ADP X QURULTAYINI KEÇİRDİ. SƏRDAR CƏLALOĞLU YENİDƏN SƏDR SEÇDİ

Baxış sayı: 
411
4  
0  

 

01 sentyabr 2020-ci il tarixdə ADP növbəti X Qurultayını keçirib. “Koronavirus” pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə uyğun olaraq ölkədə kütləvi toplantıların qadağan olunduğunu nəzərə alaraq ADP-nin X Qurultayı fərqli bir formada, yəni virtual olaraq baş tutub.
Qurultayda Təşkilat Komitəsi adından Sərdar Cəlaloğlu hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçkili orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib. Seçkili orqanlara keçirilən seçkilər zamanı partiya sədri, Ali Məclis üzvlərinin 1/3-i və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri seçilib.
Təşkilat Komitəsinin partiya sədrliyinə namizədi Sərdar Cəlaloğlu olub. Qurultay zamanı Ali Məclis üzvü Rəşid Mənsurov da ADP sədrliyinə öz namizədliyini irəlü sürüb. Səsvermə zamanı Sərdar Cəlaloğlu yekdilliklə ADP-nin yenidən sədri seçilib.
Yekunda Qurultay adından bir sıra sənədlər, o cümlədən, bəyanatlar qəbul edilib. (Sənədlər əlavə olunub) Qurultay öz işini həmin gün də başa çatdırıb.
 
Azərbaycan Demokrat Partiyasının (ADP) X Qurultay iştirakçılarının
Dağlıq Qarabağ problemi ilə bağlı
 
B Ə Y A N A T I
 
Bakı şəhəri                                                                                                               01.09.2020
 
 
ADP-nin X Qurultay iştirakçıları belə hesab edir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın süverenliyini və müstəqilliyini məhdudlaşdırmaq, Azərbaycanın inkişafının qarşısını almaq, xalqımızı dünyanın sivil xalqlarından təcrid etmək, Azərbaycan dövlətini rus imperializminin təsir dairəsində saxlamaq, onu Türk-İslam aləmindən və bütün demokratik dünyadan təcrid etmək, Azərbaycan vətəndaşlarının şəxsiyyətinin formalaşmasının qarşısını almaq məqsədi ilə rus-erməni gücləri tərəfindən yaradılmışdır.
ADP-nin X Qurultay iştirakçıları Qarabağ probleminin əsasının 14 may 1805-ci il tarixli Kürəkçay, 12 oktyabr 1813-cü il tarixli Gülüstan və 10 fevral 1828-ci il tarixli Türkmənçay müqavilələri ilə qoyulduğunu bəyan edir və bu müqavilələrin beynəlxalq hüquqa zidd olduğunu, Azərbaycanın tarixi ərazilərinin işğal və ilhaqına əsas verdiyini nəzərə alaraq həmin müqavilələri tanımadığını bildirir və Azərbaycan hakimiyyətindən də adı çəkilən müqavilələrin tanınmaması istiqamətində müvafiq diplomatik addımları atmağı tələb edir.
ADP-nin X Qurultay iştirakçıları bəyan edir ki, Dağlıq Qarabağla bağlı erməni etnik separatist hərəkatının heç bir hüquqi, siyasi, mənəvi və iqtisadi əsası yoxdur. Azərbaycana qarşı işğala yol verdiyindən Ermənistan dövlətinin və Qarabağ erməni icmasının beynəlxalq hüquqa görə bu problemin həllindən hər hansı bir formada faydalanması yolverilməzdir. Buna görə də, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsipləri Beynəlxalq hüquqa və BMT tərəfindən Qarabağla bağlı qəbul edilmiş məlum qətnamələrə zidd olduğundan Azərbaycan tərəfi birmənalı şəkildə bu prinsiplərdən imtina etməli və Dağlıq Qarabağ ermənilərinə hər hansı bir imtiyaz və status verməkdən imtina etməlidir.
ADP-nin X Qurultay iştirakçıları belə hesab edir ki, Dağlıq Qarabağ probleminin beynəlmiləlləşdirilməsi ciddi siyasi səhv olub, bu problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə dinc siyasi yolla həllinin heç bir perspektivi yoxdur və bu yol iflasa uğramışdır.
ADP-nin X Qurultay iştirakçıları belə hesab edir ki, Daglıq Qarabağ yalnız beynəlxalq hüquq çərçivəsində - hərbi yol da daxil olmaqla bütün vasitələrdən istifadə edilməklə işğaldan azad edilə bilər.
ADP-nin X Qurultay iştirakçıları Dağlıq Qarabağın işgaldan azad edilməsi naminə Türkiyə-Azərbaycan konfederasiyasının, Azərbaycanda Türkiyə hərbi bazalarının, eyni zamanda könüllülərdən ibarət peşəkar hərbi birləşmələrin yaradılmasını vacib hesab edir.
ADP-nin X Qurultay iştirakçıları rus-erməni güclərinin xalqımıza və dövlətimizə qarşı hərbi təcavüzünə beynəlxalq hüquqa uyğun həqiqi qiymətinin verilməsi istiqamətində səylərin gücləndirilməsinin, beynəlxalq məhkəmələrdə bu məsələlərin qaldırılmasının, Azərbaycana dəyən maddi-mənəvi ziyanların kompensasiya edilməsinin təmin edilməsini vacib hesab edir.
ADP-nin X Qurultay iştirakçıları tam əmindir ki, Azərbaycanın hərbi-iqtisadi potensialı və insan resursları, eləcə də strateji əməkdaşlıq etdiyimiz qardaş dövlətlərin gücü bu problemi qisa müddətdə həll etməyə imkan verir.
ADP-nin X Qurultay iştirakçıları hakimiyyəti vaxt itirmədən xalqın dəstəyi ilə Qarabağı işğaldan azad etmək istiqamətində bütün vasitələrdən istifadə etməyə çağırır.
 
 
Azərbaycan Demokrat Partiyasının (ADP) X Qurultay iştirakçılarının
Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı
 
B Ə Y A N A T I
 
Bakı şəhəri                                                                                                              01.09.2020
 
ADP-nin X Qurultay iştirakçıları bəyan edir ki, Rusiya-Ermənistan qüvvələrinin 200 ilə yaxındır, açıq-aşkar, Azərbaycan xalqının soy kökünə, mədəniyyətinə, ərazi bütövlüyünə qarşı düşmən mövqedə duraraq, özlərinin hazırladığı qüvvələri Azərbaycan hakimiyyət orqanlarında və ictimai-siyasi strukturlarında yerləşdirmiş, həmin qrupların apardığı anti-Azərbaycan siyasət nəticəsində dövlət müstəqilliyimiz və süverenliyimiz məhdudlaşmış, xalqın müqavimət gücü zəifləmiş, məhsuldar qüvvələr ölkəni tərk etmiş, iqtisadiyyatımız dağıdılmış, milli gəlir talan edilmiş, xalqa qarşı düşmənçilik siyasəti aparılmış, Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində heç bir ciddi addım atılmamış, insan hüquq və azadlıqlarının sürəkli olaraq kobud sürətdə pozulması nəticəsində vətəndaşlıq institutu çökmüş, Azərbaycan beynəlxalq səviyyədə nüfuzunu itirmiş, ölkə qara siyahılara liderlik etmiş, Avropa və Qərb ölkələri ilə münasibətləri mütəmadi olaraq korlanmışdır. Azərbaycanda aşağı keyfiyyətli idarəetmə nəticəsində aşağı keyfiyyətli insanların dövlət hakimiyyətində təmsil olunmasına münbit şərait yaranmış, ölkə tayfa-klan prinsipləri ilə idarə olunmuş və kadrlar proteksiya üsulu ilə təyin edilmişdir. Azərbaycanda təhsil, elm, səhiyyə sistemi dərin böhrana düşmüşdür. Ölkədə açıq-aşkar ruslaşdırılma siyasəti aparılmaqdadır. Dilimizə, tariximizə açıq-aşkar laqeydlik hökm sürməkdədir. Son aylar ölkədə hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində hakimiyyətdə kök salmış “5-ci kolon” adlanan rus-erməni ittifaqına xidmət edən qüvvələrin ifşası, dövlət hakimiyyətindən uzaqlaşdırılması prosesi başladılmış və Azərbaycanda bu günədək müşahidə olunmayan antikorrupsiya əməliyyatları həyata keçirilmişdir. Buna paralel iqtidar-müxalifət münasibətlərinin sağlamlaşdırılması istiqamətində proses başladılmış, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə qardaşlıq əlaqələrinin, hərbi-siyasi və iqtisadi münasibətlərinin yeni müstəviyə çıxarılmasına cəhd edilməkdədir.
ADP-nin X Qurultay iştirakçıları Azərbaycanda “5-ci kolona” qarşı mübarizənin ardıcıl və prinsipial şəkildə həyata keçirilməsinin, iqtidar-müxalifət münasibətlərinin, o cümlədən milli həmrəyliyin yeni müstəviyə çıxarılmasını vacib hesab edir, Qarabağın işğaldan azad edilməsi, müstəqillik və süverenliyimizin möhkəmləndirilməsi istiqamətində iqtidarın həyata keçirdiyi siyasəti dəstəklədiyini bəyan edir.
ADP-nin X Qurultay iştirakçıları Azərbaycan siyasi sistemində müxalifətin rolunun zəiflədiyi, müxalifətdaxili münasibətlərin günün tələblərinə uyğun qurulmadığını, ölkə əhalisinin partiyalaşmasında böhranlı vəziyyət yarandığını, bunun isə milli problemlərin həllinə ciddi əngəl törətdiyini bəyan edir.
ADP-nin X Qurultay iştirakçıları beynəlxalq təşkilatların, demokratik dünya ictimaiyyətinin Azərbaycanın demokratikləşməsinə lazimi dəstək vermədiyindən, rus imperializminin kecmiş SSRİ məkanına ziyanlı təsirlərinin qarşısının alınmasında effektli siyasət həyata keçirmədiklərindən təəssüflənir və bu vəziyyətin yalnız keçmiş SSRİ respublikaları üçün deyil, həm də demokratik dünya ictimaiyyəti üçün ciddi təhdid yaratdığını bəyan edir.
ADP-nin X Qurultay iştirakçıları dünya demokratik güclərini Azərbaycanın demokratikləşməsində aktiv iştirak etməyə, xalqımızı isə öz hüquqları və milli maraqlarımız ətrafında sıx biləşməyə, xalqımıza və dövlətimizə qarşı düşmən münasibətdə olan qüvvələrə qarşı müqavimət göstərməyə çağırır.
ADP-nin X Qurultay iştirakçıları hakimiyyətdən təcili şəkildə ölkədə yoxsulluğun, işsizliyin, özbaşınalığın, rüşvətin, korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa, ölkə iqtisadiyyatını bərpa etməyə, qanunçuluğu möhkəmləndirməyə, Azərbaycan Konstitusiyasının və qanunlarının, o cümlədən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquq normalarının ölkədə hüquqi güc əldə etməsi üçün lazım olan bütün tədbirləri görməyə çağırır.
 

Загрузка...
Загрузка...