"Azərbaycan heç bir qurum qarşısında müharibə hüququndan imtina ilə bağlı öhdəlik götürməyib" - PARTİYA SƏDRİ

Baxış sayı: 
81
1  
0  

Sərdar Cəlaloğlu: "Belə bir iddia ilə çıxış edənlərin nə Avropa Şurası, nə də müxalifətin götürdüyü öhdəlik haqda təsəvvürləri var"
 
"Son vaxtlar Azərbaycanda gedən kadr dəyişikliyi hakimiyyətdəki Rusiyapərəst qüvvələrin mövqelərinin zəifləməyə başladığını göstərir"
 
"Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanat birbaşa Azərbaycana təzyiq idi"
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı işğalçı Ermənistanın maraqlarına xidmət edən bəyanat səsləndirməsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçiləri" Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfər etmələri, rəsmi Bakının buna cavab olaraq Rusiyaya nota verməsi, o cümlədən Azərbaycan iqtidarı və müxalifətinin Dağlıq Qarabağ probleminə dair Avropa Şurası qarşısında öhdəlik götürməsiylə bağlı səsləndirilən fikirlər və digər mühüm mövzularla bağlı söhbətləşdik.
 
"İlham Əliyevin bu mövqeyindən sonra bütün dünya bildi ki, Azərbaycan hərbi yoldan əl çəkməyəcək və hər an işğal altındakı torpaqları hərb yolu ilə azad edə bilər"
 
- Sərdar bəy, sosial şəbəkələrdə belə bir müzakirələr gedir ki, Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən, həm iqtidar, həm də müxalifət qurum qarşısında öhdəlik götürüb. İddialara görə, həmin öhdəlikdə birmənalı olaraq bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yoluyla həllinə səy göstərmək lazımdır. Yəni sözügedən öhdəliyə əsasən, Azərbaycan münaqişənin hərb yolu ilə həlli variantından imtina edib. Doğrudanmı Avropa Şurası qarşısında belə bir öhdəlik götürülüb?
 
- Təbii ki, bu, tamamilə yanlışdır. Belə bir iddia ilə çıxış edənlərin nə Avropa Şurası, nə də müxalifətin götürdüyü öhdəlik haqda təsəvvürləri var. Bildiyiniz kimi, Avropa Şurası insan hüquqlarının genişləndirilməsi, qanunların təkmilləşdirilməsi və şuraya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin formalaşdırılması məqsədiylə yaradılıb. Odur ki, Avropa Şurasının iqtisadi, hərbi və siyasi məsələlərə baxmaq, bu mövzuda olan problemlərlə məşğul olmaq hüququ yoxdur. Çünki iqtisadi problemlərlə Avropa Birliyi, hərbi məsələlərlə isə NATO məşğul olur. Bu səbəbdən də o zaman Azərbaycan Avropa Şurasına daxil olarkən dedik ki, Dağlıq Qarabağ məsələsi bizim üçün önəmlidir, şurası bu məsələdə nə xeyir verə bilər. Onda bildirdilər ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli variantında bu məsələni müzakirə edə bilər. Qeyd etdilər ki, əgər proses hərbi müstəvidə gedəcəksə, o zaman Avropa Şurasının nizamnaməsi qurumun bu məsələyə müdaxilə etməsinə imkan vermir. Onu da nəzərinizə çatdırım ki, bu gün Azərbaycan deputatlarının, nümayəndə heyətinin Avropa Şurasında Qarabağ və qaçqın məsələsini qaldırması bizim imzamızla bağlıdır. Əks halda, Avropa Şurasında Dağlıq Qarabağla bağlı heç cür məsələ qaldırmaq mümkün deyil. Bəzi adamlar isə Avropa Şurasının nizamnaməsini bilmədiyinə görə, bu haqda əsassız çıxışlar edirlər. Bildiyiniz kimi, Qarabağ münaqişəsiylə bağlı həm "Bişkek protokolu", həm Lissabon sammiti olub. Bundan başqa, İlham Əliyev ilk dəfə prezident seçilərkən bəyanat verdi ki, indiyə qədər Dağlıq Qarabağla bağlı aparılan siyasət səhv olub, biz buna qədər olan məsələləri bir tərəfə qoyub, məsələyə sıfırdan başlayırıq. Eyni zamanda, Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərinin birində İlham Əliyev bəyan edib ki, heç bir beynəlxalq müqavilədə, o cümlədən razılaşmada Azərbaycanın işğal olunan ərazilərini hərb yolu ilə azad etməkdən imtina etdiyinə dair hər hansı bir müddəa, məqam yoxdur. İlham Əliyevin bu mövqeyindən sonra bütün dünya bildi ki, Azərbaycan hərbi yoldan əl çəkməyəcək və hər an işğal altındakı torpaqları hərb yolu ilə azad edə bilər. 2016-cı iln aprel döyüşləri bunun bariz sübutudur. Belə ki, o zaman hər hansı beynəlxalq qurum tərəfindən bununla bağlı heç bir etiraz səslənmədi. Çünki nə hökumət, nə də müxalifət heç bir müqaviləylə Azərbaycan ərazilərinin müharibə yolu ilə azad edilməsindən imtina etməyib. Bu baxımdan, öhdəliklə bağlı deyilən fikirlər ya savadsızlıqdan, ya da qərəzdən irəli gəlir. Bir daha bəyan edirəm ki, Azərbaycan heç bir qurum qarşısında müharibə hüququndan imtina ilə bağlı hər hansı öhdəlik götürməyib. Buna iqtidar da, müxalifət də qol çəkməyib. Görəsən, nəyə görə bir çoxları düşünür ki, münaqişənin dinc yolla həll edilməsi dedikdə, Dağlıq Qarabağın mütləq ermənilərə verilməsi nəzərdə tutulur?! Atatürkün bir məşhur sözü var. Deyir ki, bizim sülh tərəfdarı olmağımız Türkiyənin müstəqil bir dövlət olması deməkdir. Bəziləri elə bilir ki, sülh müqaviləsi Türkiyənin təslim olması deməkdir, lakin belə deyil. Biz deyəndə ki, sülh istəyirik, demək iatəyirik ki, müstəqil və suveren dövlət olmaq istəyirik. Eləcə də biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini nəzərdə tutduqda, torpaqların dinc yolla Azərbaycana qaytarılmasını demişik. Məgər, mütləq müharibə, qan tökməklə qaytarılmalıdır?! əgər dinc yolla, beynəlxalq hüququ uyğun Dağlıq Qarabağ Azərbaycanın yuridikasiyasına qaytarılacaqsa, suverenliyi bərpa olunacaqsa, bunun nəyi pisdir? Gərək, mütləq deyək ki, müharibə edək?!
 
"Bu gün Lissabon sammitinin də, "Bişkek protokolu"nun da bizim üçün heç bir önəmi yoxdur"
 
- Artıq heç kimə sirr deyil ki, Ermənistan nəyin bahasına olursa-olsun mövcud status-kvonun saxlanılmasına, münaqişənin həlli prosesinin uzadılmasına çalışır. O da məlumdur ki, rəsmi İrəvan bununla Azərbaycanın işğal altındakı torpaqlarını özününküləşdirməyə, beynəlxalq ictimaiyyəti hazırkı vəziyyətə alışdırmağa can atır. Bu işdə isə Ermənistanın ən böyük dəstəkçisi Rusiyadır. Yəni məhz Kremlin təsir və təzyiqləri, qərəzli mövqeyi nəticəsində 1994-cü ildən davam edən danışıqlarda hələ də ciddi nailiyyət əldə olunmayıb. Sizcə, bu halda belə, münaqişənin dinc yolla həllinə ümid etmək olarmı?
 
- İlk öncə qeyd edim ki, şübhəsiz, əgər Rusiya neytrallaşarsa, o zaman heç müharibəyə ehtiyac olmayacaq. Yəni Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunacaq. Odur ki, ermənipərəst qüvvələri neytrallaşdırmayana qədər müharibə vəziyyətində qarşımızda daha böyük hərbi güc görəcəyik. Ya Azərbaycan Rusiya-Ermənistan ittifaqının qoşunlarına qarşı vuruşmaq gücünə malik olamalıdır, ya da özü buna adekvat bir ittifaq yaratmalıdır. Danışıqlar prosesində hər hansı nəticənin əldə olunmamasına gəlincə, bunun əsas səbəblərindən biri də odur ki, "Bişkek protokolu"nun bütün şərtləri yerinə yetirilmədi. Belə ki, həmin protokola əsasən atəşkəsdən sonra dərhal böyük siyasi saziş imzalanmalı idi. Həmin saziş imzalanana qədər ermənilər işğal olunmuş ərazilərdə heç bir qurucu tədbirlər aparmamalı, istehkamları möhkəmləndirməməli idi. Lakin yalnız atəşkəsə əməl olundu, protokolun yerdə qalan şərtlərinə isə əməl olunmadı. Bildiyiniz kimi, 1994-cü ildə ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısı zamanı Minsk Qrupu yaradıldı. Həmin vaxtdan Minsk Qrupuna həmsədrlər qismində BMT-nin veto hüququna malik 3 ölkə - ABŞ, Rusiya və Fransa başçılıq edir. Bundan sonra 1996-cı ildə Lissabon sammitində ABŞ-ın vitse-prezidenti Albert Qor və Türkiyə prezidenti Süleyman Dəmirəl Heydər Əliyevə təzyiq etdilər. Çünki Heydər Əliyev tələb edirdi ki, Dağlıq Qarabağ münaqişəsi də Moldova, Gürcüstan və Yuqoslaviya respublikalarındakı problemlər kimi Lissabon sammitinin yekun sənədinə salınsın, problem orda öz əksini tapsın. Onda ermənilər buna razılıq vermədilər. Beləcə, Lissabon sammitinin iflasa uğramaq, ATƏT-in dağılmaq təhlükəsi yarandı. Onda Süleyman Dəmirəl Azərbaycana olan təsirindən istifadə etdi və Heydər Əliyevə təzyiq etdi. Heydər Əliyev isə o təzyiqlərə bir gün dözə bildi, növbəti gün isə məcbur olub razılaşdı. Beləliklə də Lissabon sammitində Dağlıq Qarabağ mübahisəli ərazi statusu aldı. Onu da qeyd edim ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsilə bağlı 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Həmin sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib. Bu gün az qala hamı belə bir sual verir: BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələr niyə icra olunmur? Bu sualı cavablandırmaqdan ötrü gəlin, görək həmin qətnamələr necə qəbul olunub. Həmin qətnamənin lehinə 39, əleyhinə 9 ölkə səs verib. 100 dövlət isə bitərəf qalıb. Həmin 100 ölkənin 54-ü Lissabon sammitində ATƏT-in üzvü olan dövlətlərdir. Yəni məhz onların təzyiqləri nəticəsində Dağlıq Qarabağ Lissabon sammitində mübahisəli ərazi statusu alıb. Bundan başqa, qətnamənin əleyhinə səs verən 9 ölkədən 3-ü isə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransadır. Məhz bu səbəbdən də həmin qətnamələr icra olunmur. Çünki BMT-nin veto hüququ olan 3 dövlət və Minsk Qrupunun həmsədrləri həmin qətnamələrin əleyhinə səs verib.
 
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, əgər bir dövlət başçısı bu və digər sənədə öz iradəsiylə razılıq verməyibsə, yəni müəyyən təzyiq altında razılaşdırılıbsa, o zaman həmin sənədin heç bir hüququ əsası yoxdur. Ona görə də İlham Əliyev hakimiyyətə gələrkən, Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı bundan əvvəl qəbul etdiyi qərarların, imzaladığı sənədlərin heç bir əhəmiyyətinin olmadığını və sıfırdan başlamaq lazım gəldiyini bəyan edib. Əslində, bununla da İlham Əliyev Lissabon sammitinin bütün nəticələrini sıfırlayıb. Yəni bu gün Lissabon sammitinin də, "Bişkek protokolu"nun da bizim üçün heç bir önəmi yoxdur.
 
Ümumiyyətlə, münaqişənin həllinə dair aparılan danışıqlarda ən maraqlı məsələ Minsk Qrupunun fəaliyyəti və Madrid prinsipləridir. Belə ki, ermənilər əlavə bir neçə rayonu da işğal etdikdən sonra problemin həlli ilə bağlı iki variant ortaya atıldı. Madrid qrupu ilk öncə belə bir plan verdi ki, biz mərhələli həll edək. Yəni əvvəlcə işğal olunmuş digər rayonlar azad edilsin, sonra isə Dağlıq Qarabağ azad edilsin və orda referendum keçirilsin, Dağlıq Qarabağın statusu müəyyən olunsun. O zaman ermənilər buna razı olmadı. Sonra dedilər ki, Dağlıq Qarabağın ətraf rayonlarının azad edilməsinə paralel Dağlıq Qarabağın status məsələsi həll edilsin. Onda da Azərbaycan buna etiraz etdi. Bundan sonra isə Madrid qrupu üçüncü təklifini verdi. Buna qarışıq plan deyilir. Yəni münaqişə paket və mərhələli şəkildə bir yerdə həll edilməlidir. Onu da qeyd edim ki, Minsk Qrupunun fəaliyyətinin 3 - müharibə olmasın, milli müqəddəratını təyin etmə hüququ əsas götürülsün və ərazi bütövlüyü qorunsun - prinsipi var. Lakin ərazi bütövlüyü ilə milli müqəddəratını təyin etmə bir-birinə ziddir. Axı, Dağlıq Qarabağa milli müqəddəratını təyin etmə hüququnun verilməsiylə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı eyni vaxtda mümkün deyil. Deməli, Azərbaycana təzyiq edib hökuməti Dağlıq Qarabağda referendumun keçirilməsinə və onun ermənilərə verilməsinə razı salmaq istəyirlər. Bu yaxınlarda Minsk Qrupunun verdiyi bəyanatda da deyilirdi ki, əgər ermənilər belə bir addım atacaqsa, biz bunu tanıyacağıq. Odur ki, bütün bunlar Azərbaycana qarşı təzyiqdir.
 
"Lavrov yaxşı bilir ki, beynəlxalq hüquqa görə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin razılığı olmadan nə referendum keçirə, nə kimsə həmin referendumun nəticələrini tanıya bilər"
 
- Bildiyiniz kimi, bugünlərdə İrəvana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi brifinqdə çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılıq əldə etmək bu regionun əhalisinin razılığı olmadan mümkün deyil. Lavrovun bu bəyanatını necə dəyərləndirirsiniz?
 
- Məlumdur ki, son vaxtlar Azərbaycanda kadr dəyişikliyi gedir. Əslində, bu kadr dəyişikliyi hakimiyyətdəki rusiyapərəst qüvvələrin mövqelərinin zəifləməyə başladığını göstərir. Bu səbəbdən də Rusiya Azərbaycana göz ağardır. Bilirsiniz ki, bir neçə gün öncə Dağlıq Qarabağdakı qondarma rejimin "təmsilçiləri" Masis Mayilyan və Lernik Hovhannisyan Moskvaya səfər edib, orada görüşlər keçiriblər. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota vermişdi. Qeyd edim ki, Azərbaycan diplomatik dillə demişdi ki, Dağlıq Qarabağda erməni separatizminin arxasında Rusiya durur. Və bu, Rusiyanın vasitəçilik missiyası ilə bir araya sığmır. Çünki bu, separatçılara, işğalçılara qol-qanad vermək deməkdir. Rusiya isə buna cavab olaraq bildirib ki, artıq Azərbaycan bizimlə başqa dillə danışır, indiyə qədər bu dillə danışmırdı. Dilini dəyişib. Hesab edirəm ki, bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanat birbaşa Azərbaycana təzyiq idi. Lavrov yaxşı bilir ki, beynəlxalq hüquqa görə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin razılığı olmadan nə referendum keçirə, nə kimsə həmin referendumun nəticələrini tanıya bilər, nə də o, ermənilərə hansısa bir hüquq tanıda bilər. Ona görə də demoqoqcasına deyir ki, hər şey Dağlıq Qarabağdakı ermənilərin mövqeyindən asılıdır. Onların mövqeyindən heç nə asılı deyil. Əgər onların mövqeyindən nəsə asılıdırsa, o zaman bu gün Rusiya Federasiyasında yaşayan çeçenlər, tatarlar, başqırdlar, dağıstanlılar və müstəqillik istəyən digər xalqlar da milli müqəddəratını təyin etmə hüququna sahib olmalıdırlar. Əgər bu, baş verərsə, onda Rusiyada onlarla dövlət yaranacaq. Adama deyərlər, sən özün müstəqillik arzusunda olan çeçenləri qırıbsan, genosid edibsən ki, təki onlar müstəqillik yolunu seçməsinlər. Bir də, əgər erməni harda yaşayırsa həmin ərazi onların olmalıdırsa, onda gərək Stavropolu, Kaliforniyanı, Fransada Parisin ətraf ərazilərini, eyni zamanda İranın bir hissəsini Ermənistana versinlər. Əgər Ermənistan doğrudan da ermənilərin doğma vətənidirsə, onda nə üçün dünyadakı 10 milyonluq erməninin yalnız 2 milyonu burda yaşayır? 8 milyon erməni niyə öz "vətən"ində yaşamaq istəmir? Bu onu göstərir ki, Ermənistanın erməni adda xalqla heç bir əlaqəsi yoxdur. Abovyan yazır ki, qədim erməni kilsəsinin dili türk dilində olub. Bu zaman ortaya maraqlı sual çıxır: Qəqim erməni kiləsində bunlar nədən türk dilində danışıblar? Allaha nə üçün bu dildə müraciət ediblər? Çünki onların hamısı türk kilsələridir.
 
(Ardı var)

Загрузка...
Загрузка...