“500 milyonluq inqilab ssenariləri və... İlham Əliyevi dərk etmək mədəniyyəti” – Deputatdan sensasiya dolu yazı

Baxış sayı: 
154
1  
0  

 
Maduronun səhvi, Quaydonun seçilməsi, son illərdə inqilablara qurban gedən 5 milyon insan və trilyonlar...
 
Venesuelada baş verənlər əslində dünya siyasətinin bərq vuran güzgüsüdür. Uqo Çavesə qarşı düzənlənən və illər uzununca reallaşmamış həmlələr daha naşı Maduroya ən yüksək səviyyədə tətbiq olunur. Səbəb də sadədir: adam sosialist təfəkkürlə heç gərək olmadığı halda kritik qərarlar verdi, Amerika ilə gərginliyi pik həddə çatdırdı. Bir növ Saakaşvili presedentinə istinad elədi. Üstəlik, elə Gürcüstan da analoji variantdır. Sadəcə, fərq ondadır ki, Gürcüstanda çeviriliş olmadı, siyasi varis hakimiyyətə yiyələndi. Potensial namizədin Avropa təfəkkürlü qadın olması isə taktiki gedişin kulminasiyası idi. Yəni, zərif cins məsələsi hadisələrin axarına məxsusi damğasını vurdu. Amma məsələ burasındadır, Maduro bu gün Saakaşvili üslubunda davransa da, Əsəd və Kim Çen İn ruhuna köklənib. Kənardan Rusiya və Türkiyə kimi nəhənglərin də dəstəyini görüncə, geri çəkilmək haqda düşünmür.
 
Öncə ondan başlayaq ki, Venesuela neft ölkəsidir. Onunla bağlı bazarlıq da ola bilər. Eynən Çauşesku formatında. Yəni, sosialist “dostlar” üzdə bir şey deyib, kənarda Maduronu çox rahat bir şəkildə alver predmetinə çevirər. Daha qlobal maraqların təminatı fonunda. Bu, bir variant.
 
Maduro səlis iqtisadi biliklərə sahib olsa da, daxili siyasətin tənzimlənməsində elədiyi yanlışlardan dolayı Qərbin tələsinə düşüb. 2013-dən sonra 2018–ci il prezident seçkilərinin də son dərəcə rahat keçməsi əslində Venesuela liderinin uğursuzluğu idi. Məhz son seçkinin yaratdığı eyforiyadan, hiper-özgüvəndən dolayı iqtisadi embarqolar qarşılığında alternativlər düşünülmədi. Əksinə, daha sərt gedişlər edildi. Bu əsnada ən çox Qərbin enerji şirkətlərinin ölkədən çıxarılması və bunun qarşılığnda milyarder Kox qardaşlarının canfəşanlığı qeyd olunur. “Atlas Network”un vasitəsilə. Mənim fikrimsə başqadır: Prosesin adı - bütün Latın Amerikası ölkələrinə qarşı başladılmış “səlib yürüşüdür”. Maduro “ruletka”nın gözünə ilk gələndir. Yəni, hamısında “iş” gedir. Sadəcə, siftə budur. Üstəlik, diqqət edin: hansı inqilab məkanında qaynayan qazanın qapağını açsan, içindən “bizim” Xədicənin dostları – araşdırmaçı jurnalistlər, onların saxta “məhsulları” çıxır. Və... bir çoxları düşünür, artıq Çin Şarpın inqilab nəzəriyyəsindən imtina olunub. Xeyr! Sadəcə, müasir metodologiya həmin nəzəriyyə ilə faktiki casusların – araşdırmaçı jurnalistlərin “miks” variantından istifadə edir. Məlum təynatlı digər vətəndaş cəmiyyəti üzvləri isə stimulverici təsir qüvvələridir. Nəzərinizə çatdırım ki, Venesuelada 3 müxalif TV, 2 siyasi partiya, 70 araşdırmaçı jurnalist + 300 QHT təmsilçilərinə 500 milyon dollardan artıq (?!) qrant ayrılıb. Yaxın altı ay ərzində. “Devrim işi” üçün.
Venesuela kimi ölkələrdə isə yalnız iki halın tətbiqi ölkəni fors-major inqilablardan sığortalaya bilər:
 
Xalqla işləmək, ciddi etimada söykənmək, seçkinin faktiki qalibi olmaq.
 
Fenomenal əks-kəşfiyyat qurmaq (Şimali Koreya üslubunda).
 
 
Söylənilənlərin heç biri yoxdursa, fiasko qaçılmazdır. Bu dəmdə sual edilə bilər: Əsəd necə hakimiyyətdə qalıb bəs? Cavab sadədir: Əsədin xalqla təması ən yüksək səviyyədədir. Bəli, Qərb və Avropa təbliğatı hər nə desə də, fakt budur ki, Suryada önəmli kontingent rəhbərin tərəfindədir. Bəs Qəzzafi? O da xalqla işləyib axı... Qəzzafinin isə ən böyük səhvi ideologiya xəttində seçdiyi üslub idi. Din, idiarəçilik və millətçilik ərəb - islam dövlətlərində öz balansını itirməmiş formada dövr etməlidir. Buna ən gözəl misal İrandır. Ona görə İraqda həyata keçirilənlərin İranda keçməyəcəyi ilə bağlı Qərbin “beyin mərkəzlərində” formalaşmış qəti fikir var. Əlqərəz, əldə daim “B” variantı olmalıdır. Ki, idarəçilik susanda başqa rıçaqlar susmasın. Qəzzafi isə bütün siyasi fəlsəfəni öz şəxsində cəmlədi. Bölmədi. Ona görə özü bitdiyində hər şey bitdi.
QEYD: İnqilab strategiyalarını hazırlayan müasir-novator müəlliflər siyasətdə oksigen funksiyası daşıyan MALİYYƏNİ alternativ qüvvəyə artıq ilk mərhələdə vermək tərəfdarı deyillər. Yəni, ilkin startda ölkə ümumi aclığa, maliyyəsizlik durumuna sürüklən(diril)məlidir. Bunun üçün əvvəlcə iqtisadi embarqolar tətbiq edilir, süni idxal – ixrac nizamsızlığı yaradılır, daha sonra məlum fonda, şüurlu formada xalq “yoxsullaşdırılır”. Növbəti mərhələdə xüsusi agentlərin, ictimai-siyasi aktivlərin, eyni zamanda səfirlik – konsulluq xəfiyyələrinin vasitəsilə kənar və hegemon qüvvələrin “həmrəylik” tezisləri (mesajları) dövriyyəyə buraxılır, ən sonda isə yeni xilaskar(lar)ın subyektajı çizilir. Və pul, qrant o zaman dövriyyəyə girir ki, artıq bu komponentlər sıra-sıra nizam kulminasiyasına adlamış olsun.
 
Maduro özünə və xanımına qarşı planlanan sui-qəsd ehtimalından danışıb. Absurddur. Sui-qəsd olacaqdısa, bu boyda həngaməyə, planlamaya, yol xəritəsi cızmağa nə hacət vardı ki? Əksinə, məlum səslənişlə Maduro panik vəziyyətdə növbəti yanlışını etdi və birinci faktiki (real) qüvvə azmış kimi ikinci abstrakt qüvvənin də aktivləşməsi üçün münbit şərait yaratdı. Belə ki, məlum ehtimal məhz Maduronun dilindən səslənməsə və belə bir hadisə reallaşsaydı, Qərbin, Avropanın bütün planları avtomatik fiaskoya uğrayacaqdı. Bu cür məsləhəti heç bir “ağılllı” verməz. Nə “dərin dövlət”, nə beyin mərkəzləri. Amma hazırki durumda Maduro və Qərb təmayüllü kəsimin hər ikisi ilə düşmən olan qüvvələrin əlinə girəvə düşmüş sayıla bilər. Həmin qətli reallaşdırsalar, qalib onlardır.
 
 
 
Avropanın 5-6 ölkəsi Maduroya zaman verib. Ölkə demokratik qüvvələrə təslim edilsin - ultimatumu ilə. Seçkisiz- filansız. Xalqın siyasi-ifadə azadlığı unudularaq, görməzliyə vurularaq. “Nə gözəl”. Demək ki, Beynəlxalq hüququn atası Hüqo Qrotsi məzarında rahat uyuya bilər. Onun ilk dəfə orta əsr janrında ideyasını verdiyi, 400 il sonra isə 1970-ci il bəyannaməsi ilə təsdiqini tapan: “Güc tətbiq etməmək və ya güclə hədələməmək”, “Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq”, “Dövlətlərin suveren bərabərliyi” prinsipləri, demək, öz “intibah” dövrünü yaşayır. Hələ Türkiyəni, Rusiyanı bu dəmdə qınayanlar var ki, qeyri-demokratik rejimə - Venesuelanın faktiki hakimiyyətinə niyə dəstək verib. Oysa sual edirəm: 35 yaşlı Xuan Quaydonun seçki olmadan andiçmə mərasiminin keçirilməsi, prezident elan olunması dahamı demokratik təzahüratdır? Bilin və agah olun: Ərdoğan fərdi qorumur, dəyərləri qoruyur! Demokrat və ya diktator, fərq etməz - seçki ilə yola salınmalıdır. Bunu deyir Ərdoğan! Çünki eyni olayları özü də yaşayıb. Türkiyə boyda dövləti, tər-təmiz səslə xalqın etimadını qazanmış Ərdoğanı düz 4 il siyasi tarımda saxlayıblar, “Gəzi Parkı” həmləsi ilə başlanan mənfur plan “Reyna” qətliamına qədər böyük bir yol qət edib. Üstəlik, 15 iyul – çevriliş cəhdi, yüzlərlə sui-qəsdlər. Bu nəhəng Türk oğluna qarşı yad qüvvələr mümkün olan və olmayan bütün pislikləri ediblər. Həmin siyasi məngənənin nə olduğunu bilən və anlayan Ərdoğan təbii, danışacaqdı, danışmalı idi və danışdı. Rusiyaya gəlincə... Venesuela illər uzunudur sosialist ideologiyasına sarılıb. Bu zümrənin xaç atası Rusiyadır və II dünya müharibəsindən sonra siyasi firqə ayrılığında kommunist-sosialist məfkurəsini seçən bütün dövlətlər zatən bir əsrdir Qərbin tamah çevrəsindədir. Yəni, Türkiyədən fərqli olaraq Rusiyanın bu məsələdə təşəbbüsü həm də öz maraq və avtoritet məsələsidir. Yeri gəlmişkən, Kubanın dəstəyini də Venesuela sevgisinə deyil, Amerika ilə öz aralarında olan problemə bağlamaq lazımdır.
 
Venesuela ilə bağlı daha bir ilginc fakt: İnqilab missionerləri təbliğatı son 7 ay boyunca əsasən təhsil müəssisələri üzərindən aparıblar. Sosial partlayışın ilk qığılcımı isə ölkəyə “xüsusi əl”lərin yeritdiyi saxta dərmanlar fonundakı ölümlərlə başlayıb. Qeyd edim ki, gənc müxalifət lideri Xuan Quaydo da müəllim ailəsinin yetirməsidir və onun anası ölkənin sayılıb-seçilən pedaqoqlarından biri olub. Yəni, seçim təsadüfi deyil və ümumən inqilab ssenarilərində illər uzunu namizəd axtarışına çıxılır, “reputasiya” incələnir, heç zaman da iş bacarmayanlara, cəsarətsizlərə, ya da tutaq “Don Kixot-Sanço Pansa”- cütlüyünün prototipi olan Əli Kərimli-Cəmil Həsənli kimi simalara, tərcümeyi-halı külləmə kartofdan daha qara olanlara məlum ssenarilərdə rol ayrılmır. Ən azından Saakaşvili olmalısan. Populizm “şıdırığı” vuracaqsa belə, eynən dediyim kimi - ən azından Saakaşvilinin cəsarətinə, qorxmazlığına, ölümə meydan oxuyan addımlarına sahib olmalısan ki, sənə “etimad” göstərilsin. Daha balacalara isə yalnız birdəfəlik, sutkalıq, aylıq işlər həvalə olunur. İstifadədən sonra da başqa istifadəçilərin sərəncamına peşkəş edilir.
 
 
İnqilablarla bağlı statistika da qorxuncdur: Elə ancaq qanuni prezidentlərin devirilməsi (?!) zamanı son 20 ildə 5 milyon (?!) günahsız insan tələf olub. Dəyən ziyanın miqdarı isə trilyon dollarların üzərindədir. Ən maraqlısı da budur ki, inqilabların baş verdiyi ölkələrdə əvvəlkindən daha yaxşı iqtisadi şərait, daha sabit siyasi durum yaratmağa bu günə qədər kimsə müvəffəq olmayıb. Bir dövlət belə! Hərdən deyirlər ha, filankəs – məsələn, yenə Saakaşviliyə istinad edəcəm – cəsarətli liderdir, niyə xalq ona sahib çıxmadı? Cavab sadədir: Ağıllı, ya da zorən, proses gedişində “ağıllandırılmış” xalqlar artıq siyasi yükü reallıq tərəzisinə qoymağı bacarır, ağır gələn tərəfi də seçir. Nə boyda cəsarət sahibi olursansa, ol, əgər həmin o üstün bildiyin hiss kos-koca Rusiya ilə müharibəyə yol açacaq, millətə, dövlətə ziyan gətirəcək həddədirsə, olmaz olsun belə cəsarət. Və ya bu gün kənardan milyardlar da gəlsə, artıq Ukrayna xalqı inqilaba qalxmaz. Niyə? Çünki ona dəyən artıq dəyib. Ortada müqayisə imkanı var.
 
Maduro da eyni yolu getdi. Cəsarətin “doza”sını Amerika bazarlarına neft satmağı yasaqlayacaq qədər artırdı. Sonucda itirdi. Xalqın əli ilə də uduzduruldu. İradəsi ilə deyil, məhz əli və iştirakı ilə!
 
Bəzi insanlar var ki, gerçəkdən xarici siyasət deyərkən xaricdə xaricdəkilərin yürütdüyü siyasəti zənn edirlər. İnqilabla devirilənlərin əksəriyyəti həmin personajlardır, həmin ağılın yiyələridir.
 
***
 
And olsun bütün əzizlərimin canına və ölənlərimin goruna ki, olayın üzərinə yarım kəlmə belə artım etmədən olduğu kimi danışacam: Demək, o gün taksi ilə Milli Məclisdən evə gedirəm. Cəmiyyətdəki real fikri almaq üçün yol boyunca qəsdən provokasiya elədim: tıxaclar belə, dolanışıq elə. Taksi sürücüsü bir xeyli dinləyəndən sonra söhbətə qoşuldu: “Qardaşım, gileylənmə, bu günə min şükür olsun. Ara-sıra çətinlik də normaldır, əziyyət də. Əsas odur, İlham Əliyev kimi ləyaqətli prezidentimiz var. Onun qədrini bilək ki, xaricdəki bəzi “.......lar” (dediyi kimi yaza bilməyəcəm) ölkəni qarışdıra bilməsin.
 
Qalan hər şey düzələcək.”
 
Taksidən qürurla düşdüm...
 
Bu XALQ həqiqətən fəxr ediləsi, başına dönüləsi XALQDIR!!!

Загрузка...
Загрузка...