AÇIN PƏNCƏRƏLƏRİ, ÜFUNƏT ÇƏKİLSİN...

Baxış sayı: 
59
3  
0  

Son çağırış Azərbaycan parlamenti etiraf etdi ki, işləyə bilmədiyi üçün öz-özünü buraxmaqdan başqa yolu qalmayıb. Səsvermədə iştirak edən deputatlardan yalnız bir nəfər - Arif Rəhimzadə əleyhinə olmaqla, böyük çoxluq Milli Məclisi arxivə göndərmək barədə YAP-ın müraciətinə səs verdi. Beləliklə, parlament tariximizin bir qalmaqallı səhifəsi də gələcək araşdırmaçıların öhdəsinə buraxıldı.
 
YAP-ın sədri, prezident İlham Əliyev bununla göstərdi ki, hakimiyyəti idarə etmək gücünü itirməyib. Kəndir əlindədir və istədiyi vaxt səsini çıxardanın boğazına keçirə bilər. Zora əsaslansa da, mən dəfələrlə demişəm, indi də deyirəm, hakimiyyət öz gücünü qoruya bilir. Bu gün ölkə başçısı əgər MM haqda iynənin ucu qədər qərarında dəyişiklik apararsa, qorxudan lala-kora dönən elçilər başlayacaqlar bülbül kimi cingildəməyə...
 
Biz buyuq. Hələ bu günədək ölkədə belə genişmiqyaslı dəyişikliklərin aparıldığını müşahidə etmədim. İstər vəlvələdən, istər zəlzələdən hər şeyi adı ilə çağırmalıyıq. Yoxsa narazıyam, bu səbəbdən də bütün məsələrin üzərindən qara xətt çəkməliyəm, - bu, mənim düşüncəmə yaddır. Ağıla, dərrakəyə bir baxın, deməli, hakimiyyətin fəaliyyətində müsbət nəyi görürəmsə, üstündən ən yaxşı halda sükutla keçməli, eyni zamanda müxalifətdə yaxşı nəyi görürəmsə, onu pis qələmə verməliyəm. Onda oluram yaxşı adam. Allah doğrudan ağıl versin!!!
 
Əlbəttə, narazı olduğum səbəblər də heç şübhəsiz vardır. Onlardan birini deyəcəyəm. Kadr islahatları sırasında bir neçə qohumbazlıq faktorunun yer alması cəmiyyətdə fikirqırıqlığına şərait yaratmışdır.
 
İndi təzə qurulacaq Milli Məclis barədə də oxşar prosesin baş verəcəyi, birinin oğlunun, birinin qızının və s. və ilaxır deputat kürsüsünə qaldırılacağı barədə söz-söhbətlər dolaşır. Könül istər ki, xalqın qanını qaraldan bu cür şeylər baş verməsin. Olacağı təqdirdə elan edilmiş islahatların ictimai rəy tərəfindən ciddi tənqidə məruz qalması şübhəsizdir. Bəzən müəyyən həqiqətləri söyləyərkən məni eşitmək istəmirlər. Bir tərəf məni satqınçılıq da, yaltaqlıqda suçlayır, hegemon tərəf isə ermənipərəstlik də...
 
Vaxtı ilə rəhmətlik Heydər Əliyev Baş Prokurorluğun rəhbərliyini yarıtmaz işinə görə istefaya göndərərkən dediyi söz yəqin unudulmayıb: "Açın prokurorluğun pəncərələrini, qoyun içəridəki üfunət çəkilsin"... Rəhmətliyin sözü olmasın, yeni deputatlar gələnədək MM-in bütün qapı-pəncərələri taybatay açılsın ki, orada köhnədən qalmış hər hansı çirkab hava təpələrin nəfəsini darıxdırmasın. Ancaq prokurorluqda üfunət yenə də tam çəkilib qurtarmayıb.
 
Əslində öz-özünü ittiham edərək çıxıb gedən parlament üzvündən bir nəfərin belə təzədən MM- ə qayıtması anormal hadisə olardı.
 
Eldar SABİROĞLU

Загрузка...
Загрузка...