​Ailə üzvlərini təhqir edənin başını kəsdi – İçki məclisində qətl

 
 
Xaçmaz rayonunda həmkəndlisini öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Gündüz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Gündüz Məhərrəmovun səfil həyat tərzi keçirən həmkəndlisi və uzaq qohumu İlqar Novruzov mütəmadi olaraq onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.
 
Bundan narazı qalan Gündüz Məhərrəmov 15 oktyabr 2016-cı il tarixdə saat 20 radələrində İlqar Novruzovun müvəqqəti olaraq məskunlaşdığı Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən meyvə bağlarına gəlib.
 
Orada İlqar Novruzovun yaşayış üçün istifadə etdiyi sahibsiz tikiliyə baş çəkib. Sonuncunu orada tapmayanda yaxınlıqda yerləşən Nəriman Həbibova məxsus alma bağının gözətçisi Vahid Kərimovun qaldığı bir mərtəbəli tikiliyə gedib. İlqar Novruzovu orda da tapmayanda geri qayıtmaq istəyib.
 
Bu zaman Gündüz Məhərrəmov meyvə bağlarının arasından keçən cığırda İlqar Novruzovla rastlaşıb.
 
Gündüz Məhərrəmov aralarındakı narazılığı müzakirə etmək üçün İlqar Novruzovu Vahid Kərimovun qaldığı tikiliyə dəvət edib. Birlikdə Vahid Kərimovun qaldığı tikiliyə gediblər. Həmin tikilinin eyvanında Vahid Kərimov süfrə açıb, onlar birlikdə süfrə arxasında əyləşib, birgə yemək yeyiblər.
 
İlqar Novruzov spirtli içkidən sonra Gündüz Məhərrəmov və onun ailəsinin ünvanına növbəti dəfə nalayiq ifadələr işlədib.
 
Gündüz Məhərrəmov İlqar Novruzovdan onu təhqir etməsinin səbəbini soruşub. İlqar da "əcəb eləyirəm" deyərək, Gündüzün yenidən şəxsiyyətini aşağılayan ifadələr işlədib.
 
Gündüz Məhərrəmov İlqar Novruzova kənara çəkilməyi işarə edib. Onun işarəsi ilə İlqar ayağa qalxıb və birlikdə oturduqları yerdən kənara çəkiliblər.
 
Gündüz Məhərrəmov İlqar Novruzovdan üzr istəməsini tələb edib. İlqar Novruzov üzr istəməyib, əksinə onu nalayiq sözlərlə söyməyə davam edib.
 
Gündüz Məhərrəmov İlqar Novruzovu öldürmək qərarına gəlib. Özündə olan bıçaqla onun boyun və bədənini müxtəlif nahiyələrinə zərbələr vurub. 30 bıçaq xəsarəti alan İlqar Novruzov hadisə yerində ölüb.
 
İstintaq orqanı tərəfindən Gündüz Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Məhərrəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan Gündüz Məhərrəmov apelyasiya şikayəti verib. O, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.
 
Gündüz Məhərrəmovun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada Gündüz Məhərrəmovun şikayəti qismən təmin edilib. Onun cəzası 15 ilə endirilib.
 
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işi yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini tələb edib.
 
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Prokurorun protesti təmin edilməyib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...