ADP JURNALİSTİ MÜDAFİƏ ETDİ

Baxış sayı: 
41
1  
0  

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm siyasi hadisələrə münasibət bildirilib və partiyanın təşkilati vəziyyətinə dair müzakirələr aparılıb.
İlk növbədə Dağlıq Qarabağ və işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı danışıqlar prosesində son dövrlərdə Ermənistan hökumətinin məsuliyyətsiz bəyanatları və hərəkətləri, xüsusilə də cəbhədə Ordumuzun əsgər və zabitinin şəhid edilməsi səbəbindən yaranmış xoşagəlməz vəziyyətə diqqət çəkən İdarə Heyəti yaranmış durumdan yeganə çıxış yolunun aparılan səmərəsiz danışıqların dayandırılmasında, torpaqlarımızın azadlığı uğrunda antiterror əməliyyatlarının dərhal başladılmasında gördüyünü bildirib. Qeyd edilib ki, Ermənistanın rəhbərliyinin siyasi həyasızlığı və qeyri ardıcıl siyasəti, həmçinin cəbhədə erməni ordusunun təxribatları Azərbaycanın problemin həlli ilə bağlı ciddi və kəskin dəyişikliklər etməsi üçün kifayət qədər əsaslar yaradıb. İdarə Heyətində həmçinin bu məsələdə beynəlxalq dəstək alınması üçün dərhal diplomatik fəaliyyətin başladılması, Dağlıq Qarabağ və Ermənistanın işğalı altında olan digər ərazilərimizdə beynəlxalq hüquqa uyğun olaraq separatizm və terror yuvalarının məhv edilməsinə dünyanın dəstəyinin əldə edilməsinin zəruriliyi də vurğulanıb.
Toplantıda Moskvada hələ də günahsız həbsdə saxlanılan Fuad Abbasovun mövcud durumu ilə bağlı da müzakirələr aparılıb. Bir daha qeyd olunub ki, F.Abbasova qarşı atılan rəsmi administrativ addımların arxasında onun ölkəmizə qarşı bu dövlətdə aparılan informasiya savaşına qarşı həyata keçirdiyi mübarizəsi durur. İclasda təəssüflə qeyd edilib ki, Rusiyanın Azərbaycana yönəlik siyasətində müstəmləkəçilik baxışlarından əl çəkməməsi və xüsusilə də öz ölkələrinin müstəqilliyini istəyən insanlara qarşı barışmaz münasibəti keçmiş sovetlər məkanında siyasi və iqtisadi yüksəlişə çox ciddi maneə olaraq qalmaqdadır. Partiya İdarə Heyəti bir daha Azərbaycan hakimiyyətini F.Abbasovun azadlığı üçün ciddi addımlar atmağa çağırıb.
Daha sonra jurnalist Teymur Kərimova qarşı Səhiyyə Nazirliyinin iddası əsasında cinayət işinin başladılmasına münasibət bildirilib. Qeyd edilib ki, nazirliyin bu iddiası qəbuledilməzdir və jurnalistin mərhum anasının ağır vəziyyətdə olması mütləq nəzərə alınmalı, onun etirazları anlayışla qəbul edilməli idi. Eyni zamanda vurğulanıb ki, ölkə səhiyyəsinin mövcud acınacaqlı durumu, xüsusilə də onkoloji xəstələliklərin müalicəsi ilə bağlı çox ağır durumun olmasını, bununla əlaqəli xəstə yaxınlarının hansı emosional durumda olmasını Səhiyyə nazirliyi hamıdan daha yaxşı bilməlidir. İdarə Heyətində onkoloji xəstələrin dövlət proqramı adı altında hər il xalqın büdcəsindən milyonlarla vəsaitin talandığını və müalicə prosesinin bütün xərclərinin qeyri rəsmi olaraq vətəndaşların üzərinə qoyulmasının olduqca utancverici və antiinsani hərəkət olmasına da diqqət çəkilib. Qeyd olunub ki, Səhiyyədə ən acınacaqlı durumda olan bu sahəyə mütləq ciddi müdaxilə edilməli və kimliyindən asılı olmayaraq ümidsiz vəziyyətdə olan vətəndaşlarımızın son vəsaitlərini oğurlayaraq, özlərini də zəlil vəziyyətə salan onkomafiya çökdürülməlidir.
 

Загрузка...
Загрузка...