Azərbaycan maraqları bütün fərdi və paritya maraqlarından yüksəkdə durmalıdır

 
 
 
Newscenter.az.7.12.2017. Bu gün yeni məsələ ortaya çıxıb. Parlament müzakirəsinə növbədənkənar Prezident seçkilərinin keçirilməsinin sürətləndirilməsi ilə bağlı Məcəllə dəyişikliyi çıxarılıb. Millət vəkili Zahid Oruc da seçkinin martda keçirilməsinin vacibliyini sübut edən məzmunlu çıxış edib. Arqumentasiyası məntiqli olsa da, əsas səbəb kimi görmürəm. Nəyin baş verməsinə dair münasibətimi açıqlamaq istəyirəm.
 
Əvvəldə onu deyim ki, 2018- ci il seçkilərində namizədliyini irəli sürən ilk namizəd mənəm. VİP Qurultayı və Məclisi müvafiq prosedurları iyun ayında yekunlaşdırdı. İyun ayında nəyə görə namizədliyimi irəli sürməyimin lazımlığını bildirən zaman, növbədənkənar Prezident seçkilərinin ehtimalının yüksək olduğunu demişdim. Düşünürdüm ki, cari ilin payızı belə hadisə ilə üzləşə bilərik. Lakin iqtidardaxili münasibətlərin gərginliyi payızı fövtə verdi.
Parlament müzakirələrindən aydın olur ki, artıq iqtidar Seçki Məcəlləsinə dəyişikliklə və hörmətli Orucun dili ilə martda seçkilərin baş tutma ehtimalını anons edir.
Bildirim ki, mən bu təklifin, yaxud ehtimalın tərəfdarıyam. Nədən? 13-cü ildə biz YAP-dan namizəd dəyişikliyi təşəbbüsünün qarşısının necə alındığının, cəmiyyət olaraq iştirakçısı və təqibçisi olmuşuq. Bu seçkilərdə də belə ehtimal yüksəkdir. Yenə də YAP-dan yeni namizəd olacağıyla bağlı proqnozumun üstündə dururam. Bizim müxalifət olaraq yeganə resursumuzun-narazı elektoratın təşkil olunması ilə bağlı addımlarımızın yoxluğu şəraitində, mübarizənin hakimiyyət qrupları arasında aparılacağına qəti əminəm. Biz, müxalifət namizədləri olaraq, bu seçkilərdən ideoloji platformamızın və komandamızın təbliğatı üçün istifadə edəcək statistlər, yaxud fors-majora ümid edən iddiaçı qismində olacayıq. Hakimiyyətin hüquqi, maddi, texniki, beynəlxalq, fiziki və sair resursları o qədər böyükdür ki, cəmiyyətin fəal dəstək verməyəcəyi, müxalifətin perspektivinin aşkar görünmədiyi prosesdə bu resursların həlledici olacağı şübhə yaratmır. Təəssüf doğursa da, acı həqiqət belədir.
 
Seçkilərin önə çəkilməsi nəyə görə lazımdır? Azərbaycanın yerində saymasının səbəblərindən biri, bəlkə də birincisi mövcud iqtidar komandasıdır. Bu komandanın əhəmiyyətli hissəsi Kreml tərəfindən orden və medallarla təltif edilmiş, şəxsi maraqları fonunda Şimallıların da imperiya istəklərini nəzərə alanlardan ibarətdir. Belə şəxslər vasitəsilə dövlətçilik zəiflədilir, insanların müstəqilliyə inamı sındırılır, vətəndaş-dövlət bağları qırılır.
Dünən bu tip adamların lideri Putin namizədliyini elan etdi. Yeri gəlmişkən bu iki hadisənin, namizədliklə müzakirələrin başlamasının üst-üstə düşməsi də təsadüfi sayılmamalıdır. Bu o deməkdir ki, mart ayında Putin növbəti dəfə Prezident seçiləcək. Onun hakimiyyətini davam etdirəcəyi təqdirdə, imperiyanı bərpa istəyi də davam edəcək. Bu işin görülməsi üçün hakimiyyətdaxili nüfuz agenturası son dərəcə mühümdür. Bu baxımdan, YAP-ın yüksək ehtimallı yeni namizədi, onun bilinməyən gələcək komandası və tətbiq edəcəyi siyasi prioritetlər Kremlin Azərbaycana təsirini azalda bildiyindən, Moskva yeni namizədin əlehinədir. Bir də ki, köhnə imperiya təcrübəsi işlək mexanizmdən imtinanı düz saymaz.
 
Kreml Putinin yeni dövrünü rəsmiləşdirməmiş, Azərbaycan seçkiləri bitirməlidir. Bu mənim fikrimdir. Kimlərsə bölüşməyə bilər, haqlarıdır. Rusiyanın başı seçki və debatlara qarışan dövrdə, Azərbaycan yeni mərhələni başlamalıdır.
Bir məlumatımı da bölüşmək istəyirəm. Rusiyanın bu seçkilərdə ola biləcək "Troya atı" artıq sıradan çıxmış sayılmalıdır. Həmin potensial namizədin ərizəsi alınıb. Məlumat mənəbyim məni yanıltmırsa, əmlakının inventarizasiyası bitdikdən sonra həmin şəxs ya istefaya, ya da mədəni sürgünə-diplomatik fəaliyyətə göndəriləcək. Bu çox böyük hadisə olacaq.
 
Bu iş bizə vassallıq mərhələsindən bərabər hüquqlu qonşuluq münasibətlərinə keçməyə, son illərdə imtina olunmuş balanslı xarici siyasət kursuna dönməyə və Azərbaycanı daha sərbəst yönləndirmək üçün zəruridir. Belə mürəkkəb siyasi və beynəlxalq durumda Azərbaycan maraqları bütün fərdi və paritya maraqlarından yüksəkdə durmalıdır. Bu bizim prinsipial mövqeyimizdir.
Əli Əliyev, VİP sədri

Загрузка...
Загрузка...