​ADP-dən açıq qapı: “BAXCP sədri bir gün Sərdarın da Qüdrətinə çevrilə bilər, özünü yaxşı aparsa...”

 
 
“Dörd dəfə dalbadal deputat təyin olunan, Azərbaycanın ən iri məmurunun müxalifətdəki ayağı funksiyasını icra edən Qüdrət Həsənquliyev hələ də anlamır ki, siyasi partiya liderlərinin fəaliyyət sahələrindən biri də ölkədəki xarici dövlətlərin səfirlikləriylə müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Azərbaycanın bir çox siyasi xadimləri dəfələrlə ABŞ və digər ölkələrin səfirliklərində müxtəlif görüşlər keçirib. Hətta müxaifətin hər addımında bir qulp axtaran iqtidar mənsubları belə, bu görüşləri casusluq əməli kimi qiymətləndirməyiblər. Ümumiyyətlə, xüsusi xidmət orqanlarıyla əməkdaşlığın yeri səfirliklər deyil. Azərbaycan kimi ölkələrdə “5-ci kolon”un nümayəndələri hökumət orqanlarında, Milli Məclisdə toplanıblar. Sərdar Cəlaloğlu hansısa dövlətin adamı olsaydı, Qüdrət Həsənquliyev kimi cibində deputat mandatı gəzdirərdi”.
 
Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin digər namizəd Sərdar Cəlaloğlu barədə ittihamlarına cavab verən ADP sədrinin müavini Taliyyət Əliyev“Hürriyyət” ə açıqlamasında belə deyib.
 
Qeyd edək ki, APA-ya açıqlamasında türk kimliyi ilə fəxr etdiyini deyən Qüdrət Həsənquliyev Sərdar Cəlaloğlunun vaxtilə PKK-çı Dilanla görüşdüyünü və İran səfirliyindən “gizli” çıxarkən “ifşa olunuduğunu” xatırladıb.
 
Bu iddiaların heç bir əsası olmadığını deyən Taliyyət Əliyev hər iki məsələyə mətbuatda dəfələrlə aydınlıq gətirildiyini bildirib: “PKK-nın nümayəndəsi Dilanla həmin görüş milli azadlıq hərəkatının ilk illərində baş tutub və Dilan başqa təşkilatın adıyla Naxçıvandakı bütün qruplarla görüşüb. Həmin dövrdə PKK haqqında dolğun informasiyalar olmadığından Naxçıvanın yerli siyasiləri Dilanı kürd separatçısı kimi yox, Türkiyədən gəlmiş qonaq kimi qarşılayıblar. Yalnız söhbət əsnasında bu “qonağın” PKK-çı olduğu aydınlaşıb və Sərdar Cəlaloğlu tərəfindən öz layiqli cavabını alıb”.
 
Mətbuatda eninə-uzununa müzakirə edilən bu məsələnin növbəti dəfə gündəmə gətirilməsini süni polemika yaratmaq cəhdi kimi qiymətləndirən Taliyyət Əliyev Qüdrət Həsənquliyevə ən yaxşısı, özü haqqında irəli sürülən ittihamlara cavab verməyi məsləhət görüb: “Qüdrət Həsənquliyev hazırda kifayət qədər ağır ittihamlarla üz-üzədir. Bir çoxları onu “Kəmaləddinin müxalifətdəki qüdrəti” adlandırırlar. Mətbuatda “fövqəlnazir”in onun vasitəsilə qiyam hazırlığında olduğu barədə ciddi ittihamlar səsləndirilir. İddialara görə, Kəmaləddin Heydərov Rusiya ilə danışıqlar aparıb və mövcud hakimiyyəti yıxmaq üçün bəzi planlar hazırlayıb. Həmin planlarda Qüdrət Həsənquliyevə də müəyyən rollar düşüb. Digər tərəfdən, Avropadakı söyüşkən müxalifətin təmsilçiləri açıq şəkildə Qüdrət Həsənquliyevi iqtidar mənsublarına qarşı şantaj mexanizmi qurmaqda və bu yolla xeyli kapital qazanmaqda günahlandırırlar və həmin iddianı irəli sürən şəxs özünün bu mexanizmin çərxlərindən biri olduğunu etiraf edir. İddiaçının sözlərinə görə, Qüdrət Həsənquliyev hətta indiki yiyəsi Kamalı belə dəyər-dəyməzinə satır, şantaj edirmiş”.
 
ADP sözçüsünün fikrincə, Qüdrət Həsənquliyevin bu ittihamlara aydınlıq gətirmək əvəzinə Sərdar Cəlaloğlunu hədəfə almasının başlıca məqsədi gündəmi dəyişmək, Kamalın qəzəbindən yayınmaqdır: “Biz onun bu hiyləgər taktikasında rol almaq fikrində deyilik. Partiya sədrimizə yönələn bütün ittihamlara cavabı Qüdrət Həsənquliyevin öz sahiblərinə xəyanətlərini ifşa edərək verəcəyik”.
 
O ki qaldı Sərdar Cəlaloğlunun onun qapısında boyun burub gözləməsi iddiasına, Qüdrət Həsənquliyevin yalan yaradıcılığından öz fantaziya gücünə söykəndiyini bildirən Taliyyət Əliyev deyib: “Ataların gözəl bir sözü var: “Hər kəs hər şeyi öz arşınıyla ölçər”. Qüdrət Həsənquliyev də, təbii olaraq, birinə iftira atanda öz instinktlərinə uyğun fantaziyalar uydurur. Hər halda Azərbaycan ictimaiyyəti onu bir vaxtlar Əli Kərimlininin, indisə Kamalın qapısında görüb. Bu adam unutmasın ki, qapı-qapı gəzənin öz qapısı olmaz və qapı dəyişməklə öz statusunu dəyişdirə bilməyəcək. Hər kəs ona vaxtilə Əlinin Qüdrəti, indi isə Kamalın Qüdrəti kimi baxıb. Kim bilir, bəlkə də zaman gələcək, o, “Sərdarın da Qüdrəti” olacaq. Odur ki, bu adama bir məsələhət vermək istəyirəm: yeni dövrdə yeni vəzifəni daha rahat əldə etmək üçün özünü yaxşı apar”

Загрузка...
Загрузка...