​Avropanın Qəzzafisi – hazırda onun milislərinin üstünə güllə ilə yox, güllə gedirlər

Baxış sayı: 
105
3  
0  

 
Çoxalaraq gələn informasiyalardan belə anlaşılır ki, “Batka” ləqəbli Belarus prezidenti Aleksandr Luşakenko hakimiyyəti 6-cı dəfə əldə etmək üçün bütün klassik üsullardan yararlanıb.
 
Bu üsullara güclü rəqibləri öncədən xəlbirləyərək seçkiyə buraxmamaq, seçkiyə zəif və sonda tez-tələsik onun qələbəsini “tanıyacaq” rəqiblərlə getmək, seçki saxtakarlığına qol qoyaraq özünə maksimum səs faizi yazdırmaq, seçkidən sonra etiraz edənlərə zor tətbiq etmək və s. daxildir.
 
Neqativ informasiyalar bununla yekunlaşmır. Məlum olur ki, səsvermə gecəsi vəkili ilə birlikdə Belarus MSK-sına getmiş əsas namizəd Svetlana Tixonovskaya faktiki olaraq hüquq-mühafizə orqanlarının iki yüksək rütbəli əməkdaşı tərəfindən girov götürülüb. Həmin şəxslər Lukaşenkonun əsas alternatiivindən zorla teleifadə alıblar. Tixonovskaya xalqı milisə müqavimət göstərməməyə, seçkilərin nəticələrinə etiraz etməməyə çağırmağa məcbur olub, hətta aciz durumda qaldığı üçün kövrəlib ağlayıb.
 
 
 
Daha sonra dinc etiraz nümayişi keçirənlərin kütləvi tutquya, işgəncəyə məruz qalması barədə də informasiyalar gəlir və artdıqca artır.
 
Düzdür, Belalusun daxili işlər naziri, vladiqafqazlı Hacımurad Qarayevin oğlu Yuri Qarayev işgəncə faktlarını etiraf etməsə də, yol keçənlərin tutulmalarına və fiziki təzyiqə məruz qalmalarına görə üzr istəyib. Amma bu etirafın özündə xüsusi təyinatlı milis dəstələrinin nə dərəcədə amansız hərəkət etdiklərinin əksi var.
 
 
 
Təsəvvür edin ki, XTMD döyüşçüləri ağına-bozuna baxmadan, əllərinə keçən hər kəsi qamarlayıblar və necə “mədəni şəkildə bölməyə dəvət ediblərsə”, nazir üzr istəməli olur. Çünki bu “dəvətlər” zamanı ağır xəsarət alanlar, təhqir edilənlər çoxdur və heç cür həqiqəti gizlətmək mümkün deyil.
 
Son durumdan belə məlum olur ki, xalqa qarşı zorakılıq etmək barədə əmrlər çox şiddətli olub. Bu üzdən ayrı-ayrı şəhərlərdə milis əməkdaşları nümayişkarənə şəkildə olmasa da, o əmrlərə riayət etmək istəmir və ya edə bilmir. Bunun qarşılığında xalqın reaksiyası isə unikaldır: gənc qadınlar qollarını yana açaraq yaraq-əsləhəli halda küçə və meydanlarda qarovul çəkən milislərin üstünə cumur, onları qucaqlayıb öpürlər.
 
 
Bu, kənardan nə qədər xoş görünsə də, o demək deyil ki, Lukaşenkonun hiddəti azalacaq, ürəyi yumşalacaq və Yuri Qarayevə “daha xalqa əl qaldırmayın” əmri verəcək. Böyük siyasətdə elə ürəyiyumşaqlıqlar olmur. Lukaşenko mərhəmətli biri olsaydı, 26 ildən bəri hakimiyyətdə qala, duruş gətirə bilməzdi.
 
Böyük ehtimalla, seçki tozanağı bir az yatandan sonra onun və Qarayevin əmri ilə Minsk və başqa şəhərlərdə sözün hər iki mənasında “xalqla qucaqlaşan” milislər bircə-bircə təsbit ediləcək və sistemdən qovulacaqlar.
 
Hazırda Lukaşenkonun istefasını, hakimiyyətdən əl çəkməsini istəyən insanların etiraz aksiyası nisbətən passiv müstəvidədir. Onlar XTMD ilə, adi polislərə əlbəyaxa davaya getmir, eyni zamanda işlədikləri müəssisələrdə işlərini dayandırmaqla Lukaşenkonu protest edirlər.
 
 
Bu mübarizə üsulu Belarus diktatorunu çox narahat edib, amma ölkə iqtisadiyyatı tam çöksə də, bu, onu hakimiyyətdən vaz keçməyə vadar etməyəcək.
 
Bu cür adamlar sona qədər dirəşirlər, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmağa çalışırlar.
 
Bu tutumuyla Lukaşenkonu “Avropanın Qəzzafisi” hesab etmək olar. Məlum olduğu kimi, Liviya diktatoru etirazların ilk vaxtında təhlükəsizliyinə qarantiya alaraq istefa vermək və ölkəsində asudə yaşamaq imkanında olduğu halda bunu etmədi, daha sonra, münaqişənin pik vaxtında dost xarici ölkələrdən birinə sığınmaq şansından yararlanmadı, sona qədər dirəşdi və aqibəti həm faciəvi, həm də rüsvayçı oldu.
 
 
Lukaşenko da Qəzzafi ilə eyni düşüncədə olan adamdır. Ancaq onun bəxtindən belaruslu etirazçılar Liviya ərəbləri qədər döyüşkən və gözüqara deyillər, onlar Lukaşenkonu müdafiə edən silahlıların üzərinə güllə ilə yox, güllə gedirlər və onları öpürlər.
 
Görünür, Lukaşenko da elə buna arxayındır, əmindir ki, Belarus xalqı silaha əl atmayacaq, onu Qəzzafi kimi qanla, silahla devirməyəcək, zamanla ehtiraslar soyuyacaq və o, beynəlxalq reputasiyasını yerlə bir etdiyi Belarusu hələ daha beş il (sonrasına da baxacaq, əlbəttə) idarə edəcək.
 
Belarus Devlet Başkanı Lukaşenko: Koronavirüsü votka ve sauna ile ...
 
Prezident olaraq legitimliyinin şübhə altına düşməsi onun vecinə də deyil, adama hakimiyyət lazımdır, əlindədir, gerisi təfərrüatdır, ölkə nə günə qalacaqsa da, qalsın, əsas odur ki, Lukaşenkonun ömürlük hakimiyyəti sürsün.

Загрузка...
Загрузка...