AYB sədri Anarın kreslosu danışdı: "Baxırsan, cavan kreslodu, özünü elə aparır, guya..."

Baxış sayı: 
29
1  
1  

Son günlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin 32 ildir ki, bu vəzifəni tutması müzakirə mövzusuna çevrilib. Anar müəllim isə müsahibə verərək bildirib ki, növbəti qurutayda daha beş il üçün sədrliyə namizəd ola bilər. Qaynarinfo mövzunun aktuallığını nəzərə alıb məsələyə AYB sədrinin uzun müddətdir oturduğu kreslonun da münasibətini öyrənib. Həmin müsahibəni sizə təqdim edirik.
 
– Kreslo müəllim, əvvəlcə hal-əhvalınızı soruşum. Necəsiniz, bu isti yay günlərində özünüzü nətəri hiss edirsiniz?
 
– Düzü, Anar müəllim bir neçə gün burada olmadı, məzuniyyətə getmişdi Türkiyəyə, xeyli rahat nəfəs aldım. Yoxsa qəlyan tüstüsündən az qalmışdı boğulam. İndi ciyərlərim xeyli təmizlənib.
 
– Baxmayın, bir yandan da cansıxıcı olar. 32 il üstünüzdə oturmuş adamı bir neçə gün görməyəndə darıxarsınız yəqin...
 
– 32 il olub artıq?
 
– Bəli...
 
– Hey gidi dünya! İllər nə tez keçib gedir. Elə bil hər şey dünən olub.
 
– Kreslo müəllim, yeri gəlib soruşum: Anar müəllimin oturduğu ilk günü xatırlayırsınızmı?
 
– Ay oğul, hardadı məndə o yaddaş... Bircə alatoran şəkildə... Tfu, "alatoran" nə idi, Anar müəllimin qulağına çatsa, əsəbiləşəcək, deyəcək altdan-altdan AYO-ya işləyirsən... "Alatoran" yazma, yaz ki, qaranlıq şəkildə o xatirimdədi, gəlib oturdu, bir az sağa-sola qurcuxdu, sonra arxaya yaslandı, dərin bir nəfəs aldı. Ancaq üzünü görə bilmədim. Bir ara pəncərə şüşəsində sifəti əks olundu, baxdım ki, belə birtəhər gülümsünür e... Onda ürəyimə damdı ki, hələ bir xeyli burda oturacaq. Di gəl, 32 il ağlıma gəlməzdi.
 
– Lakin özü deyir, sədr seçiləndən bir-iki il sonra artıq varisi haqqında düşünməyə başlayıb...
 
– Düşünməyə nə verirlər, oğul? Əlindən alan var, sən də otur nə qədər istəyirsən, düşün. Düşünməkdən hələ heç kimə zərər gəlməyib, heç kimin də kreslosu laxlamayıb.
 
– Ümumiyyətlə, necə fikirləşirsiniz, bir adamın bu qədər müddət eyni kresloda oturmağı nə qədər doğrudur?
 
– O gün təsadüfən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun kreslosunu gördüm.  Deyir, artıq bezmişəm, yorulmuşam, Fərhad müəllim 1987-ci ildən üstümdə oturub, qalxmır. Mən də ürək-dirək verdim ki, dözmək lazımdı, ona qalsa, Hüsnü Mübarəkin kreslosu gərək özünü asaydı, yazığın üstündə 40 il eyni adam oturmuşdu. Ancaq bunu deyəndə heç ağlıma gəlmədi ki, Anar müəllim də üstümdə oturalı 32 ildir. Həm də düzü, mən hələ yorulmamışam, bezməmişəm. Bircə qəlyan məsələsi korlayır hər şeyi. Yaş o yaş deyil artıq, tüstünü götürə bilmirəm.
 
– Söhbət sizin yorulmağınızdan, bezməyinizdən getmir. Bir adamın 30 ildən çox eyni vəzifədə qalmasının nə qədər etik olub-olmadığından gedir.
 
– Etik deyəndə ki, guya indi etik nə qalıb? Zəmanə korlanıb, nə böyüyə hörmət var, nə kiçiyə. Baxırsan, cavan kreslodu, özünü elə aparır guya bütün alçaq dağları bu yaradıb. A kişi, hələ sənin üstündə mənim üstümdə oturmuş xalq şairlərinin, xalq yazıçılarının yarısı otursun, sonra danışarıq... Mənim üstümdə Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi dühalar oturub, nə haqqın var özünü mənim yanımda göynən aparasan? Sən uzaqbaşı Yusif Həsənbəyin oturduğu kreslosan da, heç olmasa, ayıbına kor ol, dinməz dur...
 
 – Öz aramızdı, deyəsən, Anar müəllim üstünüzdə otura-otura sizi də özünüzə bənzədib, gənclərə qarşı bir nifrət var içinizdə...
 
– Qətiyyən! Mən həmişə istedadlı, tərbiyəli kreslolara hörmətlə yanaşmışam. Yazıçılar Birliyində Əsəd Cahangirin, Qəşəm Nəcəfzadənin oturduğu cavan, ancaq böyük-kiçik yeri bilən, klassik kreslolara daş atmaqla məşhurlaşmaq istəməyən üzüyola, söz'baxan kreslolar da var.
 
– Anar müəllimin daha 5 il sədr olmaq istəməsinə necə baxırsınız?
 
– Hörmətli sədrin başı üstündəki o xalça-portreti görürsən, böyük mütəfəkkirimiz Nizami Gəncəvinindir. Keçən dəfə bunu məndən o da soruşdu. Dedim, səni gör nə vaxtdı ordan asıblar, bir dəfə etiraz etmisən ki, yerimi dəyişin, qoy bir az mənə də yenilik havası dəysin? Qayıdasan ki, yox, həddim nədir. Deyirəm, ay sağ ol, ancaq yetən məndən soruşur ki, nə vaxtacan dözəcəksən? Artıq mənim o yaşım deyil, təzə sədr gəlsin, oturub kresloda sağa-sola yellənsin ki, nə var, nə var, yeni vəzifənin dadını çıxarıram, məni də şil-küt eləsin. Həm də, baxma, Anar müəllimin artıq üzünə-gözünə öyrəşmişəm, necə olsa da, zarafat deyil, 32 ildir e!
 
– Üzünə-gözünə necə öyrəşə bilərsiniz, o ki sizin üstünüzdə oturub!
 
– Məsəl üçün deyirəm də... 
 
Söhbətləşdi: Elnur Astanbəyli,
Qaynarinfo

Загрузка...
Загрузка...