"Azərbaycan öz tarixi mirasına sahib çıxdı" - RƏYLƏR

Prezidenti İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi media nümayəndələri tərəfindən də rəğbətlə qarşılanıb.
Onlar bu tarixi hadisə ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüblər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu addım Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir:
“Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən mühüm həlqələrindən birini 2018-ci ildə əbədiləşdirərək, tarixi hadisənin mahiyyətini bir daha diqqətə çatdırdı. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxıb. Bildiyiniz kimi, 1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq, yeni bir dövlət qurmaq zərurəti meydana çıxdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, çox mühüm tarixi, siyasi əhəmiyyətə malik hadisə oldu. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir”.
 
 
H.Babaoğlu onu da əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi:
“Bu, özünü Azərbaycan tarixinin sonrakı mərhələlərində də göstərib. Düşünün, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Yəni, bu heç də təsadüfi hadisə deyil".
Millət vəkili Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlarını da xatırlayıb:
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Bundan sonra keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsinə və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Bu bütün dünyaya Azərbaycanın öz tarixi mirasına sahib çıxmasının mesajıdır".
“Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirdi ki, bundan bir neçə ay öncə prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Nazirlər Kabinetinə bu mövzuda yubiley tədbirlərinin keçirilməsi üçün 5 milyon manat vəsait ayrılması tapşırılmışdı. Bu artıq 2-ci sərəncamdır:
 
 
“Prezidentimizə dərin təşəkkür edirəm ki, 2018-ci ili Azərbaycan dövlətçiliyi tarixinin şərəfli səhifəsi, salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdi. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bu sərəncamla Sovet dövründə yazılan və üzərindən xətt çəkilən tariximiz üçün 90-cı illərdən sonra xeyli işlər görülüb. Gənc nəsil də bu şərəfli səhifənin daha da geniş şəkildə təbliğ olunmasına öz töhfələrini verəcək. Tarixçilərimiz Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif istiqamətləri ilə bağlı müxtəlif əsərlər, monoqrafiyalar, kitablar çap etdiriblər. Bu mövzuda hazırda da geniş araşdırmalar davam edir, xarici ölkələrdən ölkəmizə qiymətli yazılı mənbələr gətirilib. Ümumiyyətlə, düşünürəm ki, Cümhuriyyətimizlə bağlı tarixi bir filmin çəkilməsinə böyük ehtiyac var. Və bu film təkcə Azərbaycan dilində deyil, bir çox xarici dillərdə olmalıdır. Qoy bütün dünya bizim Cümhuriyyət üçün mübarizə aparan insanlarımızın çəkdiyi əziyyətləri görsün. Bütün bunları canlandırmaq lazımdır. Çünki, mənbələri elə də çox insan oxumur. Lakin, filmlərdə kütləvilik var. Filmlərə, xüsusilə tarixi filmlərə böyük maraq var”.
A.Aşırlı bildirdi ki, yubiley tədbirlərinin birinci Tiflisdə keçirilməsini arzu edir:
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yibileyi ilə bağlı tədbirin məhz Tiflisdə keçirilməsini istərdim. Çünki, Milli Şura “İstiqlaliyyət” bəyannaməsini burada elan etdi. Buradan isə bütün dünyaya yayıldı. Daha sonra ən ciddi addımlar İstanbulda atıldı. Ölkədə asayişi təmin etmək, daşnaqlarla mübarizə, sərhədlərin cızılması üçün “Qafqaz İslam Ordusu”nun timsalında hərbi-siyasi dəstək məhz Türkiyədən gəldi. Bundan başqa, çoxsaylı Azərbaycan mühacirləri sovetlərə, bolşevizmə qarşı Türkiyədə mübarizə aparıblar. Düşünürəm ki, Cümhuriyyətçilik ənənələrinin qorunub saxlanması Türkiyənin də maraq dairəsindədir. Mən həqiqətən istərdim ki, bu mövzuda keçiriləcək tədbirlər ardıcıllıqla baş versin. Tiflisdən başlayaraq, Türkiyədə, Avropa ölkələrində, xüsusilə də Fransada bu tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. Cümhuriyyət gününün xatirəsinə abidə ucaldılmalıdır. Yaxşı olardı ki, bu abidə Tiflisdən Gəncə istiqamətinə gələn yolda qoyulardı. Çünki, qısa müddətli Azərbaycan Xalq Cümhuriyyəti paytaxt olaraq Gəncəni seçmişdi. Bayaqda vurğuladığım kimi Türkiyə və Azərbaycan ordusunun müttəfiqliyinin əbədiləşdirilməsi istiqamətində xatirə abidəsinin qoyulması mütləqdir. Düşünürəm ki, Gürcüstandan Qazaxa keçən yolların sağ və sol istiqamətlərində( Şıxlı adlanan ərazidə) hər iki ölkənin ordu generallarının abidəsinin qoyulması vacibdir. Qoy bunu bütün dünya görsün və tanısın. Çünki məhz bu ərazilərdə hər iki dövlətin tarixi kökləri var”.
“Olaylar” informasiya agentliyinin baş redaktoru Yunus Oğuz da Cümhuriyyətin 100 illiyinin şərəfli tarix səhifələrimizə layiq şəkildə keçiriləcəyindən məmnun olduğunu bildirib. O qeyd edib ki, bu Cümhuriyyətçilərin ruhuna və onların varislərinə verilən yüksək qiymət və olduqca dəyərli addımdır:
 
 
“Çox təqdirəlayiq hadisədir. Cümhuriyyətimizin 100 illiyinin qeyd edilməsi sevindirici haldır. Azərbaycan dövləti bu yubiley tarixi ilə bir daha ADR-in qoyduğu demokratik azadlıq prinsiplərini davam etdirdiyini göstərdi. İslam-Müsəlman aləmində demokratik respublikanın əsas prinsipləri 100 il bundan əvvəl yaranmış və bu günə qədər möhkəmlənmiş, bizlərə gəlib çatmışdır. Ulu öndərimizin gözəl bir fikri var: Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir. Təbii, arzu edərdim ki, Cümhuriyyət qurucularının varisləri bu tarixi ana şahidlik edərdilər. Amma, təəssüflər olsun ki, sərəncamın imzalandığı ərəfədə Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat etdi. Təbii ki, bu aidiyatı qurumların qəbul edəcəyi bir qərardır. Amma vətəndaş olaraq, çox istərdim ki, təkcə Azərbaycandan xaricdə yaşayan deyil, hətta sürgün edilən şəxsiyyətlərin də övladları, varisləri tapılsın və bu tarixi anda iştirak etsinlər”.
Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov Azərbaycanın gənc olmasına baxmayaraq, bir əsrlik nəhəng respublikaçılıq tarixi olduğunu bildirdi:
 
 
"Bizim bir əsrlik respublikaçılıq ənənəmizə olan hörmət, qayğı yalnız bu dərəcədə gözəl ifadə edilə bilərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi keçmişimizin, respublikaçılıq ənənələrimizin qorunması və sayğı ilə anılması üçün mötəbər addımdır. Bu, öz tarixinə və dövlətçilik ənənələrinə hörmətin nümunəsidir. Cənab Prezident göstərdi ki, Azərbaycan xalqı və dövləti öz tarixi keçmişinə sayğı ilə yanaşır, 100 il əvvəl Cümhuriyyəti quran və ona rəhbərlik edən insanların tarixi rolunu, missiyasını unutmur. Bu gün də onların təşəbbüslərini yüksək qiymətləndirir. Prezidentin bu sərəncamı bir daha hər kəsə xatırlatdı ki, müasir Azərbaycan gənc dövlət olsa da, bir əsrlik nəhəng tarixi yaddaşı var. Bizim əslində bir əsrlik respublikaçılıq ənənəmiz var. Bəli, söhbət dövlətçilik yox, məhz respublikaçılıq ənənəsindən gedir. Bu, çox vacib və olduqca mühüm nüansdır".
Könül Cəfərli

Загрузка...
Загрузка...