ATƏT-in müşahidə missiyasının mətbuat konfransında qalmaqal

Baxış sayı: 
608
0  
0  

 
ATƏT DTİHB-nin seçkiyə qiyməti etiraz yaratdı; mətbuat konfransı yarımçıq dayandırıldı
Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in Demokratik Təsistalar və İnsan Haqları Bürosunun müşahidə missiyası aprelin 12-də saat 14.30-da Bakıda mətbuat konfransı keçirib. Mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru Nilza de Sena, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Viorel Bardea qatılıblar.
 
ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonkerin deməsinə görə, 350 müşahidəçi onlara müxtəlif problemlər, ciddi qanun pozuntuları, şəffaflığın olmaması barədə xəbər verib. O, məntəqələrin 12 faizində pozuntu qeydə alındığını, bunun da çox pis göstərici olduğunu deyib.
 
"Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb", - deyən Jonker əlavə edib ki, fundamental hüquq və azadlıqlar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.
 
Müşahidə missisiyasının üzvü Nilza de Sena bütün qiymətləndirmələri özü apardığını, çox insanları dinlədiyini söyləyib: “Prezident Əliyevlə də görüşdüm, parlamentdə də oldum, müxtəlif fikirləri olan başqa insanlarla da görüşmüşəm, media təmsilçiləri, QHT nümayəndələri ilə də. Özüm üçün ölkə ilə bağlı mənzərəni yaratdım. Dediklərimizi təhlil edən zaman nə demək istədiyimizi başa düşəcəksiniz. Rəqabətliliyin olmamasına gəlincə, Ronaldo portuqaliyalıdır, dünyanın ən yaxşısıdır. Onun ədalətli şəkildə rəqabət aparmaq imkanı var. Demokratiyanın da müəyyən şərtləri var. Müstəqil media mövcud olmalıdır. Siz inkişafa doğru getməlisiniz. Dünyada mükəmməl ölkə yoxdur. Amma bərabər seçki olmalıdır. Bərabər səsvermə hamı üçün yaradılmalı, effektiv iştirak təmin olunmalıdır. Biz hesabatda nələrisə qeyd ediriksə, bu, faktları diqqətinizə çatdırırıq”.
 
 
 
C.Jonker isə deyib ki, Azərbaycana hökumətin dəvətilə gəliblər. 350 müşahidəçiləri olub.
 
"Bəyanatda əksini tapan fikirlər bizim subyektiv fikirlərimiz deyil. Biz, sadəcə, faktlara baxıb müəyyən qənaətlərə gəlirik. Rəqabətlilik mühiti, media azadlığı məsələsinə qayıtmaq istəyirəm. Rəsmi təbliğat dövründə media vaxtının 48.81 faizini dövlətin fəaliyyətinə, 27.40 faizini prezidentə həsr edib. Boykota çağıran qüvvələrlə bağlı neqativ işıqlandırma aparılıb. Bərabər mühit yaradılmayıb", - deyə o, sözlərinə əlavə edib (“Azadliq”radiosu).
 
 
 
Missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq kəskin etirazını bildirib. Müşahidə Missiyasının ilkin rəyində qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlərin əks olunduğu barədə missiya rəhbərinin açıqlamaları xüsusilə kəskin reaksiya doğurub.
 
Etiraz edən şəxslər “Yalan danışmağa son qoyun!”, “Bu, doğru deyil!” deyərək missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər. Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.
 
Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq ilkin rəylərini oxuyaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.
 
 
 
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ATƏT müşahidəçilərinin ilkin rəyinə sərt etiraz edib: “Hesab edirəm ki, sizin fikirlərinizin əksəriyyəti xalqın iradəsinə ziddir. Bu fikirlər tam subyektivdir. Siz Azərbaycan əleyhinə olan qüvvələrin fikirlərini çatdırmaq üçün gəlmisiz. Tam şəffaf, hətta Avropanın bir çox ölkələri üçün nümunə olacaq seçki keçirilib. Təəssüf edirəm sizin qərəzli, ikili standartlı fikirlərinizə görə. Ermənistan parlamentində adamları qətlə yetirirlər. Deyirsiz, seçkidə rəqabət mühiti olmayıb. Halbuki Sərdar Cəlaloğlu iştirak edib”.
 
Etiraza qalxan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə müşahidə missiyasını hesabatı öncədən hazır gətirməkdə ittiham edib: “Ya hazır gətirmisiz, ya da anti-Azərbaycan qüvvələrinin fikirləridir. Orada sizin dediyiniz ölkə sivilizasiyadan uzaq ölkədi. Azərbaycan isə hüquqi dövlətdir. Mətbuata heç bir maneə olmayıb. Beynəlxalq təşkilatlar özləri etiraf edir bunu. Biz tam sərbəst şəkildə seçkini izləmişik. Azərbaycan xalqının hissiyatı ilə, əsəbləri ilə oynamayın”.
 
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 

Загрузка...
Загрузка...