ABŞ Suriyadan çıxdı: SDG Əsəd və Rusiya ilə anlaşdı? – Mürəkkəb durum

Baxış sayı: 
46
1  
0  

 
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terrorizmə qarşı oktyabrın 9-dan başlatdığı “Sülh çeşməsi” əməliyyatı davam etməsi bölgədə beynəlxalq güclərlə bağlı mövcud şərtlərin dəyişməsinə səbəb olub.
 
Teleqraf.com-un məlumatına görə, ABŞ müdafiə naziri, general Mark Esper dünən CBS kanalında çıxışı zamanı bildirib ki, Amerika ordusunun irəliləyən iki ordu arasında qalma ehtimalı var.
 
Nazir əlavə edib ki, müdafiə olunmaz bir durum yaranıb: “Gecə Prezident Trampla danışdım, milli təhlükəsizlik müşavirliyinin üzvləri ilə müzakirələr aparıldıqdan sonra şimal-şərqi Suriyadan planlı şəkildə qüvvələrimizi geri çəkməyimiz üçün təlimat verildi.
 
Pentaqon şefi təxminən minə yaxın ABŞ əsgərini Suriyadan geri çəkəcəklərini ifadə etdikdən sonra bölgədə son 24 saatda ciddi proses müşahidə olunub.
 
Terror təşkilatı Suriya Demokratik Qüvvələrinin onurğasını təşkil edən SDG Türkiyəyə qarşı Bəşər Əsəd rejimi və Rusiya ilə anlaşma əldə edib.
 
Pentaqon rəhbəri bu informasiyanı son 24 saat içərisində aldıqlarını bildirib. Amma CNN kanalı bu prosesin bir gün əvvəl SDG-nin rəhbərlərindən birinə istinadən yaymışdı.
 
Vaşinqtondan gələn bu açıqlamadan dərhal sonra Dəməşq rejimi Suriya ordusunun ölkənin şimal-şərqində yerləşdirildiyini elan edib.
 
SANA agentliyi Suriya ordu hissələrinin Türkiyənin ölkə torpaqlarına hücumuna qarşılıq vermək üçün şimala irəlilədiyini elan edib.
 
Bəşər Əsədə yaxın olan Əl-Meydan televiziya kanalı isə Suriya əsgərlərinin Hələbin 85 kilometrliyində yerləşən Menbiçə daxil olduğunu iddia edib.
 
SDG-nin rəhbərlərindən olan “Məzlum Kobani” kod adlı Şahin Kilo Əsəd rejimi və müttəfiqi Rusiya ilə təcili razılaşma əldə etdiklərini ifadə edib.
 
Hələlik Əsəd rejiminin SDG terror təşkilatına nə vəd etdiyi bilinmir, fəqət Əsəd ordusunun TSQ-nin “Sülh çeşməsi” əməliyyatının keçirdiyi bölgədə yerləşməsi getdikcə konkretləşir.
 
CNN kanalı bildirib ki, ABŞ əsgərlərinin Suriyadan çıxması ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı tərəfindən həyata keçiriləcək. Bu proses günlər və ya həftələr ərzində həyata keçirilə bilər.
 
Ədalət və İnkişaf Partiyasının sabiq deputatı Şamil Təyyarı isə bölgədə baş verən prosesləri özünün Tvitter hesabında şərh edib.
 
Sabiq deputat bildirib ki, Afrində müşahidə edilən ssenari eynən Ayn əl-Ərəb və Menbiçdə səhnələnib: “O zaman da xəyal qırıqlığına uğradılar, indi də. ABŞ hələlik Menbiçdən çıxmayıb. Əsgərlərimiz və Suriya Milli Ordusu Menbiçi mühasirəyə aldıqdan sonra Əsəd rejiminin qüvvələri geri dönüb”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...