“ABŞ-ın Güney Azərbaycanı İrandan ayırmaq planı...” – Müsahibə

Baxış sayı: 
82

 
Əlbəttə, mübarizə davam edir. Güney Azərbaycan türkü azad olmaq istəyir, bir millət kimi öz milli haqlarına sahib olmaq istəyir və bunun uğrunda mübarizə aparır. Bu mübarizə heç vaxt hansısa xarici qüvvədən asılı olmayıb. Bu mübarizə ABŞ və ya başqa ölkə istəsə də, istəməsə də olub və olacaq. İctimai-siyasi mübarizə həmişə fərqli şərtlər və fərqli metodlarla özünü ortaya çıxarır. Güney Azerbaycan Hərəkatı da bundan kənarda deyil. Güneydəki hərəkat səthi mübarizədən ciddi mərhələyə keçir. Bu mərhələdə böyük güc ortaya qoymaq əsas hədəfdir.
 
Türkelli Güney Azərbaycan Milli Hərəkatının fəalı, Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi və üzvü Hüseyn Türkelli belə düşünür.
 
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
 
- İran ətrafında “həlqə” yenidən daralır. ABŞ bu ölkəyə təzyiqlərini artırıb. Sizcə, bu təzyiqlər hara qədər inkişaf edə bilər? Açıq müdaxilə müzakirə mövzusu ola bilərmi?
 
- Bu təzyiqlər hazırda iqtidarda olan rejim təslim olanadək, davam edəcək. Çünki İranı idarə edən rejim müasir dünyanın şərtlərinə cavab vermir. Buna görə də onun hakimiyyətdən uzaqlaşdırılması labüddür. Digər yandan isə Tehranda oturan rejim beynəlxalq hüquq normalarını heçə sayaraq, ayrı-ayrı dövlətlərlərdə qurduğu silahlı birləşmələri dəstəkləyir. Bu baxımdan beynəlxalq təzyiqlərin sərtləşməsi anlaşılandır.
 
Hesab edirəm ki, supergüclər bu rejimi iqtisadi sanksiyaları sərtləşdirərək, onun “onurğa sütunu”nu qırmaqla çökdürəcək. Buna qədər isə bu sanksiyaların İranda sosial partlayışa gətirib çıxaracağını düşünürəm. Əsas plan bundan ibarətdir. Bu məqamda da açıq hərbi müdaxilə məsələsi gündəmə gələ bilər. Lakin müharibə nəzərdən keçiriləcək ən sonuncu variantdır.
 
- Barak Obama dönəmində İranla nüvə sazişi imzalandı, Donald Tramp isə bunu ləğv etdi. Bunun əsas səbəbi nə idi? Tramp niyə İrana inanmadı? Hesab etmək olarmı ki, Tramp İranın Amerika, yaxud, “Altılıq” ölkələrini aldatdığını bilirdi?
 
- Obamanın başçılıq etdiyi siyasi komanda İran- ABŞ münasibətləri baxımından, Ağ Ev tarixinin ən pis və ən zəif administrasiyası idi. Həmin dönəmdə Obama ABŞ-dakı İran lobbisinin əhatə dairəsində idi və bu lobbi onu aldada bildi. Bunu çoxları görürdü. Obama hökuməti açıq formada İrana təslim oldu. Mümkündür ki, Obama tarixdə qalmaq, yaxud, Nobel mükafatı almaq üçün məsələnin ciddi tərəflərini görə bilmirdi. Buna görə də nüvə müqaviləsinin imzalanmasından sonra İran ABŞ-dan milyardlarla dollar pul qoparmaqla özünü xilas edə bildi.
 
Özünə nəfəs tapan kimi də nüvə və ballistik raket layihələrinin həyata keçirilməsini davam etdirdi. Digər yandan da beynəlxalq terrorizmə dəstək verməyə başladı.
 
- Tehrana qarşı artan təzyiqlər, İran daxilində hansı problemləri qabarda bilər? Məsələn, bunun etnik və dini zəmində gərginlik yarada biləcəyi ehtimalı nə qədər yüksəkdir?
 
- Sanksiyaların tətbiq edilməsində əsas məqsəd, rejimi çökdürmək və sosial müstəvidə olan narazılıqları qızışdırmaqdır. Onsuz da bura qədər İranda dini və etnik zəmində gərginlik vardı. Şiəlik dövlətin rəsmi ideologiyası olduğuna görə digər təriqətlərin təbliğ edilməsi qadağan edilib. Sünnilər sıxışdırılır, bəhailər və digər təriqətlərdən olanlar, dinlərini dəyişdirilənlər edam olunurlar. Bu fonda da əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri və türkmənlərə qarşı irqi ayrı-seçkilik var, ana dilimiz qadağan edilib. Fars irqçiliyinin təbliğ edilməsi molla rejiminin dövlət siyasətinə çevrilib. Türklərlə yanaşı, ərəblər, bəluclar və digər millətlər də eyni vəziyyətdədirlər. Molla rejimi indi bu millətlər arasında baş qaldırmış narazılıqları “dəmir yumruqları” ilə yatırda bilir, amma rejim zəiflədikcə, bu millətlər öz gələcək müqəddaratlarını təyin etmək üçün hərəkətə keçəcəklər.
 
- Hüseyn bəy, ilin əvvəlində İran qarışmışdı, lakin sonradan proses gözlənilmədən dayandı. Problemlər həll edildi, ya necə? Etirazçılar niyə geri çəkildilər?
 
- Etirazçılar geri çekilmək məcburiyətində qaldılar, çünki rejim nümayişləri dayandırmaq üçün ən qəddar repressiya metodlarına əl atmışdı. İndi də problemlər həll edilməmiş qalır. Rejim hələ ki, xalqın boğazından kəsdikləri ilə polis və təhlükəsizlik strukturlarını yedirdib özünü təhlükədən sığortalaya bilir. Polis və təhlükəsizlik orqanları böyük imtiyazlara sahib olduqları üçün etirazçı elektorata qarşı istədikləri addımları ata bilirlər. Amma sanksiyaların sərtləşdirilməsi rejimi ciddi maliyyə problemləri ilə üz-üzə qoyacaq, bu da onun müdafiə sistemlərinin tamamilə zəifləməsi deməkdir. Belə bir zəmində etirazçı kütlənin fəallaşacağına şübhə yoxdur. Bu vəziyyətdə polis və təhlükəsizlik strukturlarının özlərinin də rejimə qarşı çevriləcəyini demək mümkündür. İranda siyasi dəyişikliyə ancaq bu formada nail olmaq mümkündür.
 
- Həmin dönəmdə belə bir ehtimal müzakirə mövzusu idi ki, İran İnqilab Keşikçiləri Korpusunun rəisi Qasım Süleymani hakimiyyəti ələ keçirə bilər. Hazırda da məhdud çərçivədə də olsa, bu haqda danışılır. Belə bir ehtimal mümkündürmü?
 
- Qasım Süleymaninin belə bir təcrübəsinin olduğunu düşünmürəm. Onun ən yaxşı bacardığı iş terror təşkilatlarına dəstəyi təmin etməkdir. Digər tərəfdən, o, tamamilə Xameneyiyə bağlıdır. Ümumiyyətlə, İrandakı bütün strateji strukturlar Xameneyidən asılıdır. Düzdür, həmin vaxt Qasım Süleymaninin prezident olmaq məsələsi gündəmə gəldi, amma onun bir sıra terror təşkilatları ilə açıq-gizli əlaqələri az qala İrana hərbi müdaxiləyə səbəb olacaqdı.
 
- Əgər beynəlxalq səviyyədə İran hakimiyyətinə qarşı daxili təzyiqlər işə salınsa, Güney Azərbaycan məsələsi ön plana çıxa bilərmi? Amerikanın Güneylə bağlı planı qüvvədədirmi?
 
- Heç vaxt ABŞ-ın Güney Azərbaycanla bağlı planı olmayıb. Problemə gəlincə, Qacar sülaləsi devrildikdən, yaxud, fars rejimi hakimiyyətə gəldikdən sonra Güney Azərbaycanda həmişə problem olub. İndiyədək millətimiz dəfələrlə öz gələcək müqəddaratını təyin etmək hüququndan istifadə etməyə çalışıb, amma heç vaxt ABŞ-dan dəstək görməmişik. Əksinə, bir sıra hallarda Amerika bu cəhdlərimizə əngəl olub. Çünki ABŞ-ın əsas məqsədi İranda öz maraqlarına uyğun formada hökumət formalaşdırmaqdır.
 
Başqa sözlə, ABŞ Güney Azərbaycan məsələsində bizi dəstəkləmir. Lakin Güney Azərbaycan güclü müqavimət oxuna çevrilərsə, ABŞ, o cümlədən, digər supergüclər bizi dəstəkləməyə məcbur olacaqlar.
 
- Halbuki Mahmud Əhmədinejad dönəmində ABŞ az qala Güney Azərbaycanı İrandan ayırmağa yaxın idi...
 
- Dediyim kimi, ABŞ-ın heç vaxt Güney Azərbaycanı İrandan ayırmaq kimi bir planı olmayıb. Ancaq güneyli azərbaycanlıların lobbiçiliyi ilə konqresmen Dana Roxarbaxer bəyanatla çıxış etdi və bununla bağlı qətnamə irəli sürdü. Lakin dönəmin Dövlət katibi Hillari Klinton bu qətnaməyə sərt münasibət bildirdi. Yəni, hansısa konqresmenin mövqeyi ABŞ-ın mövqeyi demək deyil.
 
Əlbəttə, ABŞ və Avropada Güney Azərbaycanı dəstəkləyən kifayət qədər insan var, amma onlar hökuməti – rəsmi siyasi dairələrə təmsil etmirlər. Misal var, bir güllə bahar olmaz. Bir konqresmenin müdafiəsi ilə bu cür məsələlər həll edilə bilməz.
 
ABŞ ancaq Corc Buş dönəmində “İrandakı azərbaycanlılar” məsələsinə isti baxıb. O dönəmdə hətta “Azadlıq” radiosunda Azərbaycan türkcəsində olan redaksiyanın yaradılması təklif edilmiş və Konqresdə qəbul edilmişdi. Lakin Barak Obamanın hakimiyyətə gəlməsindən sonra fars lobbisi bu redaksiyaları darmadağın etdi. Beləliklə, Obama fars lobbisinin qulluqçusuna çevrildi. Hazırda Prezident Donald Tramp da Şahzadə Pəhləvi və “Xalq Mücahidləri”ni alternativ kimi qabağa çıxarmağa çalışır, onlara ciddi dəstək verir və təbliğatını təşkil edir.
 
- Güneyin İran hakimiyyətinə qarşı olan beynəlxalq təzyiqlərə münasibəti necədir?
 
- Bir əsrdən çoxdur ki, soyqırımlara, işğallara, kütləvi edamlara, mədəni məhvə, siyasi edamlara, kütləvi həbslərə və işgəncələrə məruz qalan bir xalqın işğalçı rejimə, təzyiqlərə münasibəti necə ola bilərsə, Güney Azərbaycanın da münasibəti elədir. Millətimizi ən adi haqqından - ana dilində təhsil almaq haqqından məhrum edən, siyasi, iqtisadi baxımdan xalqımızla müstəmləkəçi kimi davranan molla rejiminin tarixin səhnəsindən uzaqlaşdırılması bizim üçün müsbət hal olardı.
 
- Milli Azadlıq Mübarizəsi hansı yerdədir? Mübarizə davam edirmi?
 
- Əlbəttə, mübarizə davam edir. Güney Azərbaycan türkü azad olmaq istəyir, bir millət kimi öz milli haqlarına sahib olmaq istəyir və bunun uğrunda mübarizəsini davam etdirir. Bu mübarizə heç vaxt hansısa xarici qüvvədən asılı olmayıb. Bu mübarizə ABŞ və ya başqa ölkə istəsə də, istəməsə də olub və olacaq. İctimai-siyasi mübarizə həmişə fərqli şərtlər və fərqli metodlarla özünü ortaya çıxarır. Güney Azerbaycan Hərəkatı da, bundan kənarda deyil. Güneydəki hərəkat səthi mübarizədən ciddi mərhələyə keçir. Bu mərhələdə böyük güc ortaya qoymaq əsas hədəfdir.
 
- Həbsdə olan milli fəallardan xəbəriniz varmı?
 
- Həbsdə saxlanılan Lətif bəy Həsənidən tutmuş, haqsız yerə həbs edilmiş Hüseyn Əli Məhəmmədi və digər fəallarımızla bağlı vəziyyəti yaxından təqib edirik. Sulduzda May Qiyamının ildönümü ilə bağlı keçirilmiş mərasimdə həbs olunan fəallarımız Əmir Səttarari, Murad Əmmarari, Yıldız Qasımi və Cavad Əhmadi Yekanlının vəziyyətləri ilə maraqlanırıq. Bu günlərdə Tehranda yeganə türkdilli nəşriyyat olan “Yeni Fikir”in rəhbəri Yusif bəy Fərzanənin həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.
 
- İran hakimiyyətinin fəalları gizli formada edam etdirdiyi deyilir. Bunlar nə qədər real məlumatlardır?
 
- Gizli edamlar yox, əvvəldən hazırlanmış qəzalara oxşayan qətllər törədilir. Məsələn, Qulamrza Əmaninin qətl edilməsi...
 
Yaxud, həbs edilib sonradan azadlığa buraxılan fəalların “xəstələnərək” ölməsi hallarına rast gəlinir. Məsələn, bu baxımdan Çingiz Bəxtavərin ölümü şübhəli idi. Bu məsələnin nə qədər ciddi əsaslarının olduğunu deyə bilmərəm, amma İranda elə bir rejim iqtidardadır ki, ondan hər şey gözləmək mümkündür. İnanıram ki, həbs edilmiş fəallar həbsxanalarda süni formada yolxucu xəstəliklərə yoluxdurulurlar.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...