Azərbaycan müəlliminin üzünə vurulan Elina "şilləsi"

Baxış sayı: 
140
0  
0  

 Məgər biz bir neçə gün öncə 10 milyonuncu vətəndaşımızın dünyaya gəlişini atəşfəşanlıqla qeyd edən xalq deyilikmi? Nədən Elinanın ölüm şərəfinə vicdanımızı topa tutaraq "atəşfəşanlıq" etməyək? 

Artıq neçə gündür ki, Bakı şəhər, Səbail rayonunda yerləşən 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsi Azərbaycan cəmiyyətində yerli-yersiz müzakirə predmetinə çevrilib. Amma məsələnin kökündə duran əsas səbəbi və ya səbəbləri heç kim lazımınca qiymətləndirə bilmir və bu gedişlə heç bilməyəcəklər də! Çünki bizim cəmiyyətdə tüğyan edən biganəlik xəstəliyi uşaqdan-böyüyə hamını iflic vəziyyətə salıb.  

Sözsüz ki, müvafiq orqanlar və aidiyyəti qurumlar - Respublika prokurorluğu, Təhsil nazirliyi, Səhiyyə nazirliyi, Səbail rayon İcra hakimiyyəti təhsil adına ləkə olan bu faciə ilə bağlı öz münasibətlərini bildirir, şərti günahkarları qınayır və onları hələlik işdən azad etməklə "cəzalandırır". Ancaq bu şərti günahkarların törətdikləri əmələ görə nə qədər fiziki əzab çəkəcəklərindən fərqli olaraq, nə qədər vicdan əzabı çəkəcəkləri heç kimə bəlli olmayacaq. Çünki cəmiyyət ümumi olaraq laqeydlik və biganəlik xəstəliklərinin hələ nə qədər ağır xəstəlik olduğunu anlayıb dərk edə bilmir.
 
Media, sosial şəbəkələr dayanmadan "olar-olmaza" baxmadan yazırlar, məktəbli qızcığazın ölümü ilə bağlı videolar, şəkillər yayınlayıb özlərinə reytinq toplayırlar. Bu "yazışmalar", "paylaşımlar" içində Elinanın intihar etməsində onun natamam ailədə böyüməsini, müəllimlərinin soyuq münasibətini, sinif yoldaşlarının qeyri-etik davranışlarını və bu kimi məsələlərdən doğan psixoloji halları əsas səbəb kimi göstərirlər.

Cənablar, eşidin və bilin, insan doğulduğu gündən hansı sosial şəraitdə, statusda, mühitdə, cəmiyyətdə yaşamasından asılı olmayaraq, o, ilk növbədə şəxsiyyətdir. Onu heç kimin alçatmağa, aşağılamağa, ölüm həddinə çatdırmağa ixtiyarı və hüququ yoxdur!  

Əslində Elinanın özünü 3-cü mərtəbədən yerə çırpması, Azərbaycan təhsilinin və Azərbaycan müəlliminin üzünə çırpılan Elina boyda bir şillədir. Bilirəm, indi Elina özünü atdığı pəncərəyə o məktəbin müəllim və şagirdləri "Elina pəncərəsi" deyəcəklər. Olsun, təki bundan sonra o pəncərənin qarşısından keçən və o pəncərədən dünyaya baxan müəllimlər bir anlıq öz dünyalarına qapılaraq əllərini üzlərinə tutub Elina "şillləsinin" ağrısını hiss etsinlər. 

Maraqlıdır, statusundan, vəzifəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bu qədər "yazıb-pozmanın" əvəzinə nədənsə heç kim ağıllı bir təklif irəli sürmür. Niyə heç kimin ağılına gəlmir ki, axı bizim gələcək günlərimizdə də nə qədər Elinalarımız ola bilər. Kim bilir, bəlkə elə bu gün də ətrafımızda neçə-neçə Elinalar vardır? Qınamaqla, söyməklə, asmaqla-kəsməklə bu iş birdəfəlik bitəcəkmi? Yox, bitməyəcək!

Məgər biz bir neçə gün öncə 10 milyonuncu vətəndaşımızın dünyaya gəlişini atəşfəşanlıqla qeyd edən xalq deyilikmi? Nədən Elinanın ölümü şərəfinə vicdanımızı topa tutaraq "atəşfəşanlıq" etməyək? 

Əlbəttə, məktəb direktorunu, onun müavinini, psixoloqu işdən azad etməklə Elinanı həyata qaytarmaq onsuz da olmayacaq. Ancaq gələcək Elinaların xatirinə axı səmərəli addımlar atmaq olar! Bəs, hanı bu cəmiyyətdə özünə ziyalı deyənlər, ağsaqqal adlandıranlar, niyə susurlar, niyə təkliflər irəli sürmürlər? Yoxsa, onlar da Elinanın atasına bu işin "bağlanması" üçün torpaq təklif edən məktəb direktorunun səviyyəsindədirlər?

Orta məktəblər, texniki orta və ali məktəblərdə müxtəlif mövzuda mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirmək olmazmı? Amma rica edirəm bu işi bir sıra "qrantyeyən" QHT-lərin öhdəsinə buraxmaqla qənaətlənməyək. 

Xalqımızın gələcəyi naminə təmənnasız olaraq respublikamızda həqiqətən sevilən tanınmış adamlar - alimlər, şairlər, yazıçılar, aktyorlar, bəstəkarlar, ictimai xadimlər, məşhur televiziya aparıcıları və digərləri tez-tez məktəblərə qonaq kimi gedərək maraqlı görüşlər keçirsələr, zənnimcə bu çox yaxşı səmərə verər.

Yadımdadır, bir neçə il bundan əvvəl məzunumuz Əli Vəliyevin təşkilatçılı ilə Bakı Dövlət İqtisad kollecində keçirilən bir tədbirdə "Sosial şəbəkələrin həyatımızda yeri və rolu" mövzusunda çıxışım zamanı, yeniyetmələrin yeni fikirlərə, mehriban davranışa nə qədər böyük ehtiyacları olduğunun özüm şahidi olmuşam.

Təklif olaraq ilk növbədə bütün jurnalist və ali məktəbdə çalışan müəllim dostlara müraciət edirəm, gəlin Təhsil nazirliyinin və Bakı şəhər təhsil idarəsinin icazəsi ilə öz vəsaitimiz hesabına İstər Bakı, istərsə də rayonlarımızda yerləşən məktəblərə hər dəfə 3-4 nəfər olmaqla üz tutaq, maarifləndirici söhbətlər aparaq. Onlarda gələcəyə inam və ümidli olmalarına zəmin yaradaq. Əlbbəttə, bunu biz etməsək heç kəs kənardan gəlib bizim əvəzimizə etməyəcək. 

Unutmayaq ki, Elina özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən yerə atmaqla,  Azərbaycan təhsilinə yüksəl, həmçinin Azərbaycan müəlliminin vicdanına oyan -  dedi!

Bəli, Elina məhz belə dedi ki, bəlkə bu millət ayılıb özünə gəlsin. Müəllim adına layiq olmayan hansısa "torpaq dəllalları" təhsildən rədd olub getsin. Məktəblərə əsl pedaqoqlar rəhbərlik etsin, şagirddən, tələbədən pul yığmasın, əksinə, ehtiyac olanda onun cibinə pul qoysun. Həsənağaların uşaqları ilə Novruzəlilərin uşağına eyni gözlə baxsın, biganəlikdən və laqeydlikdən uzaq olsun! İnanın, əgər belə olmasa, Elinalarımız intihardan, vicdanımız isə xəcalətdən yaxa qurtara bilməyəcək... 
 

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

moderator.az

Загрузка...
Загрузка...