​"Açıq-saçıq geyinməyin dində cəzası yoxdur, Məhərrəmlikdə toy etmək olar" - İlahiyyatçı

Baxış sayı: 
61
4  
0  

 
İnsan var olduğundan inanclar həyatının bir parçası olub. Bəzən bunlar batil olsa da, ara-sıra ifrat dərəcəsinə qədər yol ala bilir. Nədir bu deyimlər, inanclar? Bu sualla ilahiyyatçı Elşad Miriyə müraciət etdik. “Yeni Sabah” xəbər verir ki, ilahiyyatçı ölkə.az-ın boş inanclarla bağlı suallarına maraqlı açıqlamalar verib:
- Elşad bəy, müxtəlif zamanlarda mediaya verdiyiniz açıqlamalar geniş rezonansa səbəb olub. Bunu xüsusən də müxtəlif inanclar və adətlər haqqında demək olar. Elə bu dəfə də mövzumuz xüsusən inanclarla bağlıdır. Məsələn, bəzi insanlar düşünürlər ki, boş vedrə ilə onların qarşısına kimsə çıxsa, işləri düz gətirməyəcək.
 
- (gülür) Söz tapa bilmirəm. Sizə bir şey deyim, bu cür mövhümat xarakterli məsələlər dindən uzaq qaldıqca yaranır. İnsanlar əsl dindən, "Quran"dan uzaq qaldıqca bu cür yanlışlıqlara sürüklənirlər. Allahın kitabı qalır bir yana, insanlar özləri üçün din anlayışı yaradır.
 
- Başqa bir inanca görə, gecə vaxtı borca pul vermək olmaz...
 
-Yaxşı, bəs kiməsə təcili lazımdırsa, əməliyyata girəcəksə, necə olacaq? Bunlar elə bil bank sektorudu, axşam saat 6-dan sora işləmirlər (gülür). Özünüz düşünün.
 
- Sol əllə yemək yemək olarmı?
 
-Hətta bununla bağlı belə bir şey uydurublar ki, bir gün peyğəmbər sol əllə yemək yeyən insan görüb və ona bəddua edib. Yaxşı, bir adam solaxaydısa, nə etsin, ac qalsın?
 
- May ayında toy məsələsi necə? Həqiqətənmi bu ayda toy etmək olmaz?
 
- İslam təqvimində ümümiyyətlə, may adında ay yoxdu. Bu sonradan rusların inanclarına görə, ortaya çıxmış bir məsələdir.
 
- Qara pişik qarşından keçdisə, işlərin uğursuz olacaq. Bu inanca nə deyirsiniz?
 
- Sizə belə bir şey deyim. Yaxşı bəs qaradərili bir insanın qarşısından ağ pişik keçsə necə? Mənim fikrimcə, bu, irqi ayrı-seçkilik salmaqdı. Boş inancdır.
 
- Süpürgə ayağına dəydisə, tüpürmək lazımdırmı?
 
- Bəs tozsoran ayaqlarına dəysə, görəsən hara tüpürəcəklər?
 
- Gecə güzgüyə baxmaq necə, deyirlər olmaz. Doğurdanmı bu, belədir?
 
- Bəli, düzdü. Çirkin adamlar gecə güzgüyə baxsalar, özlərindən qorxa bilərlər (gülür).
 
- Qırxı çıxmamış uşağın üstünə gəlmək olmaz fikri ilə razısınızmı?
 
- Bilirsiniz, mən bu haqda həkimlərdən soruşmuşam. Onlar qeyd edirlər ki, təzə doğulan uşaqların immuniteti zəif olduğu üçün qıraqdan gələn mikroblara tez yoluxa bilərlər. Bunun dinlə heç bir əlaqəsi yoxdur.
 
- Yəni deyirsiniz ki, bu məsələ daha çox tibblə əlaqəlidir?
 
- Əlbəttə. Fikir versək, çox şeylərin tibb ilə əlaqəsi var. Ancaq bir var elmi tibb, bir də var türkəçarə, batil, boş tibb. Əsaslanma ancaq elmi tibbə olmalıdır.
 
- Bəs, siz necə buna inanırsız?
 
- Mən övladımı 40-ı çıxmamış təyyarə ilə xaricə səfərə aparmışdım. Şükür Allaha, heç nə də olmamışdı.
 
- Stolun küncündə oturmaq olmazmı?
 
- (gülür) Yəqin o zamanlar dəyirmi masalar yox imiş. Təsəvvür edin, dairəvi masada küncü necə tapmaq olar? Çox mənasız bir anlayışdır.Bir misal çəkim sizə, bir efirdə qonaq idim, mənimlə bərabər müğənni xanım da vardı. O, bildirdi ki, mənim düzələcəyinə heç bir ümüdim olmayan bir işim vardı. Bir səhər qarşıma əlində təzəcə təndirdən çıxmış çörək aparan biri çıxdı. Ondan sonra bu işim düzəldi. O zaman belə çıxır ki, biz hər səhər yolumuzu təndirin yanından salmalıyıq ki, işlərimiz düzəlsin? Bu təfəkkür tamamən yanlışdır.
 
- Gecə ev süpürməzlər ki, bərəkət qaçar...
 
- Bu yəqin tənbəllərin uydurmasıdır ki, gecə ev süpürməsinlər.
 
- Elşad müəllim, inancların boş və batil olduğunu bildik. Bəs, islamda içki barədə nə deyə bilərsiniz? Haram buyrulmasının bir səbəbi varmı? Bəzi içki içən insanların belə uydurması var ki, qədərində içsən haram deyil? Bu nə dərəcədə doğrudur?
 
- Bəli, islamda spirtli içki birmənalı olaraq haramdır. İçki İslamın ilk yarandığı gündən qadağandır. Hətta o vərdişə görə, İslamı qəbul etməyən şəxslər olub.O məsələyə gəldikdə, deyə bilərəm ki, dənizdə batan insan, ya boğulur ya da sağ qalır. Burada orta yol olmur. Bu da o deməkdir ki, içki ya haramdır, ya deyil. Bunun 3-cü yolu yoxdur. Yenə təkrarlayıram, içki İslamda haramdır.
 
- Açıq- saçıq geyinən qadınların din qarşısında məsuliyyəti nədir?
 
- Din qarşısında deyə bilmərəm, amma cəmiyyət qarşısında məsuliyyəti böyükdür. O da yenə baxır qadının geyimində hansı dərəcədə açıqlıq var. Əlbəttə ki, o, cəmiyyətə və mental dəyərlərə görə, məsuliyyət daşıyır.
 
- Onda belə çıxır ki, açıq geyinməyin din qarşısında heç bir məsuliyyəti yoxdur?
 
- Allah heç zaman belə cəza növü təyin etməyib ki, qadın ya kişi hansısa yerini açsa, ona qamçı vurulsun. Elə bir anlayış yoxdur.
 
- Bəzi insanlar var ki, məhərrəm ayında saç kəsmirlər, rəngləmirlər. Həqiqətdə bu necədi?
 
- Bu da yəqin gözəllik salonlarına etiraz edənlərin ortaya atdıqları uydurmadır. Çünki islamda, peyğəmbərin yaşadığı dövrdə məhərrəmlik ayında heç bir zaman nə qadağalar olub, nə də belə batil inanclar. Məhərrəmdə baş verən hadisə peyğəmbərin ölümündən 10 il sonra baş verib.
 
- Məhərrəmlik ayında toy etmək olar?
 
- Bəli, məhərrəm ayında toy etmək olar. Çünki peyğəmbərimizin dövründə, səhabələri, ətrafı həmin ayda həmişə toy ediblər.
 
- Aşurada baş yarmaq, zəncir vurmaq kimi xoşagəlməz "adətlərin" alternativi kimi, kiməsə kömək etmək, əl tutmaq tövsiyyə olunur....
 
- Burada ümümiyyətlə müqayisə yanlışdır. Çünki baş yarmaq, sinə vurmaq - bunların heç biri dində yoxdur. Bunlar sonradan ortaya çıxmış məsələlərdir. Bu anlayışları insanlar başqa dinlərdən götürüb, islamlaşdırıb təqdim ediblər. Bir daha təkrarlayıram ki, İslamda bunların heç biri yoxdur. Əl tutmaq, kömək etmək məsələsinə gəldikdə, bu çox gözəl bir əməldi və Allahın əmr etdiyi buyruqdur. Məhərrəmliklə, Aşurayla bunun heç bir əlaqəsi yoxdur.
 
 
 
Yenisabah.az

Загрузка...
Загрузка...