​Azərbaycan səhiyyəsində YENİLİK: "Topuq testi" nə işə yarayacaq?

Baxış sayı: 
199
0  
0  

Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” haqqında çox eşitmişik. Bəs bu testin mahiyyəti nədir? Həqiqətənmi bütün uşaqlar üçün vacibdir? Onun vasitəsilə hansı xəstəliklər tez zamanda müəyyən edilərək aradan qaldırırlır?
Bununla bağlı suallarımızı Publika.az-a K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyev cavablandırıb. O bildirib ki, sözügedən testlər yaxın zamanda Azərbaycanda da kütləvi şəkildə tətbiq ediləcək:
“Hələlik Azərbaycanda bu proqram tətbiq edilmir. Amma bu barədə danışıqlar gedir. Xüsusi skrin proqramıdı, onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Bu baxımdan həmin avadanlıqların ölkəyə gətirilməsi üçün müzakirələr davam edir. “Topuq testi” adlandırdığımız sistem vasitəsilə yeni doğulmuş körpələrdə heç bir əlamət verməyən, lakin gec təsbit edildiyi üçün müalicəsi çətinləşən, qalıcı fəsadlar verən bir sıra anadangəlmə irsi xəstəlikləri müəyyən etmək mümkün olacaq. Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əksikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Daha çox anadangəlmə irsi xəstəliklərin erkən müəyyən edilməsinə xidmət edən test, eyni zamanda hipotireoz (zob kimi tanıdığımız qalxanabənzər vəz xəstəliyi), fenilketonuriya, biotinidaz əksikliyi, qalaktozemiya, anadangəlmə ürək qüsurları və s. xəstəlikləri təsbit edir. Bu proqram kütləvi şəkildə gerçəkləşdiriləcək. Əgər ölkədə 1 il ərzində orta hesabla 160 min körpə doğulursa, onların hər birindən “topuq testi” götürülməlidir. Bu zaman isə paytaxt və digər bölgələrdə də testin tətbiqi önəmlidir. Bu skrin proqramları hazırlanır. Çox güman ki, ilk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra paytaxtda və digər bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinə də veriləcək”.
Baş pediatr onu da əlavə edib ki, bu test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək:
 
 
“Əsasən uşaq doğulan kimi bu test götürülsə, daha yaxşı olar. Nə qədər erkən götürülərsə, bir o qədər işə yarayar. Təxminən doğuşdan 36 saat sonraya qədər götürülə bilər. Çünki zaman keçdikdən sonra heç bir mənası qalmır. Proqram kütləvi tətbiq ediləcəyi üçün sistem çox qəlizdir. Bu barədə ciddi danışıqlar gedir”.
Könül Cəfərli

Загрузка...
Загрузка...