Ankaranın sınağı: müstəqil güc olmaq, yoxsa...

Baxış sayı: 
26
1  
0  

Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi daha da artıb. Böyük dövlətlər öz maraqları uğrunda mübarizələrini gücləndirirlər. Həmin kontekstdə Suriyanın İdlib bölgəsinin taleyi məsələsi daha da aktuallaşıb. Ekspertlər bu məsələyə Türkiyənin geosiyasi seçiminin həlledici məqamı kimi baxırlar. O cümlədən tanınmış politoloq Aleksandr Duqin həmin məsələyə toxunaraq konkret təkliflərlə çıxış edib. İdlib məsələsinə onun məntiqi çərçivəsində yanaşdıqda, qlobal geosiyasi mənzərədə bir sıra maraqlı faktorları görə bilərik. Həmin bağlılıqda İdlib probleminin geosiyasi dinamikada analizi üzərində geniş dayanmağa ehtiyac görürük.
 
Dəyişən dinamika: Yaxın Şərqdə geosiyasətin yeni çalarları
 
İdlib məsələsinin ciddi qlobal geosiyasi faktora çevrilə biləcəyi öncədən proqnozlaşdırılırdı. Çünki Suriya ətrafında aparılan geosiyasi mübarizənin məntiqi dinamikası prizmasından bu, aydın görünürdü. Rusiya, Türkiyə və İran Suriyanın digər əraziləri ilə bağlı ortaq mövqeyə gəlsələr də İdlibdə "ilişmişdilər". Burada həm Türkiyənin, həm də Rusiya ilə Bəşər Əsəd rejiminin öz arqumentləri vardır. Türkiyə İdlibdə hərbi əməliyyatların keçirildiyi təqdirdə çox sayda qaçqının Türkiyəyə sığınmaq istəyəcəyini deyir. Həmin insanlar Suriyanın digər bölgələrindən çıxarılan dinc əhalidir. Onların sırasında silahlı qruplar da vardır.
 
Bu proses tədricən Türkiyədə suriyalıların sayını xeyli artıra bilər. Buna rəğmən, Dəməşq İdlibə nəzarət etmək istəyini açıq bildirir. Orada toplaşmış radikal qruplar Dəməşq üçün təhlükə olaraq qalır. Moskva və İran da eyni fikirdədirlər. Deməli, İdlib məsələsi həll edilmədən Suriya ilə bağlı konkret siyasi qərar qəbul etmək imkansızdır.
 
Bunların fonunda iki proses diqqəti çəkir. Birincisi, ABŞ-ın başçılıq etdiyi koalisiya kürd qruplarına dəstəyi artırır. Onlar da İdlibdə müəyyən terror qrupları ilə koordinasiyalı hərəkət edirlər. Adətən bu zaman radikal qruplar daha çox antitürkiyə mövqeyi tuturlar. İkincisi, Ankara İdlibdə "Əl-Qaidə" terror təşkilatına bağlı olan "Heyət Tahrir əl-Şam" yaraqlılarının möhkəmlənməsində Dəməşqi ittiham edir. Türkiyə hesab edir ki, Əsəd rejimi bilərəkdən antitürk mövqeli bu qrupu İdlibə yerləşdirib və orada aranı qatmaqla hərbi müdaxilə üçün bəhanə axtarıb. Eyni zamanda, həmin qrupun PKK ilə strateji ortaqlığının mövcudluğu barədə də informasiyalar yayılmaqdadır.
 
Bu cür ümumi hərbi-siyasi mənzərə fonunda bu ilin aprel ayından İdlibi ələ keçirmək üçün B.Əsəd hərbi əməliyyatlara başlayıb. Lakin müəyyən irəliləyişdən sonra aldığı zərbələrdən geri çəkilib. İndi aydın olur ki, Türkiyəsiz İdlib məsələsini həll etmək imkansızdır. Hətta Rusiya və İranın aktiv dəstəyi İdlibdəki müxalif hərbi qrupların müqavimətini qıra bilmir. Deməli, problemin başqa həlli üsulu tapılmalıdır. Bu reallığın fonunda rusiyalı ekspert Aleksandr Duqinin Türkiyənin "Aydınlık" qəzeti üçün yazdığı bir məqalə böyük maraq doğurub. Həmin məqaləni Türkiyə KİV-i "Rusiyanın İdlib təklifi" kimi təqdim edib.
 
A.Duqinin Kremlə yaxınlığı məlumdur. Onun yazdıqlarını müəyyən mənada Kremlin fikirləri kimi də qəbul etmək olar. Yazıda məsələ qlobal geosiyasi dinamika aspektində qoyulur. Daha konkret desək, Türkiyənin İdliblə bağlı atacağı addımlara ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin geosiyasi mübarizəsinin məzmunu kontekstində qiymət verilir. Məsələnin çox həssas bir nöqtəyə gəldiyi tezisi irəli sürülür. Türkiyə üçün daha çox həyati əhəmiyyət daşıyan proseslərin Yaxın Şərqdə vüsət aldığı iddiası irəli sürülür.
 
Burada Türkiyəyə qarşı böyük güclərin təxribat xarakterli addımlar atmağa başladığı fikrinin səsləndirilməsi çox maraqlıdır. Həmin prizmadan Gürcüstanda baş verən hadisələrdə Azərbaycan və Türkiyə "izinin" axtarılması, müəyyən təxribatların baş verməsi, İraqda türk diplomata qarşı terror hadisəsinin törədilməsi, Kipr yaxınlığında Türkiyə əleyhinə bir neçə dövlətin birləşməyə çalışması və sair hadisələr diqqəti çəkir. Bütün bunlar Türkiyənin geosiyasi mövqeyinin zəiflədilməsi, onun daxilində xaos yaratmaq cəhdi kimi qiymətləndirilir.
 
Maraqlıdır ki, həmin proseslər ABŞ-Türkiyə münasibətlərinin normallaşmağa başlaması fonunda baş verir. Pentaqon sərt açıqlama versə də, Donald Tramp Türkiyəyə qarşı sanksiyalara baxılmadığını bəyan edib. Pentaqon da Türkiyə ilə strateji əməkdaşlığın çox qiymətli olduğunu vurğulayıb. Deməli, faktiki olaraq, Türkiyə bütün ziddiyyətlərə baxmayaraq geosiyasi status baxımından yeni mövqeyə çıxa bilib. Bu mövqedə həm Amerika, həm də Rusiya ilə geosiyasi yaxınlaşma mövcuddur.
 
Ankaranın sınağı: müstəqil güc olmaq, yoxsa kiminsə yanında durmaq?
 
Lakin hazırkı mərhələdə Ankara Amerika və Rusiya arasında seçim etməlidir. Bunun sınağı İdlibdir. Əgər İdlibdə Türkiyə özünə yaxın olan qrupların silahı yerə qoymasını təşkil edərsə, onda B.Əsəd və Rusiya asanlıqla problemləri həll edərlər. Bu zaman Suriya və Rusiya həmin silahlıları əfv edə bilərlər (Türkiyəyə yaxın olanları). Faydalanan isə Rusiya, İran və Suriya ilə yanaşı, həm də Türkiyə olacaq. Özü də bu fayda önəmli dərəcədə ola bilər.
 
Konkret olaraq, Türkiyə Rusiya, İran və Suriyanın timsalında geosiyasi dəstək almaq şansı əldə etmiş olur. Kipr məsələsində bu, Ankaraya daha çox lazımdır. Çünki orada ABŞ, Avropa, İsrail və bir sıra ərəb ölkələri, Yunanıstan Türkiyəyə qarşı birləşiblər. Türkiyə Yaxın Şərqdə Kipr məsələsində Suriya və Misirin dəstəyini ala bilər. Başqaları bu statusda yaramırlar. Suriyanın dəstəyini almaq üçün isə İdlib problemi həll edilməlidir. Bu zaman "həll" dedikdə, İdlibin tamamilə B.Əsədin nəzarətinə verilməsi nəzərdə tutulur.
 
Digər tərəfdən, Türkiyənin kürd terroruna qarşı mübarizədə Rusiya, İran, İraq və Suriyanın dəstəyinə ehtiyacı vardır. Həmin məntiqlə Türkiyənin uyğur məsələsinə görə Çinlə münasibətləri gərginləşdirə biləcəyinin ziyanlı olacağı haqqında fikir səsləndirilir. Qərb isə bu kontekstdə antitürkiyə niyyətli terror qruplarına dəstəkçi kimi təqdim edilir.
 
Bütün bunlar Türkiyə məsələsinin Yaxın Şərqin geosiyasi dinamikası kontekstində daha əhəmiyyətli mövqeyə çıxmasını göstərməklə yanaşı, regionda supergüclərin mübarizəsinin də yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. Qərb və Rusiya Türkiyəni öz tərəfdarı kimi təqdim etməyə çalışırlar. Onların təklifləri, qısaca deyilsə, "gəl yanımda dur" məntiqinə əsaslanır. Çünki hər iki tərəfin arqumentinə görə, Türkiyə qarşısına qoyduğu geosiyasi məqsədlərə təkbaşına çata biləcək gücdə deyil. Bunun üçün kiminsə dəstəyini qazanmalıdır. Dəstəyi qazanmaq isə geosiyasi güzəşti nəzərdə tutur. Bir sözlə, Türkiyəni müstəqil geosiyasi güc kimi psixoloji olaraq qəbul etmək istəmirlər. Bütün problemlər həmin psixoloji natamamlıq kompleksindən irəli gəlir.
 
Beləliklə, faktiki olaraq, İdlib məsələsinin Türkiyənin geosiyasi mövqeyi baxımından doğrudan da həlledici faktor halına gəldiyini demək mümkündür. Bu məsələnin necə həll ediləcəyindən Türkiyənin dünya siyasətindəki statusu asılı olacaq. Belə görünür ki, Rusiya Türkiyənin müstəqil geosiyasi güc olmasını ABŞ-dan asılı olmayan, lakin Moskvaya bağlı olan dövlət kimi görmək istəyir. Dəqiq desək, Kreml Türkiyənin Qərbdən uzaqlaşıb, Rusiya ilə yaxınlaşmasını arzulayır.
 
Amerika isə bunun əksini düşünür. Vaşinqton siyasi, iqtisadi, hərbi və s. aspektlərdə Türkiyənin ABŞ-ın maraqları çərçivəsində güclü olmasını arzulayır. O cümlədən Ankaranın hərbi imkanları da həmin sərhəd daxilində olmalıdır.
 
O da maraqlıdır ki, həm ABŞ, həm də Rusiya bu problemin həllində daha çox Rəcəb Tayyib Ərdoğanın şəxsi keyfiyyətlərinə istinad etməyə çalışırlar. Sanki Türkiyənin gücü onun dövlətçiliyində deyil, indiki rəhbərinin iradəsindədir. Bu səbəbdən də ekspertlərin analizində daim R.T.Ərdoğanın şəxsi özəlliyi qeyd olunur. Türkiyənin dövlət maraqları arxa plana atılır. Məsələn, Donald Tramp, Vladimir Putin, Si Szinpin və ya Həsən Ruhaninin atdığı addımları onların şəxsi keyfiyyətlərindən çox dövlət maraqları ilə əsaslandırmağa çalışır, Türkiyəyə gəldikdə isə, rəhbərin şəxsi keyfiyyətlərindən bəhs edirlər.
 
Həqiqət isə başqa müstəvidədir. Türkiyə böyük və güclü liderlik ənənəsi olan dövlət kimi təqribən 100 illik fasilədən sonra yenidən dünya siyasətində söz sahibi olmaq iddiasını ortaya qoyub. O, ancaq müsəlman ölkələrinin lideri kimi deyil, həm də qlobal geosiyasətin mühüm oyunçusu kimi siyasi səhnəyə çıxıb. Bu prosesin gedişində Ankaranın daim öz marağının təmin edildiyi yerdə olması zəruridir. Belə olmasa, hansısa böyük dövlətin yanında olmaqla meydanda qalmaq niyyəti ilə 2023-cü il hədəflərinə çatmaq mümkün olmayacaq. O cümlədən İdlib məsələsi də Türkiyənin geosiyasi maraqları çərçivəsində həll edilməlidir. Supergüclər nəhayət ki, bir şeyi qəbul etməlidirlər: Türkiyə artıq onlardan hansınınsa əlinə oynamır! O, özü müstəqil gücdür və bunu inkişaf etdirəcək!
 
Newtimes.az

Загрузка...
Загрузка...