​"Azərbaycan parlamenti proporsional seçkidə iştirak edən partiyalardan təşkil olunmalıdır" - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
102
2  
0  

"Minsk Qrupunun həmsədr ölkələrinin bir məqsədi var, o da Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməkdir"
 
"Beynəlxalq hüquq BMT tərəfindən müəyyən edildiyinə görə, münaqişənin həlli Birləşmiş Millətlər Təşkilatına qaytarılmalıdır"
 
"2023-cü ildə "Lozanna" müqaviləsi qüvvədən düşəcək və bununla da Türkiyə artıq daha geniş, hərtərəfli siyasət aparmaq imkanı əldə edəcək"
 
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı işğalçı Ermənistanın maraqlarına xidmət edən bəyanat səsləndirməsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri" Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfər etmələri, rəsmi Bakının buna cavab olaraq Rusiyaya nota verməsi, o cümlədən Azərbaycan iqtidarı və müxalifətinin Dağlıq Qarabağ probleminə dair Avropa Şurası qarşısında öhdəlik götürməsiylə bağlı səsləndirilən fikirlər və digər mühüm mövzularla bağlı söhbətləşdik.
 
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-strong-quot-azerbaycan-he-ccedil-bir-qurum...)
 
- Sərdar bəy, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi məlum bəyanatdan sonra Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mövqeyinin qərəzli olduğu bir daha sübuta yetirildi. Sizcə, bu halda Minsk Qrupunun formatının dəyişdirilməsi daha doğru olmazmı?
 
- Sualınızı cavablandırmazdan öncə bir məsələyə aydınlıq gətirməliyik. Axı nə üçün ATƏT çərçivəsində və ümumilikdə, dünyada mövcud olan münaqişələrin heç birində vasitəçi olmayıb, lakin Dağlıq Qarabağ probleminə gəlincə, belə bir missiya tətbiq olunub? Baxın, Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələri mövcuddur. Ancaq nə onlarda, nə də Krım, Kəşmir, Qəzza məsələsində və adını çəkmədiyim yüzlərlə münaqişədə vasitəçi yoxdur. Halbuki bu gün elə münaqişələr var ki, onlar Qarabağdan da qanlıdır, ciddidir və Avropanı təhdid edir. Amma onların heç birində vasitəçi yoxdur. Qeyd etdiyim kimi, yalnız Dağlıq Qarabağ məsələsində vasitəçi var. Artıq hamı bilməlidir, Minsk Qrupunun həmsədr ölkələrinin bir məqsədi var, o da Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməkdir. Onu da nəzərinizə çatdırım ki, onlar bu prosesi dinc yolla həyata keçirməyə çalışırlar. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarda yalnız Rusiya deyil, eyni zamanda ABŞ və Fransa da qərəzli mövqe sərgiləyir. Yəni bu məsələdə Minsk Qrupunun həmsədr dövlətlərinin hər üçünün maraqları üst-üstə düşür. Ona görə də hər üçü BMT-də qəbul edilən qətnamələrin əleyhinə çıxıb. Məhz elə bu səbəbdən də biz açıq şəkildə deməliyik ki, Minsk Qrupunun məqsədi Qarabağı Azərbaycandan qopartmaqdır.
 
- Belə olan təqdirdə, Minsk Qrupundan imtina edib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının BMT müstəvisinə keçirilməsi daha məqsədəuyğun olar. Elə deyilmi?
 
- Bəli, Azərbaycan Minsk Qrupundan imtina etməli, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə nail olmalıdır. Beynəlxalq hüquq da BMT tərəfindən müəyyən edildiyinə görə, münaqişənin həlli Birləşmiş Millətlər Təşkilatına qaytarılmalıdır. Çünki dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipi beynəlxalq hüquqda önəmli əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ münaqişəsində isə beynəlxalq hüquq və normaları Azərbaycanın tərəfindədir, bizim haqlı mövqedə olduğumuzu təsdiqləyir. Odur ki, münaqişənin nizamlanması mütləq BMT müstəvisinə keçirilməlidir. Əgər bu, baş verərsə, onda BMT qətnamələrinin icrası mümkün olacaq. BMT-nin işğal haqda qətnaməsində deyilir ki, işğala məruz qalan dövlət öz ərazilərini istənilən vasitə ilə azad edə bilər. Yəni bu halda artıq vasitəçiyə ehtiyac qalmayacaq və öz ərazilərimizi müharibə yolu ilə azad edə bilərik.
 
- Bu zaman Rusiya vassalını - Ermənistanı qorumaq üçün hər hansı bir şəkildə prosesə müdaxilə etməyəcək?
 
- Əgər biz hərbi əməliyyatlar zamanı Ermənistan sərhədini keçsək, onda Rusiya ilə Ermənistan arasında bağlanmış müqaviləyə görə, Rusiya Ermənistan tərəfindən bizimlə vuruşa bilər. Lakin erməni qoşunları ilə Azərbaycanın sərhədləri daxilində vuruşduqda, rusların bizimlə vuruşmaq ixtiyarı yoxdur. Ümumiyyətlə, rus qoşunlarının bizim ərazimizə girməyə ixtiyarı yoxdur.
 
- Necə düşünürsünüz, ölkədə aparılan son islahatlardan sonra Azərbaycan Rusiyanın təsir dairəsindən çıxmağa müvəffəq olacaq?
 
- Mənə elə gəlir ki, Azərbaycanın Rusiyanın təsirindən birdəfəlik çıxmasından danışmaq lazım deyil. Biz ruslardan o qədər ziyan görmüşük ki, artıq nəsə yaxşı şey gözləmək də düz deyil. Lakin nəzərə alsaq ki, Rusiya əhalisinin 50 faizdən çoxu müsəlmandır, orda çox nəhəng türk topluluğu var, onların da Rusiya siyasətinə böyük önəmi var, deməli əgər biz düzgün iş qursaydıq, Rusiyadakı müsəlmanlar və türklərin lobbiçiliyindən istifadə edə bilsəydik, o zaman Kreml heç vaxt ermənilərin tərəfində durmazdı. Amma biz işi düzgün qura bilməmişik, Rusiyadakı müsəlman və türk toplumu ilə lazımı əlaqə yarada bilməmişik. Odur ki, Azərbaycan hökuməti bu məsələdə düzgün siyasət aparmır. Halbuki, məhz Rusiyada yaşayan müsəlman və türklərin vasitəsiylə Kremli Dağlıq Qarabağ məsələsində neytrallaşdıra bilərdik.
 
- Bildiyiniz kimi, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşüb və bu zaman müəyyən razılaşmalar əldə olunub. Sizcə, bu görüş Yaxın Şərqdə nələri dəyişəcək və regionda həlledici dönüş nöqtəsi ola bilərmi?
 
- Burada əsas məsələ Türkiyənin özünü İslam dünyasının özək dövləti kimi təqdim etməsi və bölgədə geopolitik güc olmasını sübut etməsidir. Trampla Ərdoğanın görüşündə qondarma "erməni soyqırımı"na veto qoyulması, eyni zamanda ABŞ prezidentinin həm Ərdoğanın, həm də Türkiyənin bölgədəki nüfuzu ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Türkiyə özünün başlıca strateji məqsədinə, yəni geopolitik güc olmağa və İslam dünyasının mənafelərinin təmsilçisi statusuna yiyələnməyə yaxınlaşıb. Hesab edirəm ki, əgər İslam dövlətlərinin böyük əksəriyyəti Türkiyənin bu funksiyasını qəbul edərsə, o zaman çox sürətlə yeni dünya nizamına keçmək mümkün olacaq. Çünki dünya nizamının qarşısında duran ən mühüm problem cəbhələşmənin başa çatmamasıdır. Belə ki, bir tərəfdə xristian dünyası və onun öz maraqları var, lakin buna baxmayaraq, İslam dünyası çox dağınıqdır. Odur ki, İslam dünyası da ümumi bir güclə təmsil olunacağı təqdirdə, qısa müddətdə yeni dünya nizamına keçid mümkün olacaq. Düşünürəm ki, Türkiyə hələlik bu istiqamətdə uğurlu addımlar atır. Bildiyiniz kimi, 2023-cü ildə "Lozanna" müqaviləsi qüvvədən düşəcək və bununla da Türkiyə artıq daha geniş, hərtərəfli siyasət aparmaq imkanı əldə edəcək. Odur ki, artıq indidən 2023-cü ilin altyapısı hazırlanır. Yəni həmin dövrdə Türkiyənin əl-qolu açıldıqda, o, təkcə bölgənin deyil, dünyanın idarə edilməsində daha ciddi şəkildə iştirak edəcək və əsas söz sahiblərindən biri olacaq.
 
- Bu görüşdən sonra Türkiyə-ABŞ münasibətləri yenidən əvvəlki vəziyyətə, yəni daha sıx strateji müttəfiqlik səviyyəsinə keçərsə, o zaman Rusiyanın buna reaksiyası necə ola bilər?
 
- Əvvəla onu deyim ki, tarixdə Rusiya ilə Türkiyənin hər hansı müttəfiqliyi olmayıb. Həmişə bu bölgədə onlar arasında müharibə olub. İndiki halda Rusiya ilə Türkiyənin dostluğu zorən dostluqdur. Lakin ABŞ-la Türkiyənin münasibətləri təbii müttəfiqlikdir. Bu baxımdan, ABŞ Türkiyəsiz, Türkiyə də ABŞ-sız dünyada və ya bölgədə gedən siyasətdə öz məqsədlərinə çata bilməzlər. Düzdür, arabir Türkiyə ilə ABŞ arasında müəyyən soyuqluqlar əmələ gəlsə də onların arasındakı əlaqələrin perspektivi yalnız onların sıx müttəfiq olmasından keçir. Əgər Trampın çıxışına nəzər yetirdinizsə, o, dedi ki, dünyada bir nömrəli güclü ordu Amerika, sonra isə Türkiyə ordusudur. Bunun özü onu göstərir ki, Tramp Türkiyəni həm də dünyada ən ciddi hərbi güc kimi qəbul edir. Bu baxımdan, belə bir nəhəng gücü olan dövlətlə o gücə uyğun danışmaq lazım gələcək. Hamı da istəyər ki, belə bir güclü dövlətlə müttəfiq olsun.
 
- Dünəndən etibarən Gürcüstan müxalifəti parlament binası qarşısında etiraz aksiyasına başlayıb. Yəqin məlumunuzdur ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası 2020-ci il seçkilərinin proporsional sistem üzrə keciriləcəyini və bununla əlaqədar Konstitusiya qanununa dəyişikliklər olunacağına dair vəd vermişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı hakim partiyanın bəzi üzvləri də daxil olmaqla, bir qrup deputat qanun layihəsinin əleyhinə səs verib və qanun qəbul olunmayıb. Bu isə müxalifətin etirazına səbəb olub və artıq növbədənkənar seçkilər tələb olunur. Necə düşünürsünüz, Gürcüstanda baş verən hadisələr Bidzina İvanişvili hakimiyyətinin devrilməsinə gətirib çıxara bilərmi?
 
- İlk öncə onu deyim ki, yeni dövlətlərdə demokratiyanın inkişafı proporsional seçki sisteminin mövcudluğu ilə bağlıdır. Diqqətlə fikir versəniz, Azərbaycanda da proporsional seçki sisteminin mövcud olduğu dönəmdə partiyaların çox böyük nüfuzu, rolu vardı. Lakin proporsional seçki sisteminin ləğvindən sonra həm seçkiləri saxtalaşdırmaq asan oldu, həm də bütünlükdə partiyalara maraq azaldı və partiyalar siyasi səhnədən çıxdı. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Gürcüstanda baş verən bütün hadisələrin arxasında Bidzina İvanişvili durur. Yəni bu gün Gürcüstanda üzdə görünən demokratik oyunçularla yanaşı, pərdə arxasında özünün maliyyə vəsaitləriylə nəzarəti ələ alan Bidzina İvanişvili var. Gürcüstan çox kasıb dövlətdir. Bidzina İvanişvilinin şəxsi büdcəsi ölkənin büdcəsindən böyükdür. Bu baxımdan, o, Gürcüstanda çox böyük rol oynayır. Yəni kimin hakimiyyətə gəlməsi, kimin isə hakimiyyətdən getməsi Bidzina İvanişvilinin iradəsindən asılıdır. O isə Rusiyanın maraqlarını müdafiə edir. Odur ki, Gürcüstan bizdən bir addım qabaqda olsa da, bu, hələ o demək deyil ki, özünün bütün problemlərini, o cümlədən Avropaya inteqrasiya məsələlərini həll edib. Onu da qeyd edim ki, bu gün Gürcüstanda demokratik güclər, Avropapərəst qüvvələr çox zəifdir. Azərbaycan Demokratik Cümhuriyyətin 100 illiyi ilə bağlı Gürcüstana səfərimiz zamanı oradakı əksər partiyalarla görüşdük. Onda da şahidi olduq ki, həm imkanları, həm də siyasi iddiaları həddən artıq məhduddur. Belə ki, onlar ancaq Gürcüstan çərçivəsində düşünə bilirlər. Ona görə də Bidzina İvanişvili çox asanlıqla qalib gəldi və ölkəyə nəzarəti ələ aldı. Əslində, Gürcüstanda sosial inqilab olub və nəticədə rüşvətxorluq, korrupsiya aradan qaldırılıb. Lakin bütünlükdə demokratik inqilab həyata keçirilə bilməyib. Buna görə də hələ də Gürcüstanda Rusiyanın çox böyük təsiri var.
 
- Söhbət proporsional seçki sistemindən düşmüşkən, gələn il bizdə də növbəti parlament seçkiləri keçiriləcək. Azərbaycan müxalifətinin də hökumət qarşısında belə bir təkliflə çıxış etmək niyyəti varmı?
 
- Biz mütəmadi olaraq belə bir təkliflə çıxış etmişik və indi də edirik. Əgər hökumət islahatlar aparırsa, mütləq seçki islahatları da aparmalıdır. Bunun üçün isə ilk növbədə, proporsional seçki sistemi bərpa olunmalıdır. Hesab edirəm ki, Azərbaycan parlamentinin proporsional seçkidə iştirak edən partiyalardan təşkil olunması daha məqsədəmüvafiqdir. Mənə elə gəlir ki, bu yolu gedəcəyimiz təqdirdə, Azərbaycan daha ciddi şəkildə həm dövlətçiliyi möhkəmləndirə, həm də ölkədə demokratik institutların formalaşmasına nail ola bilər. Əslinə baxsaq, Azərbaycan dövlətinin ən böyük qüsurlarından biri siyasi sistem üçün kadrların hazırlanmasındakı problemdir. Çünki siyasi kadr istehsal edən bir müəssisə yoxdur. Siyasi kadrları istehsal edən siyasi partiyalardır. Ona görə də parlament partiyaların təcəssüm etdiyi məkan olmalıdır. Məsələn, Türkiyə parlamentində demək olar ki, bitərəf adam yoxdur, millət vəkilləri partiyaları təmsil edirlər. Bu baxımdan, Azərbaycanda da proporsional seçki sistemi mütləq bərpa olunmalıdır.

 
- Azərbaycan müxalifətinin növbəti parlament seçkilərinə blok halında getmə ehtimalı var?
 
- Yenidən Türkiyədən misal gətirsək, bu gün AKP hakimiyyətdədir, əlində yetirəncə resurslar mövcuddur. Lakin buna baxmayaraq, seçkilərdə MHP ilə koalisiya yaratdı və "Cümhur İttifaqı" şəklində seçkilərdə qələbə qazandı. Bu, onu göstərir ki, hətta böyük imkanlarınız olsa belə, blokların, ittifaqların heç bir ziyanı yoxdur. Məşhur bir məsəldə deyildiyi kimi, yağın bolluğu plovu dadsız etməz. Odur ki, əgər blok ora daxil olan qüvvələri gücləndirəcəksə, niyə də belə bir ittifaq olmasın?! Məsələn, "Cümhur İttifaqı" sayəsində həm AKP, həm də MHP gücləndi. Azərbaycan müxalifəti isə bu məsələdən çox uzaqdadır. Azərbaycan müxalifəti siyasiləşməyib, fəliyyətləri daha çox siyasi liderlərin subyektiv şıltaqlıqları üzərində qurulub. Əgər siyasiləşəcəyi təqdirdə, təbii ki, bloklaşmadan ağıllı ikinci bir yol yoxdur.
 
- Dünən dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib. Həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni abidələrin dağıdılması pislənilib. O cümlədən, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırış yer alıb. Siz bu bəyanatı necə dəyərləndirirsiniz?
 
- Təbii ki, dini liderlərin bu çağırışı Dağlıq Qarabağ probleminin dinc yolla həlli istəklərinin bir formasıdır. Çünki İslam dini başda olmaqla, bütün dinlər sülh uğrunda mübarizə aparır. Onu da qeyd edim ki, həmin bəyanatda Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun olaraq həllinin əks olunması müsbət haldır. Və bu, ilk dəfədir ki, ifadə olunur. Çünki indiyə qədər Dağlıq Qarabağın beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlı dəfələrlə məsələ qaldırsaq da, heç kəs bu çağırışımıza səs verməyib. Odur ki, həmin sənəddə bu məqamın əks olunması artıq münaqişənin siyasi yolla həllinə alternativ bir yoldur. Hamıya bəllidir ki, BMT-nin Nizamnaməsinə, qəbul edilmiş qətnamələrə və beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycana qaytarılmalıdır. Bu səbəbdən də hesab edirəm ki, dini liderlərin bəyanatından sonra Azərbaycan iqtidarı danışıqlardan çəkilməli və münaqişənin beynəlxalq hüquqa uyğun həllinə cəhd etməlidir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişənin həlli BMT-yə qaytarılmalıdır.
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...