"Azərbaycan iqtidarının İsraillə İran arasında balans yaratmaq problemi yoxdur"

 
 
 
Dünən Aleksandr Lapşin Prezidentin əfv sərəncamı ilə azad edildi və İsrailə ekstradisiya olunacaq. Eyni gündə həmçinin, Nardaran işi ilə bağlı həbs olunmuş 14 nəfər  azadlığa buraxıldı.
Bəzi mülahizələrə görə, bu addımla hökumət İsraillə İran arasında bir növ balans yaratmaq xəttini götürüb. Maraqlıdır, bu mülahizə nə dərəcədə inandırıcıdır?
 
Moderator.az-ın məsələ ilə bağlı sualına politoloq Natiq Miri münasibət bildirib.
 
N.Miri bu mülahizələrlə razılaşmadığını qeyd edib:
 
“Bu gün Azərbaycan dövləti, hakimiyyəti üçün İsraillə İran arasında balans yaratmaq problemi yoxdur. Ona görə ki, belə bir balansın yaranması mümkün deyil. İstənilən bir addımla – istər siyasi, istər iqtisadi, istərsə də humanitar – bu gün İranı razı salmaq mümkün deyil. İran birmənalı olaraq İsraillə diplomatik münasibətlərin tamamilə kəsilməsinə iddia edir. Ona görə də mən bu cür mülahizələrlə razlaşmıram”.
 
 
 
 
 
Politoloq dünənki əfv sərəncamlarının Qərbin Azərbaycana təzyiqlərini yumşaltmaq məqsədilə verildiyini deyib:
 
“Düşünürəm ki, bu, daha çox Azərbaycana olunan Qərb təzyiqlərini bir növ yumşaltmaq xarakteri daşıyır. Bilirsiniz ki, son günlər bu proses intensivləşməyə başladı, hətta nəinki quru siyasi bəyanatlar, bilavasitə ABŞ-ın konqresində Azərbaycan məmurlarına sanksiyaların tətbiq olunması layihəsi müzakirə obyektinə çevrildi. Və ilk dəfə idi ki, belə bir məsələ gündəmə gəlirdi. Təbii ki, buna adekvat olaraq Azərbaycan hakimiyyəti də bir növ əfv sərəncamına bərabər ola biləcək 3 addım atdı. Bu addımlardan biri Mehman Əliyevin Qərbi qəzəbləndirən həbs qəti imkan tədbirinin dəyişdirilməsi oldu. İkinci addım Nardaran hadisələrinə görə həbs olunmuş 14 nəfərin azadlığa buraxılması, üçüncü addım isə yəhudi əsilli Lapşinin azadlığa buraxılması oldu”.
 
Natiq Miri hər 3 qərarın doğru və zamanında verildiyini düşündüyünü də əlavə edib:
 
“Mənə elə gəlir ki, bu addımlar hakimiyyət tərəfindən düşünülmüş, doğru və zamanında atılmış addımlar idi. Bir növ prezidentin əfv sərəncamına bərabər ola biləcək siyasi, humanitar hadisə idi”.
 
 
Rumiyyə

Загрузка...
Загрузка...