah İsmayıla bu cür nifrət edir? Biz onun müsahbəsində bu suala cavab tapa bilmədik. Bu konteks Fazil Mustafanın şiəlik əqidəsinə zidd olan hansısa əqidə məsələsi olmaya? O, “bizim konteks” deyəndə kimi nəzərdə tutur. Azərbaycan tarix elmində Fazil bəylə “bizlik” təşkil edən kimsə yoxdur. Müasir siyasətçilərdən də onun kimi düşünən yoxdur. Bəs, bu “biz -Fazil bəylər” kimlərdir? Yoxsa, onlar Azərbaycandan kənarda yaşayan gizli “biz”lərdir?! 

(Ardı var) 

Sərdar CƏLALOĞLU