Ayaz Mütəllibov: “Mayın 15-də məni zorla hakimiyyətdən uzaqlaşdırdılar”

Baxış sayı: 
196
0  
0  

 
 
“Məni bu adamlar vaxtilə deviriblər, indi mən də gəlib bunların sifətlərinə baxmalıyam?”
Azərbaycanın birinci prezidenti “Yeni Müsavat”a 80 illik yubileyindən, 14-15 may hadisələrindən danışdı
 
1992-ci il 14-15 may hadisələrinin 26-cı ildönümü tamamlandı. 26 il əvvəl, martın ilk həftəsində Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Xocalı soyqırımının qarşısını ala bilmədiyinə görə xalqın sərt etirazları ilə üzləşdi və istefa verdi. Ondan sonrakı müddətdə prezident səlahiyyətlərini Ali Sovetin sədri Yaqub Məmmədov icra etsə də, mayın 14-də, əvvəlcədən elan olunduğu kimi, prezident seçkilərinin keçirilməsinə bir aydan da az vaxt qaldığı zaman Ayaz Mütəllibov qəfil geri döndü və  Ali Sovetin tribunasından hakimiyyətə qayıtdığını bəyan etdi. Maraqlıdır, bəs bu gün Ayaz Mütəllibov həmin hadisələri necə xatırlayır? Eks-prezidentin bu mövzuda danışmağa həvəsli olmadığını bildiyimizdən əvvəlcə onun yubileyindən danışdıq.
 
- Ayaz müəllim, mayın 12-də sizin 80 yaşınız tamam oldu. Yubileyiniz münasibətilə sizi təbrik edirəm. Amma təəccüblüsü budur ki, səssiz-səmirsiz keçdi bu tarix. Yoxsa qeyd etmisiniz, media xəbər tutmayıb?
 
- Ailədə qeyd etdim. Bir-iki nəfər köhnə dostumuz da iştirak edirdi.
 
- Siz Azərbaycanın 14-cü birinci katibi, həmçinin ilk prezidenti olmusunuz, məntiqlə çevrəniz kifayət qədər geniş olmalıydı, yubileyiniz daha geniş şəkildə qeyd olunmalıydı. Vaxtilə vəzifə verdiyiniz adamlar olub, komanda üzvlərinizdən sağ qalanlar da az deyil...
 
-  Nə danışırsınız? Zaman dəyişib. İndi kim-kimi yada salır..?
 
- Bəs yubileyinizdə iştirak edən dostlarınız geniş ictimaiyyətə məlum olan insanlardır?
 
- Yox. Onlar siyasətlə bağlı adamlar deyillər.
 
- Siyasət adamları, ictimai fəal şəxslərdən kimsə zəng edib təbrik etdimi?
 
- Yox, zəng edən olmadı.
 
- Kimlərinsə zəngini gözləyirdinizmi?
 
- Yox, gözləmirdim.
 
- Belə çıxır ki, siz də taleyinizlə barışıbsınız, eləmi?
 
- Mən taleyimi bu faktorla bağlamıram. Heç bu haqda düşünmürəm də.
 
- Amma ölkənin keçmiş prezidenti olaraq sizin dövlət statusunuz, hüquqlarınız var. Bu mənada məntiqlə sizə münasibət əvvəlki illərdən fərqlənməliydi, kimlərsə sizinlə ünsiyyətdən ehtiyat etməməliydi. Elə isə sizin keçmiş komandadaşlarınız niyə məsafə saxlayırlar?
 
- Hansı komandadan söhbət gedir?
 
- Hər halda, uzun illər birgə çalışmışınız...
 
- (Gülür) Yox, e. Məgər uzun illər bir yerdə çalışan adamlar daim bir-biri ilə münasibət saxlayır? Zaman da dəyişir, münasibət də, bu, təbii prosesdir. İndi mən axtarım, deyim ki, filankəs, mənə niyə zəng etmirsən, niyə məni yada salmırsan? Yaxud mənə qarşı niyə saymazlıq edirsən? Mən sənə filan yaxşılıqları etmişəm... Mən bu sözləri deyə bilərəm?
 
- Bəs bu illərdə siz kimlərisə axtarmısınızmı?
 
- Yox, axtarmamışam.
 
- Ayaz müəllim, səmimi deyin, heç ürəyinizdən keçdimi ki, 80 illik yubileyiniz dövlət səviyyəsində qeyd olunsun?
 
- (Pauzadan sonra) Pis olmazdı.
 
- Vaxtilə sizinlə bağlı təşəbbüslər var idi, hətta hüquqlarınızı müdafiə edən komitə də yaradılmışdı. Bəs onlar necə, sizin yubileyinizi qeyd etməklə bağlı təşəbbüslə çıxış etdilərmi?
 
- Yox. O, çoxdankı əhvalatdır, hadisələrdir. Onlar çoxdan unudulub.
 
- Amma Şeyx Əbdül sizinlə bağlı müdafiə komitəsi yaratmışdı, Hacı Əbdül ilk illər sizin sadiq müdafiəçilərinizdən idi. Yəni onlardan da təbrik olmadı?
 
- Yox. Mən indi də bu şəxslərə qarşı ən xoş münasibətdəyəm. Ancaq hər kəsin öz işi var. Mən də siyasətdən uzaqlaşmışam, dəfələrlə bunu qeyd etmişəm. O zaman istər-istəməz siyasətə qoşulurdum. Yəni məni siyasətə qoşurdular. Çoxdandır münasibətim yoxdur. Ancaq indi də o şəxslərə dərin hörmətlə yanaşıram.
 
- 2018-ci ildə Cümhuriyyətimizin 100 illiyi ilə yanaşı, həm Azərbaycanın birinci prezidenti olaraq sizin, həm də ikinci prezidenti Əbülfəz Elçibəyin 80 illiyidir.  Elçibəyin 80 illiyi ilə bağlı təşəbbüs qrupu yaradılıb, yubiley tədbirinə dəvət alsanız, iştirak edəcəksinizmi?
 
- Xeyr.
 
- Niyə?
 
- Niyə iştirak etməliyəm, bu, mənim tədbirim deyil.
 
- Dəvət olunsanız...
 
- Ay qardaş, sən necə düşünürsən? Məni bu adamlar vaxtilə deviriblər. İndi mən də gəlib əyləşməliyəm, bunların sifətlərinə baxmalıyam?
 
- Tarixdə çox hadisələr olur. Xatırladım ki, Əbülfəz Elçibəy vəfat edəndə Heydər Əliyev onunla vida mərasiminə qatıldı, ortaya nümunə qoydu. Amma bildiyimə görə, siz bu günədək Elçibəyin məzarını da ziyarət etməmisiniz, eləmi?
 
- Keçmişəm yanından...
 
- Belə çıxır ki, Elçibəy hakimiyyətinə qarşı hələ də hirsiniz soyumayıb.
 
- O, təkcə mənə aid olan hirs deyil. Ümumiyyətlə, o hadisələr Azərbaycana böyük zərbə vurdu. Ona görə də bu məsələləri birmənalı qarşılamaq olmaz.
 
- Səhv etmirəmsə, Elçibəyin ailə üzvləri ilə görüşə biləcəyinizi demişdiniz...Görüş təşəbbüsü oldumu?
 
- Çox dərinə gedirsən e, ay qardaş. Məgər işimiz-gücümüz yoxdur ki, Elçibəydən danışırıq?
 
- Elə isə 26 il əvvəlki hadisələrdən danışaq, 14-15 may hadisələrindən? Yenə də o fikirdəsinizmi ki, AXC dövlət çevrilişi edib?
 
- Bəli, eyni fikirdəyəm.
 
- Amma əleyhidarlarınız, hərəkatçılar sizi çevriliş cəhdində ittiham edir. O zaman hakimiyyətə qayıdışınız doğru addım idimi? Bəlkə də 5-6 mart hadisələrindən sonra kənara çəkilsəydiniz, daha yaxşı olardı, nə siz ölkəni tərk edərdiniz, nə də...
 
- 5-6 martda dövlət çevrilişi olub. Həm 5-6 martda, həm də mayın 15-də məni zorla hakimiyyətdən uzaqlaşdırıblar.
 
- Amma sizin istefanız xalq etirazlarının məntiqi nəticəsiydi. Rəhbər xalqın rəyi ilə hesablaşmalı deyilmi?
 
- İdeal şəkildə.
 
- Bəlkə bir az açıqlayasınız fikrinizi...
 
- Belə dəyərlərə fikir verənlər azdır. Hər kəs öz marağına uyğun davranır. Gəlin bu mövzunu bağlayaq. Mən tarixi günləri yada salmaq istəmirəm, çünki nəticəsi çox acı olur. İndinin özündə də o acılıq qurtarmayıb, bu, normal prosesdir. Dövlətə aid acılığı deyirəm, şəxsiyyətə, hansısa adamlara yox. Mən həmişə demişəm ki, olan olub, keçən keçib. Biz indi tam başqa məsələlərə diqqət yetirməliyik. Ümumdünya miqyasında olan məsələləri. Ətrafımızda baxmalıyıq, konsolidasiya olunmalıyıq, cəmiyyətdə yekdillik olmalıdır. Kimsə 25 il bundan qabaq nəsə deyibsə, onun nə əhəmiyyəti var? Danışmağa mövzu tapmırıqsa, bu, başqa məsələ.  
 
- Hər halda, çox ciddi hadisələr baş verib və hadisənin canlı şahidləri ilə bu barədə danışmağa hər zaman zərurət duyulur. Bəs siz indiki durumda Azərbaycanın hər hansı fors-major situasiyalarla üzləşməməsi üçün nə təklif edirsiniz, daha çox nəyə zəruri ehtiyac görürsünüz?
 
- Yekdil olmağı, dedi-qodunu qurtarmağı zəruri sayıram. Dövlətə maneçilik yox, kömək etmək lazımdır, bunu zaman tələb edir. Tarixdə mənim başıma nə gəlib, gəlməyib, bu, mənim üçün önəmli deyil. Bu, tarixdir, yazılıb, bitib. İndi diktə edib onun ora-burasını düzəldən adamlar da olsa, öz işləridir. Mən həmişə dövlətçi olmuşam, indi də dövlətin tərəfini tutan adamam.
 
Elşad PAŞASOY,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...