​ATƏT-in Minsk qrupuna ümid yoxdur!

Baxış sayı: 
272
2  
0  

 
 
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
 
Əgər ermənilərə ikinci dəfə öz müqəddaratını təyin etmək və ya muxtariyyat almaq hüququ tanınmalıdırsa, bunun üçün onların ən çox haqq etdikləri ərazi Rusiya, ABŞ və Fransadır.
 
Rusiya Federasiyasının təşəbbüsü ilə 9-10 oktyabr tarixlərində Moskva şəhərində baş tutan, saatlarla davam edən gərgin müzakirələrin yekunu olaraq Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanat ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Bu bəyanatda cəmiyyətin narahatçılığı üçün ciddi əsaslar var. Belə ki, həmin bəyanatda “Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar və Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər” şərti Qarabağ problemini yenidən ATƏT-in Minsk qrupunun hazırkı formatında müzakirəsinə başlamaq deməkdir. Sual olunur, 23 ildir ki, ATƏT-in Minsk qrupunun hazırkı formatı Qarabağ problemini həll edə, daha doğrusu həll etmək istəmədisə bundan sonra həll edəcəkmi və yaxud həll etmək istəyəcəkmi..? Birmənalı olaraq deyə bilərəm yox!
 
Belə ki, 30 ilə yaxın bir müddətdir ki, ATƏT-in Minsk Qrupu danışıqlar yolu ilə Dağlıq Qarabağ probleminin həllinə “çalışır”. 1994-cü ildə yaradılan Minsk qrupunun həmsədrlik institutuna ilk vaxtlar Rusiya ilə Finlandiya, daha sonra Rusiya ilə İsveç, 1997-ci ildən bu günə kimi ABŞ, Fransa və Rusiya başçılıq edirlər. Görəsən niyə məhz bu 3 dövlət 23 ildir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edir, baxmayaraq ki, bu 23 ildə bu dövlətlər problemin həllinə nail ola bilməyiblər?
 
Fikir versək görərik ki, bu gün dünyada erməni diasporunun ən güclü olduğu dövlətlər sırasında Rusiya, Fransa və ABŞ-dır. Sonuncu hesablamalara görə Rusiyada təxminən ən azı 2 milyon, Fransada 1 milyona yaxın və ABŞ-da da 1,5 milyondan artıq erməni yaşayır. Hər 3 dövlətdə ermənilər demək olar ki, adı çəkilən dövlətlərin yürütdüyü xarici siyasətə bu və ya başqa şəkildə təsir göstərmək imkanlarına malikdir. Ən azı adı çəkilən dövlətlərdə hər prezident seçkilərində namizədlər erməni toplumunun səslərini qazanmaq üçün onların maraqlarına uyğun addımlar atır və ya vədlər verirlər. Adları qeyd olunan dövlətlər 23 ildir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edirlər və onların missiyaları da ondan ibarətdir ki, Dağlıq Qarabağ problemini sülh yolu ilə ədalətli şəkildə həll etsin. ATƏT-in Minsk qrupuna 23 ildir bu 3 dövlətin rəhbərlik etməsi çox ciddi məsələdir və hesab edirəm ki, bu heç də təsadüfi deyil. Əgər ATƏT doğrudan da bu problemi sülh danışıqları yolu ilə ədalətli şəkildə həll etmək istəyirdisə, niyə Minsk qrupuna yalnız bu 3 dövlət 23 il həmsədrlik etməlidir?
 
Qeyd etdiyim kimi bu dövlətlər dünyada erməni lobbisinin ən güclü olduğu dövlətlərdir. Belə olan halda bunlar problemi necə ədalətli həll edə bilərlər..? Mayası ədalətsizliklə yoğrulan ATƏT-in Minsk qrupundan ədalətli qərarlar gözləmək absurddur axı. Necə ki, son 23 ildə biz bunun dəfələrlə şahidi olduq. Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın təəbirincə desək, onlar 30 ilə yaxın bir müddətlə əllərindən gələni etdilər ki, bu problem həll olunmasın. Zatən məqsədləri də elə bu idi. Əgər ATƏT doğrudan da Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll olunmasında maraqlı olsaydı, Minsk qrupunda 2 ermənipərəst dövlət əvəzinə heç olmasa 1 dövlət də azərbaycanpərəst və yaxud neytral mövqedə olan bir dövlətin təmsil olunmasına şərait yaradardı. Lakin onlar buna razı olmadılar. Sözsüz ki, bu dövlətlər öz ölkələrində güclü olan erməni diasporunun və lobbilərinin maraqlarını gözardı etməyəcəkdilər və edə də bilməzdilər. Deməli Rusiya, Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupuna həmsədrliyinə gətirilməsinin və 23 ildir ki, danışıqlarda heç bir irəliləyişə nail olmadıqlarına baxmayaraq hələ də həmsədr kimi qalmalarının arxasında Dağlıq Qarabağın işğalının passiv legitimləşdirilməsinə çalışmaq və nəticə etibarı ilə Dağlıq Qarabağı “dinc danışıqlar yolu ilə” Ermənistana vermək durur. Əslində biz Rusiya, Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupuna həmsədrliyi dönəmində vasitəçilik missiyaları ilə daban-dabana zidd olaraq olaraq dəfələrlə ermənilərin maraqlarına xidmət edən açıqlamalar və təkliflər vermələrinin şahidi olmuşuq. Buna görə də Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupunda ədalətli həllinə qətiyyən inanmaq olmaz. Zatən bu qrupun mayası ədalətsizliklə yoğrulub.
 
İkinci bir məsələ, əgər ermənilərə ikinci dəfə öz müqəddaratını təyin etmək və ya muxtariyyat almaq hüququ tanınmalıdırsa, bunun üçün onların haqq etdikləri ərazi Rusiya, ABŞ və Fransadır. Çünki, Azərbaycanda vur-tut 150 minə yaxın erməni yaşayıb, lakin Rusiyada ən azı 2 milyon, Fransada 1 milyona yaxın və ABŞ-da da 1,5 milyondan artıq erməni yaşayır. Necə deyərlər ən yaxşı tərbiyə nümunə göstərməkdir. Buyursunlar ATƏT-in Minsk qrupunun həmsədri olan bu dövlətlər kimisə “tərbiyə etmək” istəyirlərsə nümunə göstərsinlər. Öz ərazilərində ermənilərə dövlət yaratmaq və muxtariyyat əldə etmək hüququ versinlər. Zatən onların ərazi resursları daha genişdir. Bunu onlar edərlərmi, əlbəttə etməzlər. Onda hansı əxlaqla bunlar bizdən bunu istəyirlər..?
 
Odur ki, heç bir danışıqlardan söhbət gedə bilməz. Zatən biz çox söhbət etdik, söhbətimiz alınmadı və əmin olduq ki, Dağlıq Qarabağla bağlı ədalətli qərarı mayası ədalətsizliklə və tərbiyəsizliklə yoğrulmuş bir təşkilat verə bilməz. Dağlıq Qarabağla bağlı ədalətli qərarı yalnız və yalnız Şanlı Azərbaycan Ordusu verəcək. İrəli, Azərbaycan əsgəri!
 
Taliyət Əliyev
 
ADP sədrinin müavini

Загрузка...
Загрузка...