​Ankara və Bakının son müharibə hazırlıqları - İrəvan və Moskvaya Türkiyədən müştərək mesajlar

Baxış sayı: 
109
1  
0  

 
Azərbaycanın baş diplomatı və hərb nazirinin Ankaraya qoşa səfərində hədəflər; işğalçı ölkə xarici işlər nazirimizlə anlaşmasa, Zakir Həsənovla danışmalı olacaq; politoloq: “Livan ermənilərini Qarabağda daha böyük fəlakət gözləyəcək...”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov vəd etdiyi kimi, ilk xarici səfərini Türkiyəyə etdi. Həm də səfər müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə reallaşdı. Hər iki nazirimiz Türkiyədə ən yüksək səviyyədə, o cümlədən prezident Rəcəb Tayyib tərəfindən qəbul olundu.
 
Bu da diqqətçəkicidir ki, Azərbaycan XİN başçısı və müdafiə nazirinin Türkiyə səfəri iki qardaş ölkənin birgə möhtəşəm hərbi təlimlərinin son gününə təsadüf etdi. Bundan əlavə, səfər Rusiyanın Ermənistana yeni partiya silah-sursat çatdırması haqda Azərbaycan mediasında dərc olunan ilginc faktlar fonunda reallaşması ilə yadda qaldı.
 
Məsələn, bəlli oldu ki, şimal qonşumuz hətta Tovuz döyüşlərinin qızğın vaxtında öz forpostuna ağır nəqliyyat təyyarələri (İL 76) vasitəsilə 280 ton müasir hərbi texnika daşıyıb. Onların arasında işğalçı Ermənistanın qorxulu röyası olan PUA-lara (dronlara) qarşı mübarizə vasitələri də var.
 
Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ - Baku Press Klub
 
Bu mənada Azərbaycanın baş diplomatı və hərb nazirinin Türkiyəyə birgə səfəri və bu səfər zamanı qardaş dövlətin hərbi-siyasi rəhbərliyinin Qarabağ, işğal mövzusunda verdiyi növbəti sərt mesajlar işğalçı ölkə ilə yanaşı, onun havadarına da ünvanlanıb. O sırada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etdi ki, “Tovuz təxribatı zamanı nə demişiksə, hamısının üstündə dururuq, bütün potensialımızla qardaş Azərbaycanın yanındayıq”.
 
Ankaradan verilən müştərək mesajlardan biri də budur ki, düşmən tərəf Azərbaycanın baş diplomatı ilə konstruktiv danışıqlar aparmaq istəməsə, o zaman Zakir Həsənovla danışmalı olacaq. Bütövlükdə başa çatan ortaq təlimləri də nəzərə alsaq, iki nazirin səfiri Bakı və Ankaranın son müharibə hazırlıqları kimi də qiymətləndirilə bilər. Hər alda belə ziyarətlərin nəticəsini yəqin ki, tezliklə görəcəyik. Yada salaq ki, ötən ay Azərbaycan müdafiə nazirinin iki müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev də Ankarada olmuşdular...
 
*****
 
Bu arada İrəvan Azərbaycan torpaqlarında beynəlxalq hüquqa məhəl qoymadan süni məskunlaşma siyasətini davam etdirir. Beyrutdakı partlayışı fürsət bilən İrəvan bu yöndə səylərini artırıb. Bildirilir ki, Livandan Ermənistana 100-ə yaxın etnik erməni gətirilib. Onların bir qisminin Dağlıq Qarabağda yerləşdirilməsi gözlənilir. Artıq Azərbaycan məsələyə öz kəskin etirazını bildirib. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozuntusu kimi qiymətləndirilib. “İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. Azərbaycan Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında da qaldırıb” - bəyanatda deyilir.
 
Etiket: qarabağa
 
Ancaq ərazimizdə qanunsuz köçürmə cəhdlərinin hamısı əbəsdir. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ müharibəsi hələ bitməyib. Bu da o anlama gəlir ki, işğal altındakı ərazilərimizdə bütün qanunsuz obyektlər və köç edənlər də işğalçı hərbi qüvvələrin infrastrukturları kimi hərbi əməliyyatlar zonasına düşə və hədəfə çevrilə bilər.
 
Təbii ki, ağlı başında olan ermənilər, o cümlədən Livan erməniləri belə şərtlər altında özünə və yaxınlarına Dağlıq Qarabağ ərazisində şərait qurmaq, özünü və ailəsini odun içinə atmaq istəməz. Üstəlik, iqtisadi durumu kritik olan bir bölgəyə köç edənlərin özlərini təmin etməsi üçün ən minimal şərait belə yoxdur. Eləcə də Ermənistanda. Yəni onların sosial-iqtisadi durumu Livandakından heç də yaxşı olmayacaq. Bu üzdən məlumatlara görə, Ermənistana gələn 3-5 erməni də artıq geri qayıtmaq istəyini ifadə edib.

 
*****
 
“Livandakı partlayışdan zərər çəkən erməniləri köçəcəkləri halda Dağlıq Qarabağda daha böyük fəlakət gözləyəcək. Hər halda Beyrutdakı partlayışın fəsadları aradan qaldırılacaq, lakin Dağlıq Qarabağda hər an müharibə başlaya bilər. Bu müharibənin yaradacağı dağıntı isə Beyrutdakından daha fəlakətli olacaq”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a- açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
 
Politoloqa görə, Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət olub: “Hazırda partlayışdan zərər çəkən erməniləri Ermənistana cəlb etmək üçün genişmiqyaslı təbliğat proqramına start verilib. Əslində ermənilər özləri də etiraf edir ki, onlar işğal edilmiş əraziləri birbaşa Ermənistana birləşdirmək gücündə deyillər. İlk növbədə bu planın reallaşması iqtisadi və demoqrafik baxımdan mümkün deyil. Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirməsi yönündə təşəbbüs göstərmişdi. Lakin bunun effektiv olduğunu demək olmaz”.
 
Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir - Gəlirlərsə ...
 
Tofiq Zülfüqarov
 
Tofiq Zülfüqarov hesab edir ki, işğalçı tərəfin bu addımları onların nə dərəcədə çarəsiz olduğunu göstərir: “Çünki yerli əhali ölkəni sürətlə tərk etməkdədir. Bu mənada, düşmən ölkə təbliğat yolu ilə ölkəyə xaricdə yaşayan erməniləri cəlb etməyə çalışır”.

 
*****
 
Ancaq müharibə şəraitində olan ölkəyə, Azərbaycan Ordusunun birbaşa hədəfində yerləşən ərazidə süni məskunlaşma siyasətinin uğur gətirəcəyini düşünmək sadəlövhlük olardı. Ermənistan üçün tək çıxış yolu vaxt itirmədən zəbt olunmuş torpaqlardan işğalçı qüvvələri çəkmək, Qarabağ problemi ilə bağlı sərsəm iddialardan və maksimalist mövqedən əl çəkmək, habelə Türkiyənin konfliktin həllindəki vazkeçilməz rolunu qəbul etməkdir. Təsadüfi deyil ki, ötən ay Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında telefon danışığı zamanı atəşkəs dövründə ilk dəfə Qarabağ məsələsi də diqqət mərkəzində olub.
 
“Rusiya indiyədək Qarabağ məsələsini Türkiyə ilə müzakirə etməmişdi. Ankara bir neçə dəfə cəhd etsə də, Putin bu mövzunu onunla müzakirə etməkdən yayınırdı. Biz bunu 2016-cı il aprel döyüşlərindən sonra da gördük. İndi isə məsələ liderlərin müzakirəsinə çıxarıldı”.
 
Zaur Məmmədov: “Prezidentlərin razılaşması təsadüfi deyil”
 
Bunu politoloq Zaur Məmmədov deyib. O, Ərdoğanın Qarabağla bağlı səylərini yüksək qiymətləndirdiyini söyləyib (Teleqaraf.com): “Çünki uzun müddət idi ki, Türkiyə Cənubi Qafqazda gedən hadisələrə fəal şəkildə müdaxilə edə bilmirdi. Müdaxilə etmək üçün iqtisadi, hərbi və siyasi gücü yetərli səviyyədə deyildi. Ən azı, bu məsələ Türkiyə liderlərinin iradəsindən kənarda idi. Amma Ərdoğan öz iradəsi, prinsipiallığı və cəsarətini ortaya qoymaqla göstərdi ki, Türkiyə Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, konfliktin həll prosesində Azərbaycanın yanındadır. Hər kəsə məlum oldu ki, Qarabağ prosesində Türkiyə də var və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır. Əks təqdirdə, sülh danışıqları dayandırıla, savaş başlaya bilər”.
 
Politoloqa görə, Ermənistana qahmar çıxan qüvvələr başa düşməlidir ki, bu dəfə sıradan bir müharibə olmayacaq. “Bura nə Gürcüstandır, nə də Ukrayna - Azərbaycan tək deyil. Artıq Pakistan yüz minlik ordusu ilə Azərbaycana öz dəstəyini təklif edib. Üstəgəl, ehtimal olunan savaşda Şimali Qafqazda türk-müsəlman xalqlarının Azərbaycana dəstəyi ifadə olunacaq. Türkiyə kimi güclü bir dövlət də Azərbaycanın yanındadır. Buna görə də, Ermənistanın havadarları bu məsələyə ehtiyatla yanaşmalıdır”, - deyə o əlavə edib.

 
Necə deyərlər, seçim yenə də İrəvanın və onun havadarınındır...
 
Siyasət şöbəsi,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...