​Altı ayda iqtisadiyyatımızda nə baş verib - rəqəmlər

Baxış sayı: 
67
1  
0  

 
İqtisadiyyatımız kiçilib, kredit qoyuluşları, aqrar istehsal artıb
Koronavirus pandemiyası və dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, altı ayda Ümumi Daxili Məhsul istehsalında, ticarət dövriyyəmizdə, kredit qoyuluşlarında azalma, aqrar və rabitə və informasiya sahələrində artım qeydə alınıb.
 
Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 803,9 milyon manatlıq Ümumi Daxili Məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Altı ayda adambaşına düşən ÜDM-in  həcmi 3,4 faiz azalmaqla 3 min 393,7 manat təşkil edib.
 
İlin ilk yarısında 1,5 faiz azalma ilə 18 milyard 401,9 milyon manat təşkil edən sənaye istehsalının 5 milyard 722,5 milyon manatlığı qeyri- neft-qaz sənayesinin payına düşüb. Bu sektorda altı ayda 11,2 faiz artım qeydə alınıb.
 
Pandemiyaya görə tətbiq olunan sərt karantin rejimi, həmçinin neftin qiymətinin kəskin ucuzlaşması ixracımıza təsirini göstərib. Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 30,1 faiz azalmaqla 9 milyard 852,5 milyon manat təşkil edib. Altı ayda ixracımız 31 faiz azalmaqla 5 milyard 687,4 milyon manat, idxalımız isə 29,7 faiz azalmaqla 4 milyard 165,1 milyon manat olub. Qeyri-neft sektoru üzrə ixracımızda 8,9 faiz azalma baş verib - 721,5 milyon manat.
 
İqtisadiyyatda baş verən kiçilməyə rəğmən Azərbaycanda kredit qoyuluşlarında ciddi artım baş verib. Hesabat dövründə kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 14 milyard 765,7 milyon manat təşkil edib. Bu zaman vaxtı keçmiş kreditlərin həcmi ötən ilkinə nisbətən 27,4 faiz azalıb və 1 milyard 84,4 milyon manat olub.
 
Cari ilin 1 iyun vəziyyətinə əhalinin banklardakı əmanətlərinin həcmində isə azalma baş verib. Belə ki, əmanətlər 2019-cu ilin beş ayı ilə müqayisədə 11,2 faiz azalaraq 7 milyard 661,3 milyon manat olub.
 
Rekord nəticələr: gəlirlər artır, yeni iş yerləri yaradılır
 
Neft sektorundakı azalma fonunda qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında irəliləyişə nail olunub. 2020-ci ilin altı ayında Azərbaycanda 4 milyard 82,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
 
Altı ayda bitkiçilik sahəsində ötən ilkindən 1,1 faiz çox - 1 milyard 997,1 milyon manatlıq, heyvandarlıq sahəsində isə 3,2 faiz çox - 2 milyard 85,6 milyon manatlıq məhsul əldə olunub.
 
Ölkənin nəqliyyat sektorunda yükdaşımaların həcmi 14,1 faiz azalmaqla 96,3 milyon ton, sərnişindaşıma 28,7 faiz azalmaqla 690 milyon nəfər təşkil edib.
 
Hesabat dövründə həmçinin informasiya və rabitə xidmətlərində 4.4 faizlik artım (1 milyard 42,8 milyon manat), pərakəndə ticarət dövriyyəsinin həcmində 1,9 faiz azalma (18 milyard 245,7 milyon manat), əhaliyə göstəriləm ödənişli xidmətlərdə 19,2 faiz azalma (3 milyard 339,9 milyon manat) qeydə alınıb.
 
2020-ci il 1 iyun vəziyyətinə əhalinin sayı 10 089,9 min nəfər təşkil edib. Son bir ildə Azərbaycanda əhalinin sayı 76,8 min nəfər və ya 0,8 faiz artıb.
 
Bütün çətinliklərə rəğmən, dövlət büdcəsinin icrasında problem yaranmayıb. Belə ki, 2020-ci ilin altı ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat təşkil edib.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.
 
Hesabat dövründə büdcədən xərcləmələr 11 milyard 730,8 milyon manat təşkil edib və büdcədə 291,9 milyon manat profisit yaranıb.
 
Əhalinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat, adambaşına düşən nominal gəlir isə 1,2 faiz azalaraq 2 749,7 manat təşkil edib.
 
İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...