Avtobus qəzalarını necə azaltmalı? - sərnişindaşıma “bir əldə” cəmlənməli

Baxış sayı: 
47
2  
0  

Paytaxtın ən ciddi problemlərindən biri də sərnişindaşıma xidmətində olan problemlərdir. Hər gün canımızı, övladlarımızı əmanət etdiyimiz sürücülərin ya narkoman , ya da əqli qüsurlu şəxs olması ehtimalı da istisna deyil. Üstəgəl, avtobusların texniki baxımdan standartlara cavab verməməsi, sürücülərin pul qazanmaq uğrunda yarışa girməsi də qəzaları qaçılmaz edir. Məhz onun nəticəsidir olaraq, Binə qəsəbəsinə işləyən 160 nömrəli marşrut avtobusu son günlərdə 2 dəfə ağır qəza törətdi ki, təfərrüatları hər kəsə bəllidir. Amma qəzaların qarşısı bununla da alınmayıb.

Bu günlərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Şaməddin Cəfərovun idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşdu və nəticədə fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində öldü. Araşdırma zamanı bəlli oldu ki, S. Cəfərovun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyası, ümumiyyətlə, sürücülük vəsiqəsi belə olmayıb. Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən “Magna Trans” MMC-nin şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 maddəsi ilə cinayət işi başlanıldı. Şirkət rəhbəri barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.

Bəs görəsən, bu sahədəki problemlərin aradan qaldırılması üçün hansı islahatların aparılmasına ehtiyac var?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu, çox ciddi bir problemdir və illərdir ki, müzakirə olunur: “Biz də dəfələrlə öz təkliflərimizi vermişik. Ancaq çox təəssüflər ki, elə də yaxşı nəticələr əldə edə bilməmişik. Azərbaycanda, ümumiyyətlə, sərnişindaşıma ilə bağlı ciddi problemlər var. Bu problemlərin həlli ilə bağlı çox ciddi iş aparılmalıdır. Hökumətdə artıq bələdiyyə avtoparklarının yaradılması ilə bağlı fikirlər səsləndirilir. Eyni zamanda bütövlükdə sərnişindaşımanı dövlət institutlarının nəzarətinə verilməsi ilə bağlı təkliflər irəli sürülür. Bütövlükdə özəl şirkətlərin bu işlə məşğul olmasını dayandırmaq arzuolunan deyil. Sadəcə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlər arasında rəqabəti təmin etmək lazımdır. Həm xidmət keyfiyyətinin yüksək səviyyədə olması, həm də sürücülərin peşəkarlığı və davranış normalarına riayət etməsi baxımından tələblər qoyulmalıdır”.

İ.Hüseynli onu da diqqətə çatdırdı ki, qəzalar daha çox Bakıətrafı kəndlərə işləyən marşrut avtobuslarında baş verir: “Burada bir neçə səbəbi önə çıxartmaq olar. İlk olaraq, sürücü və sərnişin arasındakı nağd hesablaşmanı tamamilə dayandırmaq lazımdır. Bütün istiqamətlərdə hərəkət edən avtobuslarda ödənişlər kart sisteminə keçirilməlidir. Nağd ödəniş edildiyi zaman sürücülərin müəyyən qədər vəsaiti gizlətməsi mümkün haldır və onlar bunu etmək üçün nəqliyyat vasitəsini sürətlə idarə etməyə, digər avtobuslardan öncə dayanacağa yaxınlaşıb daha çox sərnişin götürməyə, həmçinin avtobusun tutumundan artıq sərnişin daşımağa çalışırlar. Bunun üçün də qaydaları pozmağa, bir-biri ilə yarışmağa məcbur olurlar. İkincisi, sərnişindaşıma xidmətlərinə sürücülərin işə götürülməsi ilə bağlı çox sərt normativ müəyyənləşdirilməlidir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən artıq belə normativlərin qəbulu nəzərdə tutulub. Bizim bu sahədəki təkliflərimiz diqqətə alınıb. Onlar attestasiya məsələsini tətbiq etmək, sürücülər üçün təlimlər keçmək istəyirlər. Mən hesab edirəm ki, bu prosedurlar öz bəhrəsini verəcək. Üçüncü və ən vacib məqam odur ki, sürücü normal əmək haqqı ilə təmin olunmalıdır. Həmçinin sürücülər növbəli şəkildə işə çıxmalıdırlar ki, ən azından günaşırı evdə qalıb dincələ bilsinlər. Çünki az qala 24 saat şəhərdə eyni istiqamət üzrə dayanmadan nəqliyyat vasitəsini idarə edən sürücünün növbəti gün yenidən xəttə çıxması doğru deyil və faciələrin yaranmasının ilkin səbəblərindən biridir. Təəssüf ki, marşrut avtobuslarını idarə edən sürücülərin əksəriyyəti növbəli deyil, gündəlik olaraq xəttə çıxırlar, bu da onların yorulmasına və qəza törətməsinə gətirib çıxarır".

Ekspertin sözlərinə görə, bu məsələ ilə bağlı qəzaların sərtləşdirilməsi, sürücüsü qəza törədən sərnişindaşıma şirkətlərinə sərt cəzalar verilməsi, cərimələrin ödənilməsi önəmlidir: “Yaralanan və sağlamlığını itirən sərnişinlərin müalicəsi, kompensasiyası da həmin şirkətlərin üzərinə yönəldilməlidir. Belə olan halda həmin şirkətlər də öz üzərlərində maddi məsuliyyət hiss etmiş olarlar. Hökumət bu mexanizmləri işə salmalıdır. Sürücülərin özlərini nəzarətdə saxlamaq üçün nəzarət kameralarından istifadə etmək olar. Bu da onların sükan arxasında telefonla danışmasının, siqaret çəkməsinin və sair halların qarşısını almış olar. Sürücülər üçün əxlaq və davranış kodeksi də yaradılmalı və onlar buna uyğun olaraq işə götürülməlidir. Buna uyğun olaraq da əmək haqları yetərincə olmalıdır. Əgər az əmək haqqı ilə işləyəcəklərsə, onlar daha çox pul qazanmaq üçün məcbur olacaqlar ki, hər gün xəttə çıxsınlar, bir xətdən çıxıb qalan vaxtlarında digərində işləsinlər. Maaş normal olmalıdır ki, sürücülər əlavə pul qazanmaq üçün müxtəlif yollara əl atmasınlar”.

Загрузка...
Загрузка...