Azərbaycan siyasətindəki Əlilərin – Siyahısı

Baxış sayı: 
49
1  
1  

Azərbaycanda siyasi gündəm boz rəngdədir desək, yəqin ki yanılmarıq. Ara-sıra hansısa hadisə siyasi gündəmə rəng qatsa da, ümumilikdə siyasət aləmində davamlı qaynar olaylara şahid ola bilmirik. Baxmayaraq ki, bu il bələdiyyə, gələn il parlament seçkiləri keçiriləcək, di gəl ki, siyasi müstəvidə coşub-daşma baş vermir...
Bəlkə də bu ondan irəli gəlir ki, hazırda Azərbaycanda siyasi gündəmi əsasən iqtidar formalaşdırır. Xeyli passiv olan müxalifət isə ona təqdim olunan rəy ətrafında “oynamağa” məcbur qalır.
 
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədovun bu yaxınlarda Baş nazir kürsüsünə gətirilməsi, ardınca Əli Həsənovun Baş nazirin müavini postundan təqaüdə göndərilməsi, sonra Əli Kərimlinin icazəsiz mitinq keçirərək, həbs olunması, lap bu günlərdə Əli İnsanovun müxalifət liderlərinin dəyirmi masasına qatılması...
 
Son vaxtların ən səs-küylü siyasi hadisələrində Əli adları diqqət çəkir...
 
Müxtəlif soyadlı Əlilərin adını təsadüfən çəkmədik... Azərbaycanın hazırkı siyasətində soyadları fərqli və oxşar olan xeyli Əli var...
 
Modern.az saytı bu yazıda onları xatırlatmağa çalşışacaq. Beləliklə, Azərbaycan siyasətinin Əlilərini xatırladaq...
 
Siyasətdəki Əlilərdən 2-si Nazirlər Kabinetinin rəhbərliyindədir – Əsədov və Əhmədov... Bu yaxınlaradək Nazirlər Kabinetinin rəhbərliyində daha bir Əli vardı - Həsənov...
 
Başlayaq elə 63 yaşlı Baş nazir Əli Əsədovdan... Bakı şəhərində orta məktəbi, Moskvada isə Xalq Təssərrüfatı institutunu bitirib. 1980-89-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. 1989-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnsitutunda kafedra müdiri vəzifəsində çalışıb. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Əli Əsədov 17 aprel 1998-ci il tarixindən 29 noyabr 2012-ci il tarixində kimi Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi işləyib.
 
2012-ci ildən 2017-ci ilə kimi Prezident Administrasiyası rəhbərinin müavini olub. 2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.
 
2019-cu il oktyabrın 8-də isə Azərbaycan Respublikasının Baş naziri kürsüsünə irəli çəkilib. Onun bu təyinatı hamı üçün gözlənilməz oldu. Çünki ona qədər Baş nazir postunu tutan Novruz Məmmədov bu vəzifədə yeni idi…
 
Əli Əsədov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
 
Azərbaycan siyasətində Əli Həsənov ad-soyadında iki sima var – biri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, digəri Baş nazirin sabiq müavini (“Dövlətqaçqınkom”un keçmiş sədri), YAP-ın sədri müavini...
 
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.
 
1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant işləyib. 1994-95-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri olub. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. 1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.
 
2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.
 
Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə 59 yaşlı Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib.
 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür…
 
Baş nazirin sabiq müavini, 71 yaşlı Əli Həsənov da ölkə siyasətində yetərincə müzakirə olunmuş adlardandır. 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.
 
Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb.
 
Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib. 1980-ci ildən başlayaraq Sumqayıt şəhərinin rəhbərliyində çalışıb.  1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini vəzifələrində çalışıb.
 
1997-1998-ci illərdə isə Ə.Həsənov vəzifə pilləsində bir qədər də irəliləyərək, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifəsini tutub.
 
O, 1990-cı ildə keçmiş Ali Sovetin, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
 
1998-ci ilin noyabr ayında ölkə başçısı Əli Həsənov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edib.
 
2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında onu YAP sədrinin müavini seçiblər. O zaman çoxları Əli Həsənova göstərilən bu etimaddan sonra onun az qala Baş nazir postuna gətirilə biləcəyini mümkün sayırdı. Əli Həsənovun karyerasına əsas zərbə nəvəsinin məlum qəza hadisəsindən gəldi.
 
21.04.2018-ci il tarixində Əli Həsənov “Dövlətqaçqınkom”un sədri vəzifəsini itirsə də, ölkə başçısı onu Baş nazirin müavini postunda saxladı.
 
2019-cu il oktyabrın 21-də Əli Həsənovun Baş nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı verdiyi ərizəsi qəbul edilib. Beləliklə, dövlət qulluğundan təqaüdə gedən Ə.Həsənov siyasətdə YAP sədrinin müavini kimi qalıb.
 
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov hakim partiyanın  “uzaqvuran topları”ndan sayılır. 66 yaşlı Əli Əhmədov 1979-1982-də Azərbaycan Dövlət Universitetində laborant, 1982-1997-də bu ali təhsil ocağında müəllim, böyük müəllim, dosent işləyib.
 
1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən indiyə kimi həmin kafedranın müdiridir. O, fəlsəfə elmləri doktoru, professordur.
 
Ə.Əhmədov 1997-1999-cu illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsində müdir müavini, 1999-2000-ci illərdə  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
 
2000, 2005, 2010, 2013-də Milli Məclisin deputatı olub.
 
1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir.
 
Əli Əhmədov 22 oktyabr 2013-cü ildən indiyə kimi  Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutur.
 
Siyasətin daha bir Əlisi sabiq səhiyyə naziri İnsanovdur. O Əli İnsanov ki, 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmiş, 1995-ci ildə isə Milli Məclisin deputatı seçilmişdi.
 
Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i ixtira edib. O, mərhum dövlət başçısı Heydər Əliyevin dövründə hökumətdəki ən hökmlü nazirlərdən biri hesab olunurdu.
 
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alındı.
 
Lakin sonradan o, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olundu. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
 
2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürüldü. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanova əlavə olaraq 7 il həbs cəzası kəsildi.
 
İnsanov 17 mart 2019-cu ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan zaman keçmiş səhiyyə naziri ilk açıqlamalarında qəzəb, od-alov püskürdü. Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edərək, siyasətlə məşğul olacağını bildirdi. Daha sonra bir neçə dəfə səs-küylü açıqlamaları ilə gündəmə gələn İnsanovun yenidən siyasətə qayıdışı uğursuz nəticələndi. Bu gedişlə 72 yaşlı eks-nazirin siyasət aləmində unudulacağı istisna deyil.
 
Doğrudur, bir neçə gün öncə Əli İnsanov Müsavat Partiyasındakı dəyirmi masaya qatılmaqla yenidən gündəmə gəldi, ancaq sosial şəbəkələrdə  əksəriyyət onu “qatarı getmiş sima” kimi xarakterizə etdi...
 
Siyasətdə adı qalmaqallı hadisələrdə hallanan Əlilərdən bir də Abbasovdur.
 
Əli Abbasov 2001–2004-cü illərdə Milli Məclisin deputatı və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olub.
 
2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il mayın 24-də keçirlən iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yeni vəzifə verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki o vaxtadək çoxları AMEA-nın müşaviri təyin olunan Ə.Abbasovun “MTN işi” və “Rabitə işi” kimi qalmaqallı hadisələrdən sonra bir daha dövlət qurumlarına yaxın buraxılmayacağı qənaətinə gəlmişdi. 
 
Texnika elmləri doktoru olan 66 yaşlı Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. O, həm də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür...
 
Adı siyasətdə daim səs-küyə səbəb olan Əlilərdən biri Kərimlidir.
 
Əli Kərimli 28 aprel 1965-ci il Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini bitirib. 1987-ci ildə Yurd İctimai Birliyinin yaradıcılarından biri olub. Azərbaycan Xalq Cəbhəsinin (AXC) BDU-dakı şöbəsinin yaradıcılarından biri və sədri olub.
 
AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin müavini vəzifəsində işləyib. BDU-nun hüquq fakültəsini bitirəndən sonra orada bir müddət müəllim işləyib, eyni zamanda "Azadlıq" qəzetinin parlament müxbiri olub.
 
1992-ci ilin mayında Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ilin aprelindən isə dövlət katibi təyin olunub.
 
1993-cü ildəki 4 iyun hadisələri onun da dövlət qulluğundakı fəaliyyətini sonlandırıb. Həmin il iyunun 26-da istefa verərək, Ordubad rayonunun Kələki kəndində yaşayan prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb.
 
1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq, AXCP sədrinin siyasi məsələlər üzrə müavini işləyib.
 
12 noyabr 1995, 5 noyabr 2000-ci il tarixlərində proporsional seçki sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasından, 6 noyabr 2005-ci ildə isə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.
 
AXCP-nin sədri Əbülfəz Elçibəyin vəfatından sonra, 2001-ci ildə partiya qurultay keçirib. Həmin qurultayda Əli Kərimli AXCP sədri seçilib.
 
2005-ci ildə Azadlıq Siyasi partiyalar blokundan deputatlığa namizəd olub.
 
2008-ci ildə prezident seçkilərində iştirakı boykot edib. 2013-cü ildəki prezidenti seçkiləri ərəfəsində yaradılmış  Milli Şurasının qurucu üzvlərindən biridir. 17 yanvar 2014-cü ildə isə həmin qurumun Koordinasiya Şurasının üzvü seçilib.
 
54 yaşlı Əli Kərimli hazırda hakimiyyətin əsas müxalifəti hesab olunur.
 
Əli Əliyev siyasətdə Vətəndaş və İnkişaf Partiyasının sədri  kimi tanınır.
 
1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycab Tibb Universitetinə (ATU) daxil olub, oranı 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib.
 
1991-ci ildə ATU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb. Hazırda da ATU-nun müəllimi işləyir, biologiya elmləri namizədidir. Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub.
 
1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub.
 
Etibar Məmmədov partiya rəhbərliyindən gedəndən sonra - 2005-ci ildə Əli Əliyev AMİP-in qurultayında sədr seçilib. Lakin az sonra partiyada yaranmış fikir ayrılığına görə, Ə.Əliyev AMİP-dən çıxıb. 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyasını (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən “Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.
 
Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib...
 
Əli Hüseynli siyasətdəki Əlilər sırasında nisbətən gəncdir... Hazırda Milli Məclisdə 49 saylı Yevlax-Mingəçevir seçki dairəsini deputat kimi təmsil edən Əli Hüseynli 1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Bakı  Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.
 
1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləyib. 1995-ci ildən Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışıb, 1996–2000-ci illərdə Milli Məclisi sədrinin köməkçisi olub.
 
Ə.Hüseynli artıq 4-cü çağırışdır ki, Milli Məclisin deputatıdır. O, 2000-ci ildə 96 saylı Cəlilabad şəhər, 2005-ci ildə 49 saylı  Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilib. 2010-cu ildə təkrar olaraq 49 saylı  Yevlax-Mingəçevir seçki dairəsindən Milli Məclisə mandat qazanıb. Əli Hüseynli 2015-də də də həmin dairəsən deputat seçilib.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir.
 
Siyasətdə iki nəfər Əli Nağıyev ad-soyadı daşıyır. Onlardan biri hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyir, digəri eks-səfir, keçmiş nazir statusu daşıyır.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev bu vəzifəyə ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə gətirilib. Bu  təyinat xüsusi xidmət orqanlarında son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndirilib.
 
Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.
 
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. 
 
Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev milli təhlükəsizlik nazirinin müavini təyin olunub.
 
Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
 
2011-2019-cu illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.
 
Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
 
27 iyun 2019-cu ildə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
 
Təqaüddə olan digər Əli Nağıyev hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olmaqla uzun müddət mərhum eks-prezident Heydər Əliyevə ən yaxın məmurlar sırasında 1-ci dayanıb. 
 
Vaxtilə Yeni Azərbaycan Partiyasının ən nüfuzlu funksionerlərindən sayılan Ə.Nağıyev Heydər Əliyevin zamanında YAP-da ikinci şəxsi-sədr müavini idi. Heydər Əliyevin hakimiyyətə gəlməsində, YAP-ın qurulmasında mühüm xidmətləri olan Əli Nağıyev hakim komanda da iddialı fiqur sayılırdı. Bəzi məlumatlara görə, Heydər Əliyevin ölümündən sonra hakim komandada Əli Nağıyevi istəməyən bir sıra yüksək çinli məmurlar onun “vurulması”na çalışırdılar və buna nail ola bildilər.
 
2006-cı ilin fevralında Əli Nağıyev nazir postundan azad edildi.
 
2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixində isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı.
 
Diplomatik işdən geri çağrılan sabiq nazir indi təqaüddədir və onun yenidən hansısa vəzifəyə təyin olunması mümkün görünmür.
 
Vaxtilə YAP-ı quranlardan olan Ə.Nağıyev 2006-2011-ci illərdə Azərbaycanın Belarusdakı səfiri vəzifəsində çalışarkən “Diplomatik xidmət haqqında” qanuna müvafiq olaraq, hakim partiya sıralarından da kənarda qalmışdı. Yeni Azərbaycan Partiyası 2012-ci ildə onun ərizəsinə baxaraq yenidən öz sıralarına bərpa edib.
 
Əli Nağıyev hazırda ara-sıra mətbuata qalmaqallı müsahibələr verməklə gündəmə gəlir. Onun sonuncu qalmaqallı açıqlaması elə adaşı - Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov barəsində olub.
 
Və nəhayət siyasətdə sonuncu Əli... Söhbət deputat Əli Məsimlidən gedir. Əli Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri namizədidir.
 
1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləyib. 1991-ci ildən Prezident Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Xarici İnvestisiyalar Komitəsinin sədri, Baş nazirin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri işləyib. 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
 
Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri olub.
 
2010-cu ildən Şəki rayonundan Milli Məclisə deputat seçilib. 2015-də 14 saylı Şəki kənd birinci seçki dairəsindən yenidən parlamentin mandatını qazanıb. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.
 
Yenisabah.az

Загрузка...
Загрузка...