“Ali təhsilli gənclərimiz işsizlik ucbatından küçələri dolaşırlar” – ELDAR SABİROĞLU

Baxış sayı: 
79
3  
0  

İstedadlı gənclərin imkanlarından dövlət və hökumət strukturlarında, ümumiyyətlə, idarəetmə sistemində istifadə olunması ilə əlaqədar hakimiyyətin hazırkı siyasətini təqdir edirəm. Bu məsələdə prezident Əliyevin nə qədər ardıcıl olacağını zaman özü göstərəcəkdir. Son illər ölkədə bilikli, dünyagörüşlü, ictimai-siyasi, sosial proseslərdən doğru-düzgün nəticələr çıxarmağı bacaran, analitik təfəkkürə malik yeni gənc qüvvənin yetişməsi istiqamətində uğurlarımız vardır. Onların bir qisminin idarəçilik orqanlarında təmsil olunmaları, bəzilərinə daha yuxarı vəzifələr həvalə edilməsi şübhəsiz müəyyən dəyişikliklərə səbəb olacaqdır. Tam inkar edək ki, yox, heç nə baş verməyəcək, bu da ədalətli səslənməzdi.
 
Lakin gəncliklə əlaqədar aparılan dövlət siyasəti səhvsiz də deyil. Dövlətin aşarı dərəcədə fərqli münasibətinin özü problemlərin yaranıb böyüməsinə fürsət verir. Hamı qərbdə təhsil ala bilməz ki?! Onların çoxu ilə söhbət edərkən əmin olursan ki, şikəst edilərək geri qaytarılıblar. Azərbaycançılıq təfəkkürü tamamilə yox olub gedib. Haramlıqla milyonlar sahibi olan atasının-babasının hesabına ya böyük bir şirkətin başında durur, ya da ağlı oturduğu stola uyğun gəlməyən məsul vəzifəni icra edir. Halbuki onu dünyaya gətirən vətənin tarixi, ədəbiyyatı, zəngin mədəniyyət aləmi, işıqlı şəxsiyyətləri barədə demək olar ki, adi təsəvvürü belə yoxdur. Lakin oturub haralarda? Adama da yuxarıdan aşağı baxaraq saya salmır.
 
İnanmazsınız, günlərin birində qərb təhsili almış gənclərdən biri ilə Atatürk parkında azca cənə döydüm. Baxdım ki, o məsələ... Ağlını yoxlamaq üçün bir sual verdim. Soruşdum ki, Zərdabi hansı millətdəndi? Fikrə getdi və dedi: hindu tayfalarındandı. Bu səfər özüm gözlərimi döyməyə başladım ki, bəlkə bu cavan oğlan məni ələ salır? Dediyinə görə Oksfortu bitirib. Yox, sən demə, ağlı elə bu qədərmiş. Nə isə ayrıldıq. Mən avtobus dayanacağına, Oksfortun yetirməsi isə 250 minlik maşınla yüksək sürətlə öz işinə qayıtdı. Bu cür nümunələr çoxdur.
 
Qərb təhsili almaq, dil bilmək gözəldir, lakin bu meyar hələ ağla, zəkaya dəlalət etmir. Müqayisədə nəyin şahidi oluruq? Qərbdə təhsil alanlardan heç bir cəhətə görə geri qalmayan xeyli ali təhsilli gənclərimiz isə işsizlik ucbatından küçələri dolaşırlar. Fəhləliklə, onun-bunun villasında palçıq qarışdırmaq və daş daşımaqla gün çörəyini qazanırlar. Niyə? Nə üçün? Çünki arxaları, yuxarılarda dayaqları yoxdur. Onlar həyatın ədalətsizliklərini görür, rüşvətlə, qohumbazlıq və yerlibazlıqla irəli çəkilən həmyaşıdlarının təmtəraqlı gün-güzaranını hiss edir və daxilən ruhları qırılıb param-parça olur. Bu zaman onların timsalında vətənə, torpağa, bayrağa, dövlətə məhəbbət və sevgini necə görə bilərik?!
 
İdarəetmə sistemində yaşından asılı olmayaraq savadlı, bilikli, ağlı yerində olan insanların təmsilçiliyinə üstünlük verilməlidir. Əvəzində başqa əməllərin şahidi oluruq. Prezident aparatında şöbə müdirlərindən birinin ailə sərvətinin siyahısını, eləcə də vəzifəyə yerləşdirmiş qohum-əqrabasının cədvəlini çap etsəm, dəhşətə gələrsiniz? Azərbaycan gəncliyi beləsindən hansı müsbət keyfiyyətləri götürə bilər?
 
Eldar SABİROĞLU

Загрузка...
Загрузка...