​ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi

 
 
Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm ictimai-siyasi hadisələr barəsində fikir mübadiləsi aparılıb.
 
İlk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən həftə Minsk şəhərində keçirilən sammitində Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar qəbul edilən qətnaməyə münasibət bildirən İdarə heyəti üzvləri bu qətnamənin ədalətsiz olduğunu, işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini və münaqişənin ədalətli həllinə heç bir fayda verməyəcəyini bildiriblər. Qeyd edilib ki, NATO və Avropa Birliyinin münaqişənin dinc yolla həllinə dair qəbul etdiyi qəbul etdiyi və suverenlik, ərazi bütövlüyü prinsiplərini özündə ehtiva edən sənədləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daha çox fayda verə bilər.
 
Eyni zamanda İdarə Heyəti Rusiya xarici işlər naziri S.Lavrovun “Azərbaycan, Ermənistan və Belorusiyadan tam arxayınıq” deyə verdiyi bəyanatı Azərbaycanın xarici siyasətinin yanlış istiqamətdə aparıldığının təsdiqi kimi dəyərləndirib.
 
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda keçirilən üç tərəfli görüşü və qəbul edilən Bakı bəyannaməsinə münasibət bildirən partiya yetkililəri bu görüşü yüksək dəyərləndiriblər. Adıçəkilən ölkələr arasında siyasi, iqtisadi , hərbi və digər sahələr üzrə daha sıx əməkdaşlığın xalqımızın strateji maraqlarına tamamilə uyğun olduğu və gələcəkdə bu prosesə digər qardaş müsəlman ölkələrinin də cəlb edilməsinin vacibliyi bir daha qeyd edilib.
 
Toplantıda İran İslam Respublikasının xarici işlər naziri M.Zərifin Ermənistanda bu ölkəni regionda sülhün və əmin-amanlığın carçısı adlandırması qətiyyətlə pislənilib. Qeyd oluinub ki, Azərbaycanın ərazilərini işğal etmiş, Azərbaycan xalqına divan tutmuş, Xocalıda müsəlmanlara qarşı soyqırım həyata keçirmiş bir ölkəni sülhün carçısı adlandırmaq Azərbaycan xalqına qarşı təhqir kimi qiymətləndirilməli və Azərbaycan xarici işlər naziri İrana bu məsələ ilə əlaqədar etiraz notası göndərməlidir.
 
İdarə Heyətində son zamanlar artmaqda davam edən intihar hallarından ciddi narahatlıq ifadə edilib. Müxtəlif şəraitdə baş verən intiharların əsas səbəblərinin ciddi araşdırılmasının, xalqa bu barədə geniş məlumat verilməsinin və bu hadisələrin qarşısının alınması üçün təcili tədbirlər görülməsinin vacibliyi qeyd edilib.
 
Toplantıda növbəti ilin büdcəsində xarici borc öhdəliklərinin qapadılması məqsədilə iki milyard manatdan çox, o cümlədən Beynəlxalq bankın xarici borclarına görə yarım milyarada qədər vəsaitin nəzərdə tutulmasına da münasibət bildirilib. Qeyd edilib ki, pis idarəetmə və korrupsiya əməliyyatları nəticəsində borclanmış təşkilatların öhdəliklərinin dövlət büdcəsi hesabına ödənilməsi dövlətə və xalqa daha ağır, sarsıdıcı zərbə vurulmasıdır . Bu borc öhdəlikləri müvafiq sahələrə cavabdeh olan və dövlət adına alınmış kreditləri müxtəlif yollarla mənimsəmiş vəzifəli şəxslərin hesabına ödənilməlidir.
 
Toplantıda bir sıra partiyadaxili məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Загрузка...
Загрузка...