​Alatavanı su basdı, "Azərsu" səbəbini açıqladı: "Texniki nasazlıq yaranıb..." - REPORTAJ, FOTOLAR

Baxış sayı: 
34
1  
0  

 
Ötən gecə Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində su anbarının daşması az qala böyük fəlakətlə nəticələnəcəkdi.
 
Gecə saatlarında anbarın daşması məhəlləni su altında qoyub, evləri, həyətləri su basıb, mənzillər palçıqla dolub, bərbad vəziyyətə düşüb və vətəndaşların elektron avadanlıqlarına ciddi şəkildə ziyan dəyib.
 
Musavat.com-un əməkdaşına danışan sakinlərin sözlərinə görə, anbarla evləri ayıran istinad divarı uçmaq təhlükəsi ilə üzləşib, çəpər zədələnib, divarın bəzi hissələri ovularaq tökülüb və güclü su şırnağı evləri vurub.
 
Onların dediyinə görə, su anbarının daşması iki səbəbdən ola bilər: ya "Azərsu" ASC-nin əməkdaşları səhlənkarlıq edərək anbara gələn suyu bağlamağı yaddan çıxarıblar, ya da anbarda sızma olub.
 
Zərər çəkən sakinlər ASC-nin ərazidəki məsul şəxslərini günahlandırırlar. Deyirlər ki, yalnız gecə saat 3 radələrində suyun həyətlərə, evlərə dolmasının qarşısını almaq mümkün olub.
 
Nəticədə onlarla ev ziyan görüb, həyətlər indiyə qədər palçıq içindədir, məişət avadanlıqları sıradan çıxıb. Sakinlər "Azərsu" ASC-dən kompensasiya tələb edirlər.
 
Məhəllə sakinləri bildirir ki, su idarəsi işçiləri anbarın ağzını bağlamalıydılar: "Allah bilir ki, həmin vaxt harada olublar. Bu qədər məsuliyyətsizlik, səhlənkarlıq olmaz. Burada yüzlərlə ev var. Bir-iki adamın diqqətsizliyi ucbatından bütün Alatava su altında qalacaqdı. Onlar su anbarı dolanda su borularını bağlamalıdırlar. Ancaq görünür ki, yaddan çıxıb, anbar daşıb və divarı keçib, həyətləri su basıb".
 
II Alatavada ən çox zərər çəkənlərdən biri olan Mehmanın dediyinə görə, evinin divarı çat verib, palçıq evin içinə girib: "Hamam, tualetin divarı çöküb, otaqların hamısı palçıq içindədir. Əgər 5-10 dəqiqə gec gəlsəydilər, evlər gedəcəkdi".
 
Müşahidələrimizə əsasən deyə bilərik ki, hələ də həyətlər palçıq içindədir, zərər çəkən sakinlər həftənin bazar ertəsi günü "Azərsu" ASC-yə getməyə hazırlaşır. Onlar dəyən ziyanın qarşılanmasını tələb edəcəklər. Çünki su anbarı işçilərin səhlənkarlığı ucbatından daşıb.
 
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a bildirdi ki, hadisə gecə saat 00:30-da olub: "Bizim Alatavada üç su anbarımız var. Hər birinin tutumu 10 min kubmetrdir, yəni ümumi 30 min kubmetr tutumu var. Ötən gecə su qəbulu zamanı xəttdə texniki nasazlıq yaranıb və 10-15 dəqiqə ərzində su ərazidəki bəzi evlərin birinci mərtəbələrini basıb. Dərhal əməkdaşlarımız və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, qısa müddətdə texniki nasazlıq aradan qalxıb".
Emil SALAMOĞLU,
Musavat.com

Загрузка...
Загрузка...