ADP SƏDRİNİN NÜFUZU KİMLƏRİ NARAHAT EDİR? - Sərdar Cəlaloğlu ilə eyni dairədən namizəd olmağın qarşılığında Arif Hacılıya nə vəd olunub?

Baxış sayı: 
101
2  
0  

Müsavat Partiyası başqanının 15 saylı Yasamal Birinci seçki dairəsindən namizədliyini irəli sürməsinin şok gizlinləri…
 
Dünən – 17 yanvarda Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat kampaniyasına start verildi. Qarşıdakı 20 gün deputatlığa namizədlər üçün çox gərgin keçəcək. Çünki Milli Məclisə üzv seçilmək istəyən hər bir namizəd seçicilərin qapısını bir-bir döyüb, onların etimadını qazanmağa çalışacaq.
 
Bu seçki həm də ona görə gərgin olacaq ki, namizədlər təkcə seçicilərin səsini qazanmağa cəhd etməklə kifayətlənməyəcək, eyni zamanda rəqiblərini də “sıradan çıxarmağa”, oyundankənar vəziyyətə salmağa, eləcə də müxtəlif istiqamətlərdən gələ biləcək “zərbələri”  zərərsizləşdirməyə çalışacaq. Bu zaman isə, xüsusən də hakim partiya ilə aparıcı müxalif partiyaların namizədləri arasında daha “amansız” mübarizənin şahidi olacağıq.
 
Lakin, təəssüfedici hal odur ki, bu seçki yarışında təkcə itidar-müxalifət namizədləri deyil, bəzi dairələrdə müxalif düşərgənin “uzaqvuran topları” da bir-birinə qarşı mübarizə aparmalı olacaq. Buna misal olaraq 15 saylı Yasamal Birinci seçki dairəsindən deputatlığa namizədlər - Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının başqanı Arif Hacılını göstərmək olar. Hansı ki, bu mövzu hələ namizədlərin qeydə alınması prosesinə start verildiyi ilk günlərdən mətbuatda müzakirə olunmaqdadır. Çünki Sərdar Cəlaloğlunun (Məmmədov) namizədliyini Demokrat Partiyası 15 saylı Yasamal Birinci seçki dairəsindən irəli sürdükdən təxminən bir həftə sonra Arif Hacılının da məhz bu dairədən deputat seçilmək istəyində olduğu ortaya çıxdı. Daha dəqiq desək, rəhbərlik etdiyi Müsavat Partiyası onun namizədliyini 15 saylı Yasamal Birinci seçki dairəsindən irəli sürdü. 
 
Maraqlıdır ki, Müsava Partiyasının bu açıqlamasından sonra A.Hacılı mətbuata bildirdi ki, S.Cəlaloğlu ilə eyni dairədən namizədliyinin irəli sürülməsi rəhbərlik etdiyi təşkilatın seçimidir, o, hələ bu haqda öz mövqeyini qətiləşdirməyib. Üstəlik onu da vurğuladı ki, başqa seçki dairəsindən namizədliyini irəli sürməsi haqda düşünür.
 
Amma onun 15 saylı Yasamal Birinci seçki dairəsindən deputatlığa namizədliyinin təsdiqlənməsi göstərdi ki, Arif Hacılı bu dairəni təsadüf nəticəsində seçməyib, ortada hansısa oyun var. Bu oyunu isə Müsavat başqanının özü oynayır, yoxsa onu oyuna salıblar, bu suala az sonra cavab tapmağa çalışacağıq.
 
“Mən İsa Qəmbərdən daha nüfuzluyam”
 
İlk öncə, heç bir kənar təsiri nəzərə almadan, Arif Hacılının niyə məhz 15 saylı Yasamal Birinci seçki dairəsindən “deputat seçilmək” arzusunda olmasına aydınlıq gətirək. Şübhəsiz, bu dairənin A.Hacılı üçün birinci “özəlliyi” ondan ibarətdir ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də vaxtilə həmin dairədən namizədliyini irəli sürmüşdü. Lakin seçkinin rəsmi nəticələrinə əsasən deyə bilərik ki, İsa bəy burada qalibiyyət əldə edə bilmədi. Bu gün A.Hacılının məhz 15 saylı Yasamal Birinci seçki dairəsindən seçkilərə qatılması ilk növbədə onunla bağlıdır ki, “İsa Qəmbər bu dairədə qalib gələ bilmədi, amma mən qalib gələcəyəm” görüntüsünü yaratsın. Yəni o, dolayısı ilə keçmiş başqandan daha nüfuzlu olduğunu ortaya qoymaq istəyir.
 
Bəs, bu, A.Hacılıya nə üçün bu qədər lazımdır? Bəllidir ki, Müsavat başqanı olmasına rəğmən, istər partiya daxilində, istər də kənarda onun hələ də İsa Qəmbərin “çətiri” altında fəaliyyət göstərdiyi haqda iddialar mövcuddur. Odur ki, A.Hacılı 15 saylı Yasamal Birinci seçki dairəsində qalib gəlməklə, bu iddiaları “alt-üst” etməyə çalışır. Çünki bu halda o, zaman və situasiyanı nəzərə almadan, “İsa Qəmbərdən daha nüfuzlu” olduğunu asanlıqa və hər yerdə bəyan edə biləcək…
 
 
 
Sərdar Cəlaloğlunun “önünü kəsmək”
 
Müsavat başqanının 15 saylı Yasamal Birinci seçki dairəsindən seçkilərə qatılmasının ikinci səbəbi həmin dairənin ən şanslı namizədi olan ADP sədri Sərdar Cəlaloğlunun “önünü kəsməkdir”. Burada isə A.Hacılının öz istəyi ilə yanaşı, kənar təsirlər də mövcuddur. Biz öncə A.Hacılının nə üçün S.Cəlaloğlunun namizədliyini irəli sürdüyü dairəni seçməsinə aydınlıq gətirək.
 
Bəllidir ki, İsa Qəmbərdən sonra Müsavat Partiyası daxilində ciddi parçalanma müşahidə olundu. Bir çox tanınmış şəxslər A.Hacılının başqanlığına etiraz edərək, partiyanı tərk etdilər və bu proseslər Müsavatı kifayət qədər nüfuzdan saldı. Şübhəsiz, bu, yeni başqan tərəfindən gözlənilən və arzuolunan deyildi. Çünki o, son illərdə özünü İsa Qəmbərdən də “üstün siyasi fiqur” olduğuna inandırmışdı və başqan seçiləcəyi təqdirdə Müsavatı qısa müddətdə hakimiyyət partiyasına çevirmək iddiasında idi. Lakin onun bu özündənrazılığı, siyasi imkanları ilə tərs mütənasib olan ambisiyaları “ana müxalifət” partiyası olan Müsavatın cəmiyyətdə tamamilə nüfuzdan düşməsinə və hansısa blokların yedəyində hərəkət etməsinə səbəb oldu.
 
Əlbəttə, Müsavat Partiyasının sıradan çıxaması hakimiyyətin marağına xidmət etsə də, müxalifət üçün arzuolunan deyildi. Çünki hakimiyyətə qarşı mübarizənin hər zaman ön sıralarında gedən Müsavatın zəifləməsi ümumilikdə müxalifətin iqtdar qarşısında güc itirməsi demək idi. Bunu görən bəzi müxalifət liderləri, o cümlədən də ADP sədri Sərdar Cəlaloğlu Müsavat başqanını zaman-zaman düzgün istiqamətə yönləndirməyə çalışsalar da, qarşı tərəf hər dəfə bu səmimiyyətin arxasında hansısa çirkin niyyət axtarmağa başladı. Bu isə, qısa müddətdə A.Hacılının S.Cəlaloğluna qarşı düşmən mövqe seçməsinə gətirib çıxardı. Həm də ona görə ki, Sərdar Cəlaloğlu son dönəmlərdə müxalifətin aparıcı liderlərindən biri və bu düşərgənin ağsaqqalı statusunda çıxış edirdi. Təbii ki, bu da keçmiş lideri İsa Qəmbərin nüfuzunu həzm etməyən Arif Hacılı üçün qəbuledilməz idi…
 
Seçilmək haqqı və kənar qüvvələrin qurduğu siyasi oyun
 
Sözsüz ki, Müsavat başqanı Arif Hacılının, bütün vətəndaşlar kimi istədiyi seçki dairəsindən namizədliyini irəli sürmək haqqı var. Bu səbəbdən, biz qarışıq, kimsə bu hüququndan yararlandığı üçün onu ittiham edə bilməz. Amma seçki prosesi başlamazdan əvvəl ADP sədri ilə Müsavat başqanı arasında nəinki partiya sədrlərinin, hətta əksər nüfuzlu üzvlərin eyni dairədən namizədliklərini irəli sürməmək haqda anlaşma olduğunu nəzərə aldıqda, əminliklə deyə bilərik ki, Arif Hacılının bu addımı, yəni S.Cəlaloğlu ilə eyni dairədən seçkiyə qatılması siyasi etikaya sığmır. Bu, həm də onu göstərir ki, A.Hacılının 15 saylı Yasamal Birinci seçki dairəsini seçməsində kənar təsirlərin də rolu az olmayıb.
 
Yazımızın əvvəlində “bu oyunu Müsavat başqanının özü oynayır, yoxsa onu oyuna salıblar” sualına aydınlıq gətirəcəyimizə söz vermişdik. Proseslərin gedişindən aydın olur ki, irəlidə haqqında bəhs edəcəyimiz kənar qüvvələr seçki prosesində A.Hacılıdan bir siyasi fiqur kimi istifadə etməyi qarşılarına məqsəd qoyub. Ola bilər ki, bunun əvəzində Müsavat başqanına mandat vəd olunub. Amma siyasətdə saç ağardan Arif Hacılı bu oyuna getməzdən öncə keçmiş (və ya indiki) lideri İsa Qəmbərin seçkidə məğlub vəziyyətə düşürülməsini göz önünə almalı idi…
 
Xatırladaq ki, ötən parlament seçkilərində də 15 saylı Yasamal Birinci seçki dairəsindən iki müxalif partiya sədri – Müsavat başqanı İsa Qəmbər və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bir-birinə qarşı mübarizə apardılar. Şübhəsiz, Əli Əliyevin bu prosesə məqsədli şəkildə qatıldığını iddia etmək fikrində deyilik. Amma fakt odur ki, iki müxalif partiya liderinin eyni dariədə mübarizə aparması hakim partiya nümayəndəsinin, yaxud da hakimiyyətdə hansısa qruplaşmanın “stavka” etdiyi namizədin xeyrinə işlədi və Arif Hacılı bunun canlı şahidi oldu. Odur ki, Arif Hacılı ötən seçkilərdə İsa Qəmbərin qalib gələ bilmədiyi 15 saylı Yasamal Birinci seçki dairəsindən Milli Məclisə üzv seçiləcəyini düşünürsə, demək, prosesləri düzgün dəyərləndirə bilmir.
 
(Ardı var)
 
Ayxan İLDIRIMTÜRK
 
P.S. Yazımızın davamında Müsavat başqanı Arif Hacılının hansı kənar qüvvələrin təsiri ilə 15 saylı Yasamal Birinci seçki dairəsindən namizədliyini irəli sürməsinə və bunun qarşılığında ona nə vəd olunmasına aydınlıq gətirəcəyik.

Загрузка...
Загрузка...