39 nəfərin həlak olmasına səbəb olan matç – “Eyzel faciəsi”nin 35 ili tamam oldu

Baxış sayı: 
92
3  
0  

 
Milyonların azarkeşlik etdiyi futbol turnirləri təkcə qələbə və məğlubiyyətlərlə yadda qalmır. Bəzən yaşıl meydançalarda gedən mübarizə azarkeşlərin də mübarizəsinə çevrilir, bəzən isə bu mübarizə ən xoşagəlməz hadisələrlə, faciə ilə nəticələnir. 35 il öncə, 1985-ci ilin mayın 29-da Belçikanın paytaxtı Brüsseldə baş verən faciə kimi...
 
Futbol tarixinə “Eyzel faciəsi” kimi düşmüş bu hadisə Brüsselin “Eyzel” stadionunda baş verib. Çempionlar Kubokunun final matçında İtaliyanın “Yuventus” klubu ilə İngiltərənin “Liverpul” komandası qarşılaşıblar.
 
Əslində Avropanın iki tanınmış klubunun final matçının “Eyzel” stadionunda keçirilməsi futbol ictimaiyyətinin böyük narazılığına səbəb olub. Hər iki klubun rəhbərliyinin əvvəlcədən UEFA-ya matçın başqa bir stadionda keçirilməsi ilə bağlı rəsmi müraciətləri olub və bu müraciətlərdə konkret olaraq qeyd edilib ki, bir əsrlik yaşı olan “Eyzel” stadionu bu cür mötöbər turnir üçün hazır və yararlı vəziyyətdə deyil.
 
 
 
Həqiqətdə də, “Eyzel”də vəziyyət final matçı üçün lazımi səviyyədə olmayıb, istər yaşıl meydançanın və azarkeşlər üçün nəzərdə tutulan tribunaların vəziyyəti, istərsə də kütləvi insan toplanışı ilə müşayiət olunan yarışlarda təhlükəsizliyin təmin edilməsi məsələsi qənaətbəxş sayılmayıb. UEFA mövcud durumu təkrar müzakirə etsə də, matçın “Eyzel” stadionunda küçirilməsi qərarını qüvvədə saxlayıb.
 
Matç zamanı stadion öz tutumundan artıq, təxminən 60 min azarkeş qəbul edib. N, O, M sektorları “Yuventus”un, Y, X sektorları isə “Liverpul”un azarkeşləri üçün ayrılıb. Belçikalılar və neytral azarkeşlər üçün isə Z sektoru nəzərdə tutulub. Bir haşiyə çıxaraq qeyd edək ki, Brüsseldə yaşayan və sayca ingilislərdən daha çox olan italyanlılar yerli əhali kimi Z sektoruna bilet alıblar.
 
 
 
Matçın saat 20.00-da başlanmasına baxmayaraq, azarkeşlər təxminən bir-iki saat əvvəldən stadiona toplaşıblar. Oyunun başlanmasına 40-50 dəqiqə qalmış isə italyan və ingilis azarkeşlərinin ilk qarşıdurması başlayıb. Dəqiqələr ərzində qarşıdurma alovlanaraq qanlı toqquşmalara çevrilib. Sektorlar arasında müvəqətti quraşdırılan zəncirli dəmir arakəsmələr azarkeşlərin davasına mane ola bilməyib. Daha çox aqresiv olan ingilis azarkeşləri Z sektoru tərəfdən bütün maneələri keçərək qarşı tərəfə hücum edəndə, italyanlar stadiondan qaçmağa cəhd ediblər, stadionun sədd divarları çoxsaylı insan kütləsinin təzyiqinə tab gətirməyərək uçub və azarkeşlər bir-birlərini üzərindən keçməyə başlayıblar.
 
 
 
Eyni zamanda stadionun digər tərəfində italyanların ingilis azarkeşlərinə həmlələri başlayıb. Polis və stadionun təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsi heç bir nəticə verməyib. Yalnız helikopterlərlə əraziyə əlavə qüvvələr cəlb edildikdən sonra iğtişaşı yatıtrtmaq mümkün olub.
 
İğtişaş zamanı 32 nəfər italyan, 4 nəfər belçikalı, 2 nəfər fransız, 1 nəfər irlandiyalı olmaqla 39 nəfər həlak olub. 600 nəfərdən artıq azarkeş isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
 
 
İğtişaşın baş verməsinə, ölənlərin və yaralananların sayına baxmayaraq UEFA və Belçika rəsmiləri matçın təxirə salınmasını məqsədəuyğun saymayıblar. Onlar matçın təxirə salınması ilə yeni iğtişaşların yaranacağı ehtimalını nəzərə alaraq final oyununun keçirilməsinə qərar veriblər.
 
Beləliklə, qanlı “Eyzel” stadionunda final matçı başlayıb. Əvvəlcə komandaların kapitanları azarkeşlərə müraciət edərək onları sakitliyə, qayda-qanuna əməl etməyə dəvət ediblər. Oyunu isveçli hakim Danil Zbiqniyev idarə edib. “Liverpul” futbolçularının kobud oyunu nəticəsində hakim “Yuventus”a 11 metrlik cərimə zərbəsi haqqını verib. Cərimə zərbəsini dövrün ən məşhur futbolçularından biri olan Mişel Platini icra edib və final matçı 1-0 hesabı ilə italyanların qələbəsi ilə başa çatıb.
 
“Eyzel” stadionunda baş verən qanlı hadisələrdən sonra UEFA və Belçika hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıblar, hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq yekunlaşdıqdan sonra baş verən iğtişaşa görə 27 nəfər həbs olunub, onlar 1-3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. UEFA isə təşkilatçılıq etdiyi turnirlərdə klubların iştirakına bir müddət qadağalar tətbiq edib.
 
 
 
 
 
İctimai rəydə Belçika polisinin qeyri-peşəkarlığı ilə bağlı fikirlər daha çox hallanıb, qeyd olunub ki, hadisələrin qarşısının alınmasında Belçika hüquq-mühafizə orqanlarının əməkdaşları acizlik göstəriblər.
 
İğtişaşın baş verməsində UEFA-nı da günahlandıranlar az olmayıb və bu hadisə bəzi kütləvi informasiya vasitələrində “UEFA-nın sakit dəqiqələri” başlığı altında işıqlandırılıb. Amma sözsüz ki, UEFA ittihamları qəbul etməyib, istintaqa müdaxilə etmədən, qeyri-rəsmi olaraq əsas günahkarların ingilis azarkeşləri olduqlarını dilə gətirməkdən çəkinməyiblər.
“Eyzel faciəsi”ndən sonra stadionda bir daha futbol turnirləri keçirilməyib. Bir neçə ildən sonra isə stadion tam sökülərək yerində yenisi, “Kral Baudouin” stadionu inşa edilib.
 
Qanlı final matçından sonra “Liverpul” və “Yuventus” klubları ilk dəfə 20 ildən sonra, 5 aprel 2005-ci ildə, Çempionlar Liqasının dörddə bir finalında İngiltərənin “Enfild” stadionunda qarşılaşıblar. Oyundan əvvəl “Eyzel” stadionunda həlak olan azarkeşlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin matçda “Liverpul” “Yuventus”a 2-1 hesabı ilə qalib gəlib.
 
İlham Cəmiloğlu, Musavat.com
 
 

Загрузка...
Загрузка...