​ASAN-laşan ölkə, korrupsionerləri sağlam gənclərlə əvəzləmə siyasəti

Baxış sayı: 
85
1  
0  

 
 
Geridə qoyduğumuz iş həftəsinin ən yaddaqalan hadisəsi prezident İlham Əliyevin rayonlara səfər etməsi və bölgələrdə etdiyi çıxışları oldu. Dövlət başçısı Tərtərdə bir sıra obyektlərin, yolun, Ağcabədidə “ASAN xidmət” mərkəzinin və digər müəssisələrin açılışını etdi, taxıl biçininə başlanması mərasiminə qatıldı, həmçinin Ağdam ərazisində N saylı hərbi hissəyə baş çəkdi...
 
 
Öncə ona diqqət yetirək ki, Azərbaycanda və dünyada koronavirusla effektiv şəkildə mübarizə aparıldığı, sərt qaydalar tətbiq edildiyi bir vaxtda prezident İlham Əliyevin səfər çərçivəsində iştirak etdiyi açılış mərasimlərində, ünsiyyətlər zamanı maskadan istifadə etməsi bütün vətəndaşlar üçün çox ciddi bir mesajdır. Karantin qaydaları yumşaldıldıqdan sonra bir çox insanlar elan edilən qoruma qaydalarına əməl etmir, maska taxmırlar. Prezident İlham Əliyevin maskadan istifadəsi bir nümunədir və ölkə əhalisinə birbaşa çağırış kimi qavranılmalıdır...
Prezident İlham Əliyevin özünün də bildirdiyi kimi, dövlət pandemiya dövründə insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdi. Hansı ki, əksər dövlətlər əksini etdilər; insanları taleyin ümidinə buraxıb, dövlətin pullarını vətəndaşların həyatından üstün tutdular. Azərbaycanda isə tərsi oldu. Bu jest və qayğının qarşılığında isə dövlət vətəndaşdan yalnız məsuliyyətli davranış və pandemiyanı ram etmək üçün maskadan istifadə etmək, məsafə gözləməyi tələb edir. Bunu etmək təbii ki, çətin bir iş deyil. Bununla insanlar həm özünü, həm yaxınlarını, həm də dövlətini qorumuş olar.
 
 
***
 
 
Dövlət başçısının Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən icra başçısına iradı da xüsusilə diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın müxtəlif dövrlərə aid xəritələrinə baxarkən deyib: “Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın. İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər”.
 
Bu, Prezident İlham Əliyevin Azərbaycanın tarixinə, tarixi torpaqlarına nə dərəcədə həssas yanaşmasının göstəricisi olmaqla yanaşı, ötənlərdə işğal edilən, ilhaq olunan, əlimizdən alınan ərazilərimizlə bağlı hansı səviyyədə prinsipiallıq göstərilməsinin daha bir təsdiqidir. Hələ 2016-cı ildə Azərbaycan prezidenti indiki Ermənistanın nəzarətində olan tarixi torpaqlarımız haqda yaddaşlardan silinməyən bir açıqlama ilə çıxış etmişdi. Sitat: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər”...
 
                                                                                ***
Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında isə Azərbaycan prezidenti İlham Əliyev ölkənin inkişafı, vətəndaşların rahatlığı və məmnunluğu üçün mühüm və əvəzsiz rol oynayan “ASAN xidmət”in perspektivlərindən bəhs edib. Qısaca belə ifadə etmək olar ki, xidmətlər sahəsində inqilabi dəyişiklik olan ASAN modeli qısa bir vaxtda ölkənin ən ucqar nöqtələrini də tamamilə əhatə edəcək.
İndiyədək Azərbaycanda 19 “ASAN xidmət” mərkəzi istifadəyə verilib və fəaliyyət göstərir, daha səkkiz mərkəzin tikintisi də planlaşdırılıb.
“ASAN xidmət” fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olunub. Azərbaycanın brendinə çevrilən və dünyanın müxtəlif ölkələrində tətbiqinə başlanılan “ASAN xidmət”in fəaliyyətindən hər kəs məmnundur. İndiyədək burada insanların neqativ halla üzləşməsi, süründürməçiliyə rast gəlməsi halı olmayıb. Əksinə, hər kəs məmnundur və sorğular üzrə “ASAN xidməti” bəyənmə əmsalı 99,4 faizdir! Vətəndaşlar hətta ölkədə bütün xidmətlərin ASAN-ın sərəncamına verilməsini istəyirlər. Yeri gəlmişkən, “ASAN xidmət” fəaliyyətə başlayanda xidmətlərin sayı 100-ə qədər idisə, indi bu say 320-dir, habelə qurumun 10 səyyar avtobusu fəaliyyət göstərir...
“ASAN xidmət”in fəaliyyətinin mühüm cəhətlərindən biri də Azərbaycanda innovasiyaların inkişafına çox böyük təkan verməsidir. Elektron hökumətə keçidin bu sistem üzərindən baş tutduğunu əminliklə söyləmək olar.
 
Habelə, bu sistem ictimai münasibətlərdə, eyni zamanda dövlət-vətəndaş münasibətlərində tamamilə yeni fəlsəfənin tətbiqi ilə də nəticələnib. Burada mühüm amillərdən biri vətəndaşın dövlətə inamının yüksəlməsidir. Çünki vətəndaş hansısa bir xidmət alanda məmnun qalırsa, bu, birbaşa onun dövlətə münasibətini daha da pozitivləşdirir.
“ASAN xidmət”ə BMT və digər beynəlxalq qurumların yüksək qiymət verməsi də əlbəttə ki, həm də birbaşa Azərbaycanın imicinin yüksək olmasına dəlalət edir.
ASAN-ın timsalında ABAD layihəsi də çox uğurlu və effektlidir. Ailə təsərrüfatlarının inkişafı bu proqram sayəsində ciddi şəkildə inkişaf edir. Bu dövlət layihəsi nəticəsində ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını xeyli müddətdir yerli bazarlara çıxarmaqla yanaşı, xaricə ixrac etməyə də başlayırlar.
Prezidentin “ASAN xidmət” modelinin üzərində bu qədər ciddi dayanması və bu sahəyə xüsusi diqqət yetirməsi, bütün ölkəni əhatə etməsi yönündə gördüyü işlər onu deməyə əsas verir və bu fikri formalaşdırır ki, Azərbaycan hakimiyyətinin müasir yanaşması məhz bu cür pozitivlərdən ibarətdir.
 
 
Əlbəttə, neqativlər tamamilə yoxa çıxmayıb. İnsan amili, uzun illər boyunca əliəyriliyə, rüşvətxorluğa öyrənmiş məmur ordusunu islah etmək olduqca mürəkkəb bir prosesdir. Obrazlı müqayisə etsək, rüşvətxor, korrupsioner məmur yoluxucu viruslar kimidir: onunla mübarizə apardıqca bəziləri öz pis əməllərindən əl çəkmək əvəzinə, hiyləgərləşir, yayındırıcı neqativ mexanizmlərə baş vurur, belə deyək ki, “mutasiyaya uğrayıb” müqavimət göstərmək, davam etmək istəyir. Nahaq yerə rüşvətxorluq və korrupsiya “bəla” adlandırılmır.
Ancaq biz bu gün şahidi oluruq ki, Azərbaycan dövləti, Prezidenti korrupsiya və rüşvətxorluqla sözün əsl mənasında amansız davranır. Korrupsiyaya qarşı mübarizə rayon icra hakimiyyətləri ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarında, nazirliklərdə, dövlət xidmətlərində həyata keçirilir. Bu, bir kampaniya deyil və əlbəttə ki, biz qarşıdakı müddətdə bu prosesin daha ciddi şəkildə davam edəcəyini izləyəcəyik.
Beləliklə, sübut olunur ki, korrupsiya, rüşvətxorluq nə qədər ağır bəla olsa da, onunla nəinki mübarizə aparmaq, hətta uğur qazanmaq, qalib gəlmək mümkündür. Bu gün vətəndaşlar dövlətinə, Prezidentinə güvənlidir. Çünki insanların qanını içən məmurlar cəzalandırılır, vətəndaşı əzən, haqqını yeyənlər vəzifədən çıxarılır, bəziləri həbsə göndərilir. Azərbaycan prezidentinin ünvanına gələn minlərlə məktub da təsdiqləyir ki, xalq bu prosesi uğurla həyata keçirən dövlət başçısının arxasındadır, ona inanır, güvənir və bu sərt mübarizəyə yüksək qiymət verir.
 
 
Prezidentin çıxışlarından da bəllidir ki, məmur özbaşınalığı ilə əlaqədar yerlərdən gələn hər bir siqnal araşdırılacaq. Bu müddət ərzində yerlərdən kifayət qədər məlumatlar dövlət rəhbərliyinə göndərilib və bunların üzərində iş gedib, gedir. Amma bu prosesdə fürsətçilərin də peyda olmasını ara-sıra görürük. Bəzi hallarda kimlərsə xüsusilə “reket media”, sosial şəbəkələr vasitəsilə qarayaxma kampaniyası da aparırlar. Heç şübhəsiz ki, bu da dövlətin, müvafiq qurumların diqqətindən qaçmayacaq və araşdırmalar zamanı hər hansı şəxsin böhtan yaydığı üzə çıxarsa, cəzalanan onun özü ola bilər...
 
 
                                                         ***
 
Prezident İlham Əliyevin Ağcabədidə “ASAN xidmət” könüllüləri ilə görüşdə səsləndirdiyi fikirlər də diqqəti cəlb edir və bunlar ciddi mesajlardır. “Bugünkü könüllülər sabahın rəhbərləridir” fikri təkcə könüllülərdə deyil, bütövlükdə cəmiyyətdə, gənclər arasında yüksək qarşılanır. Bəllidir ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb və qısa müddətdə geniş təşəkkül tapıb.
 
Neçə illərdir ölkəmizdə keçirilmiş böyük tədbirlərdə, idman, musiqi yarışlarında, digər müxtəlif tədbirlərdə könüllülər böyük xidmətlər göstərirlər. Onların lazımlılıq və faydalılıq dərəcəsi isə koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi dövründə özünü əyani göstərdi. Uzun müddətdir gənclərin irəli çəkilməsi prosesinin şahidiyik və son aylarda bu tendensiya daha da artıb.
 
 
Hazırda nəinki orta və aşağı vəzifələrə, hətta yüksək dövlət postlarına təyinatların yarıdan çoxu gənclərin payına düşür.
 
Bu, o deməkdir ki, qarşıdakı müddətdə gənclərə daha böyük önəm veriləcək və bunun alternativi yoxdur. Könüllülər isə daha sürətlə irəliləyə biləcək. Çünki onlar bu prosesə qoşulmaqla həm təcrübə toplayıb, həm də sağlam və müasir dünyanın tələbləri çərçivəsində fəaliyyət göstərmək vərdişlərinə yiyələnirlər. Bu baxımdan prezident İlham Əliyevin könüllük hərəkatına xüsusi önəm verməsi, onun inkişafında maraqlı olması da qətiyyən təsadüfi deyil, məqsədli bir siyasətdir. Bu siyasət nəticəsində yuxarıda qeyd etdiyimiz rüşvətxor və korrupsioner məmurları zamanla məhz sağlam yetişmiş gənclər əvəzləyəcək...
 
Elşad MƏMMƏDLİ
 
Musavat.com
 
 

Загрузка...
Загрузка...