“Amerika xəyalı” puç oldu, ölkədə küçə döyüşləri gedir: Qaralarla ağların MÜHARİBƏSİ

Baxış sayı: 
174
3  
0  

“Bu ölkədə hər kəs üçün azadlıq olduğunu deyirsiniz. Bu ölkədə qaradərililər üçün heç vaxt azadlıq olmadı... Bizə soyğunçuluqdan danışmayın, soyğunçu olan sizsiniz. Amerika qaradərililəri istismar etdi, Amerika bura gələndə ilk yerli xalqları istismar etdi. Yəni soyğunçuluq sizin işinizdir, bütün bunları biz sizdən öyrəndik, şiddəti sizdən öyrəndik, bizim düzgün davranmağımızı istəyirsinizsə, öncə siz bunu etməlisiniz”.
 
Minneapolis şəhərində etirazçıların sözçüsü olaraq çıxış edən Tamika Mallorinin bu sözləri ABŞ-dakı sosial, iqtisadi və siyasi səbəbləri özündə birləşdirən növbəti qaradərili üsyanının ümumi ifadəsi hesab oluna bilər. Qaradərililər etiraz edir və təkcə etiraz etmir, həm də tarix boyu istismar edilmələrinin əvəzini tələb edirlər.
 
Minneapolis şəhərində polis Derek Şovenin qaradərili amerikalı Corc Floydu dizinin altında boğaraq, öldürməsi və qaradərili can verərkən üz ifadəsində heç nə dəyişməməsi ABŞ-ın qaradərili vətəndaşlarının ayağa qalxmasına səbəb oldu.
 
“Xalqımızı qətlə yetirən bütün polislərin, təkcə Minneapolis şəhərində yox, bütün ölkədəki polislərin cəzalanmasını istəyirik”. Mallorinin bu sözləri Amerikanı bürümüş etirazların əsas tələbidir.
 
Nyu-York, Kaliforniya, Kentuçi, Texas, Oreqon, Florida, Georgia, Vaşinqton, Minnesota. Etirazlar müxtəlif ştatları bürüyüb və minlərlə qaradərili “ədalət” tələb edir.
 
Atlantada etirazçılar CNN telekanalının binasına hücum edib. Vaşionqtonda Ağ Evin qarşısında isə əsl küçə döyüşləri gedir. ABŞ bayrağını yandıran etirazçılar polislə toqquşur. 25 böyüş şəhərdə komendat saatı elan olunub: Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pitsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənub Karolina ştatı), Neşvill (Tennessi), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı), Miluoki (Viskonsin ştatı) şəhərləri. Milli Qvardiya qüvvələri küçələrə çıxır, Pentqaon isə hərbi polisə “hazır ol” əmri verib.
 
ABŞ-da vətəndaş müharibəsi başlayır? Polis və etirazçılar küçələrdə toqquşsa da, bu haqda danışmaq hələ tezdir, hətta ağdərililərin qaradərililərə qarşı döyüşməyə hazır olması belə bunun olacağını deməyə əsas vermir. Lakin ölkədə mövcud olan sosial-iqtisadi vəziyyət, eləcə də koronavirus pandemiyası zamanı ortaya çıxan səhiyyə böhranı vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.
 
1 milyon 750 min nəfərin virusa yoluxduğu, 104 mindən çox insanın öldüyü ABŞ-da vətəndaşların hakimiyyətə olan inamı yoxa çıxıb. Mərkəzi hökumət pandemiyaya qarşı mübarizədə məğlub olmaqda ittiham olunur, xüsusilə tibbi ləvazimatların çatışmazlığı, ştatlara köməyin göndərilməməsi, kütləvi məzarlıqların qazılması, morqların dolması, cəsədlərin binaların dəhlizlərində qalması və s. faktlar bütün dünyanı təsiri altına almış “Amerika xəyalı”nın yuxudan başqa bir şey olmadığını göstərdi. “Nyu-York Tayms” yazır ki, “pandemiya ABŞ-da böhrana səbəb olmadı, onsuz da var olan böhranı ortaya çıxardı”.
 
Pandemiya ABŞ-a özü ilə iqtisadi böhranı da gətirdi. Əmək Nazirliyinin məlumatına görə, son 10 həftədə ölkədə işsizlərin sayı 40 milyon 746 minə çatıb. FED ABŞ iqtisadiyyatının ilin ikinci yarısında 30 faiz geriləcəyini proqnozlaşdırır.
 
Bu böhranın fonunda ölkədə demokratlarla respublikaçıların siyasi qarşıdurması da müşahidə olunur.
 
Və ağdərili polisin qaradərilini çox sakit şəkildə boğaraq öldürməsi onsuz da mövcud olan böhranın küçələrə qədər təsir etməsinə səbəb oldu. Polisin qaradərilini öldürdüyü görüntüsü həqiqətən dəhşətlidir, lakin ABŞ üçün təəccüblü deyil. Bu ölkədə polis istədiyi şəxsi saxlamaq hüququna malikdir və əgər vətəndaş saxlanılarkən, əlini cibinə aparırsa, polis dərhal atəş aça, onu öldürə bilər. Qanunvericilik bu məsələdə polisin tərəfindədir.
 
Son 10 ildə ABŞ qaradərililəyin üçüncü böyük üsyanı ilə qarşılaşır:
 
- 2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi və dekabrın 2-də polis müdaxiləsi ilə yatırıldı;
 
- 2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı;
 
- Və nəhayət, Minneapolis Corc Floydun öldürülməsi yeni üsyana rəvac verib. Aksiyalar getdikcə şiddətlənir və nə vaxt başa çatacağı məlum deyil. Bu dəfə əsas fərq aksiyaların ABŞ-da sosial-iqtisadi böhran fonunda keçirilməsidir;
 
Amerikalı ekspert Len Makduqal ölkəsində qaradərililərə pis münasibəti “nə zamansa partlayacaq saatlı bomba” adlandırıb. Həqiqətən də, ABŞ-da qaradərililərə qarşı münasibət heç də demokratiya dəyərlərinə uyğun deyil.
 
2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Araşdırmada bildirilir ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.
 
Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.
 
Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur. Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.
 
Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir.
 
Budur, “saatlı bombalardan biri artıq partlayıb” və Ağ Ev əsgərləri küçəyə çıxarmağa hazırlaşır. Etirazçılar küçələrindən çəkiləcək, yoxsa xaos daha da şiddətlənəcək? Bu sualın cavabını hadisələrin inkişafında görəcəyik.
 
Asif Nərimanlı

Загрузка...
Загрузка...