Ayasofiya məbədi və Gövhər Ağa məscidində azan VİDEO

Baxış sayı: 
110
1  
0  

 
Məscidi heç vaxt kilsə etmək mümkün deyil, eləcə də minbər tiksən də, kilsəni məscid etmək...
 
Mən ağlım kəsəni oranı muzey kimi gördüm. Hər mövsümdə əcnəbi turistlərin axın-axın gəldiyi, diqqətlə baxdıqları, qarşısında özlərinin şəxsi fotoaparatlar ilə çəkdirdikləri fotolar, indi bəlkə dünyanın dörd bir tərəfində şəxsi arxivlərdə var. Gözdən yayınıb onların yanında boş mis, saxsı qablara, ərəbcə yazılı kitablara, indi xatırlamadığım digər eksponatlara bəlkə də on dəfə baxmışdım, amma hamısı o mis qabların içi kimi boş, təsirsiz, süni, anlamsız...Yəqin yaş o yaş deyildi, bəlkə də əşyalar muzey kimi yerində deyildi, həm də o səbəbdən...
 
Yaxınlıqda daha bir məscid də vardı. Bir az arxa küçədə olduğundan oradan keçəndə dəmir pəncərəsindən içəriyə "Ey, orada kim var?” deyə qaranlığa maraqla səsləndiyimi də yaxşı xatırlayıram. Allahın öz evindən didərgin salındığı illər idi, nə cavab olacaqdı ki...
 
Gərək ki, 1986-cı il idi. Ermənistana məktəblilərin turist səfərində avtobus Eçmiədzin kilsəsinin qarşısında dayandı. Hamı içəri baxmağa getdi, mən və bir-iki sinif uşaqları avtobusdan düşmədik. Etiraz-filan deyildi, oraya da bizi Allahın evi kimi deyil, muzey kimi baxmağa aparmışdılar...
 
Allahla insanlar arasında sədd çəkmək kimi ağılsız və qəddar bir ideologiyanın 70 il hakim olduğu dövrdə məscidlərin niyə bağlandığınının, daha doğrusu, niyə anbar, muzey kimi istifadə olunduğunun səbəbini anlamaq üçün çox zaman keçdi. Ta o zamana qədər ki, muzey olan məscidin minbərindən azan səsi eşidildi...
 
Məscidlə (kilsə ilə) insan arasında sərhəd, qadağa qoymaq olar, amma insanda Allah sevgisi varsa, könlü dininə bağlıdırsa, araya girmək mümkünsüzdür. Bu mənada kilsə zənginin və azan səsinin yayılmaması üçün edilən bütün tarixi cəhdlər sonda nəticəsiz olub.
 
Qarabağ müharibəsinin ilk illərində həmin muzeyin məscid kimi istifadəyə qayıtması tarixi ədalətin bərpası idi. Amma indi məscidin olduğu diyar daha böyük ədalətsizliklə üzləşdiyindən o azan səsi sanki şəhərin halına, məscidin və digər müqəddəslərin öz gələcək əsarətinə ağısı kimi idi. Bütün mənalarda kədər kimi azan...(Qeyd: İstəsəz, o səsə yazının sonunda qulaq asa bilərsiz. Azan verən şuşalıdır və Ağdam məscidində də onun səsi ilə azan verilirdi) Boşalmış, təklənmiş, yiyəsizləşmiş şəhərin halından tez yorulmuş, bir az usanmış və hətta taleyi ilə barışmış kimi azan...
 
Şəhər işğal olundu, azanın səsi də kəsildi, minbərlər də dağıdıldı...Sonra onun xarabalığını-işğal etdikləri şəhərin məscidini təmir edib dünyanın gözünə soxdular.Yığışıb açılış etdilər, “məscidinizi qoruyuruq, biz belə mədəni xalqıq” mesajını verdilər. Heç özləri də öz dediklərinə inanmadılar...
 
 
 
İşğal faktlarında yanmılş evlərə, dağıdılmış əmlaklara üzülməmək lazım. Bir kimsəsiz qalan Allah evlərinə, bir də hər şeydən xəbərsiz qəbristanlıqlardan başqa...O səbəbdən işğalçılar ən əvvəl belə tarixləri yer üzündən silməyə çalışırlar.
 
İndi o məscid 28 ildir öz başqa bir həyatını yaşayır: təmir, sığal, heç nə ona təskinlik, əski günlərini, məsumluğunu geri qaytara bilməz...
 
 
 
Ayasofa...Allahın evi. Osmanlı imperiyasının gözdə simvolu, dəyişikliklərdən sonra müsəlmanlar üçün namaz yeri...1934-cü ildə muzey olması qərarı. 2020-ci ilin iyul ayının 11-i. Yenə müsəlmanlar üçün namaz yeri...
 
Peygəmbərimizin doğuluşundan əvvəl inşa edilmiş xristian məbədinin namaz üçün yenidən açılması qərarından İslam aləmi qazanacaqsa, nə əla. Yox, Türkiyə yeni bir hücum dalğasına məruz qalacaqsa, buna da çox dərd etməmək lazım. Türkiyə nə etsə belə, onu təftiş, onu gücsüz edəcək bəhanələr Qərb dünyasında həmişə tapılır, tapılacaq da. Mən Qərb dünyası deyəndə, xristian dünyasının qəsd etmədim. Türkiyə tarixən xristian və digər dinlərlə çuğlaşmış bir ölkədir, bunu kimsə dana bilməz.
 
Son Dakika: Danıştay'ın Ayasofya kararı: Ayasofya cami oldu mu ...
 
Amma mənim şəxsi düşüncəmdə, heç görmədiyimi Ayasofya bir xristian məbədi, bir mədəniyyət tarixi, bir incəsənət əsəri olaraq muzey kimi qalmalı idi. Hərə fəth etdiyi şəhərin müqəddəslərini də mənimsəsə, indi dünyada müxtəlif dinlərə mənsub tarixi məbədlər, məscidlər öz statusunda qalmamalı idi. Biz İstanbulun tarixini də hamı kimi bilirik, o məbədin də. Türkiyə nə Osmanlı İmperiyası, nə dünya əski dünyadır. Amma dinimiz, dinlər həminkidir, dəyişən dünyada dəyişməyən elə məhz dinlərdir.
 
Məscidi heç vaxt kilsə etmək mümkün deyil, eləcə də minbər tiksən də, kilsəni məscid etmək. Bu süni olacaq və həmişə mübahisələr yaradacaq. İndi deyirlər ki, yaxşı, namaz qılanda, Ayasofiyanın xristian müqəddəslərinin rəsmlərini necə edək? “Üstünü suvaqla örtək deyənlər də var, bir ağ örtü ilə deyənlər” də...Tarixi örtü ilə, suvaqla ötrmək cəhdi əbəsdir, lap sovetlər vaxtı olduğu kimi...
 
 
 
Bizim orada-simvolumuz olan bir məscidimiz də var. Haqqında danışdığım Gövhər Ağa məscidi. Biz indi onun fəthi haqda daha çox düşünməliyik, hər gün düşünməliyik...Şuşanın fəthi və məscidin xilasını...
 
Nazim SABİROĞLU,
Musavat.com
 

Загрузка...
Загрузка...