AZAL-ın tərəziyə qoyduğu cənazələr - Naxçıvan sakinlərinə güzəşt ediləcəkmi?

Baxış sayı: 
49
2  
0  

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Muxtar Respublikasının blokadada olduğunu nəzərə almalı, Bakıdan Naxçıvana cənazə aparılmasında güzəştlər tətbiq etməlidir”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. “Hər gün Naxçıvana cənzazə aparılmır ki, AZAL-ın büdcəsinə ziyan dəyə. Başa düşürük ki, cənazə də yük kimi qeydə alınır. Amma bu məsələdə vətəndaşlara güzəşt etmək mümkündür.
 
Elə insan var ki, imkanı yoxdur. Yaxud qəfildən yası düşür və cənazəni Naxçıvana aparmaq onun üçün müşkülə çevrilir. Hesab edirəm ki, AZAL bu məsələdə vətəndaşları düşünməli, onları əlacsız vəziyyətdə saxlamamalıdır”,- deyə ADP sədri əlavə edib.
 
Naxçıvan sakinləri Muxtar Respublikaya cənazə aparmağın çətin olmasından şikayətlənirlər.  Xaricdə vəfat edənlərin cənazələri heç bir problem olmadan Bakıya gətirildiyi halda, bəzən Naxçıvana cənazə aparmaq böyük müşkülə çevrilir. Buna problem yaradan isə AZAL-ın yaratdığı sərt qaydalardır.
 
“Əksər hallarda mərhumun yaxınlarına bilet tapılmır. Ölüsünü təyyarə ilə göndərənlər isə Muxtar Respublikaya avtobusla qayıtmalı olurlar. Cənazələri yük yerlərindən “kiçik torpaq”da yaşayan qonşular və ya tanışlar alır, ölənlərin qohumlarının gəlib çatmasını gözləyirlər. Beləcə, dəfnlər də yubanır.
 
Cənazəni aparırsan, sənədləri təftiş olunur, “neçə kilodur?” soruşulur, ona uyğun vəsait tələb olunur". Ölünü tərəzidə çəkib yaxınlarından pul tələb etməyin insanlar arasında necə ciddi narazılıqlar yaratdığını ifadə etmək çətindir.
 
Cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsinin tələb olunması da matəm iştirakçılarını qəzəbləndirir. Çünki gecənin bir yarısında bu tabutların tapılması asan deyil. Üstəlik, vəziyyətdən istifadə edən bəzi işbazlar dəmir tabutları baha qiymətə ölü yaxınlarına sırıyırlar”,- deyə şikayətçilər qəzetə bildirib.
 
Sonda qeyd edək ki, məsələ ilə bağlı “Azal”dan açıqlama almaq cəhdlərimiz baş tutmayıb.
 
Yenisabah.az

Загрузка...
Загрузка...