​“Azərbaycan iqtidarı müdafiəsiz qalmaqdadır” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
61
1  
0  

“Bu gün yalnız yüksək rütbəli və hakimiyyətdən daha böyük pay alan insanlar iqtidarı müdafiə edirlər”
 
“İqtidarın hiyləgərliyi özünü ilişdirdi... Vaxt udmaq artıq iqtidarın öz əleyhinə işləyir”
 
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmiş nazirlərə yönəlik sərt açıqlamaları medianın və ictimaiyyətin ciddi müzakirəsinə səbəb olub. Hakim partiyanın yetkilisi bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər: “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?! Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, “mövqeyini bildir!””
 
S.Novruzov keçmiş nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyib: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.
 
“Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”,- deyə YAP rəsmisi bəyan edib.
 
Əslində, S. Novruzovun açıqlamaları iqtidarın durumunun gərgin və müdafiəyə ehtiyacı olduğunu aşkar ortaya qoyur. YAP yetkilisinin “hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər” deməsi isə Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə rüşvətin, korrupsiyanın miqyasının etiraf edilməsidir və bu, dolayısilə indi hökumətdə təmsil olunan nazirlərə, komitə sədrlərinə də şamil olunur. Çünki uzun illər hakimiyyətdə təmsil olunan nazirlər, komitə sədrləri milyardları yığıb altına qoyublarsa, indikilər də o sistemin davamçılardır. Bir də ki, bəzi nazirlər elə milyardları talayan keçmiş nazirlərlərin vaxtından, uzun illərdir nazirdirlər.
 
Göründüyü kimi, S. Novruzovun iqtidarın müdafiəsi üçün keçmiş nazirlərə xəbərdarlıq etməsi həm də həqiqəti YAP yetkilisinin dili ilə ifadə etməyə imkan verib ki, bununla da iqtidar özünü ifşa edib. Bu, həm də cəmiyyət olaraq bizim vəziyyətimizi izhar edir. Çünki nazirləri milyardları talayan xalqın güzəranı yaxşı ola bilməz.
 
“O bəyanatların hər ikisində iqtidarın müdafiəyə ehtiyacı olduğu ifadə olunur”
 
YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmiş nazirlərə yönəlik sərt açıqlamaları ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə xatırlatdı ki, Siyavuş Novruzovun bəyanatından dərhal sonra Eldar İbrahimov bəyanat verib: “Bu gün mətbuatda yayılıb. O, hökumətin mandat verdiyi, müxalifətdə olan olan deputatları xarici qüvvələrə işləməkdə ittiham edib və onları xəyanətdə ittiham edib. Əgər biz bu iki bəyanata bir yerdə baxsaq, görərik ki, YAP-ın iki millət vəkili çox ciddi bəyanatlar verib. O bəyanatların hər ikisində də iqtidarın müdafiəyə ehtiyacı olduğu, həm iqtidar daxilində, həm də guya, cəmiyyətdə xarici qüvvələrə işləyən qüvvələrin mövcud olduğunun narahatçılığı ifadə olunur”.
 
“Korrupsiyaya bulaşmış bu sistemdə nazirlərin hamısının fəaliyyəti xalqda böyük narazılıqlar yaradıb”
 
S.Cəlaloğlunun sözlərinə görə, Siyavuş Novruzovun bəyanatı o mənada verilib ki, artıq iqtidar özünü müdafiə etmək imkanlarını itirmək üzrədir: “Əvvələr çox böyük gəlirlər olduğuna görə, hamı bu gəlirlərdən bəhrələnmək üçün hətta həyatını risk edərək, iqtidarı müdafiə edirdisə, bu gün bu gəlirlər azalmaqdadır və iqtidardan bəhrələnənlərin sayı da getdikcə daralmaqdadır. Ona görə, iqtidarı getdikcə daha az adam müdafiə etməyə başlayıb. Bu gün nəinki keçmiş nazirlər, hətta fəaliyyətdə olan nazirlər belə iqtidarı müdafiə etmirlər. 30 ildir biz bir dəfə görməmişik ki, bir nazir çıxsın ən azı sahəsindəki işlərlə bağlı iqtidarın apardığı siyasəti müdafiə etsin, ya əsaslandırsın. Təbii ki, korrupsiyaya bulaşmış bu sistemdə həmin nazirlərin hamısının fəaliyyəti xalqda böyük narazılıqlar yaradıb. Bu, həm keçmiş nazirlərin, həm də indiki nazirlərin fəaliyyəti ilə bağlıdır”.
 
“Ziya Məmmədov çıxıb getsə də, yolsuzluqdan əziyyət çəkən insanlarda narahatçılıq qalır”
 
“Bu gün Azərbaycanın yolları nə vəziyyətdədir, hamısı dağılıb, bərbaddır. Bunu kim edib? Ziya Məmmədov! Ziya Məmmədov çıxıb getsə də, yolsuzluqdan əziyyət çəkən insanlarda narahatçılıq qalır. Yəni siz yeni bir yol naziri qoysanız da, xalq uzun illər keçmiş nazirin fəaliyyətinin nəticəsi olan problemlərdən əziyyət çəkir. Eləcə də sosial təminat sahəsində Səlim Müslümov tərəfindən icra olunan cinayətkarlığa görə bu gün xalqın böyük narazılığı davam edir. Yəni nazirlərin fəaliyyəti onların nazirlik müddəti ilə bitmir ki, onların fəaliyyətinin qüsurları uzun illər onlardan sonrakı nazirlərin dövründə də davam edir. Ona görə də təbii ki, bu iqtidarı müdafiə edən cəbhənin genişləndirilməsinə ehtiyac yaranıb”,- deyə partiya sədri vurğuladı.
 
“Azərbaycan iqtidarı siyasi mübarizə sahəsində qeyri-bərabər vəziyyətə düşüb”
 
Cəlaloğlunun fikrincə, Azərbaycan iqtidarını son vaxtlar müdafiə edən 1-2 nəfər adam var, baxmayaraq ki, Azərbaycan iqtidarına qarşı elə minlərlə bloqer, eyni zamanda siyasi partiyalar fəaliyyət göstərir: “Yəni Azərbaycan iqtidarı siyasi mübarizə sahəsində qeyri-bərabər vəziyyətə düşüb. Ona görə də Siyavuş Novruzov aşkar əlavə müdafiəyə ehtiyac olduğunu çatdırıb ki, Azərbaycan iqtidarının mövcud imkanları ilə özünü müdafiə etmək imkanları tükənib. Düzdür, orada deyir ki, biz istəsək, Yeni Azərbaycan Partiyası iqtidarı müdafiə etməyə kifayət edir. Amma onda adama deyərlər ki, Yeni Azərbaycan Partiyası iqtidarı müdafiə edə bilirsə, nəyə görə sən keçmiş kadrları iqtidarı müdafiə etməyə çağırırsan? Eyni söhbət bugünkü kadrlara da aiddir. Siyavuş Novruzov deməlidir ki, Azərbaycan iqtidarında təmsil olunan nazirlər, komitə sədrləri, icra başçıları Azərbaycan iqtidarını müdafiə edə bilmir. Çünki niyə? Gəmi batdıqca birinci oradan siçanlar qaçır. Bu iqtidardakılar da görürlər ki, getdikcə Azərbaycan iqtidarına qarşı xalqda böyük narazılıq var. Çox böyük proseslər ola bilər. Ona görə də hamı məsuliyyətdən qaçmaq üçün özünü iqtidardan mümkün qədər kənarda saxlamağa çalışır. Həm keçmiş kadrlar, həm də də indiki kadrlar özlərini iqtidardan kifayət qədər əlaqəsi olmayan, bu iqtidarın siyasətində məsuliyyət daşımayan adamlar kimi xalqa göstərməyə çalışırlar. Ona görə, susurlar. Hətta bəzən gizlincə xalqın tərəfinə keçib, iqtidarı ittiham edirlər”.
 
“Bu gün hakimiyyətdən daha böyük pay alan insanlar iqtidarı müdafiə edirlər”
 
“Son vaxtlar narazılıq yalnız sadə xalq kütlələrini əhatə etmir, narazılıq artıq iqtidarın aşağı və orta təbəqəsində olan adamları da əhatə elədiyinə görə, onlar artıq Azərbaycan iqtidarını müdafiə etmirlər. Əvvəllər adicə bir JEK işçisi, polis, məhkəmə, prokurorluq işçiləri iqtidarı müdafiə edirdilər. Bu gün yalnz yüksək rütbəli, hakimiyyətdən daha böyük pay alan insanlar iqtidarı müdafiə edirlər. Yəni getdikcə Yeni Azərbaycan Partiyasının aparıcı siyasətini müdafiə edənlərin sahəsi daralmağa başlayıb. Ona görə, Siyavuş Novruzov məhz keçmiş nazirlərin bu prosesə qoşulmasını istəyir. Hətta təhdid edir ki, onlar haqqında ölçü götürəcəyik”,-deyə partiya sədri diqqətə çatdırdı.
 
“Vaxt udmaq artıq iqtidarın öz əleyhinə işləyir”
 
S.Cəlaloğlu hesab edir ki, bu cürə yollarla iqtidar müəyyən vaxt udmaq istəyir: “Amma bu vaxt udmaq artıq iqtidarın öz əleyhinə işləyir. İqtidar nə qədər gec ölkədəki vəziyyəti düzəltmək üçün addımlar atacaqsa, real islahatlar siyasətinə başlayacaqsa, bir o qədər öz gələcəyini təhlükə altına salır. Bu gün sual olunur, nəyə görə əhalinin böyük əksəriyyəti xaricdəki blogerlərin, radikal və qeyri-senzur mübarizə aparan qüvvələrin ətrafına toplaşıb. Məsələn, bu gün siz elmi şəkildə Azərbaycan iqtidarını tənqid edəndə cəmisi 10 min adam sizin çıxışınıza baxırsa, bir qədər radikal ritorikadan istifadə edən kimi adamların sayı 100 mini keçir. Bu, o deməkdir ki, artıq ictimai rəy radikallaşıb, yalnız radikal şüarların arxasınca getməyə camaat istiqamətlənib. Azərbaycanda ki, inqilab-inqilab deyirlər, inqilabi stiuasiya budur”.
 
“İqtidar islahat aparmaya-aparmaya “biz islahat aparırıq”- dedi”
 
S.Cəlaloğluna görə, cəmiyyətin radikallaşmanın səbəbi odur ki, insanlar artıq islahatlara inanmır: “Nə üçün islahatlara inanmır? Çünki Azərbaycan iqtidarı yalançı islahatlar siyasətini həyata keçirdi, islahat aparmaya-aparmaya “biz islahat aparırıq” - dedi. Xalq da gördü ki, hakimiyyətin “islahat aparıram” dediyi prosesdə bunların həyatında heç bir dəyişiklik baş vermədi. Onda dedi ki, islahat nəyə lazımdır, islahatla nə olur ki? Halbuki, Azərbaycanda islahat aparılmayıb. Məsələn, bu gün əhalinin ən çox narazı qaldığı sahələr iqtisadiyyat, sosial təminat sahəsi, hüquq sferasıdır. Nə hüquq, nə sosial təminat, nə də hüquq sahəsində iqtidar heç bir islahat aparmadı. İslahat kimi bəzi cüzi addımlar atdı, kadr dəyişiklikləri oldu. Xalq da gördü ki, atılan addımların onun həyatında heç bir nəticəsi yoxdur. Biz camaata deyəndə ki, cəmiyyəti islahat yolu ilə inkişaf etdirmək lazımdır. Hamı dərhal bizim üstümüzə düşdü ki, iqtidarın apardığı islahat göstərdi ki, bu islahatlarla cəmiyyət dəyişə bilməz. Məşhur söz var, deyir, “hiyləgər quş dimdiyindən ilişər”. İqtidarın hiyləgərliyi özünü ilişdirdi. İslahat aparmaya-aparmaya “mən islahat aparıram” -dedi. Xalq da dedi ki, bəli, sən islahat aparırsan, amma əgər doğurdan da bu islahatdırsa, mənim həyatımda heç bir dəyişikliyə gətirib çıxartmadı, ona görə də inqlabi yolu seçirəm. Bu baxımdan, Siyavuş Novruzov və Eldar İbrahimovun bu cür ittihamlar siyasətini davam etdiməsindənsə, əslində, ağıllısı o olar ki, ölkədə həqiqətən real islahatlara başlasınlar. Xalq görsün ki, islahatlar yolu ilə dəyişikliklər mümkündür”.
 
(Ardı var)
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...