​ABŞ-IN BÖYÜK AZƏRBAYCAN YARATMAQ PLANI VAR?

Baxış sayı: 
97
2  
0  

Kənan Paşayev: "Cənubi və Şimali Azərbaycan əvvəl-axır birləşəcək"
 
"Amerikanın İranın bölünməsi ilə bağlı planları hər zaman olub və Azərbaycan da geosiyasi vəziyyətinə görə bu plandan kənarda qalmır"
 
Turan Rzayev: "ABŞ-ın 1997-ci ildə qəbul etdiyi İranın parçalanması planı bu gün də öz aktuallığını qorumaqdadır"
 
Kamran Sultanlı: "Parçalanmış İran güclü sünni islam dövlətləri deməkdir ki, bu da ABŞ-ın İsrailin təhlükəsizliyi məsələsində maraqlarına uyğun deyil"
 
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bugünlərdə teleqraf.com-a verdiyi müsahibəsində olduqca maraqlı mövzuya toxunub. Belə ki, "İran parlamentinin deputatları və dövlət adamları Güney Azərbaycan türkləri haqda səfeh fikirlər səsləndirir, təhqiramiz ifadələrə yer verir" deyən politoloq bunun inqilabın beşiyi olan Təbrizi qane etmədiyini vurğulayıb. Onun sözlərinə görə, əgər Güney Azərbaycan türkləri öz hüquqlarını qorumasalar farslar onları öz içində əridəcək: "Amma farslar bunu yüz illərlə bacarmayıbsa, indi də bacarmayacaq".
 
Hazırda İranda prosesin alovlanması məsələsinin gündəmdə olduğunu qeyd edən Cümşüd Nuriyev bildirib ki, bu plan ABŞ-ın 1997-ci ildə qəbul etdiyi gündəlikdə də var: "Onlar İranı 5 dövlətə parçalamaq istəyirlər. Bu planda Böyük Azərbaycan yaratmaq məsələsi də var. Urmiyadan başlayan əraziləri Azərbaycan Respublikasına birləşdirmək niyyətləri var. Buna görə də ABŞ prosesin qızışmasında maraqlıdır. Bu nöqteyi-nəzərdən Güney Azərbaycanda vəziyyətin qarışması ehtimalı çox yüksəkdir".
 
Yeri gəlmişkən, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentin sabiq köməkçisi, politoloq Eldar Namazov da oktyabr ayının əvvəllərində buna bənzər fikirlər səsləndirmişdi. Belə ki, o, ABŞ-ın Bütöv Azərbaycan ideyasına dəstək verdiyini qeyd etməklə yanaşı, Cənubi Azərbaycan məsələsinin Konqresdə, o cümlədən Avropa Parlamentində qaldırıldığını deyib: ""Nyu York Tayms" kimi qəzetdə dünyada hansı yeni dövlətlərin, o cümlədən Böyük Azərbaycan dövlətinin yarana biləcəyi ilə bağlı məqalələr dərc edilir, bunun real olduğu və regionun ən böyük dövlətlərindən biri ola biləcəyi qeyd edilir. Yəni maraqlarımızın üst-üstə düşdüyü dövlətlərin sayı kifayət qədər çoxdur və əgər öz layihəmizi irəli sürməsək, bu istiqamətdə çalışmasaq, bizi yenə də böyük itkilər gözləyir. Bu haqda ciddi düşünməliyik".
 
"Nyu York Tayms" qəzetində dərc olunan yazıya gəlincə, ötən saylarımızın birində də qeyd etdiyimiz kimi, adıçəkilən mətbu orqan İrana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazıb. Müəlliflər Frank Ceykobs və Paraq Xannanın iddiasına görə, 21-ci əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü: "Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər sovetlər birliyinin dağılmasında olan kimi hansısa siyasi dəyişiklik, ya da münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər". Məqalə müəlliflərinin fikrincə, İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir: "İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Cümhuriyyəti ilə birləşərək hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir. Bu dövlətin yaranması eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər".
 
Bu arada, məlumat üçün onu da bilməliyik ki, Azərbaycan Rusiya və İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə bölünüb. Belə ki, Gülüstan müqaviləsi 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Birinci Rusiya-İran müharibəsinin yekunlaşmasının nəticəsi olaraq bağlanıb. Sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar Rusiyaya verilib. Türkmənçay müqaviləsi isə İkinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay kəndində (hazırki İran ərazisi) bağlanıb. Müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, Arazdan cənubdakı əraziləri isə İranın əlinə keçib. Bununla da Azərbaycan Rusiya və İran arasında ikiyə parçalanıb.
 
"Azərbaycanın hazırkı gücünü nəzərə alsaq, o böyüklükdə dövləti idarə etmək üçün potensialımız yoxdur"
 
 
 
Maraqlıdır, görəsən ABŞ-ın həqiqətən də belə bir planı varmı? Ümumiyyətlə, Böyük Azərbaycanın yaranması Amerikaya nə verə bilər? Bu və bu qəbildən olan digər suallarla müraciət etdiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Amerikanın İranın bölünməsi ilə bağlı planları hər zaman olub. Onun sözlərinə görə, Azərbaycan da geosiyasi vəziyyətinə görə bu plandan kənarda qalmır: "Cənubi və Şimali Azərbaycan əvvəl-axır birləşəcək. Bu mütləqdir. Ancaq hazırkı vəziyyətdə bu, bizim maraqlara cavab vermir. Azərbaycanın hazırkı gücünü nəzərə alsaq, o böyüklükdə dövləti idarə etmək üçün potensialımız yoxdur. Belə olduğu halda, hazırda Azərbaycanın Amerikanın planına dəstək durması mümkün görünmür. Amma bu, o demək deyil ki, hər zaman belə olacaq". Ekspert bu qənaətdədir ki, əgər Amerika qarşısına məqsəd qoyubsa, o zaman İran parçalanacaq: "Kreml bu prosesin baş tutmaması üçün bir sıra təxribatlara əl ata bilər. Elə Bakını Amerikaya dəstəkdən çəkindirəcək səbəblərdən biri də budur. Hələlik ölkəmiz bu prosesdən kənardadır. İran bizim müttəfiqimiz və dost ölkə olaraq qalır. Amma yenə də vurğulayıram, Azərbaycan-İran münasibətləri tarixdən gələn köklərlə elə inkişaf edir ki, bu münasibətlər hər zaman belə davam etməyəcək".
 
"ABŞ hələ İraqa müdaxilə zamanından İran, Suriya və digər region ölkələri üçün fərdi planlar hazırlayıb"
 
Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayev isə hesab edir ki, ABŞ-ın "soyuq müharibə"də məğlub olub parçalanan SSRİ-nin nüfuzunun hakim olduğu regionlarda öz nüfuzunu yaymaq üçün lazım gəlsə, müdaxilə etmək və hətta yeni dövlətlərin yaranması kimi müxtəlif planları ötən əsrin sonlarından mövcuddur: "Əslində, ABŞ Yaxın Şərqə girməsinin ilk addımı olan İraqa müdaxilə zamanından İran, Suriya və digər region ölkələri üçün fərdi planlar hazırlayıb. Hazırkı vəziyyətdə biz bu planların ABŞ-ın maraqları naminə gerçəkləşdirildiyinin şahidi oluruq. Lakin tam mənasında, ABŞ regionda yüzdə yüz qələbə qazana bilmədi. Məsələ ondadır ki, bəlkə də ilk hədəf olan İran ABŞ-ın regionda 100 faizlik qələbəsini puç etdi. Məsələyə ətraflı keçməzdən öncə, istərdim ki, əvvəlcə İranın regionun digər dövlətlərinə nəzərən daha stabil və güclü qalmasının səbəblərini diqqətinizə çatdırım. İlk olaraq onu deyim ki, ərəb ölkələri sünni, şiə, hətta qəfim xristian məzhəb və təriqət fəqri baxımından, zəngin dövlətlərdir. Bu ölkələrdəki siyasi elitada din məzhəb və təriqət əsasında formalaşır. Bu baxımdan, ABŞ-ın planları ərəb ölkələrində olduqca uğurlu alındı. İrana baxdıqda isə görə bilərik ki, İranda qatı və yekcins bir şiə ruhani elitası hakimdir. Və bu, ölkənin region dövlətlərinə nəzərən ayaqda qalmasının ən əsas səbəbidir".
 
"İran ərəb ölkələrinə nəzərən sabit dini idarəyə sahib olsa da, ölkədaxili etnik kimlik rəngarəngdir ki, bu da onun ən zəif cəhətidir"
 
Turan Rzayevin sözlərinə görə, İranın zəif cəhəti isə ondan ibarətdir ki, İran ərəb ölkələrinə nəzərən sabit dini idarəyə sahib olsa da, ölkədaxili etnik kimlik rəngarəngdir: "Belə ki, hazırda İranda 35-40 milyona yaxın Azərbaycan türkü yaşamaqdadır. Onu da qeyd edim ki, bu toplum dini ideologiyanın yanı sıra, milliyyətçi ideologiyaya sahibdir. Sadə dillə desəm, Cənubi Azərbaycanın futbol klubu "Traktor Sazi"nin ev oyunları siyasi şüar və bəyanatlarla tez-tez gündəmə gəlməkdədir. Digər tərəfdən, İranda kürd və Xorasan türkmənləri də yaşamaqdadır. Odur ki, İran düşünüldüyünün əksinə, monoetnik deyil, çox millətli bir ölkədir. Bu da İranın ən zəif cəhətidir. Bu baxımdan, ABŞ-ın 1997-ci ildə qəbul etdiyi İranın parçalanması planı bu gün də öz aktuallığını qorumaqdadır. Bu plan 30 ilə yaxındır ki, aparılan lakin, tam mənasında bir nəticə alınmayan ABŞ-ın İrana yönəlik "parçala və hökmranlıq et" planıdır. Bu zaman bir neçə sual meydana gəlir. Məsələn, ABŞ İranı parçalamağa nail olarsa, o zaman hansı ölkələr formalaşa bilər? Düşünürəm ki, onlardan birincisi Cənubi Azərbaycan, digərləri isə İran kürdüstan, bəlucistan, Xorasan türkmən dövləti olacaq. Bu bəhsi keçən etnik qruplara baxsaq, ən realı və Şimali Azərbaycanı da önəmli dərəcədə maraqlandıran məhz Cənubi Azərbaycandır".
 
"İranın parçalanaraq məğlub edilməsi planı hər nə qədər təəccüblü səslənsə də bu məsələdə klit ölkə məhz Azərbaycandır"
 
Onun fikrincə, Şimali Azərbaycanda uzun müddətdir ki, müzakirə olunun Cənubi Azərbaycan müstəqillik hərəkatı olduqca ciddi və bir o qədər də təhlükəli məqamdır: "İranın parçalanaraq məğlub edilməsi planı hər nə qədər təəccüblü səslənsə də bu məsələdə klit ölkə məhz Azərbaycandır. ABŞ uzun illərdir ki, Naxçıvan Muxtar Respublikası üzərindən İrana silah daşınaraq oradakı etnik qrupların silahlandırılması məqsədiylə Azərbaycana təkliflər edir və birmənalı olaraq Azərbaycandan rədd cavabı alır. Qeyd edim ki, Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlər səsləndirən şəxslər bunun nə dərəcədə, ən azından hazırkı dövrdə təhlükəli olduğunu anlamırlar. Şəxsən mən birmənalı şəkildə ölkə rəhbərliyinin bu məsələdə ABŞ-la razılığa gəlməməsini dəstəkləyirəm. Bu, bir sıra səbəblərlə bağlıdır. Məsələn, Cənubi Azərbaycan müstəqil olsa, Azərbaycan onun müstəqilliyini tanıya bilməyəcək. Çünki rəsmi Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyinin münaqişənin ölkələrin beynəlxalq qanunlar və normalarla təsdiqlənən ərazi bütövlüyü çərçivəsində həllindən yana olduğunu açıq şəkildə qeyd edir. Məhz elə bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin getdiyi bir vaxtda müstəqil Cənubi Azərbaycanın varlığını tanımamız birbaşa Dağlıq Qarabağdakı qondarma, separatçı rejimi tanımaq deməkdir. Bundan başqa, bir neçə il öncə İranda hakimiyyətə qarşı başlanan etirazlara Cənubi Azərbaycandakı soydaşlarımız da qoşulmaq istəsələr də, Azərbaycan, o cümlədən Türkiyə buna dəstək verilməyəcəyini açıqlamışdı. Məhz bununla da Cənubi Azərbaycan etirazlara qatılmadı".
 
"ABŞ-ın Naxçıvan Muxtar Respublikası üzərindən bölgəyə yardım göndərmək təklifini qəbul etməmiz, Amerikanı regiona gətirməyimiz deməkdir"
 
"Atlas" Araşdırmalar Mərkəzinin eksperti bu qənaətdədir ki, bu gün Cənubi Azərbaycanda başlanacaq bir hərəkat hazırda yeni-yeni formalaşan Azərbaycan iqtisadiyyatına böyük zərbə vura bilər: "Baxın, cənub sərhədlərimizdə başlanacaq müstəqillik dalğasından qaçan soydaşlarımız ilk hara sığınacaq? Əlbəttə ki, Azərbaycana. Bu isə iqtisadiyyatımızın çökməsi təhlükəsini yaradır. Bundan başqa, İranın parçalanması fonunda başlanacaq Cənubi Azərbaycan müstəqillik hərəkatına, pərdə arxası ABŞ-ın Naxçıvan Muxtar Respublikası üzərindən bölgəyə yardım göndərmək təklifini qəbul etməmiz, Amerikanı regiona gətirməyimiz deməkdir. Mən daim yazılarımda da qeyd edirəm ki, əgər Rusiya və ABŞ arasında seçim etməli olsam, o zaman seçimim sözsüz şəkildə Rusiyadan yana olardı. Çünki ən azından, Rusiya siyasətinə bələdik. ABŞ isə getdiyi yerdə nəinki düşmən, heç dostlarına da xeyir gətirmir. Bu baxımdan, hesab edirəm ki, ABŞ-ın regiona gətirilməsi başda ermənilər olmaqla, ölkə daxilindəki milli azlıqları da aktivləşdirə bilər".
 
"ABŞ daha çox iqtisadi imperiyadır və onun əsas məqsədi dövlətlərin beyin mərkəzlərinə, maliyyə resurslarına girmək, daha çox bazara məhsul çıxarmaqdır"
 
 
 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, ABŞ-ın regionu, konkret olaraq İranı parçalaması ilə bağlı xəbərlər uzun illərdir müzakirə edilir: "Lakin bu həqiqi bir məsələdən çox bir ideoloji məsələdir. Bu cür xəritələr bir çox dövlətlərdə var. Misal üçün İsrailin Böyük İsrail, İranın Böyük Fars dövləti və ya Ermənistanın Böyük Ermənistan və s. Yəni bunlar daha çox mifik və konspiroloji bir yanaşmadır. İkincisi, ABŞ-ın regionu bölməsi ilə bağlı olan xəritələr təbii ki, ABŞ-da var. Bu xəritələri yaradanlar ABŞ-ın akademik dairələrində heç bir nüfuza malik deyillər. İran kifayət qədər balans yaradan dövlətdir. Mən İranın parçalanmasından daha çox orada rejim dəyişikliyinə inanıram. Parçalanmış İran güclü sünni islam dövlətləri deməkdir ki, bu da ABŞ-ın İsrailin təhlükəsizliyi məsələsində maraqlarına uyğun deyil. ABŞ hansısa dövləti parçalamaq siyasətindən uzaqdır. Vaşinqton daha çox iqtisadi imperiyadır və onun əsas məqsədi dövlətlərin beyin mərkəzlərinə, maliyyə resurslarına girmək, daha çox bazara məhsul çıxarmaqdır".
 
"ABŞ-ın İran və Türkiyəni parçalamaq cəhdi regionda daha çox qan gölünə, əlavə miqrant axınına səbəb ola bilər"
 
ABŞ-ın nə İranı, nə də Türkiyəni parçalayacağını zənn etmədiyini vurğulayan ekspertin sözlərinə görə, bu cür ssenarilər regionda daha çox qan gölünə, əlavə miqrant axınına səbəb ola bilər: "Ki, buna ilk öncə ABŞ-ın Transatlantik müttəfiqi olan Avropa qarşı çıxar. Çünki bu cür ssenarilər ən çox Avropanı təhdid edir. Qərbin hazırda Güney Azərbaycana qarşı ciddi marağı yoxdur. Çünki Güney hələlik aktiv resurslara malik deyil. Demoqrafik cəhətdən üstün olsalar da, İrana güclü inteqrasiya ediblər və hələlik İranla Güney arasında kəskin uçurum yoxdur. ABŞ-ın hazırkı siyasətində bəluclar, ərəblər və kürdlərə daha çox önəm verildiyini görürük. Əgər bu plan doğru olsa belə, orada Bütöv Azərbaycan olsa belə, Azərbaycanla Türkiyə arasında kürdistan var. Bu isə strateji müttəfiqimiz olan Türkiyənin maraqlarına ziddir. Buna görə də rəsmi Ankara İranın ərazi bütövlüyünə açıq dəstək olur və İran türklərinə doğru heç bir addım atmır. İranın Qərbində, xüsusilə Türkiyə ilə sərhədlərdə kürdlər aktivdir və tətikdədir. Bu baxımdan, mən bu məsələlərin daha çox konspiroloji olduğunu düşünürəm. Hələlik Qərbin bu regionda əsas marağı kürd kartınadır. Lakin bura Yaxın Şərqdir, burada sərhədlər xəyalidir və burada gələcəkdə hər ssenariyə hazır olmaq lazımdır".
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...