​Ailəsinin toyuna gəlmədiyi, adının yeməyə uyğun qoyulduğu – Kobi Brayant

Baxış sayı: 
163
1  
0  

 
 
İdman dünyası dünən gecə əfsanəvi basketbolçu Kobi Brayantın ölüm xəbəri ilə sarsılıb.
 
Apasport.az saytının məlumatına görə, Milli Basketbol Assosiasiyası (MBA) tarixinin ən yaxşıları sırasında göstərilən “Los Anceles Leykers”in əfsanəsi 41 yaşında helikopter qəzasında dünyasını dəyişib.
13 yaşlı qızını məşqə apararkən helikopter qəzaya uğrayıb və hər ikisi həlak olub.
 
Bəs görəsən Kobi Brayant kimdir? Onun basketbola gəlmə tarixçəsinə və 20 illik karyerasına göz gəzdirək.
 
 
Adı Çin yeməyinə uyğun qoyulub
Kobi Braynt 23 avqust 1978-ci il tarixində Filadelfiyada anadan olub. Atası sabiq MBA basketbolçusu olan Kobenin adını anası Çin restoranında yediyi “kobi” üsulu yeməyin adına uyğun qoyub. Kobenin 5 yaşı olanda gələcək həyatına böyük təsiri olan İtaliyaya köçüblər. Atasının oyunlarını izləyə-izləyə basketbola öyrəşib. Ancaq İtaliyada futbolla maraqlanmamaq da mümkün deyildi. Kobe futbola ən az basketbol qədər maraq göstərib. Amma müəyyən vaxtdan sonra bütün diqqəti basketbola yönəlib. Çünki ABŞ-a qayıtmışdılar və boyu da get-gedə uzanırdı. Orada oyununu inkişaf etdirib, hətta 13 yaşında artıq atasına qalib gələcək səviyyədə olub.
 
Filadelfiyanın bombardir məktəblisi
Məktəb illərində əxlaqı, tərbiyəsi ilə hamıdan seçilən Kobe hər gün idman salonuna hamıdan tez girib, hamıdan da gec çıxmağın faydasını görüb. İlk ilində komandasına düz-əməlli köməyi dəyməsə də, sonrakı 3 mövsümdə keçirilən 90 oyunun 77-də qələbə qazanan məktəbini çempionluğa məhz o daşıyıb. Son ilində hər matçda orta hesabla 30 xal, 12 ribaund, 6 assist, 4 topalma və 4 bloka imza atıb. Məktəb illərini başa vurduqda Filadelfiyanın bütün dövrlərdə ən çox xal qazanan məktəblisi kimi tarixə düşmüşdü (Uilt Çamberlayn həmin siyahıda üçüncüdür). Belə möhtəşəm məktəb karyerasının qazancları da az olmayıb: “USA Today” tərəfindən ilin məktəbli basketbolçusu, “Neysmit” (ilin oyunçusu) titullarına layiq görülüb, “McDonald’s All American” komandasına dəvət edilib.
 
 
Kollec oxumadan MBA-ya
1996-cı ildə MBA Drafta kollec oxumadan, məktəb məzunu kimi düşən Kobe Şarlott Hornets tərəfindən seçilib, draftdan dərhal sonra da həmin dönəmin yüksək səviyyəli basketbolçularından olan Vlad Divaçla dəyişdirilərək, “Los Anceles Leykers”ə üz tutub. Bu dəyişiklik tənqidlə qarşılanmışdı. Kollec oxumamış, MBA-da necə oynayacağı bəlli olmayan bir gəncin qarşılığında çempionatın güclü ucaboy hücumçularından birinin verilməsi müzakirələrə səbəb olmuşdu.
 
 
Ən gənc debütant
Kobi Brayant ilk mövsümünü gözləyərək və öyrənərək keçirib. “Minnesota” ilə görüşdə meydana daxil olmaqla 18 yaş 2 ay 11 günlüyündə MBA tarixinin ən gənc debütantı ünvanına yiyələnib. İlk xalını III turda “Nyu York Kniks”lə görüşdə qazanıb, “Toronto” ilə qarşılaşmada ilk dəfə 10 xalıq sayı əldə edib. O, birinci dəfə 1997-ci il yanvarın 28-də oyuna ilk “beşlik”də başlayıb. 18 yaş 5 ay 5 günlə MBA tarixinin ilk “beşlik”də başlayan ən gənc oyunçusu olub. Həmin qarşılaşmada komandasına 12 xal qazandırıb.
 
49 xalla qazanılan “smaç” çempionluğu
İlk mövsümündə cəlb edildiyi “All-Star” onun üçün çox yaxşı keçib. 31 xalla matçın bombardiri olub. Bir neçə saat sonra “smaç” yarışında havada topu ayaqları arasından keçirərək qazandığı basketlə 49 xal toplayıb və yarışın ən gənc çempionu ünvanına yiyələnib. Bu, eyni zamanda “Los Anceles Leykers” oyunçusunun qazandığı ilk “smaç” çempionluğudur. Həmin il pley-offda ilk uğursuzluğunu yaşayıb. Belə ki, son zərbəsi dəqiq olmayınca, komandasına qələbə qazandırmaq şansını qaçırıb. Əlavə vaxtda da iki qeyri-dəqiq zərbə ilk mövsümünə uğursuz yekun vurmasına səbəb olub.
 
 
“All-Star”ın ilk “beşliy”inə düşən ən gənc basketbolçu
Növbəti mövsümdən MBA-da daha yaxşı Kobi Brayant var idi. Oyunlarda orta hesabla 26 dəqiqə oynamasına baxmayaraq, 15 xalla ictimaiyyəti təəccübləndirirdi. 1998-ci ildə azarkeş səsverməsi ilə “All-Star” oyununa ilk “beşlik”də başlayıb. Bunu bacaran ən gənc oyunçu kimi də tarixə düşüb. Həmin matçda 18 xal, 6 ribaundla komandasının ən yaxşısı idi və idealı Maykl Cordan önündə pis oyun göstərməmişdi.
İlk iki çempionluq və O Nillə qalmaqal
1999-2000 mövsümünə zədəli başlasa da, sağaldıqdan sonra “Los Anceles Leykers”i dayandırmaq mümkün deyildi. Əvvəlcə 16, daha sonra isə 19 oyunluq qələbə seriyası yaxalayan komanda həmin mövsüm 31 görüşün 30-da qalib gəlmişdi. Orta hesabla hər oyunda 22,5 xal, 6,3 ribaund, 4,9 assist və 1,6 topalma əldə edən Kobi karyerasının ilk MBA çempionluğunu qazanıb. Növbəti mövsümdə də komanda çempion olub. Ancaq Şakil O Nillə arasında baş verənlər buna kölgə salıb. Komanda yoldaşı olan cütlük çempionluqda özünü qəhrəman görürdü və aralarındakı qalmaqal getdikcə böyüyürdü. Nəticədə 2003-04 mövsümündə “Los Anceles Leykers” möhtəşəm heyətə baxmayaraq, finalda “Detroit Pistons”a məğlub olub. Cütlük arasındakı qalmaqalların komandaya ciddi ziyan vurduğunu görən rəhbərlik mövsümün sonunda Şakil O Nillə yollarını ayırıb.
 
Təcavüz iddiası…
MBA-da parlaq çıxışına baxmayaraq, 2003-cü ildə onunla bağlı başlayan məhkəmə prosesi basketbolçunu çox geri atmışdı. Bir qadın Kobinin onu təcavüz etdiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdi. Çətin günlər keçirən Kobi oyunlara son anda yetişə bilirdi. Bütün reklam müqavilələri ləğv edilmişdi, oyunlar zamanı əleyhinə şüarlar səslənirdi. Həmin qadın uzun prosesdən sonra şikayətini geri götürüncə, Kobi də qurtulmuşdu.
 
…Şəxsi rekordlar, çempionluqlar
Şəxsi rekordlara, parlaq çıxışa baxmayaraq, “Los Anceles Leykers”i heç cür çempion edə bilmirdi. 27 yaşında 16 min xal göstərici ilə MBA tarixinin ən gənc bombardiri adını ələ keçirmişdi. Artıq reklam anlaşmaları artmış, gəlirləri çoxalmışdı. Boş vaxtlarında isə İtaliyada bir qrupla rep deyirdi.
Karyerasını yalnız “Los Anceles Leykers”in heyətində keçirən Kobi Brayant 20 il ərzində 5 dəfə (2000, 2001, 2002, 2009, 2010) çempion olub. 2000-ci ildən basketbolla vidalaşdığı 2016-cı ilə qədər hər il “All-Star”da yer alıb. 11 dəfə MBA-da mövsümün ən yaxşı “beşliy”inə düşüb, 2 dəfə (2006, 2007) mövsümün bombardiri olub.
 
O, həmçinin ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionu olub. Lakin okeanın o tayında MBA Olimpiadadan dəfələrlə nüfuzlu sayılır.
 
 
Ailəsi imtina edib, toyuna 12 nəfər qatılıb
 
1999-cu ildə albom çalışması üçün girdiyi bir binada (həmin albom yayımlanmadı) 17 yaşlı rəqqasə Vanessa Laine ilə tanış olan Kobe Braynt 6 ay sonra onunla nişanlanıb. Təxminən bir il sonra – 2001-ci il aprelin 18-də Kaliforniyada evlənən cütlük toyuna cəmi 12 qonaq dəvət edib. Laine Afrika əsilli olmadığından və evlənmək üçün çox gənc yaşda olduğundan Kobinin ailəsi bu evliliyə qarşı idi. Bu üzdən toyda nə ailəsi, nə də komanda yoldaşları iştirak edib. Ailəsi ilə arasındakı buzlar 2003-cü ildə Natalia Diamonte adını qoyduqları qız uşaqlarının dünyaya gəlməsi ilə əriyib. 2005-ci ildə onların daha bir qızı dünyaya gəlib və Cianna Maria-Onore adı qoyulub. Eyni gündə Şakil O Nilin də qız övladı doğulub.
 
 
Şəxsi rekordları
– Oxuduğu məktəbə ilk əyalət çempionluğunu qazandırıb.
 
– Filadelfiya tarixinin ən çox xal qazanan məktəblisi.
 
– “All-Star” oyununa ilk “5-lik”də başlayan ən gənc oyunçu.
 
– “Smaç” yarışının ən gənc çempionu və bunu bacaran ilk Leykers basketbolçusu.
 
– 10000, 14000, 15000, 16000 və 19000 xal həddini keçən ən gənc basketbolçu.
 
– Bir oyunda ən çox 3 xallıq basket rekordu (12).
 
– 2002-03 mövsümündə ardıcıl 9 oyunda 40, 12 matçda isə 35 xallıq həddi keçən 3-cü basketbolçu (1-ci Uilt Çamberlayn, 2-ci Maykl Cordan).
 
– “Dallas”la görüşdə 33 dəqiqə ərzində 62 xal qazanıb.
 
– “Yuta Cazz” və “Dallas”la qarşılaşmanın 3-cü hissəsində 30 xal qazanaraq, klub rekordu yeniləyib.
 
– Bir oyunda təkbaşına rəqib komandadan çox xal toplayıb (“Dallas”la görüşdə rəqib komanda 61, Kobe isə 62 xal qazanıb).
 
– “Toronto” önündə 81 xal toplayıb və MBA tarixində bir matçda ən çox xal toplayan ikinci basketbolçudur (1-ci sırada 100 xalla Uilt Çamberlayndır).
 
– 81 xal klub rekordudur və MBA tarixində 70 xalı keçən 5 oyunçudan biridir.
 
– Bir mövsümdə 27 dəfə 40-dan çox xal toplayaraq klub rekordunu qırıb.
 
– MBA tarixində bir mövsümdə ən çox 3 xallıq xal qazanıb (180 dəfə).
 
– 4 dəfə ardıcıl oyunlarda 50-dən çox xal toplayan ikinci oyunçudur (1-ci Uilt Çamberlayndır).
 
– Çamberlayndan sonra bir mövsümdə 10 dəfə 50-dən çox xal qazanan oyunçudur.
 
ApaSport

Загрузка...
Загрузка...