"AZƏRBAYCAN İQTİDARI SİYASƏTİNƏ HAQQ QAZANDIRMAQ ÜÇÜN "GÜNAH KEÇİSİ" AXTARIR"

Baxış sayı: 
318
0  
0  

 

Sərdar Cəlaloğlu: "Əgər İlham Əliyevin Qarabağı erməniyə verməsi və sonra xalqın qalxıb onu yıxması hesabına hakimiyyətə gələcəmsə, onda xainin birincisi elə mən özüməm"
 
"Müxalifətçiliyin ifratçılığı, əslində, xalqa düşmənçilikdir, bu səbəbdən də ADP olaraq bu ifratçı müxalifətçilikdən tamamilə uzağıq"
 
"Revanşist qüvvələr prezident seçkilərini boykot etdiyi kimi, parlament seçkilərində də iştirak etməməyə borcludur"
 
Aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçirilib. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı rəsmi məlumatda deyilir ki, 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib və 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb. Qeyd edək ki, səsvermənin ilkin nəticələrinə görə, namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev 86.03 faiz, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 3.11, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 3.03, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 3.02, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1.52, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1.38, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1.17 və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülən Razi Nurullayev 0.74 faiz səs toplayıb.
 
Onu da nəzərinizə çatdıraq ki, seçki günü gecə saatlarında verilən məlumatda isə seçki kampaniyası ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edən Qüdrət Həsənquliyevin 2-ci yerdə qərarlaşdığı deyilirdi. Seçkinin səhəri günü isə BAXCP sədri 2 pillə gerilədi. Lakin bunun seçkinin ümumi nəticəsinə heç bir təsiri olmadı. Belə ki, 15 oktyabr 2003-cü ildə 76.8 faiz, 15 oktyabr 2008-ci ildə 88.73, 9 oktyabr 2013-cü ildə 84,54 faiz səs toplayan İlham Əliyev 11 aprel 2018-ci ildə 86.03 faiz səslə qarşıdakı 7 il müddətinə Azərbaycan prezidenti seçildi. Maraqlıdır, görəsən növbədənkənar prezident seçkilərində iştirak edən namizədlərdən biri kimi ADP sədri Sərdar Cəlaloğlu prosesi necə dəyərləndirir və ümumiyyətlə, nəticələrlə razıdırmı? Bu və digər bir sıra suallarla bağlı fikirlərini öyrənmək məqsədilə Sərdar bəylə söhbətləşdik.
 
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/adp_sdri_quotsekilrd_8_qvv_il_mbariz_apardimq...)
 
- Sərdar bəy, qeyd etdiniz ki, ADP olaraq bu seçkilərdən sonra artıq strategiyanızı, iqtidarla mübarizə üsullarını dəyişdirəcəksiniz. Mümkünsə bu barədə bir qədər ətraflı məlumat verərdiniz.
 
- Seçkilərdə partiyamızın fəallarına, təbliğat-təşviqat kampaniyamızda iştirak edənlərə dedim ki, risk edib bu texnologiyadan istifadə edəcəm. Yəni birbaşa birinci şəxsin, rəqibin deyil, onun siyasətinin üstünə getməklə nəticə əldə etməyə çalışdıq. Məhz bunun sayəsində böyük nəticə qazandıq. Odur ki, bundan sonra da şəxsiləşdirmədən ictimai-siyasi problemlərin üstünə getmək xətti tutacağıq. Əgər hökumət həmin problemləri bizimlə birgə həll etmək istəyəcəksə, o zaman əməkdaşlıq edəcəyik. Yox, əgər istəməsə, onda həmin məsələdə müxalifət mövqeyində duracağıq.
 
- Müxalifət düşərgəsində təmsil olunan hansı partiyanı qeyd etdiyiniz yeni strategiya baxımından özünüzə daha yaxın hesab edirsiniz?
 
- AXCP və Müsavatı çıxmaq şərtiylə yerdə qalan bütün qüvvələr bu məsələ bizimlə ortaq mövqedədir. Onların əksəriyyəti bu seçkidə mənə dəstək oldu. Məsələn, Pənah bəy, İqbal bəy, Fuad bəy və digər yoldaşlar seçki prosesində məni dəstəklədilər. Biz onlarla birlikdə gələcəkdə ayrıca bir müxalif cəbhə, yeni bir xətt formalaşdırmağı planlaşdırırıq.
 
- Formalaşdırmağı planlaşdırdığınız cəbhə sonradan hansısa bloka, birliyə çevrilə bilərmi?
 
- Qeyd edim ki, belə bir blokun əmələ gəlməsi, bu qüvvələrin vahid cəbhədə birləşməsi, bir növ Azərbaycan iqtidarının belə bir birliklə sivil mübarizə aparıb-aparmamaq istəyindən asılı olacaq. Bu gün isə iqtidar AXCP və Müsavatla didişməkdə maraqlıdır. Məsələn, seçkidə AXCP və Müsavat nümayəndəsinin olmamasına baxmayaraq, debatda çıxış edənlərin çoxu onlardan danışırdı. Yəni faktiki olaraq Azərbaycan iqtidarı AXCP və Müsavatı bir kənara qoyub, tərəf müqabili kimi belə bir müxalifəti seçəcəksə, onda mütləq bir cəbhə formalaşacaq. Yox, əgər yenə də AXCP və Müsavatı tərəf müqabili kimi götürəcəksə, o zaman hər hansı cəbhənin formalaşdırılmasının elə bir əhəmiyyəti olmayacaq.
 
- Sərdar bəy, sizcə mövcud iqtidarın AXCP və Müsavatı özünə rəqib, tərəf müqabili seçməsi ona nə verir, hansı divident gətirir?
 
- Azərbaycan iqtidarı öz siyasətinə haqq qazandırmaq üçün bir "günah keçisi" axtarır. Deyirlər ki, ölkədə kasıbçılığın, Qarabağ münaqişəsinin əsasını Elçibəy iqtidarı qoyub. Təbii ki, bu, tamamilə gülünc bir şeydir. Onda gərək Elçibəy də deyərdi ki, məsələn, Nadir şahın vaxtında belə olduğu üçün mən bu problemlərin öhdəsindən gələ bilmirəm. Bunlar tamamilə gülüncdür. Siyasətdə 1 il hakimiyyətdə oldunsa, artıq həmin hakimiyyətin dövründə baş verən problemlərin cavabdehi sənsən. Əgər sən Elçibəyin qoyduğu problemləri 25 ilə həll edə bilmirsənsə, bu, o deməkdir ki, ondan 25 dəfə gücsüz bir adamsan. O, 6 aya bir problem yaradıb, sən də 25 ilə onu həll edə bilmirsən. Yəni Azərbaycan iqtidarı yaranmış problemlərin məsuliyyətini özündən uzaqlaşdırmaq məqsədiylə günahı Elçibəy hakimiyyətinin üzərinə atır. Halbuki həmin vaxt nə neft və qaz kontraktları vardı, ölkə iqtisadiyyatı dağılmışdı, Rusiya ilə əlaqələr kəsilmişdi, İran və Rusiya bizi blokadaya almışdı. Buna baxmayaraq, Elçibəy bu cür mürəkkəb vəziyyətdə ən yüksək səviyyədə siyasət aparmışdı. Lakin onun hakimiyyətini düzgün dəyərləndirmirlər. Əgər bu iqtidar həmin şərtlər daxilində olsaydı, onda bir saat belə, hakimiyyətdə qala, Azərbaycan xalqı üçün bir addım ata bilməzdi. İndi işləməyə nə var axı. ABŞ və Türkiyə arxanda durub, lazım olanda sənə milyonlarla kredit verirlər, neft sel kimi axır. Bu hökuməti idarə etmək çox asandır. Elçibəyin vaxtında isə köhnə münasibətlər dağılmışdı və hələ yeni münasibətlər yaranmamışdı. O bir keçid dövrü idi. Məsələn, İran və Rusiya ilə münasibətlər tam oturuşmamışdı. Gürcüstanla əlaqələr hələ yoluna qoyulmamışdı. Yəni bütün goepolitikada problemlərimiz var idi. Elçibəy münasibətlərin yenidən qurulmasına cəhd edirdi. Sovet hökuməti vaxtında əgər zavod burda tikilirdisə, onun ehtiyat hissələri Rusiyadan gətirilirdi. Rus həmin ehtiyat hissəsini göndərmədikdə zavodun fəaliyyəti dayanmalı idi. Və ya nefti çıxartdıqda onu ancaq Rusiya daşımalı idi. Rusiya yolunu bağladı, bununla da neftin nəqli dayandı. Taxıl gəlib Qara dənizdə durdu, Rusiyanın təzyiqindən sonra Gürcüstan onun ölkəmizə buraxmadı. Bununla da ölkədə aclıq başladı. Məhz bu şərtlər daxilində indiki iqtidar bir saat belə, Azərbaycanı idarə edə bilməzdi. Elçibəy isə bütün bunlara rəğmən, 7-8 ay ayaq üstə dura bildi. Bu baxımdan, Azərbaycan iqtidarının AXCP və Müsavatı özünə rəqib, tərəf müqabili seçməsi məhz bu zərurətdən doğur.
 
Açığını deyim ki, intellektual səviyyəsinə, hətta iqtidara münasibətinə görə, bizim kimi müxalifət Azərbaycan dövləti və xalqı üçün daha məqsədəmüvafiqdir. Bizim kimi müxalifət dedik də isə bunlar nəzərdə tutulur: Həm müxalifətçilik edirsən, həm xarici qüvvələrin intervensiyasına yol açmırsan, həm də ölkədə sabitliyin pozulmasına çalışmırsan. O cümlədən, problemlərin həlli istiqamətində əməkdaşlıq edirsən. Məsələn, mən bəzi problemlərin həlli ilə bağlı Prezident Administrasiyasına bir neçə dəfə müəyyən konsepsiyalar göndərmişəm. Və ya bəyanatlarımızla yol göstərməyə çalışmışıq. Yəni müxalifət yalnız iqtidarı tənqid etməməlidir. Həm də ona idarəetməni daha effektli həyata keçirməsi üçün kömək etməlidir. AXCP-Müsavat cütlüyü isə heç vaxt Azərbaycan iqtidarına yardım etməz. Çünki onlar bu iqtidarın tamamilə getməsini istəyir. Bizsə, bu iqtidarın getməsində yox, onun daha effektli siyasət həyata keçirməsində maraqlı olduğumuz üçün müəyyən təkliflər edir, kömək göstərməyə çalışırıq. Seçkinin təbliğat-təşviqat dönəmində mənə deyirdilər ki, siz nə üçün İlham Əliyevin adını çəkmirsiniz, axı prezident olmaq istəmirsiniz. Cavabımda deyirdim ki, bizim seçkidə rəhbər tutduğumuz ikinci ideya, xalqa hakimiyyət maraqlarımızın onun maraqlarından sonra durduğunu sübuta yetirməkdir. Bu səbəbədən də debatlarda çıxışım zamanı xalqı mənə səs verməyə çağırmaq əvəzinə, onun dərdindən, problemlərindən danışdım. Bizim seçki texnologiyamızdakı yeniliklərdən biri də bu idi ki, hakimiyyətə gəlmək maraqlarımızı milli maraqlardan arxa plana çəkdik. Və bu, effektli nəticə verdi. Yəni adamlar gördü ki, hakimiyyət həsirliyim yoxdur, mən onun şəhidinə, əlilinə, kasıbına, yoxsuluna yanıram, onunla bir dərdəyəm. Yox əgər desəydim ki, İlham Əliyev getməlidir, mən gəlməliyəm, onda vətəndaş fikirləşəcək ki, sənin hakimiyyətə gəlməyinin mənim problemlərimin həllinə heç bir faydası olmayacaq. Buna görə də biz bu seçkilərdə xalqın maraqlarını özümüzün hakimiyyətə gəlmək maraqlarımızdan öndə tutduq. Bundan sonra da "İqtidar mütləq mənə gəlsin, səni xoşbəxt edim" ideyasından imtina edib "Bu iqtidarın səni xoşbəxt etməsi üçün nə lazımdırsa dəstək verməyə hazırıq" ideyasını rəhbər götürəcəyik. Yəni hakimiyyət hərisliyi nümayiş etdirmədən xalqımın yanında olmağa davam edəcəm. Bu isə özlüyündə yeni bir təfəkkürdür və bunu inkişaf etdirmək lazımdır. Təbii ki, mən də hakimiyyətə gəlmək istəyirəm. Lakin bunu prioritet qoyub, xalqın maraqlarını ikinci plana keçirməklə müxalifətçilik etmək olmaz. Qoy, İlham Əliyev Qarabağı azad etsin, bundan sonra 2 seçki də Azərbaycanın prezidenti olsun. Bu, mənim üçün daha məqbul yoldur, nəinki İlham Əliyev Qarabağı versin, xalq da qalxıb onu yıxsın, mən də prezident olum. Mən belə prezidentlik istəmirəm. Bu düşmənçilikdir. Amma belə düşünənlər var. Onlar arzulayırlar ki, kaş İlham Əliyev milli maraqlara zidd ciddi səhv edərdi, xalq da qalxıb onu yıxardı və sonra mən hakimiyyətə gələrdim. Bu, İlham Əliyevə yox, birbaşa xalqa, dövlətə düşmənçilikdir. Mən belə düşmənçilikdən uzağam. Bunu nə cür adlandırırlarsa, qoy adlandırsınlar. Əgər İlham Əliyevin Qarabağı erməniyə verməsi və sonra xalqın qalxıb onu yıxması hesabına hakimiyyətə gələcəmsə, onda xainin birincisi elə mən özüməm. Ona görə də biz bu seçkilərdən sonra belə bir xətt tutacağıq ki, əgər İlham Əliyev Azərbaycan xalqının maraqlarına uyğun siyasət yeridirsə, onda biz onun yanında olaq, millət, xalq üçün atacağı addımlara dəstək verək. Revanşist qüvvələr isə hesab edirlər ki, İlham Əliyevin hər hansı müsbət addımını belə, tərifləmək olmaz. Çünki bu, onun reytinqini artırar. Düşünürəm ki, Azərbaycan müxalifətinin səhvlərindən biri də budur. Halbuki ADP bu günə qədər bir neçə dəfə İlham Əliyevi təqdir edən bəyanatlar verib. Əgər adam xalqın, millərin, dövlətin maraqlarına uyğun hansısa müsbət addım atıbsa bunu dəstəkləmk lazımdır. AXCP-Müsavat cütlüyü isə heç vaxt belə bir bəyanat verməyib. Onlar hesab edirlər ki, bu, İlham Əliyevin reytinqini artıracaq. Bu, yəni iqtidarın müsbət addımını belə, ləkələməyə çalışmaq düzgün deyil. Ümumiyyətlə, hər müxalifət xalqın dostu deyil. Bəzən müxalifət xalqı elə bir uçuruma apara bilər ki, heç iqtidarın özü bu qədər ziyan vura bilməz. Məsələn, Bəşər Əsəd Suriyanı istismar edirdi, insanların hüquqlarını pozurdu və s. Lakin müxalifət elə bir addım atdı ki, Suriya artıq demək olar ki, dövlət olaraq dünya xəritəsindən silinmək üzrədir. Misal kimi digər nümunələr də gətirmək olar. Odur ki, müxalifətçiliyin ifratçılığı əslində, xalqa düşmənçilikdir. Bu səbəbdən də biz ADP olaraq bu ifratçı müxalifətçilikdən tamamilə uzağıq.
 
- Sizcə parlament seçkilərinin də vaxtı önə çəkilə bilərmi?
 
- Əvvəla, onu deyim ki, bu prezident seçkilərinin yeganə qanuni əsası ondan ibarətdir ki, referendum keçirilib və buna görə də yeni prezident Azərbaycan Konstitusiyasına uyğun səlahiyyətlər əldə etməlidir. Bunun başqa heç bir izahı yoxdur. Əgər bu iqtidar növbədənkənar parlament seçkiləri keçirməsə, o zaman prezident seçkiləri ilə bağlı revanşist müxalifətin iddia etdiyi bütün ittihamların düzgün olduğunu sübut edəcək. Buna görə də mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir. Çünki konstitusiyaya görə, parlamentin səlahiyyətləri dəyişdirilib. Bu səbəbdən də mövcud parlament bu konstitusiyaya uyğun deyil. Odur ki, əgər növbədənkənar parlament seçkiləri keçirilməsə, onda iqtidarın prezident seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı bütün arqumentləri suya düşəcək.
 
Onu da qeyd edim ki, bu seçkilərdən sonra cəmiyyətdə iqtidara qarşı böyük narazılıq dalğasının olmaması üçün Azərbaycan cəmiyyətinin, xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin parlamentdə təmsil olunması vacibdir. İndiki parlamentdə belə bir qüvvə yoxdur. Hazırkı deputatların heç biri xalqın maraqlarını müdafiə etmir. Buna görə də növbədənkənar parlament seçkiləri keçirilməli və narazı elektorat öz təmsilçisini Milli Məclisdə görməlidir. Baxın, seçkinin nəticələrinə görə, deyirlər ki, mən 3 faiz səs toplamışam. Yaxşı, mən həmin 3 faiz adamın maraqlarını harda ifadə edəcəm? Gərək parlamentə gedəm ki, həmin insanların maraqlarını ifadə edə biləm. Odur ki, bu, çox mühüm məsələdir. Əks halda, cəmiyyətdə çox ciddi konfrantasiyalar olacaq, vəziyyət pisləşməyə doğru gedəcək.
 
- Necə düşünürsünüz, prezident seçkilərini boykot edənlər parlament seçkilərinə qatılacaqlarmı?
 
- Təbii ki, əgər revanşist qüvvələr bu seçkiləri hansı arqumentlərlə boykot edib prosesə qatılmayıblarsa, şərtlər dəyişməyəcəyi təqdirdə parlament seçkilərinə getmələri artıq onu göstərir ki, bu prezident seçkilərini konyuktur olaraq boykot ediblər. Yəni hqiqətən boykot üçün heç bir əsas olmayıb. Sadəcə olaraq siyasi konyukturayla boykot ediblər. Çünki əgər şərtlər eynidirsə, prezident seçkilərini boykot edib parlament seçkilərinə qatılmaq absurtdur. Adama deyərlər ki, xeyir ola, seçkini keçirən də, seçkinin keçirilmə qaydası, şərtlər və şərait də eynidir. Odur ki, revanşist müxalifətin parlament seçkilərinə getməsi onu göstərəcək ki, onların prezident seçkiləri ilə bağlı irəli sürdüyü iddiaların heç bir əsası yox idi və Azərbaycan cəmiyyətinə qarşı xəyanət idi. Çünki sənin şəxsi marağın daha real təmin olunan bir vəziyyətdə seçkiyə gedirsən, lakin xalqın marağına gəldikdə seçkini boykot edirsən. Bildiyiniz kimi, parlamentdə 125 yer var və alver etmək istəyənlər üçün real imkanlar yaranır. Amma prezident seçkilərində cəmi bir yer var və rəqabət daha sərtdir. Yəni resurslar çoxaldıqca rəqabət də yumşalır. Bunları nəzərə alaraq demək olar ki, əgər revanşist müxalifət sərt rəqabətdən çəkinib, yumşaq rəqabətə getsə, onda həm öz zəifliyini etiraf edəcək, həm milli maraqları düşünmədiyini, həm də faktiki olaraq siyasi konyuktura ilə hərəkət etdiyini boynuna almış olacaq. Odur ki, revanşist müxalifət prezident seçkilərini boykot etdiyi kimi, parlament seçkilərində də iştirak etməməyə borcludur.
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU

Загрузка...
Загрузка...